Məhkəmə qərarları › İş №2(103)-6536/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6536/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6536/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında “Apple Watch SE Nike 44 mm” modelli saat və “iPhone 12 Pro 256 GB” modelli telefona dair xx.xx.2021-ci il tarixli 22244203 nömrəli alqı-satqı müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı həmin əşyaları cavabdehə verib, cavabdeh isə əşyaların qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürüb. Alqı-satqı edilən əşyalara görə ödənilməli olan ümumi qiymət 4.787 manat təşkil edir. Bura daxildir: 1) “iPhone 12 Pro 256 GB” modelli telefonun qiyməti olan 3.682,20 manat; 2) “Apple Watch SE Nike 44 mm” modelli saatın qiyməti olan 1.069 manat; 3) saatın quraşdırılması xidmətinin haqqı olan 15,10 manat; 4) telefonun quraşdırılması xidmətinin haqqı olan 20,70 manat. Razılaşmaya görə 4.787 manat göstərilən qaydada ödənilməlidir: ilkin ödəniş 1.007 manat + 9 ay ərzində, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək hər ay 420 manat = 4.787 manat. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, saatın və telefonun qiymətinin ödənilməmiş hissəsi kimi 2.688 manat, qiymətin ödənilməsinin gecikdirilməsinə görə cərimə kimi 268 manat, cəmi 2.956 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,56 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin əşyaların qiymətinin ödənilməmiş hissəsi kimi 2.688 manat, cərimə kimi 100 manat, cəmi 2.788 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,56 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxmalı olduğu halda bunu etməmiş, MPM-in 284-5.4-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Elşad Seydməmmədov məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi hazırkı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb. Bu, düzgündür, çünki iddianın qiyməti beş min manatdan azdır. Cavabdeh hesab edir ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 284-5.4cü maddəsinin tələbini pozub, yəni mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxmalı idi. Lakin həmin maddənin tələbinin pozulması müəyyən edilmir. Müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında xx.xx.2021-ci il tarixli 22244203 nömrəli alqı-satqı müqaviləsi üzrə qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh heç bir sübut təqdim etməyib, ona görə də borcun məbləğinin iddiaçının təqdim etdiyi sübutlara əsasən müəyyən edilməsi düzgündür. Beləliklə, məhkəmə Mülki Məcəllənin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar