Məhkəmə qərarları › İş №2(103)-6529/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6529/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6529/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) Bakı şəhəri 06 dekabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(002)-2090/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonent kodu **********00000 olan İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan ünvanında qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plasmas borusu deşikdir rəyi verilmiş və qeyd olunan abonent hesabına 3110,40 manat borc hesablanmışdır. 2.İddiaçı akt tərtib edilərkən onun iştirakının təmin edilməməsini bildirərək aktın və onun əsasında hesablanmış borcun qanunsuz olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, əsassız olaraq onun **********00000 saylı istehlakçı hesabına xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında yazılmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş, evin hasarının küçədə olan tərəfində qaz sayğacı quraşdırılmışdır. Cavabdehə sayğac üzrə heç bir məbləğdə borcu olmamışdır. Lakin Cavabdeh əməkdaşları 2023-cü ilin aprel ayında sayğaca müdaxilə edildiyini bildirmiş və akt tərtib etmişlər. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Akta əsasən, onun ünvanına həmin tarixə 3110,40 manat həcmində zərər hesablanmış və onun **********00000 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. Halbuki, sayğaca hər hansı müdaxilə etməmişdir, hər ay sayğaca nəzarət cavabdehin əməkdaşları tərəfindən həyata keçirilmişdir, ümumiyyətlə sayğaca cavabdehliyi cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat onun tələblərini yerinə yetirmədiyinə görə məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. 5.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 avqust 2023-cü il tarixli, 2(002)-2090/2023 saylı qətnaməsi ilə (hakim-Fuad Hüseynov) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı hesablanmış 3110,40 manat borcun silinməsi qət edilmişdir. 6.İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktınsurətindən görünür ki, abonent kodu **********00000 olan İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan ünvanında qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plasmas borusu deşikdir rəyi verilmişdir. 7.İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 aprel 2023-cü ildə təsdiq edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə 25920 kub.m həcmində məbləğ hesablanmışdır. 8.İş materiallarında olan **********00000 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2023-cü ilin aprel ayına akta əsasən 3110,40 manat borcunun yarandığı qeyd olunmuşdur. 9.İş materiallarında olan fotoşəkillərdən görünür ki, sayğac evdən kənarda, ümumi istifadədə olan küçədə quraşdırılmışdır. 10.Məhkəmə müəyyən etmişdir ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. 11.Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına və istinad etiyi qanunvericilik normalarına əsasən hesab etmişdir ki, iddi əsaslı olduğundan təmin edilməlidir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 9-cü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2, 4.7, 4.8-ci: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 19 və 425.1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 78.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan qaz sayğacına müdaxilə etmək vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla, yerində çəkilmiş fotoşəkillərlə rəsmiləşdirilmişdir.Məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız iddiaçının iddia ərizəsində sərgilədiyi iddiaçının mövqeyi əsasında həyata keçirmişdir.Məhkəmə qətnamə qəbul edərkən iddiaçının Qazpaylayıcı-İstehlakçı arasında bağlanmış müqavilədən əsaslar gətirsə də, oradan yalnız istehlakçıya münasibətdə öhdəlik və hüquqlarından müddəalara əsaslanmışdır. Qazpaylayıcının isə müqavilə üzrə hüquqları haqqında heç bir əsas gətirilməmişdir. Sənədlərdən, GASREP (ödəniş cədvəli)-dən məlum olmuşdur ki, iddiaçı sayğaca müdaxilə etmək nəticəsində borc məbləği yaranmışdır.İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir.İddiaçınıntəqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, aktlar, nəzərə alınmayıb.Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməsinə sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə yalnız iddiaçının mövqeyindən araşdırma aparmış, cavabdehin isə məhkəmə qətnaməsində ancaq bir cümləsi qeyd edilmişdir. İşdə olan abonent saldosunda (GASREP) əks olunan iddiaçının ödəniş intizamı araşdırılmadan məhkəmə mövcud qətnaməni qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən abonent saldosundan görünür ki, cavabdeh iddiaçının ünvanına, onun təqsirli hərəkətlərinə görə akt tərtib etmişdir. Lakin məhkəmə bu akta münasibətdə yalnız iddiaçının iddia ərizəsində qeyd edilən və qoşma kimi əlavə edilən dəlillərdən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur.İddia ərizəsinə əlavə edilmiş abonent saldosunda əks olunan iddiaçının ödəniş intizamı hərtərəfli araşdırılması üçün cavabdeh tərəfin iddiaçı ilə dəlil-əks dəlil gətirilmə və sənədlərlə sübutların təqdim edilməsinə şərait yaratmamış və çəkişmə prinsipini təmin etməməklə Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. İddiaçının GASREP-dən çıxarışında (ödəniş cədvəlində) illər üzrə aparılmış ödənişlərin müqayisəli təhlili bunu deməyə əsas verir ki, İddiaçı qaz sayğacına müdaxilə etmişdir. Bunu isə məhkəmə araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 17.İş üzrə cavabdeh tərəfə məkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 18.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 19.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 20.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 22.Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 23.Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 24.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 25.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadanzədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi(yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq,zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabınaqaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacınındəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarındagöstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu iləqaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 26.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:

27. 5.1.Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(002)-2090/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. 34.“Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən müvafiq örtüklə örtülməlidir. 35.Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. 36.Kollegiya qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı akta “Mənzilə aid ********* nömrəli qaz sayğacına dövlət yoxlanışından sayğacın çıxış plastmas borusu deşikdir rəyi verilib” qeyd edilmiş, lakin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 37.Digər tərəfdən kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən xx.xx.2023-cüildə sayğacdan kənar qazdan istifadə halı olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 38.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qanunsuz kənar xəttin qoşulma halı, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir. 39.Buna görə də kollegiya məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 40.Kollegiya həmçinin çəkişmə prinsipinin təmin edilməməsi ilə bağlı apellyatorun dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri haqqında malumatlar cavabdehə rəsmi qaydada bildirilmiş, cavabdehin nümayəndəsi 05 iyul 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş və lazımi sübutlarını məhkəməyə təqdim etmək üçün şərait yaradılmışdır. 41.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(002)-2090/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar