Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6535/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, podrat müqaviləsi üzrə iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-605/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, X6 yoldaşı X4 məxsus olan Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa etdiyi 1 giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 137.0 kv.m. olan 40 saylı mənzildən imtina edir və həmin mənzilin X5 adına sənədləşdirilməsinə və müqavilə bağlanmasına etiraz etmir, gələcəkdə həmin mənzilə dair Cavabdeh MMC-yə qarşı heç bir iddiası olmayacaq və maddi tələb irəli sürməyəcəkdir. X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa etdiyi 1 giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 137.0 kv.m. olan 40 saylı mənzildən imtina edir və həmin mənzilin X5 adına sənədləşdirilməsinə və müqavilə bağlanmasına etiraz etmir. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə X4 təhvil verilməli olan, 1-ci giriş, 9-cu mərtəbə, ümumi tikintialtı sahəsi (oxdan oxa) 137 kv.m sahədən ibarət olan 40 saylı təmirsiz mənzil X4 müqavilə şərtlərinə tam uyğun olaraq təhvil verildi. X2 mənzilin təhvili ilə bağlı Cavabdeh MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, X7 təsdiq edir ki, mənzilin ümumi tikintialtı sahəsi tərəflər arasında əvvəlcədən razılaşdırıldığı kimi çöl ölçülərlə, yəni tikintinin sahəsi daxil olmaqla X4 təhvil verilmişdir. X2 mənzilin ümumi tikintialtı sahəsi ilə bağlı gələcəkdə Cavabdeh MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır. X8 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 01 mart 2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa etdiyi yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 137.0 kv.m-dən ibarət 3 otaqlı, 40 saylı mənzildən və pay haqqından imtina edir. Bununla əlaqədar, müqaviləni və bütün sənədləri İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə MMC-yə və qeyd olunan mənzilə dair iddia və tələbi olmayacaqdır. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən “icraçı” Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili “payçıya” verməyi öhdəsinə götürür. “Payçı” isə öz növbəsində müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəyir. Pay haqqı nağd pulla ödənilir. Mənzilin ümumi sahəsi 137 kv.m-dir. Göstərilən mənzilin ümumi dəyəri 160.000.00 (bir yüz altmış min) AZN müəyyən olunur. xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli 1 saylı əlavədən görünür ki, mənzillərin sıralanmasında baş vermiş dəyişikliklərlə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli müqavilənin 1.1. bəndində qeyd olunmuş 40 saylı mənzil 42 saylı mənzil olaraq dəyişdirilir. Cavabdeh MTK-nın 21 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binası Cavabdeh MTKya məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi sahəsi 137.0 kv.m. olan, 3(üç) otaqlı, 42 saylı mənzilin pay dəyərinin 160.000 (bir yüz altmış min) manatı İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2020 tarixinə MTK-ya borcu yoxdur. Cavabdeh MTK tərəfindən verilmiş (tarixi olmayan) arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1 blokunun, 9-cu mərtəbəsində, ümumi sahəsi 137.0 kv.m. olan, 3 (üç) otaqlı, 42 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixinə MTK-ya borcu yoxdur və mənzilin təmirinə icazə verilir. Cavabdeh MTK-nın üzvlərinin ümumi iclasından 19 saylı xx.xx.2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli ev 26, 1 giriş, 9 mərtəbədə ümumi sahəsi 137 kv.m olan 3 otaqlı 42 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Cavabdeh MTK 056 saylı xx.xx.2019-cu il tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, mart, aprel və may aylarına görə 42 saylı mənzilə görə Fariz tərəfindən cəmi 204 manat ödəniş edilmişdir. Cavabdeh MTK 078 saylı xx.xx.2019-cu il tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, iyun, iyul və avqust aylarına görə 42 saylı mənzilə görə Fariz tərəfindən cəmi 204 manat ödəniş edilmişdir. Cavabdeh MTK 105 saylı xx.xx.2019-cu il tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, sentyab ayına görə 42 saylı mənzilə görə Fariz tərəfindən cəmi 68 manat ödəniş edilmişdir. Cavabdeh MTK 118 saylı xx.xx.2019-cu il tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, oktyabr ayına görə 42 saylı mənzilə görə Fariz tərəfindən cəmi 68 manat ödəniş edilmişdir. Cavabdeh MTK 197 saylı xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, fevral ayına görə 42 saylı mənzilə görə Fariz tərəfindən cəmi 68 manat ödəniş edilmişdir. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında qəbul olunmuş birgə yaşayış qaydalarına riayət edilməsi və müəyyən edilmiş kommunal haqqların ödənilməsi haqqında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqaviləyə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə əsasən kommunal xidmət göstərməyi öhdəsinə götürmüş, sakin isə bu müqavilə ilə müəyyən edilmiş kommunal haqqları ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pul tələbinə dair pretenziyadan görünür ki, yaranmış məbləğ fərqinin (24.993 manat) 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 26 mənzil 42, (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115,6 kv.m olan mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli 10/499 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26, M9, m5) mənzilin ölçülərinin (115,6 kv.metr) Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülərə (137,0 kv.metr) uyğun olmadığı, mənzilin ölçüləri (115,6 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülər (137,0 kv.metr) arasında 21,4 kv.metr fərq olduğu, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26, M9, m5) mənzilin faktiki sahəsi (balkonlara müvafiq azaltma əmsalları tətbiq olunmadıqda sözügedən) (121,0 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülər (137,0 kv.metr) arasında 16,0 kv.metr fərq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ünvan 3 ünvanda yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24.993 (iyirmi dörd min doqquz yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 137 kv.m. kimi təqdim edilən 40 saylı mənzili 160.000 (bir yüz altmış min) manat ödənilməklə əldə etmişdir. Sonradan qeyd edilən müqaviləyə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin 1.1. bəndində qeyd edilmiş 40 saylı mənzil 42 saylı mənzil olaraq dəyişdirilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, qeyd edilən bina Cavabdeh MTK-ya məxsusdur, pay dəyəri tərəfindən tam olaraq ödənilmiş və MTKya heç bir borcu yoxdur. ünvan 4 ünvana dair tərəfindən DƏDRX-dən çıxarış verilən zaman mənzilin ümumi sahəsinin 137 kv.m. deyil, 115,6 kv.m. olduğu müəyyən olmuşdur. Cavabdeh MTK tərəfindən satılmış mənzilin müqavilə üzrə ümumi sahəsi ilə faktiki sahəsi arasında 21.4 kv.m. fərq olmuşdur ki, bununla da MTK tərəfindən ondan 21.4 kv.m. üçün əlavə olaraq 24.993 (iyirmi dörd min doqquz yüz doxsan üç) manat məbləğində pul alınmışdır. Kvadrat fərqilə bağlı yaranmış borcun geri qaytarılması üçün həm şifahi, həm də yazılı şəkildə pretenziya ilə şirkətə müraciət etsə də, bu günə kimi ödəniş edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MTK-dan ünvan 5 ünvanında yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24.993 AZN (iyirmi dörd min doqquz yüz doxsan üç manat) və inflyasiya nəticəsində zərərə məruz qaldığı 13.121 AZN (on üç min bir yüz iyirmi bir manat), olmaqla cəmi 38.114 AZN (otuz səkkiz min bir yüz on dörd) məbləğində pulun və ödənilmiş 205 AZN (iki yüz beş) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə bağlanan zaman müqavilənin bütün şərtləri ilə razı olmuşdur. O, DƏDRX-dən xx.xx.2020-ci il tarixli çıxarışı alan zaman mənzilin ümumi sahəsi ilə bağlı kvadrat fərqinin mövcud olduğu ona məlum olmuşdur. Lakin iddiaçının dediyinə görə, komendantla aralarında mübahisə yarandığı üçün məhkəməyə mənzilin ümumi sahəsində kvadrat fərqilə bağlı ödənilmiş pul tələbini geri qaytarılması barədə müraciət etmək qərarına gəlmişdir. Yəni DƏDRX-dən çıxarış əldə etdikdən 4 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən iddia tələbinin irəli sürüldüyü tarixədək 4 ildən çox müddət keçmişdir. Yəni, hazırki iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti keçdiyinə görə rədd edilməlidir. İddiaçı 28.1.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, qarşı tərəf iddia müddətinin ötürülməsi barədə ərizə təqdim etmişdir. Qeyd etmişdir ki, çıxarış aldıqdan sonra, yəni xx.xx.2020-ci ildən məhkəməyə müraciət etdiyi müddətə kimi 4 ilə yaxın vaxt keçmişdir. Diqqətə çatdırır ki, hörmətli vəkil məhkəmədənkənar söhbət zamanı bir vətəndaş kimi ona məsələni məhkəmədənkənar həll edilməsinə meyilli olmağını bildirdikdən sonra dəstək olacağını bildirsə də, hətta kommunal haqqının çıxarış üzrə verilməsini düzgün hesab etdiyini ifadə etsə də, sonda görünür ki, vəziyyətdən sui-istifadə etmək fikrinə gəlmişdir. Ancaq vəkil tərəfindən məhkəməyə təqdim edilən sənədləri dərindən araşdırmadığı aşkardır. Belə ki, ilkin iclasda da bildirdiyi səbəblərdən iddianın gec verilməsini izah etmişdir. Baxmayaraq ki, müddəti ötürməmişdir. Hörmətli vəkilin nəzərdən qaçırdığı məqam odur ki, özü 09 mart 2023-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək kvadrat fərqi ilə bağlı yaranmış məbləğin ödənilməsini tələb etmişdir. Müraciəti də elə məhkəmə sisteminin pretenziya bölməsindən etmişdir. Odur ki, çıxarışın alındığı 28 avqust 2020-ci il tarixdən ilkin etdiyi müraciətə, yəni 09 mart 2023-cü il tarixinə kimi 3 il müddət keçmədiyindən iddia müddətini ötürməmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 40 saylı mənzil 03 noyabr 2017-ci il tarixli müqavilə əsasında X4 haqqı tam şəkildə ödənilərək təmir üçün təhvil verilmişdir. Daha sonra X7 və həyat yoldaşı X1 razılığı əsasında həmin mənzil X5 adına onun müraciəti əsasında 03 noyabr 2017-ci il tarixli müqaviləyə MTK tərəfindən dəyişiklik edilərək 28 dekabr 2017-ci il tarixli müqavilə əsasında rəsmiləşdirilmişdir. Həmin razılıq ərizələri Bakı şəhəri 1 saylı notariat kontorunda notarial qaydada təsdiqlənmişdir. Bir müddət keçdikdən sonra isə X5 razılığı əsasında yuxarıda adıçəkilən mənzil 01 mart 2018-ci il tarixində İddiaçı adına 28 dekabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilərək rəsmiləşdirilmişdir. Həmin razılıq ərizəsi isə Bakı şəhəri 9 saylı notariat kontorunda notarial qaydada təsdiqlənmişdir. Eyni zamanda bildirir ki, hazırkı iddiaya münasibətdə İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, o, əslində 2018-ci ildə mənzili əldə etmiş, həmin mənzili təmir etmiş və 2018-ci ilin sonlarından etibarən xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 137 kv.m. kimi təqdim edilən 40 saylı mənzildə (sonradan qeyd edilən müqaviləyə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin 1.1. bəndində qeyd edilmiş 40 saylı mənzilin nömrəsi 42 saylı mənzil nömrəsi olaraq dəyişdirilmiş, yəni mənzilin özü yox, sadəcə nömrəsi dəyişdirilmişdir) yaşamışdır. Həmçinin iddiaçıya məhkəmə iclasında sual verilən zaman o, razılıq ərizəsi əsasında mənzili X3 yox, MTK-dan aldığını qeyd etmişdir. Bunun isə nə dərəcədə doğru və ağlabatan olduğu şübhə altındadır. Çünki, təqdim olunan sənədlər də görünür ki, X8 razılıq ərizəsi əsasında İddiaçı xeyrinə adıçəkilən mənzildən imtina etmişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçı 2018-ci ildə həmin mənzili təmir edərək məskunlaşdığını və həmin tarixdə keçmiş direktora 1.000 manat vəsait verdiyini də qeyd etmişdir. Göründüyü kimi, 2018-ci ildən etibarən mənzilin ümumi sahəsində kvadrat fərqinin mövcud olduğu iddiaçıya məlum olmuş və digər tərəfdən adıçəkilən mənzilin MTK tərəfindən 03 noyabr 2017-ci il tarixindən etibarən təhvil verildiyini, daha sonra isə payçıların razılıqları əsasında digər şəxslərə satıldığını nəzərə alınsa, hesab edir ki, həmin mənzilə münasibətdə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığından, hazırkı iddiaya münasibətdə iddia müddətinin axımı 03 noyabr 2017-ci il tarixindən hesablanmalıdır. Həmçinin bir daha qeyd edir ki, 03 noyabr 2017-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 40 (42) saylı mənzil X4 təhvil verilmiş, daha sonra həmin mənzil yuxarıda qeyd olunan razılıq ərizələri əsasında MTK tərəfindən 03 noyabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, 28 dekabr 2017-ci il tarixində X5 adına, 01 mart 2018-ci il tarixində isə İddiaçı adına rəsmiləşdirilmişdir. Belə olan halda İddiaçı 2024-cü ilin oktyabr ayında, yəni 6 il 8 ay sonra məhkəməyə iddia ərizəsi ilə müracət etdiyini nəzərə alınsa, hesab edir ki, hazırkı iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, 10 iyul tarixində qarşı tərəf vəsatət yazaraq bağladıqları 02 mart 2018-ci il tarixli müqavilənin guya köhnə direktorları tərəfindən imzalanmadığını qeyd edib və həmin müqavilənin etibarsız olmasını və bununla bağlı şahid qismində köhnə direktorun iştirakını tələb etmişdilər. İndi isə 27 noyabr 2024-də etdikləri iddia müddəti ilə bağlı müraciətə qayıdıblar. O zaman da öz ərizələrində yazmışdılar ki, 2020-ci il avqust ayında çıxarış aldığı andan iddia müddətini ötürmüşdür. Halbuki yazılı sübutla təsdiq etmişdir ki, iddia müddətini ötürməmişdir. İndi isə 2018-ci ildə mənzili müqavilə əsasında əldə etdiyi andan kvadratla tanış olduğunu və o vaxtdan müraciət etmədiyini qeyd edirlər. Söhbət orasındadır ki, qarşı tərəf təsdiq edir ki, kvadratla bağlı fərq var və onu aldadıblar. Müddətin ötürülməsi və s. digər bəhanələrlə çıxış edib bir yolla məsələdən qurtulmaq istəyirlər. Əvvəla, Mülki Məcəlləyə əsasən, iddia müddəti hüququn pozulması və ya pozulma barədə məlumat əldə edildiyi andan başlayır. Ona bu pozuntu yalnız xx.xx.2020ci il tarixində çıxarış təqdim edildikdən sonra məlum olmuşdur. Çıxarışdan əvvəl mənzilin dəqiq sahəsi barədə hüquqi əsaslı heç bir sənəd və ya ölçü protokolu təqdim edilməmişdir. İkincisi, təmir zamanı guya mənzilin az sahəli olduğu barədə iddia subyektiv yanaşmadır və hüquqi qiymətə malik deyil. Mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olduğu yalnız rəsmi sənədlə (çıxarış və ekspert rəyi ilə) müəyyən olunur. Bu isə hüquqi məlumatlılıq tarixini çıxarışın verildiyi 2020-ci illə bağlayır. Qarşı tərəf oyun oynamaqla məşğuldur. Hansı yolla olursa olsun aldatdıqları kvadrat fərqinin ödənilməməsi üçün müxtəlif yollara əl atır. Üçüncüsü isə özünün qarşı tərəf kimi məhkəməni aldatmaq fikri yoxdur və bunu da izah edir. Məhkəməyə yalan bəyanat vermir. Aldadıldığı ortadadır. Kvadrat fərqi 2020-ci ildə çıxarışı aldığı zaman məlum olmuşdur. Kvadrat fərqini bilən kimi (2020 avqust) çıxarışı aldığı zaman niyə müraciət etmədiyini də əvvəlki məhkəmələrdə izah etmişdir. Valideynlərinin təzyiqi olub. İcazə verməyiblər. Lakin kvadrat fərqini bildiyi andan da qaldırdığı iddianın müddətini (3 il) ötürməmiş və bunu da sübut etmişdir. Qarşı tərəf saxtakarlıqlara davam etməkdədir. Bu gün məhkəmədə çıxış edən zaman üstü örtülü bildirsə də çox üstünə getməmişdir. Lakin indi sənədlərlə tanış olan zaman məlum oldu ki, köhnə tarixli təhvil-təslim aktı əlavə edilib. Yəni əvvəl mövcud olmayan sənədi, işin içindən çıxmaq üçün köhnə tarixlə işə əlavə ediblər. Birincisi bunun ona heç bir aidiyyəti yoxdur. Mənzil alarkən ona təqdim etməyiblər. Lakin məhkəməni aldatmaq üçün etdikləri bu saxtakarlıqlar məhkəmə hakimiyyətinin bütövlüyünə atılmış zərbədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 605/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı “Cavabdeh MTK-dan ünvan 5 ünvanında yerləşən mənzilin əldə edilməsi zamanı 21.4 kv.m. sahə üçün artıq ödənilmiş 24.993 AZN (iyirmi dörd min doqquz yüz doxsan üç manat) və inflyasiya nəticəsində zərərə məruz qaldığı 13.121 AZN (on üç min bir yüz iyirmi bir manat), olmaqla cəmi 38.114 AZN (otuz səkkiz min bir yüz on dörd) məbləğində pulun və ödənilmiş 205 AZN (iki yüz beş) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi” barədə tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili “payçıya” verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 115,6 kvadrat metr olması qeyd edilmişdir. Hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçıya verilməli olan mənzilin ümumi sahəsi 137 kv.metr kimi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus daşınmaz əmlakın ümumi sahəsi 115,6 kv.m kimi qeyd edilmişdir. İddiaçı cavabdehdən ona müqavilə üzrə 137 kv.metr sahəsi olan mənzil əvəzinə 115,6 kv.m sahəsi olan mənzil təhvil verildiyini bildirərək, yaranmış zərəri cavabdehdən tələb edir. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu münasibətlər onlar arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqavilə əsasında yaranmışdır. Mahiyyəti üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış, hazırki iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 saylı mənzili payçı İddiaçı verməyi öhdəsinə götürür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hansı maddi hüquq normasına istinad etməsindən və hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq, mübahisənin məhz hansı hüquqi əsasda yaranması və buna uyğun olaraq da iddia tələblərinin düzgün qanuni əsası müstəqil surətdə məhkəmə tərəfindən müəyyən olunmalı və bu MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki iddianın əsası, yəni irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar dəyişməz olaraq qalır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi ev 26 mənzil 42, (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 115,6 kv.m-dir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli 10/499 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26, M9, m5) mənzilin ölçülərinin (115,6 kv.metr) Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülərə (137,0 kv.metr) uyğun olmadığı, mənzilin ölçüləri (115,6 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülər (137,0 kv.metr) arasında 21,4 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 42 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 26, M9, m5) mənzilin faktiki sahəsi (balkonlara müvafiq azaltma əmsalları tətbiq olunmadıqda sözügedən) (121,0 kv.metr) ilə Cavabdeh MTK və İddiaçı Məjmmədəlf oğlu arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqaviləsində qeyd edilən ölçülər (137,0 kv.metr) arasında 16,0 kv.metr fərq olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə yazılı ərizələr təqdim edərək, iddia müddətini tətbiq etməklə iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə qeyd etmişdir ki, göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. İddiaçı dəlili - iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verildiyi tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Bu baxımdan bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Hazırki iddia Cavabdeh MMC tərəfindən mənzilin təhvil verilməsindən 6 ilə yaxın müddət keçdikdən sonra 14 oktyabr 2024-cü il tarixdə qaldırmışdır. İddiaçı 2018-ci ilin mart ayında müqavilə bağlanan kimi evə daxil olmuş, 2018-2019-cu illərdə təmirə başlamış, 2019-cu ilin dekabr ayında ailə həyatı qurmuşdur. Artıq bu vaxt mənzil təmir olunmuşdu. (iddiaçının izahatı). Bununla belə iddiaçı 6 ilə yaxın müddət ərzində cavabdehə heç bir irad və ya tələb bildirmədiyi halda göstərilən uzun müddət sonra cavabdehin ona zərər vurduğuna istinad etmişdir. Göründüyü kimi iş materialları və iddiaçının izahatı iddiaçının həmin mənzili 2018-ci il tarixdə təhvil aldığını, 2018-2019-cu il tarixlərdə mənzili təmir etməyə başladığını sübut edir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, bu tələb mənzil təhvil alındıqdan sonra 5 il ərzində irəli sürülməli idi. Həmin müddətin keçməsi isə cavabdeh yazılı ərizə təqdim etdiyi halda iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür və bu isə iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması barədə vəsatəti ilə əlaqədar qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış müqavilədən irəli gəlir. Məhkəmə iddiaçının tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayət əlamətləri (dələduzluq və s.) aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1, 375.1, 375.2, 385.1, 386.1, 752.1, 753.1, 762.1, 766, 776.1-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 115.0.1, 119.1, 124.2, 218.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-605/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində qərarın ədalətsiz qəbul edildiyini nəzərə alaraq, işə mahiyyəti üzrə obyektiv və hərtərəfli araşdırma aparılaraq baxılması məqsədilə həmin işin eyni instansiyaya, lakin başqa hakimə göndərilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(005)-605/2025 nömrəli qətnaməsi ilə Cavabdeh MTK-ya qarşı qaldırmış iddia, iddia müddətinin ötürülməsi bəhanəsi ilə əsassız olaraq rədd edilmişdir. İddiada göstərmişdir ki, 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 137 m² mənzil satılmış, lakin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mənzilin faktiki sahəsi 115.6 m²-dir. Bu fərq yalnız 2020-ci ildə mənzilə çıxarış alınan zaman ona aydın olub. Məhkəmə işin halları üzrə sübutları obyektiv araşdırmamış, mübahisənin hüquqi təbiətini səhv müəyyən etmiş, saxtalaşdırılmış sənədlərə qiymət verməmiş, əvəzində fərziyyə və cavabdehin mövqeyinə əsaslanaraq qərar qəbul etmişdir. Həmin qərar həm faktiki hallar, həm də qanunvericilik normaları baxımından tam əsassızdır. Mübahisə alqı-satqı müqaviləsi üzrədir, podrat deyildir. İddiaçı və Cavabdeh MTK arasında bağlanmış müqavilə daşınmaz əmlakın alqı-satqısı barədədir. İddiaçı hazır mənzil almışdır, tikintinin sifarişçisi olmamışdır. Ondan öncə eyni mənzil üzrə müqavilələrin (Əzizov Eldar və İbrahimov Vüsal) mövcudluğu onun şirkətə tikinti ilə bağlı heç bir sifariş vermədiyini və yalnız hazır mənzil üzrə alqı-satqı müqaviləsi bağladığını sübut edir. Hakim hansı məqamda sənədə, hansı məqamda isə ifadəyə görə qərar verdiyini büruzə verərək cavabdehin mövqeyindən çıxış etdiyini tam sübut etmişdir. Müqaviləni sənəd kimi qəbul edib, “təmirə başlanma barədə arayışı” isə görməzdən gəlməsi onun vicdandan yoxsun şəkildə qərar qəbul etdiyini göstərir. Hakim bu münasibətləri əsassız şəkildə podrat müqaviləsi kimi qiymətləndirərək Mülki Məcəllənin 776.1-ci maddəsinə (5 illik müddət) istinad etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı alqı-satqı münasibətləri üçün ümumi iddia müddəti 6 ildir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Daşınmaz əmlak dövlət qeydiyyatına alınır. Onun üzərində mülkiyyət hüququ yalnız çıxarış alındığı andan yaranır. Yəni, hüququn pozulması da ancaq çıxarışdan sonra real olaraq müəyyən oluna bilər. Və daşınmaz əmlakla bağlı mübahisələrdə idrak (xəbər tutma) anı mühüm sayılır. Ona görə də iddia müddəti 2020-ci ildən hesablanmalı və iddia müddət 6 il olmalıdır. O, 09 mart 2023-cü il tarixdə müraciət etmişdir və bu tam qanuni vaxt çərçivəsindədir. İndi isə müqavilənin bəndlərlə niyə alqı-satqı olduğunu diqqətinə çatdırır.
1. Müqavilənin predmetinə görə, bu münasibət hazır mənzilin alqı-satqısına aiddir. Müqavilədə “mənzili verməyi öhdəsinə götürür”, “mənzilin ümumi sahəsi”, “mənzilin ümumi dəyəri 160.000 manat müəyyən olunur” kimi ifadələr göstərir ki, söhbət işin görülməsindən deyil, konkret daşınmaz əmlakın satışından gedir. Bu isə Mülki Məcəllənin 646.1-ci maddəsinə uyğun alqı-satqı münasibətidir. 2. Müqavilənin 2.2-ci bəndinə əsasən, “mənzil son variantda daxili tamamlama işləri görülmədən payçıya verilir.” Bu, podrat müqaviləsində olduğu kimi işin mərhələli icrası və qəbul aktı mexanizmini deyil, hazır əmlakın alıcıya verilməsi qaydasını əks etdirir. 3. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri satıcı və alıcı münasibətini ifadə edir: “payçıya satılmış mənzil üçün nəzərdə tutulmuş məbləğin ödənilməsini tələb etmək”, “payçı mənzili təhvil aldıqdan sonra təmir işlərinə başlaya bilər.” Bu, tikinti sifarişi deyil, hazır mənzilin ödəniş qarşılığında verilməsidir. Aşağıdakı maddələrdən də açıq-aşkar aydın olur ki, mübahisə predmeti olan müqavilə alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 648.3-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Mülki Məcəllənin 770-1.4-cü maddəsinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 4. Müqavilənin 2.1-ci bəndində mülkiyyət hüququnun keçirilməsi, dövlət qeydiyyatına alınması və zəruri sənədlərin təqdim edilməsi nəzərdə tutulur. Bu alqı-satqı müqaviləsinin tipik xüsusiyyətidir, çünki podrat müqaviləsində mülkiyyət keçidi olmur – işin nəticəsi sifarişçiyə təhvil verilir. Burada qeydiyyatın aparılması və çıxarışın verilməsi açıq şəkildə nəzərdə tutulub. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən “Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.” 5. Müqavilə üzrə öhdəliklərin bitməsi anı da alqı-satqıya xasdır: “Tərəflər öhdəliklərini yerinə yetirdikdən sonra müqavilə hüquqi qüvvəsini itirir.” Podrat müqaviləsində isə bu məqamda “işin keyfiyyəti və nəticəsi” ilə bağlı əlavə məsuliyyətlər qalır. 6. Alqı-satqı müqavilələri üzrə iddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 6 ildir. Hakimin MM-nin 776.1-ci (podrat) maddəsini tətbiq etməsi maddi hüquq normalarının yanlış tətbiqidir, çünki bu müqavilə işin görülməsi ilə bağlı deyil, daşınmaz əmlakın alınması və mülkiyyət hüququnun keçirilməsi ilə bağlıdır. İddia müddətinin başlanğıcı Mülki Məcəllənin 377.1-ci maddəsinə görə hüququn pozulmasından və ya hüququn pozulması barədə xəbər tutulan andan hesablanır. Bu halda, iddia müddətinin başlanğıcı mənzilin dövlət qeydiyyatına alınması (çıxarış – “kupça”) tarixi olan 2020-ci il avqust hesab edilməlidir. Bu tarixdən əvvəl iddiaçının mənzilin faktiki kvadrat fərqindən xəbərdar deyildi, çünki müqavilə bağlanarkən təhvil-təslim aktı və dəqiq ölçü sənədi təqdim edilməmişdir. Müqavilənin bütün maddə və şərtlərinə görə bu münasibət alqı-satqı müqaviləsi xarakteri daşıyır. Buna görə də aşağıdakı maddələr tətbiq edilməlidir: MM-nin 646.1; 648.1; 648.3; 770-1.4-cü maddələri – alqı-satqı müqaviləsinin predmeti; MM-nin 373.2-ci maddəsi – daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir; MM-nin 377.1-ci maddəsi – iddia müddətinin başlanğıcı hüququn pozulmasından xəbər tutma anıdır; MM-nin 178.2-ci maddəsi – daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla yaranır. Yuxarıda qeyd olunanlara istinadən MM-nin 776.1-ci maddəsinin tətbiqi əsassız olmuşdur. İddia müddətinin hesablanması qanunsuz aparılmışdır. İddiaçı kvadrat fərqindən yalnız xx.xx.2020-ci il tarixində çıxarış alarkən xəbər tutmuşdur. Bu tarixdən əvvəl ona təqdim edilən sənədlərdə 137 m² sahə göstərilmişdir. Buna görə də iddia müddəti Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən 2020-ci ildən hesablanmalıdır. Məhkəmə iddia müddətini 2018-ci ildə alqı-satqı müqaviləsinin bağlandığı tarixdən hesablamışdır. Halbuki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddəti hüququn pozulmasından və ya pozuntudan xəbərdar olma anından başlayır. O, 2020-ci ildə çıxarış aldığı zaman mənzilin müqavilədə göstərilən 137 m² yox, 115.6 m² olduğunu öyrənmişdir. Qeyd edir ki, iddiaçı çıxarışı aldığı 2020-ci il 28 avqustdan öncə 68 AZN (kvadratı 0.5 AZN) olmaqla 137 kvadrata uyğun kommunal haqqı ödəmişdir. Bu barədə qəbzlər də sübut kimi əlavə olunur. 28 avqust 2020-ci ildən etibarən çıxarış aldıqdan sonra isə kvadrat fərqinə görə aralarında mübahisə yaranmağa başlayıb. Bu barədə dərhal komendanta bildirmişdir. İddiaçıya cavabları belə oldu: bizdə belədir. O da, kommunalı verməyəcəyini bildirib. İddiaçı həmin andan 1 (bir) ilə yaxın kommunal haqqı verməmişdir. Həmin dövrün bütün anlarında aralarında bununla bağlı mübahisələr, çəkişmələr yaranıb. MTK rəhbərinin oğlu ilə cavabdehin otağında görüş olub. İddiaçını hədələməklə “bizdə belədir” deyilib. Mənzilində “suyu, işığı kəsərik” kimi ifadələrlə hədələrinə davam ediblər. Sonda əvvəl də qeyd etdiyi kimi valideynləri bu vəziyyəti görəndən, hər gün bunlarla stress yaşadığını biləndən sonra onu məcbur ediblər ki, kommunalı verməyə davam etsin. Yəni, bu da açıq-aşkar sübutdur ki, o, kvadrat fərqilə tanış olduğu an yəni, çıxarışı aldığı andan etibarən başlamışdır. Heç bir “təhvil-təslim aktı” və ya “istifadəyə verilmə sənədi” mövcud deyil. İddiaçı 2020-ci ilin avqust ayında çıxarış alanda mənzilin faktiki kvadrat fərqini öyrənmişdir. Ona qədər onda nə “təhvil-təslim aktı”, nə də mənzilin real ölçülərini göstərən rəsmi sənəd olub. Deməli, o yalnız 2020-ci ildə hüquq pozuntusundan xəbər tutmuşdur, iddia müddəti də o tarixdən etibarən hesablanmalıdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir. Hamıya məlum olduğu kimi sözügedən əmlak reyestrdə daşınmaz əmlak kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlak statusu olduğuna görə ona 6 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəməyə isə 09 mart 2023-cü ildə müraciət olunduğuna görə (ilkin pretenziya) 6 illik iddia müddəti ötürülməmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubu iddia müddətini kəsən hüquqi faktdır (MM-nin 377-ci maddəsi). Eyni zamanda bunu sübut edən ekspert rəyi və alqı-satqı sənədləri iş materiallarına əlavə olunmuşdur. Məhkəmə isə iddiaçının “2019-da təmirə başlanıb” ifadəsini fərziyyə ilə təhrif edərək guya 2018-də təmirə başlamışdır kimi göstərmiş, bu fərziyyəyə əsasən iddia müddətini həmin ildən hesablamışdır. Təmirə başlanma ilə bağlı ortalıqda heç bir sənədsübut da mövcud deyil. Təmirə başlanma ilə mənzilin kvadratının neçə olması müəyyənləşmir. Beləliklə, məhkəmə faktiki sübutu (çıxarışın tarixi) deyil, subyektiv fərziyyəni əsas götürmüşdür. İcra və təhvil aktı mühüm sənəddir, çünki məhz onunla mənzil alıcıya faktiki təqdim edilmiş sayılır. Əgər belə akt yoxdursa, deməli, mənzilin faktiki təhvili baş verməyib və bu, iddia müddətinin başlanma anını dəyişir. Hakim bu vacib prosessual faktı nəzərə almayıb, halbuki Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni qısa sözlə “daşınmaz əmlakın alqı-satqısı zamanı mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı andan keçir.” Beləliklə, onun mülkiyyət hüququ 2020-ci ildə çıxarış alanda rəsmiləşib. Ondan əvvəl iddiaçı sadəcə “alıcı” idi, mülkiyyətçi deyil idi. O, məhkəmədə bildirmişdir ki, təmir işlərinə 2019-cu ilin əvvəlində başlamış, 2019-cu ilin dekabrında mənzildə yaşamışdır. 2019 və 2020-ci illərdə kommunal ödənişlər 137 m² hesabı ilə ödənilmişdir. Yəni mənzilin real ölçüsünü bilməmiş və 137 m² olduğuna inanaraq ödəniş etmişdir. İddiaçı bu fərqin 2020-ci ildə mənzilə çıxarış (kupça) alarkən məlum olduğunu aşkar etmişdir. Çünki mənzilin faktiki plan ölçüləri yalnız bu mərhələdə müəyyən olunub. Bu tarixə qədər ona mənzilin real ölçüsünü təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Təhvil-təslim aktı ümumiyyətlə mövcud olmamışdır. O, öz izahatında 2019-cu ildə təmirə başladığını və 2019-cu ilin dekabrında mənzilə köçdüyünü bildirmişdir. Məhkəmə isə onun “2019-cu ildə təmirə başlanıb” ifadəsini fərziyyə ilə təhrif edərək guya 2018-ci ildə mənzili alan kimi təmirə başlamış kimi göstərmiş, bu fərziyyəyə əsasən iddia müddətini həmin ildən hesablamışdır. O, yalan bəyanat verib MTK-nın ona təqdim etdiyi 2020-ci ilin aprel ayında “təmirə icazə verilir” arayışına heç toxunmayıb. Çünki 2019-cu il üzrə təqdim etdiyi kommunal qəbzlərdən də görünür ki, təmirə həmin ildə başlamış və kvadrat fərqindən xəbəri yoxdur. Bu fərziyyə heç bir sənədlə sübut olunmayıb. Əksinə, o, məhkəməyə kommunal ödəniş qəbzləri təqdim etmişdir ki, orada 137 kv.m üzrə ödənişlər etmişdir. İddiaçı 2020-ci ildən sonra 1 ilə yaxın kommunal haqqı ödəməyi dayandırmış, çünki məhz o zaman mənzilin sahəsinin az olduğunu bilmişdir. Beləliklə, məhkəmə faktiki sübutu (kupça tarixi) deyil, subyektiv fərziyyəni əsas götürmüşdür. İddia müddəti onun təmirə başladığı və ya köçdüyü tarixdən yox, aldatıldığını, yəni mənzilin sahəsinin az olduğunu öyrəndiyi tarixdən başlayır. İddiaçı yalnız kupça aldığı zaman mənzilin 137 m² yox, 115,6 m² olduğunu bilmişdir. Deməli, iddia müddəti bu faktı öyrəndiyi tarixdən başlayır. Hakim sübutları seçmə şəkildə, yalnız cavabdeh tərəfin xeyrinə qiymətləndirmişdir. Kommunal ödəniş qəbzləri və onun ifadəsi təhrif edilmiş, təhvil-təslim sənədi olmadan “təmirə başlanma tarixi” fərziyyə kimi qəbul edilmişdir. Məhkəmə bu sübutların heç birinə obyektiv qiymət verməmişdir. O, son məhkəmə iclasında hakimin qətnaməsində də adı keçən 2017-ci il noyabr tarixli saxta “təhvil-təslim aktının” ümumiyyətlə mövcud olmadığını bildirmişdir. Əvvəl üçtərəfli, ondan öncə satdıqları insanlarla köhnə tarixli saxta təhvil-təslim aktı bağlayaraq işə əlavə etmək istəsələr də, sonda şəxslərdən birinin bundan imtina etməsi nəticəsində yalnız ikitərəfli saxta təhvil-təslim aktı tərtib edərək işə əlavə etmələri hər şeyin açıq-aşkar ortada olduğunu göstərir. İddiaçının əlavə etdiyi - üçtərəfli imzalanmayan 28 dekabr 2017-ci il tarixli saxta təhvil-təslim aktı ilə onların əlavə etdiyi 03 noyabr 2017-ci il tarixli ikitərəfli saxta təhvil-təslim aktına sadə baxış keçirməklə aydın olar ki, hər iki sənəd nöqtəvergülünə, abzasına, şriftinə kimi eynidir, sadəcə olaraq, 3-cü şəxs imzalamadığına görə adları dəyişiblər. Lakin həmin üçtərəfli saxta akt Eldar Əzizov tərəfindən imzalanmadığı üçün cavabdeh tərəf saxta ikitərəfli akt tərtib edərək köhnə tarixlə iş materiallarına əlavə etmişdir. O isə imzalanmamış üçtərəfli saxta aktı sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə, bu açıq-aşkar saxtalaşdırma faktına baxmayaraq, cavabdeh tərəfin təqdim etdiyi saxta sənədləri əsas götürmüş, qətnamədə həmin aktı da qeyd etmiş, obyektiv araşdırmadan imtina etmişdir. Binada heç kimdə təhvil-təslim aktı mövcud deyil. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(005)- 605/2025 saylı qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində qərarın ədalətsiz qəbul edildiyini nəzərə alaraq, işə mahiyyəti üzrə obyektiv və hərtərəfli araşdırma aparılaraq baxılması məqsədilə həmin işin eyni instansiyaya, lakin başqa hakimə göndərilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, 2018-ci ildə mənzili təhvil almasına dair ona heç bir rəsmi sənəd təqdim edilməmiş, bu barədə heç bir təhvil-təslim aktı tərtib olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsində iddia müddətinin ötürülməsi barədə də konkret tarix göstərilməmiş, müddətin neçə il ötürüldüyü qeyd edilməmişdir. O, mənzili 2019-cu ildə təmir etdirib mənzilə köçmüş, birinci instansiya məhkəməsi onun sözlərinə istinad etməklə fərziyyə əsasında qətnamə çıxarmışdır. Əgər o, mənzili 2021-ci ildə təmir etdirməsini demiş olsaydı bu sözünə istinad edib iddia müddəti ötürülməmiş hesab ediləcəkdi. O, müqavilə əsasında mənzilə daxil olmuş, 2019-cu ildə atası mənzili təmir etdirəndə o, mənzildə olmamış, 2020-ci ildə mənzilə dair çıxarış alan zaman bu məsələ ona məlum olmuş, çıxarışda mənzilin sahəsinin 115 kvadratmetr olması qeyd edilmişdir. Ekspert rəyindən də məlum olur ki, həqiqətən kvadrat fərqi var. Əgər hakimin müddətin ötürülməsi barədə mövqeyi mövcud idisə nəyə görə ekspertiza təyin etmişdir. Birbaşa bu barədə qərar qəbul edilərdi, heç onun vaxtı da getməzdi, bu qədər əsəb də keçirməzdi. O, mənzilində cambalkon quraşdırmış, buna görə mənzilinin işığını kəsmişlər. Onun iki azyaşlı uşağı var, qışın bu günündə işığın kəsilməsi ona təzyiq göstərmək üsuludur. O, "xxxx" ASC-yə müraciət etdikdən sonra işığı bərpa edilmişdir. 21 kvadratmetri 3.000 manatdan hesablayanda bir otaqlı evin pulunu təşkil edir. Mənzili onun atası müqavilə əsasında, MTK-nın direktoru Məcid adlı şəxsdən almışdır. Ondan əvvəl mənzil Eldarın adına olmuş, lakin o, Eldarı tanımır, müqaviləni cavabdehlə bağlamışdır. Qarşı tərəf köhnə tarixlərlə təhvil-təslim aktı tərtib etmiş, bu da sübuta yetirir ki, həmin sənədlər saxtadır. Ona təhvil-təslim aktı tərtib edərkən Eldara zəng edilməsi, Eldarın təhvil-təslim aktını imzalamaqdan imtina etməsi məlumdur. Eldara da mənzili başqa adam satmışdır. Onunla üçtərəfli yox, ikitərəfli akt tərtib edilib. Guya bu akt onu sübut edir ki, mənzilin kvadrat fərqinin olması o aktdan məlum olur, orada sanitar qovşağı və digər yerlərin də kvadrata daxil olması göstərilib. Onun iştirakı ilə belə bir akt tərtib olunmayıb. Onunla müqavilə 2 mart 2018-ci il tarixdə bağlanmışdır. Mənzilin açarlarını atası aldığı üçün hansı tarixdə verildiyini dəqiq bilmir. O, mənzili 2019-cu ilin fevral-mart ayında təmir etdirmiş, həmin vaxta kimi mənzilə atası gedib-gəlmiş, mənzil onun nəzarətində olmuşdur. Həmin vaxt o, Qazax rayonunda olmuşdur. O, mənzilə 2019-cu ilin dekabr ayında daxil olmuş, maliyyə çətinlikləri olduğu üçün dekabr ayında mənzilin təmiri yekunlaşmış, 2 dekabr tarixində toyu olmuş və həmin gün mənzilə daxil olmuşdur. O, kvadrat fərqinin olmasını 2020-ci ildə çıxarışı alarkən bilmişdir. Məhkəməyə təqdim etdiyi qəbzlərdən də görünür ki, mənzilə daxil olduğu vaxta qədər 68 manatdan kommunal xərcləri ödəmiş, bilsəydi həmin xərcləri ödəməzdi. Təmirə başlayanda kommunal xərclərin ödənilməsi tələb olunur. 2020-ci ildən kvadrat fərqi olduğu üçün kommunal xərcləri ödəməli deyil. 2018-ci ildə kommunal ödənişləri etməmişdir. Təmirə başladıqdan sonra ödəniş etməyə başlamışdır. Ödəniş etməsəydi təmir etməyə, liftdən istifadəyə icazə verilməzdi. Qəbzlərdən də görünür ki, orada olmadığına görə bəzən üç ayda bir kommunal xərcləri ödəmişdir. O, məhkəməyə 2024-cü ildə müraciət etməmiş, pretenziyanı 2023-cü ilin mart ayında qarşı tərəfə göndərmiş, 2020-ci ildə qarşı tərəflə mübahisəsi yaranmış, bir ilə yaxın kommunal xərcləri ödəməmişdir. Valideynləri, xüsusilə də, anası cavabdehlə mübahisəyə girməyə icazə verməmiş, ona görə məhkəməyə müraciət etməmişdir. Orada hər kəs geri çəkilsə də, o, geri durmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır, təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi tam əsaslıdır. İddiaçı apellyasiya şikayətində özü qeyd edir ki, 2018-ci ildə mənzil ona təhvil verilib. 2019-cu ilin əvvəlində mənzili təmir edib və orada yaşamağa başlayıb. İddiaçı 2023-cü ildə məhkəməyə müraciət etdiyini bildirir. Elektron sistemdən və iş materiallarından da görünür ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə yox, 2024-cü ilin oktyabrında müraciət edib. Yəni, iddiaçı 6 il sonra məhkəməyə müraciət edib. O, məlumat üçün Ali Məhkəmənin Mülki kollegiyasının qərarlarını da elektron sistemə əlavə etmişdir. 2018-ci ildə mənzil iddiaçıya təhvil verilib, iddiaçı 2018-ci ildə mənzili təmir etdirməyə başlayıb və 2019-cu ildə mənzil artıq hazır idi. İddiaçı 2019-cu ildən də kommunal xidmətlərlə bağlı ödənişlərin edilməsinə başlayıb. İş materiallarından və protokollardan da görünür ki, iddiaçıya dəfələrlə sual verilir və hər dəfə mənzili 2018-ci ildə təhvil aldığını bildirir. İddiaçı deyir ki, mənzili Cavabdeh MTK-dan şəxsən almış, üçüncü şəxsləri tanımır. Lakin onun təqdim etdiyi notarial qaydada təsdiqlənmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı onlardan deyil, üçüncü şəxslərdən, yəni razılaşdığı şəxslərdən mənzili alıb. O sənədlər notarial qaydada təsdiq olunmuş sənədlərdir, hansı ki, onlar sonradan bu sənədlərə müdaxilə edə bilməzdilər. Mənzil təmir olunanda artıq onun kvadrat ölçüsü iddiaçıya məlum idi. İddia ərizəsindən də görünür ki, iddiaçı qeyd edir ki, o, kvadrat fərqini bilirdi, sadəcə iddia qaldırmaq istəmirdi, sonradan kommunal xidmətlərlə bağlı mübahisə yarandı, işığını kəsdilər və o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Mənzil ilk dəfə kimə satılıbsa həmin şəxslə təhvil-təslim aktı imzalanır, sonradan sənədləşmə olmur. Yəni mənzil kimlərə ötürülürsə onunla bağlı akt tərtib olunmur. İddiaçı üçüncü alıcıdır. İddiaçı özü də dəfələrlə məhkəmənin suallarına münasibətdə evi və onun açarlarını 2018-ci ildə təhvil aldığını bildirib. Əvvəlki alıcılar tərəfindən ev təmir olunmamışdır, amma açarlar təhvil verilmişdir. Ev tikinti sahəsi ilə birlikdə iddiaçıya satılmışdır. Yəni arakəsmələr nəzərə alınmamışdır. Yeni alıcı evə baxıb bəyənirsə əvvəlcə imtina olunur, sonra yeni müqavilə tərtib olunur, protokoldan çıxarış və maliyyə arayışı verilir. Sonra da bunun əsasında gedib mənzilə dair çıxarış alınır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi işin halları üzrə sübutları obyektiv araşdırmamış, mübahisənin hüquqi təbiətini səhv müəyyən etmiş, sənədlərin saxtalaşdırılmasına qiymət verməmiş, cavabdehin mövqeyinə əsaslanaraq qərar qəbul etmişdir. Mübahisə podrat müqaviləsindən deyil, alqısatqı müqaviləsi üzrə yaranan hüquq münasibətlərindən əmələ gəlmiş, sübutlar qiymətləndirilərkən “təmirə başlanma barədə arayış” nəzərə alınmamışdır. Münasibətlərə podrat müqaviləsi üçün müəyyən olunan 5 illik iddia müddəti deyil, daşınmaz əmlakla bağlı alqı-satqı münasibətləri üçün qanunla müəyyən olunan 6 illik iddia müddəti təbiq edilməlidir. Cavabdehlə aralarında “təhvil-təslim aktı” və ya “istifadəyə verilmə sənədi” tərtib edilməmiş, o, hüquq pozuntusu barədə 2020-ci ilin avqust ayında çıxarış alarkən mənzilin faktiki kvadrat fərqini öyrənərkən bilmiş, iddia müddətinin də bu tarixdən etibarən hesablanmalı olmasını, xx.xx.2023-cü il tarixli pretenziya məktubunun iddia müddətini kəsən hüquqi fakt olmasını, məhkəmədə təmir işlərinə 2019-cu ilin əvvəlində, 2019-cu ilin dekabrından mənzildə yaşamağa başlamasını deməsini, 2019 və 2020-ci illərdə kommunal ödənişləri 137 m² sahə üzrə hesablanmaqla ödəməsini, mənzilin real ölçüsünü bilmədiyindən 137 m² olmasına inanaraq ödəniş etməsini, 2019-cu il üzrə təqdim etdiyi kommunal qəbzlərdən təmirə həmin ildə başlaması və kvadrat fərqindən xəbəri olmadığını, iddia müddətinin onun təmirə başladığı və ya köçdüyü tarixdən deyil, aldadıldığını, yəni mənzilin sahəsinin az olduğunu öyrəndiyi tarixdən hesablanmağa başlandığını, təhvil-təslim aktlarının saxta olmasını, ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(005)-605/2025 saylı qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində qərarın ədalətsiz qəbul edildiyini nəzərə alaraq, işə mahiyyəti üzrə obyektiv və hərtərəfli araşdırma aparılaraq baxılması məqsədilə həmin işin eyni instansiyaya, lakin başqa hakimə göndərilməsi xahiş olunur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsinin səlahiyyətləri və apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri yuxarıda istinad olunan prosessual normalara əsasən qanunverici tərəfindən dəqiq müəyyən edilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Kollegiya hazırkı mülki iş üzrə iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları olmasını müəyyən edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 02 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus tikilməkdə olan çoxmənzilli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində, 3 otaqlı 40 (sonradan mənzilin nömrəsinin 42 olması müəyyən edilib) saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində mənzilin ümumi dəyəri olan 160.000 manatı cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçinin isə icranın binaya aid qüsuru barəsində tələbini işin qəbul edildiyi gündən beş il ərzində irəli sürmək hüququ vardır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə qüsurlarla icra olunmuş podratın nəticələri barədə onun iddia tələbini irəli sürmək hüququ mənzilə dair mülkiyyət hüququnun qeydə alındığı tarixdən yaranmışdır. Belə ki, həmin vaxta kimi podratın cavabdeh tərəfindən qüsurlarla icra olunması ona məlum olmamışdır. Bundan başqa o, cavabdehə pretenziya göndərməklə iddia müddətinin axımı kəsilmişdir. Kollegiya qeyd edir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir. Sifarişçinin icranın binaya aid qüsuru barəsində tələbini işin qəbul edildiyi gündən beş il ərzində irəli sürmək hüququ qanunla müəyyən olunduğundan apellyasiya şikayətinin iddia müddətinin axımının iddiaçının özünün müəyyən etdiyi qaydada hesablanmalı olmasına dair dəlili əsassızdır. Mülki işin sənədlərindən müyyən olunur ki, iddia müddətinin axımının kəsilməsini bildirən iddiaçı hazırkı tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmiş, cavabdeh isə iddia müddətinin axımının kəsilməsi ilə nəticələnə biləcək borcu etiraf edəcək hər hansı bir hərəkət etməmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi iddiaçının cavabdehə petenziya göndərməsi halı deyil, onun mülki qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürməsi halı ilə, cavabdehin isə borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə iddia müddətinin axımının kəsilməsi mümkündür. Mülki işin sənədlərindən müəyyən olunur ki, iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair cavabdeh ilk dəfə 2017-ci ildə X7 ilə, sonuncunun razılığı ilə X8 ilə, bu sonuncunun da razılığı ilə 01 mart 2018-ci ildə İddiaçı ilə podrat müqavilələri bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında mənzildə təmir işləri başlayanadək mənzilə onun atası tərəfindən nəzarət edildiyini, kommunal xidmətləri mənzildə təmir işlərinə başlanıldığı vaxtdan ödədiyini, valideynləri icazə vermədikləri üçün məhkəməyə müraciət etmədiyini bildirmişdir. Göründüyü kimi çoxmənzilli binada yerləşən yaşayış sahəsindən ibarət olan mənzilə dair iddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bunun əksini təsdiq edə biləcək hər hansı bir sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında mənzilə dair əvvəlki sifarişçinin razılığı ilə müqavilə bağladıqdan sonra iddiaçının mənzilə sahiblik etməsinə, mənzildən istifadə etməsinə manelərin olması araşdırma zamanı müəyyən olunmamış, əksinə iddiaçının özünün izahatı ilə müqavilə bağlandıqdan sonra mənzilin açarlarının onun atasında olması, mənzilə onun atasının nəzarət etməsi, mənzildə təmir işləri başlayanadək kommunal xidmətlərin ödənilməməsi, mənzilin təmirinə arayışda qeyd olunduğu kimi 2020-ci ildə deyil, 2018-2019-cu illərdə başlanılaraq tamamlanması, iddiaçının təqdim etdiyi qəbzlərdən isə mənzil üzrə kommunal xidmətlərin 2019-cu ilin mart ayından MTK-ya ödənilməyə başlanması müəyyən olunmuşdur. İstinad olunanlara əsasən kollegiya birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2018-ci ilin mart ayında müqavilə bağlanan kimi mənzilə daxil olan, 2018-2019-cu illərdə mənzildə təmir işlərinə başqlamaqla yekunlaşdırmış iddiaçının mənzilin real sahənin nə qədər olması barədə məlumatı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-605/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.