Məhkəmə qərarları › İş №2(103)-654/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-654/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə öhdəliklərinin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-546/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı X5, alıcı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC, lizinq alan-Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Lizinq obyektinin alqı-satqı müqaviləsi”-nə əsasən satıcı ona məxsus "xxxx" minik markalı avtomobili alıcıya satmağı, alıcı isə qeyd olunan əmlakı lizinq alana lizinqə verilməsi üçün öz mülkiyyətinə əldə etməyi öhdəsinə götürmüş, müqavilənin ümumi məbləği 16500 manat olmuşdur. Lizinq verən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, 07/5542019 saylı “X3” müqaviləsinə əsasən, lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Lizinqin müddəti 24 ay, illik 30 faiz, lizinq məbləği 11500 manat müəyyən edilmişdir. Lizinq obyektinin ümumi dəyərinin 30.3 faizini, yəni 5000 manatını lizinq alan ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən lizinq müqaviləsi üzrə ödənişlər xx.xx.2019-cu ildən başlamalı, xx.xx.2021-ci ildə bitməli, lizinq alan hər ay 643 manat olmaqla cəmi 15436 manat ödəməlidir. xx.xx.2020-ci il tarixdə lizinq alan və lizinq verən arasında bağlanan razılaşmaya əsasən, lizinq müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə cəmi 8839.5 manat ödəniş edilmişdir və sonuncu dəfə xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə 200 manat olmaqla, cəmi 400 manat ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, lizinq obyekti qeydiyyat nömrəsi **-PE-*** olan "xxxx" minik markalı avtomobil Bank Olmayan Kredit Təşkilatı İddiaçı mülkiyyətindədir. Dövlət Yol Polisi tərəfindən təqdim edilən nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, qeydiyyat nömrəsi **-PE-*** olan "xxxx" minik markalı avtomobil MMC-nin mülkiyyətində olduğu vaxtdan heç kimə etibarnamə verilməmişdir. İddiaçı tərəfin bildirdiyinə görə nəqliyyat vasitəsini yararsız vəziyyətdə xx.xx.2021-ci il tarixdə tapmış və həmin vaxtdan onların sahibliyindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1677 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “X3” müqaviləsi üzrə Cavabdeh lizinq verənə xx.xx.2021-ci il tarixə əsas borcu 7386.43 manat, faiz borcu 306.29 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza tədqiqatı zamanı müqavilə üzrə hər günə düşən faiz borcu 6.16 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilərək, Cavabdeh 7549.18 (yeddi min beş yüz qırx doqquz manat 18) manat, faiz borcu üzrə 6063.43 (altı min altmış üç manat 43 qəp) manat, cərimə borcu üzrə isə 753.91 (yeddi yüz əlli üç manat 91 qəp) manat olmaqla ümumilikdə 14366.52 (on dörd min üç yüz altmış altı manat 21 qəp) manat məbləğində və ödənilmiş 134 (bir yüz otuz iki ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2010-cu il buraxılışlı, Volkswagen Passat minik markalı, ** PE *** dövlət qeydiyyat nışanlı, WVWMP7AN4AE565436 ban nömrəli, tünd boz metallik rəngli minik avtomobili 16500 manat məbləğinə BOKT "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №2) əsasən Cavabdeh illik 30% hesablanmaqla 24 ay müddətinə hər ay 643 manat olmaqla ümumilikdə 15432 manat pulu BOKT "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 20 iyun 2020-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək pandemiya ilə əlaqədar ödənişi gecikdirdiyini və qalıq məbləğini 7961 manat 30% olmaqla 16 ay müddətində və aylıq ödənişin hər ayın 22-sinə keçirilməsi üçün müraciət etmişdir. 07/554-2019 saylı “Daxili maliyyə lizinq müqaviləsi” nə dəyişikliklər edilərək 1 saylı razılaşma imzalanmışdır. Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırır və onun tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07/554- 2019 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə iddiaçıya əsas üzrə 7549,18 (yeddimin beş yüz qırx doqquz manat 18) manat, faiz borcu üzrə 6063.43 (altı min altmış üç manat 43 qəp) manat, cərimə borcu üzrə isə 753.91 (yeddi yüz əlli üç manat 91 qəp) manat olmaqla ümumilikdə 14366.52 (on dörd min üç yüz altmış altı manat 21 qəp) manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclaslarında iddiaçı tərəf iki nümayəndə vasitəsilə təmsil edilmiş və nümayəndələr izahatlarında bildirmişlər ki, cavabdehin ödənişlərində dəfələrlə gecikmələr olmuşdur. Buna baxmayaraq 20 iyun 2020-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək pondemiya ilə əlaqədar ödənişi gecikdirdiyini və qalıq məbləğini 7961 manat 30% olmaqla 16 ay müddətində və aylıq ödənişin hər ayın 22-sinə keçirilməsi üçün müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə güzəşt edilərək 07/554-2019 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə dəyişikliklər edilərək 1 saylı razılaşma imzalanmışdır. Cavabdeh avtomobili özbaşına avtosalona qoyaraq satmışdır. Tərəflərindən dəfələrlə Cavabdeh olunmuş xəbərdarlıqlara baxmayaraq götürmüş olduğu öhdəliklərin icrasından boyun qaçırmışdır. Onlar avtomobili Xırdalanda tam yararsız vəziyyətdə tapmış, avtomobil tapılan zaman mühərriki, karobkası, oturacaqları və digər hissələri olmamışdır. Cavabdeh onların məlumatı olmadan avtomobili Nizami adlı şəxsə, həmin şəxs Şəmi adlı şəxsə və belə avtomobil bir neçə şəxsə satılmışdır. Sonuncu dəfə avtomobil Elgün və daha sonra isə Aydın adlı şəxsin istifadəsində olmuşdur. Aydını axtaran zaman onun həbs olunduğunu müəyyən etmişlər. Elgün isə bu məsələnin ona aid olmadığını bildirmişdir. Onlar avtomobili tapandan sonra Abşeron rayon prokurorluğuna və Sumqayıt şəhər prokurorluğuna həm oğurluq, həm də ki, dələduzluqla bağlı şikayət ərizəsi ilə müraciət etmişlər. Məqsədləri avtomobili yararsız hala salan şəxsi aşkar etmək olmuşdur. Lakin Abşeron rayon prokurorluğu və Sumqayıt şəhər prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək şikayətlərinin mülki xarakterli olduğundan aidiyyəti məhkəməyə müraciət etmələrini tövsiyyə etmişlər. Cavabdeh 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi ” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə iddiaçıya əsas borc üzrə 7549.18 manat, faiz borcu üzrə 6063.43 manat, cərimə borcu üzrə isə 753.91 manat olmaqla ümumilikdə 14366.52 manat məbləğində borcu yaranmışdır. Onlar hətta cavabdehə 7549,18 manat əsas borcu aylıq 200 manat olmaqla ödəməsini təklif etmiş, lakin iddiaçı onların bu təklifiləri ilə də razılaşmamışdır. Cavabdeh pandemiya dövründə aylıq ödənişləri etməkdə çətinlik çəkdiyi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə müraciət edərək, tərəflər arasında yeni müqavilə bağlanmışdır. Cavabdeh onların məlumatı olmadan avtomobili satmışdır. Avtomobilin satılması barədə 3- 4 aydan sonra məlumatları olmuşdur. Belə ki, avtomobilin aylıq ödənişləri gecikdiyi üçün cavabdehlə əlaqə saxlanılmış, cavabdeh avtomobilin nasaz olduğu üçün satdığını bildirmişdir. Bundan sonra onlar avtomobili alan şəxslə də əlaqə saxlamış və həmin şəxs isə avtomobilin servisdə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirən zaman avtomobilin motorunun və karobkasının olmadığını müəyyən etmişlər. Verilən suallara cavab olaraq isə bildirmişlər ki, avtomobili 23 oktyabr 2021-ci il tarixində Xırdalanda bazarın arxasında tamamilə yararsız bir vəziyyətdə tapmışlar. Dərhal AR DİN-nin 102 xidmətinə və DYP-nə məktubla müraciət edilmişdir. Əməkdaşlar gələrək yerində avtomobilə baxmışlar. Avtomobilin idarə edilməsi üçün Familə verilən etibarnamənin müddəti 1 aylıq olmuşdur. Familin digər şəxslərə hansı sənədlərlə avtomobili verməsi onlara məlum deyil. Çünki təşkilat olaraq onlar həmin şəxslərə etibarnamə verməmişlər. Famil avtomobili Nizami və Rauf adlı şəxslərə, Nizami özü Şəmiyə, Şəmi Eminə, Emin isə sonuncu dəfə başqasına verib. Lakin hazırda avtomobil tamamilə yararsız vəziyyətdədir. Bu şəxslərin əməlində olan cinayətin əlamətlərinə görə cinayət işinin başlaması üçün polisə müraciət etsələr də, cinayət işinin başlanması 4 dəfə rədd edilmişdir. Hazırda istintaq Sumqayıt Şəhər Polis İdarəsində davam edir. Avtomobil onların mülkiyyətindədir. Famil müqavilə üzrə öhdəliklərini tam icra etsəydi, onun adına keçə bilərdi. Cavabdeh bu günə kimi 8839,5 manat ödəniş edib. Yaxın tarixlərdə isə Nizami adlı şəxs tərəfindən cavabdehin hesabına ödənişlər edilmişdir. Onlar avtomobili aşkar edən zaman dərhal DİN-nin 102 məlumat xidmətinə, Abşeron Rayon Polis İdarəsinə və sığortaya məlumat vermiş, avtomobil aşkar olunan zaman artıq sığorta müddəti bitmişdir. Avtomobil servisdən götürülən zaman yol vərəqəsi yazılmışdır. Başqa heç kimə yol vərəqəsi verilməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən zaman izahatında bildirmişdir ki, avtomobil 6 ay onun istifadəsində olmuşdur. Bu müddət ərzində aylıq ödənişlərində bir gün belə gecikmə olmamışdır. Lakin sonradan avtomobili alverçiyə satmışdır. Ondan sonra avtomobil bir neçə şəxsə satılmış və həmin şəxslərə etibarnamələr verilmişdir. Qəbələ rayon yol polisi şöbəsi tərəfindən ona cərimələr gəldiyi üçün BOKT "xxxx" MMC-yə yaxınlaşmış, ona Dövlət Yol Polisi İdarəsinə təqdim etməsi üçün avtomobilin tərəfindən idarə etməməsi barədə sənəd vermişlər. Lakin o, həmin sənədi Dövlət Yol Polisi İdarəsinə təqdim etməmişdir. BOKT "xxxx" MMC tərəfindən ona bu yaxınlarda avtomobilin borcu olması barədə məlumat verilmişdir. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, avtomobili iddiaçının razılığı olmadan 2020-ci ilin fevral ayında satmışdır, lakin sonradan BOKT "xxxx" MMC-nin işçisi Samir adlı şəxsə məlumat vermişdir. Satdığı şəxsə o, mülki etibarnamə, BOKT "xxxx" MMC isə yol vərəqəsi vermişdir. Satdığı şəxs ondan xahiş etdiyi üçün xx.xx.2020-ci ildə yeni qrafikin açılması ilə bağlı ərizə ilə iddiaçıya müraciət etmişdir. xx.xx.2020-ci ildən sonra avtomobilin başqa şəxslərə satılması barədə məlumatı yoxdur. O avtomobili Nizami və Rauf adlı şəxslərə satmışdır və verdiyi etibarnaməni hələ də ləğv elətdirməmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarında bildirmişdir ki, avtomobil 2020-ci ildə 6 ay müddətinə cavabdehin istifadəsində olmuşdur. Avtomobil cavabdehin istifadəsində olan zaman 6 ay ödəniş etmişdir. Lakin 6 aydan sonra Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin razılığı ilə mülki etibarnamə əsasında başqa bir şəxsə satmışdır. Avtomobili alan şəxs qeyri-rəsmi avtomobilə dair ödənişləri öz üzərinə götürmüşdür. Daha sonra avtomobil başqa şəxslərin istifadəsində olmuşdur. Sonradan avtomobillə yol nəqliyyat hadisəsi törədilib və avtomobil iddiaçı tərəfindən götürülmüşdür. Cavabdehdən aldığı məlumata əsasən avtomobilin mühərrikində problem olmuş, qalan hissələri normal vəziyyətdə olmuşdur. Cavabdeh iddia edir ki, iddiaçı tərəf avtomobilə görə lizinq müqaviləsi onunla bağlandığı halda digər şəxslərə də, etibarnamə vermişdir. Dediyinə görə həmin etibarnamələr və etdiyi ödənişlərlə bağlı əlində sübutları var. Avtomobili iddiaçı tərəf məhkəməyə iddia verilməmişdən çox əvvəl əldə edib. Lakin avtomobilin təhvil alındığı zaman ona yol polisinin əməkdaşının iştirakı ilə texniki baxışın keçirilib-keçirilməməsi məlum deyil. Bu barədə hər hansı sənəd təqdim edilməmişdir. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi, vəkil iddianı qismən qəbul etmiş və bildirmişdir ki, mübahisənin yaranmasında həm cavabdehin, həm də iddiaçı tərəfin məsuliyyətsizliyi olmuşdur. İddianı ekspert rəyində müəyyən edilmiş məbləğdə qəbul edirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-546/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2019-cu il tarixli, 07/554- 2019 nömrəli X3 Müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2834.8 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 3134.8 (üç min yüz otuz dörd manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 52 (əlli iki) manatın tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və lizinq alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Belə ki, əvvəla lizinq alan müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmişdir. Bundan əlavə lizinq alan müqavilə şərtlərini pozaraq lizinq predmetini lizinq verənin razılığı olmadan başqa şəxsin istifadəsinə vermişdir. Bununla belə lizinq verən lizinq predmetini müqavilə müddəti bitdikdən sonra geri qaytara bilmişdir. Cavabdeh lizinq predmetini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, bununla bağlı etirazının dəlillərini sübut edə bilməmişdir. Üstəlik məhkəmə araşdırması nəticəsində lizinq predmetinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən hər hansı etibarnamə verildiyi müəyyən edilməmişdir. Hansı ki, cavabdeh özü də şəxsən etiraf etmişdir ki, o, müəyyən haqq əldə etməklə lizinq predmetini başqa şəxsin istifadəsinə mülki etibarnamə ilə vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, lizinq predmeti qaytarılsa belə, müqavilə üzrə yaranmış borcu tələb etməkdə lizinq verən haqlıdır. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış borca münasibətdə iddianı qismən əsaslı hesab edib qeyd etmişdir ki, Belə ki, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə əsas borcu 7386.43 manat, faiz borcu 306.29 manatdır. Eyni zamanda ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki,xx.xx.2021-ci il tarixdən hər gecikdirilmiş günə düşən faiz məbləği 6.16 manatdır və bundan əlavə xx.xx.2021-ci il tarixdən sonra müqavilə üzrə 2 dəfə olmaqla, cəmi 400 manat ödəniş edilmişdir. Odur ki, xx.xx.2021-ci il tarixdən müqavilə müddətinin sonuna (xx.xx.2021) 88 gecikdirilmə günü olduğu və 400 manat ödəniş edildiyi nəzərə alındıqda, cavabdehin müqavilə üzrə faiz borcunun 448.37 (306.29+(6.16x88)-400) manat olduğu müəyyən edilir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli X3 müqaviləsi üzrə əsas borcu 7386.43 manat, faiz borcu 448.37 manat təşkil edir. Bununla belə məhkəmə o qənaətə gəlir ki, lizinq predmeti lizinq alanın sahibliyinə qayıtdığından lizinq predmetinin alınması üçün lizinq alan tərəfindən ödənilən 5000 manat lizinq avansı hesablaşma zamanı nəzərə alınmalıdır. Çünki tərəflər arasında bağlanmış X3 müqaviləsində lizinq avansının (hansı ki, müqavilədə ilkin ödəniş adlandırılmışdır) müqaviləyə vaxtından əvvəl xitam verildiyi və ya lizinq predmeti qaytarıldığı halda aqibəti ilə bağlı hesablaşma qaydası müəyyən edilməmişdir. Odur ki, lizinq predmetinin dəyərinin yalnız 70 faizini ödəmiş lizinq verənin həm lizinq müddətinin sonuna borcunu tələb etməsi, həm lizinq predmetini qaytarması nəzərə alındıqda, lizinq avansının hesablaşmadan kənarda qalması lizinq verənin əsassız varlanması nəticəsini yaradar. Bu səbəbdən də məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 2834.8 ((7386.43+448.37)-5000) manat tutulmalıdır. Bundan əlavə əsas borcun məbləği nəzərə alındıqda məhkəmə tələb edilən cəriməni qismən əsaslı hesab edir və cərimə borcunun 300 manat müəyyən edilməli olduğu qənaətinə gəlir. Məhkəmə müqavilənin ləğv edilməsinə dair iddia tələbini isə əsassız hesab edib qeyd etmişdir ki, işin halları ilə müəyyən edilir ki, həm müqavilənin qüvvədə olma müddəti qutarmış, həm də lizinq obyekti geri alınmaqla müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, lizinq müqaviləsinin ayrıca məhkəmə qətnaməsi ilə ləğv edilməsinə əsas yoxdur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə lizinq predmetinə vurulan zərərin tələb edilməsini istisna etmir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 07/554-2019 nömrəli X3 Müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2834.8 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 3134.8 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 52 manat tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir. Bundan başqa Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğ Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 747.1, 748-1.9, 748-1.12, 748-2.3, 748-10.1, 748-7.1, 748-9, 748-11.1, 750-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 14.3, 77.1, 78.1, 80, 88, 106.1, 106.2, 119.1, 218.1, 360-cı maddələrinə, “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının xx.xx.2021-ci il tarixli Qərardadına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-546/2024 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini və ödənilmiş 67 (altmış yeddi manat) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. X2 Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilərək, Cavabdeh 7549,18 (yeddi min beş yüz qırx doqquz manat 18 qəpik) manat, faiz borcu üzrə 6063.43 (altı min altmış üç manat 43 qəpik) manat, cərimə borcu üzrə isə 753.91 (yeddi yüz əlli üç manat 91 qəpik) manat olmaqla ümumilikdə 14366.52 (on dörd min üç yüz altmış altı manat 21 qəpik) manat məbləğində və ödənilmiş 134 (bir yüz otuz iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsi xahiş olunmuşdur. Lakin, iddia verdikləri tarixdən 1 il müddət keçdikdən sonra Binəqədi Rayon Məhkəməsinin hakiminin qərarı xx.xx.2019-cu il tarixli, 07/554-2019 saylı X3 Müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2834.8 manat, cərimə borcuna görə 300 manat olmaqla cəmi 3134.8 (üç min yüz otuz dörd manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 52 manat məbləğində pulun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamənin müəyyən etdi hissəsində hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyində prosessual pozuntular mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bildirilir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində qaldırdıqları iddianın nəticəsində 1 ildən artıq çəkən proseslərdən sonra Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin zərərinə xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə işin hallarını düzgün dəyərləndirməyərək və iş üzrə halları araşdırmayaraq cavabdeh tərəfindən ödənilən 5000 manat ilkin ödənişi hesablaşma zamanı nəzərə alınmasını əsas gətirərək bu halı borcun azaldılmasına əsas kimi qiymətləndirmişdir. Cavabdeh məhkəmə iclasında öz etirafında ona şəxsi istifadəyə verilmiş lizinq predmetini 3-cü şəxsə satıdığını və qarşılığında müəyyən məbləğ aldığını bildirmişdir. Məhkəmə bu halı da qətnaməni qəbul edərkən (cavabdehin lizinq predmetini 3-cü şəxslərə satması, ondan əsassız qazanc götürməsini) nəzərə almamışdır. Demək ki, cavabdeh lizinq obyektini satmasını etiraf etsə də hansı məbləğə satılmasını bildirməmişdir. Bu məbləğin ilkin ödəniş və ya avtomobilin tam dəyəri olub-olmaması müəyyən edilməmiş, məhkəmə iddaçıya məxsus olan lizinq predmetinin hansı qiymətə satılmasını araşdırmamışdır. Həmçinin, məhkəmə bu halı da qətnaməni qəbul edərkən (cavabdehin lizinq predmetini 3-cü şəxslərə satması, ondan əsassız qazanc götürməsini) nəzərə almamışdır. Bundan əlavə, müqavilənin heç bir şərtində ilkin ödənişin geri qaytarılması barədə öhdəlik nəzərdə tutulmamışdır. Əlavə olaraq da, xx.xx.2024-cü il tarixli ekspert rəyində xx.xx.2021-ci il tarixə əsas borc üzrə 7386.43 manat, xx.xx.2023-cü il tarixə isə əsas borc üzrə 7386.43 manat, faiz borcu üzrə isə 4639.76 manat məbləğində ekspert rəyi mövcuddur. Ekspert rəyində yeni müqavilənin bitmə tarixi, yəni xx.xx.2021-ci il tarixi qeyd edilməmiş və bu tarixə ekspert rəyi hazırlanmamışdır. Bundan əlavə, lizinq obyektinin alqı-satqı müqaviləsinin 2.2-ci bəndində bu müqavilə tərəflərin imzaladığı andan quvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam icra edənədək qüvvədədir və kredit müqavilə müddəti bitsə də cavabdehin borc öhdəliyi tam icra olunmadığı üçün ona hesablanan faiz və dəbbə borcunun tələb etmək hüququ var. Lakin, bunlar da nəzərə alınmamışdır. Məhkəmə qərar qəbul edərkən tərəfin yürütdüyü əsassız iddialara söykənərək qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-546/2024 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddialarının təmin olunması və ödənilmiş 67 (altmış yeddi manat) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-4.1. Sublizinq-sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. Maddə 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. Maddə 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. Maddə 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının xx.xx.2021-ci il tarixli Qərardadı Bənd 49. Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Bənd 50. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Bənd 51. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır . Bənd 52. Lizinq münasibətlərində avans ödənişlərinin aparılmasının hüquqi əsasları ilə bağlı qeyd edilməlidir ki, MM-in müvafiq münasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın ödənilməli olmasına dair norma nəzərdə tutulmamışdır. Eləcə də, qanunvericiliklə, avansın ödənilməsi qadağan edilməmişdir. Bənd 53.Məhkəmə tərkibi hesab edir ki, məsələnin daha aydın şəkildə izahı və müqayisəsi üçün, avansın ətraflı şəkildə tənzimləndiyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərdən keçirilə bilər: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Bənd 54.“Maddə 40-1. Satınalma müqaviləsi üzrə ödəmələr 40-1.1. Satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Malgöndərən (podratçı) avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir; 40-1.3. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır; . 40-1.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.” Bənd 55. Sadalanan normaların məzmunundan göründüyü kimi, mahiyyət etibarı ilə avans, mülki hüquqi əqd üzrə əvvəlcədən aparılan ödənişdir və podratçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. Bənd 56. Hazırkı mübahisəli hüquqi məsələ üzrə lizinq alanlar lizinq obyektinin dəyərinin bir hissəsini avans ödənişi şəklində lizinq müqaviləsi bağlananadək lizinq obyektinin satıcısına ödəmələrinə istinadla, ödənişə müvafiq hissədə lizinq obyektləri üzərində mülkiyyət hüquqlarının yarandığını iddia edirlər. Bənd 57. Bununla bağlı tərəflər arasında bağlanmış lizinq müqavilələrində lizinq alanlar avans ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin, müqavilədə belə şərt nəzərdə tutulmuşdur ki, lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. Bənd 58. Göründüyü kimi, MM-də lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Bənd 59. Lakin həmin müqavilələrdə lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan mübahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq üçün lizinq müqaviləsi üzrə tərəflərin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq alanın avans ödəmək öhdəliyini tənzimləyən müvafiq normanın olmamasını nəzərə almaları, mübahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair müqavilə şərtini müəyyən etmələri məqsədəuyğun olardı. Bənd 60. Həmçinin, nəzərə alınmalıdır ki, lizinq alanların avans ödənişləri zamanı məqsəd əşya üzərində mülkiyyət hüququ əldə edilməsindən ibarət olmuşdursa, bunun hüquqi forması lizinq müqaviləsi deyil, alqı-satqı müqaviləsi ola bilərdi. Başqa sözlə, lizinq alanlar lizinq obyektlərinə görə ödədikləri məbləğ həddində, lizinq müqavilələri bağlamadan da müvafiq əşyaları mülkiyyətlərinə almaları üçün alqı-satqı müqavilələri bağlaya bilərdilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini tələb etdiyindən, qətnamənin əsaslılığı iddia tələblərinin təmin edilməyən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, lizinq alan öhdəliyini lazımi qaydada icra etməmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmişdir. Bundan əlavə lizinq alan müqavilə şərtlərini pozaraq lizinq predmetini lizinq verənin razılığı olmadan başqa şəxsin istifadəsinə vermişdir. Bununla belə lizinq verən lizinq predmetini müqavilə müddəti bitdikdən sonra geri qaytara bilmişdir. Cavabdeh lizinq predmetini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, bununla bağlı etirazının dəlillərini sübut edə bilməmiş, lizinq predmetinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən də hər hansı etibarnamə verilməmişdir. Tədqiq olunan sübutlardan daha sonra görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borcunun 7386.43 manat, faiz borcunun 306.29 manat, xx.xx.2021-ci il tarixdən hər gecikdirilmiş günə düşən faiz məbləğinin 6.16 manat, xx.xx.2021-ci il tarixdən sonra müqavilə üzrə 2 dəfə olmaqla, cəmi 400 manat ödəniş edilməsi, xx.xx.2021-ci il tarixdən müqavilə müddətinin sonuna (xx.xx.2021-ci il tarixə) 88 gecikdirilmə günün olması və 400 manat ödəniş edildiyi nəzərə alınmaqla cavabdehin müqavilə üzrə faiz borcunun 448.37 (306.29+(6.16x88)-400) manat olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, lizinq predmeti lizinq alanın sahibliyinə qayıtdığından lizinq predmetinin alınması üçün lizinq alan tərəfindən ödənilən 5000 manat lizinq avansını hesablaşma zamanı nəzərə alan birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış X3 müqaviləsində ilkin ödəniş kimi adlandırılan lizinq avansının müqaviləyə vaxtından əvvəl xitam verildiyi və ya lizinq predmeti qaytarıldığı halda aqibəti ilə bağlı hesablaşma qaydası müəyyən edilmədiyindən, lizinq predmetinin dəyərinin yalnız 70 faizini ödəmiş lizinq verənin həm lizinq müddətinin sonuna borcunu tələb etməsi, həm lizinq predmetini qaytarması nəzərə alındıqda, lizinq avansının hesablaşmadan kənarda qalması lizinq verənin əsassız varlanması nəticələnə bilər. Cavabdehin lizinq predmeti ilə bağlı qanuna zidd hərəkətləri isə avans məbləğinin iddiaçıda saxlanması üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya lizinq müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 2834.8 ((7386.43+448.37)-5000) manatın, cərimə borcuna görə 300 manatın tutulmasına, qüvvədə olma müddəti qutarmış müqavilənin isə ləğv edilməsinin mümkün olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-546/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar