Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X3, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2766/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, Azərbaycan Respublikası Torpaq və Xəritə çəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 3 saylı mədənin 6-cı sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X16 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X16 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X14 Şirkətləri arasında imzalanmış X8 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alğı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2766/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən 3 saylı mədənin 6-cı sahəsində və iddiaçı "X14" Şirkətinin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə, Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 62, 111-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İstinad maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçının qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd etmişdir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Odur ki, cavabdeh onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkmir və onun hər hansı hüquqları pozulmur. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 747 saylı sərəncamına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün verilmiş və həmin sərəncamda da inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində ev tikərək 2001-ci ildən orada yaşamışdır. Həmin sərəncam əsasında qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmış və fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmışdır. 05 dekabr 2017-ci il tarixli etibarnamə əsasında X10 həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə bütün hüquqlarını ona həvalə etmişdir. Hazırda həmin tikilidən istifadə edir, uzun müddətdir ki, həmin ünvanda yaşayır və evin bütün kommunal xidmətləri vardır, bütün kommunal xidmətlərə görə ödənişlər və torpaq vergisi ödənilir. Həmin ev onun yeganə yaşayış yeridir. Həmçinin həmin evin yaxınlığında inşa edilmiş digər yaşayış evlərinə çıxarış verilmiş, evin yaxınlığında poliklinka və iki məktəb fəaliyyət göstərir. Həmin ərazidə minlərlə şəxsi evlər vardır. Həmçinin həmin torpaq sahəsi fərdi yaşayış evinin tikiləsi üçün 2000-ci il tarixdə verilmiş və buna dair arxiv sənədləri mövcuddur. İddiaçı təşkilat isə 2004-cü ildə təsis edilmişdir. Həmin torpaq sahəsinin fərdi yaşayış evi üçün verilməsinə dair sərəncam mövcud olduğu halda həmin torpaq sahəsinin iddiaçı təşkilata məxsus olması qanunsuz və əsassızdır. Eyni zamanda ona məxsus ev Binəqədi rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 747 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Göründüyü kimi ona məxsus ev qanunsuz tikinti deyildir və məhkəmənin ona məxsus evi qanunsuz tikinti sayması isə tam əsassızdır. İşdən göründüyü kimi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın bölgüsü haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə,“Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X11 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bi.Vi. və ARDNŞ-nin Ortaq Şirkəti ("Podratçılar") arasında 29 sentyabr 2004-cü il tarixində imzalanmış Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), X14Bİ.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (ONŞ) olmuşdur. İddiaçı hazırki tələbə məhkəməyə müraciət etmədə subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçının istinad etdiyi Sazişin 5-ci bəndi neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatı, bununla əlaqədar pay bölgüsü barədə verilmiş hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrə aiddir. Neft-qaz əməliyyatları aparmaq üçün pay bölgüsünün iştirakçıları olan hüquqi şəxslərə müstəsna hüquqlar verilməsi məqsədini güdür. Cavabdehə sərəncama əsasən verilmiş torpaq sahəsinin sözügedən fəaliyyətlə, yəni neft yataqlarının bərpası, işlənməsi və hasilatı, neft-qaz əməliyyatlarının aparılması ilə heç bir aidiyyatı yoxdur. İddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə baxdığı işlərdə də öz əksini tapmışdır. Göründüyü kimi ona məxsus fərdi yaşayış evinin tikintisinə dair Binəqədi rayon icra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 747 saylı sərəncamı, həmin yerin sxemi və bunları təsdiq edən arxiv arayışı mövcuddur. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: X2 Azərbaycana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Məcəllə: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 22-ci maddəsinin tələblərinə görə sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İşin materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən inşa olunmuş tikilinin Azərbaycan Respublikası Torpaq və Xəritə çəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən "X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilməsini iddia etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gəlməmişdən əvvəl Cavabdeh faktiki istifadəsində olan mübahisəli ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin iddiaçının iddia etdiyi ərazinin sərhədləri daxilində yerləşib-yerləşməməsinə iddiaçının dəlilləri üzrə araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmişdir. Apellyasiya şikayətinin əsaslı olub-olmaması baxımından apellyasiya baxışı zamanı sözügedən özbaşına tikilinin iddiaçının iddia etdiyi ərazinin sərhədləri daxilində yerləşibyerləşməməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza zamanı tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlansa da xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi mümkün olması barədə İdarənin məktubu məhkəməyə daxil olmuşdur. Nəticədə isə qeyd olunan xidmət haqqı ödənilməmiş və ekspert tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların ekspertiza yolu ilə cavablandırılması mümkün olmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə iş materiallarında olan sənədlər və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların əsaslı olub-olmaması baxımından hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyətinin 747 saylı, 07 iyun 2000-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla X6 3 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Hazırda cavabdeh apellyasiya şikayətində həmin sərəncama uyğun olaraq tərəfindən sözügedən torpaq sahəsində tikinti işlərinin aparılmasını və 05 dekabr 2017-ci il tarixli etibarnamə əsasında bütün hüquqların ona həvalə edildiyini bildirmişdir. Həmçinin də 2012-ci ildən həmin ünvanda qeydiyyatdadır və hazırda da orada yaşayır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq cavabdehin də iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal, yəni, torpaq sahəsinin iddiaçıya aid ərazidə olmaqla sonuncu tərəfindən özbaşına zəbt edilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin tərəfindən evi inşa edilmiş sahənin onun tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, analoji məhkəmə mübahisəsi X2 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).” Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X5rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmamasından əlavə, müəyyən edilmişdir ki, mübahisəli ev sərəncam verildikdən sonra inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanlar evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmiş və etməkdədir. Həmçinin də 2012-ci ildən qeydiyyatdadır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, işin faktiki halları baxımından neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq Konvensiyanın 8ci maddəsinin tələbləri fonunda iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiası təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə kollegiyası cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdırılaraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2766/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi”tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə