Məhkəmə qərarları › İş №2(103)-6532/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6532/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6532/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1115/2022 saylı, 25 may 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1115/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı krediti müqaviləsi üzrə 10504,05 manat əsas borc, 1620,48 manat faiz borcu olmaqla, cəmi 12124,53 manat borc və ödənilmiş 126,38 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən 04 iyul 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1115/2022 saylı 06 iyul 2022-ci il tarixli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada göndərilmədiyindən geri qaytarılmış, nöqsanları aradan qaldırdıqdan sonra yenidən qanunvericilikdə müəyyən edilmiş qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilmək hüququ Cavabdeh izah edilmişdir. Daha sonra Cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1115/2022 saylı qətnaməsindən 21 iyul 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1115/2022 saylı 25 iyul 2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti qanunvericilik tərəfindən müəyyən edilmiş formada tərtib edilmədiyindən və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada göndərilmədiyindən eləcə də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədiyindən geri qaytarılmışdır. Daha sonra Cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1115/2022 saylı qətnaməsindən 24 avqust 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli məktubu ilə apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1115/2022 saylı qətnaməsi 01 iyun 2022-ci il tarixdə Cavabdeh tərəfindən əldə edilmişdir. Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 01 iyul 2022-ci il tarixi hesab edilir. Lakin cavabdehin apellyasiya şikayəti ilk olaraq müəyyən edilmiş 1 aylıq müddət çərçivəsində verilə də, həmin apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən 21 iyul 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti də qanunvericilik tərəfindən müəyyən edilmiş formada tərtib edilməməsi, elektron kabinet vasitəsi ilə verilməməsi eləcə də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməməsi əsaslı ilə geri qaytarılmışdır. Nəhayət 24 avqust 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Bununla belə apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh birinci instansiya məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, birinci instansiya məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1115/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1115/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar