Məhkəmə qərarları › İş №2(103)-6548/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6548/2021

22.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6548/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadlarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpağa (fərdi yaşayış evi iddiaçıya aid hissədə saxlanılmaqla) ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmək məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək ünvan 3 ünvanında yerləşən X5 adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyun 2020-ci il tarixdə 2V-39 reyestr nömrəli qeydiyyat altında V/8-2020 saylı vərəsəlik işi açılmış və bu barədə verilmiş – “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” dən görünür ki, 17 avqust 2019-cu il tarixdə ölmüş X3 miras qalmış əmlaka görə qanun üzrə vərəsələr qismində mərhumun həyat yoldaşı Cavabdeh və onun qızı X9 müəyyən olunmuşlar. Onlar mərhumdan miras qalmış avtomobili vərəsə olaraq qəbul etdikləri andan etibarən – mirasın bir hissəsinə faktiki sahiblik etməklə, mirası tamamilə qəbul etmiş sayılırlar. Mirasın bir hissəsi qəbul edildikdə, miras tam qəbul edilmiş sayılır ki, belə olan halda iddiaçının artıq həyatda olmayan və eyni zamanda mirası qəbul etməyən - həyat yoldaşına istinad etməklə əmlaka dair miras payının müəyyən edilməsinə dair - nə qanun üzrə nə də vəsiyyətnamə üzrə vərəsə sayılmayan keçmiş kürəkən İddiaçı tərəfindən iddia vermə əsaslarının əhəmiyyətini itirir. 17 avqust 2019-cu il tarixdə ölmüş və ölümü haqda 20 avqust 2019-cu il tarixdə 1679 AKT qeydi ilə AZ-İİ № 040048 seriyalı “ölüm haqqında Şəhadətnamə” verilmiş X1 qalmış ailə üzvləri sırasında vərəsələrin növbəliliyi əsasında həyat yoldaşı olan Cavabdeh hazırda sağ və salamatdır. Cavabdeh 1-ci dərəcəli vərəsə olduğu, o cümlədən bu əmlakın birgə nikah dövründə əldə olunması ilə onun həmin əmlaka bərabər payda hüquqlu olduğu və sözügedən əmlaka sahiblik etməyə faktiki başladığı - hallar əsas verir ki, sağlığında mirası qəbul etməmiş qız övladına istinad etməklə hazırda iddia qaldıran keçmiş kürəkən İddiaçı belə bir iddianı qaldırması üçün subyektiv hüququnun olmadığı öz təsdiqini tapsın və bu da nəticə olaraq bu iddianı mümkünsüz edir. 08 fevral 2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadında, ədalətli məhkəmə araşdırmasının xəyali hüquqa çevrildiyi hallara yol verərək, ədalətsiz, əsassız və qanunsuz qərardadı ilə belə bir xəyali hüququn yaranmasına şərait yaratmışdır. Çünki, yuxarıda qeyd olunan kimi, mirasın bir hissəsini qəbul etməklə mirası tam qəbul etmiş və miras əmlaka faktiki sahiblik edən cavabdehə münasibətdə, iddiaçının artıq həyatda olmayan və eyni zamanda mirası qəbul etməyən həyat yoldaşına istinad edən və o cümlədən, miras payının müəyyən edilməsinə dair vərəsə sayılmayan keçmiş kürəkən İddiaçı iddiası dərhal rədd olunmalıdır. Beləliklə də, Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı - ədalətsiz, əsassız və qanunsuz olduğundan, həmin qərardaddan verilmiş şikayət təmin edilməlidir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddianı təmin etmək məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X5 vərəsəli işi üzrə notariat hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X5 vərəsəlik işi üzrə notariat hərəkətləri dayandırılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayətlə məhkəmə müraciət edərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyun 2020-ci il tarixdə 2V-39 reyestr nömrəli qeydiyyat altında V/8-2020 saylı vərəsəlik işi açılmış və bu barədə verilmiş – “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, 17 avqust 2019-cu il tarixdə ölmüş X4 miras qalmış əmlaka görə qanun üzrə vərəsələr qismində mərhumun həyat yoldaşı Cavabdeh və onun qızı Məmmədova llhamə Həsən qızı müəyyən olunmuşlar. Onlar mərhumdan miras qalmış avtomobili vərəsə olaraq qəbul etdikləri andan etibarən - mirasın bir hissəsinə faktiki sahiblik etməklə, mirası tamamilə qəbul etmiş sayılırlar. Deməli, qanunun mənasına görə - mirasın bir hissəsi qəbul edildikdə, miras tam qəbul edilmiş sayılır ki, belə olan halda iddiaçının artıq heyatda olmayan və eyni zamanda mirası qəbul etməyən - həyat yoldaşına istinad etməklə əmlaka dair miras payının müəyyən edilməsinə dair - nə qanun üzrə nə də vəsiyyətnamə üzrə vərəsə sayılmayan keçmiş kürəkən İddiaçı tərəfindən iddia vermə əsaslarının əhəmiyyətini itirir. 17 avqust 2019-cu il tarixdə ölmüş və ölümü haqda 20 avqust 2019-cu il tarixdə 1679 AKT qeydi ilə AZ-İİ №040048 seriyalı “ölüm haqqında Şəhadətnamə” verilmiş X2 qalmış ailə üzvləri sırasında vərəsələrin növbəliliyi əsasında həyat yoldaşı olan X10 hazırda sağ və salamatdır. X8 1-ci dərəcəli verəsə olduğu, o cümlədən bu əmlakın birgə nikah dövründə eldə olunması ilə onun həmin əmlaka bərabər payda hüquqlu olduğu və sözügedən əmlaka sahiblik etməyə faktiki başladığı - hallar əsas verir ki, sağlığında mirası qəbul etməmiş qız övladına istinad etməklə hazırda iddia qaldıran keçmiş kürəkən İddiaçı belə bir iddianı qaldırması üçün subyektiv hüququnun olmadığı öz təsdiqini tapsın və bu da nəticə olaraq bu iddianı mümkünsüz edir. “Notariat hərəkətlərin dayandırılması barədə” olan 08 fevral 2021-ci il tarixli 2(008)- 1354/2021 saylı qərardadın gedən təsviri hissəsinin birinci abzasından görünür ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 600 kv. m. torpağa 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair” iddia qaldırmışdır. Lakin vətəndaş Cavabdeh 24 saylı Notariat Ofisinə - Q.Əfəndiyev küçəsi, ev 4 G ünvanında yerləşən fərdi yaşayış evinə dair olduğu halda, maraqlı burasıdır ki, məhkəmə iddia predmetindən kənara çıxmış və Q.Əfəndiyev küçəsi, ev 10 A ünvanında yerləşən əmlaka dair aparıla biləcək notariat hərəkətlərinə deyil, ümümilikdə notarius tərəfindən aparılacaq bütün hərəkətlərə məhdudiyyət yaratmışdır. Bundan başqa İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən əmlakla bağlı iddia tələbi olmuşdur. Bu halda, ümümilikdə notariat hərəkətlərinin dayandırılması barədə qərardad çıxarmaqla, məhkəmə səbəb və əlaqəni itirir ki, bununla da, ədalət mühakiməsinin şəffaf həyata keçirilməsi istiqamətində təəssüf ki, qərəzə yol verilməklə, hüquqi dövlətdə ədalətli yanaşma üzrə ana prinsiplərin imperativ olaraq üstün tutulmasına zəmin yaratmır. Mirasın bir hissəsini qəbul etməklə mirası tam qəbul etmiş və miras əmlaka faktiki sahiblik edən cavabdehə münasibətdə, iddiaçının artıq həyatda olmayan və eyni zamanda mirası qəbul etməyən həyat yoldaşına istinad edən və o cümlədən, miras payının müəyyən edilməsinə dair vərəsə sayılmayan keçmiş kürəkən İddiaçı iddiası dərhal rədd olunmalıdır. Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı - ədalətsiz, əsassız və qanunsuz olduğundan, həmin qərardaddan verilmiş şikayət təmin edilməlidir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(006)-1354/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı qismən ləğv edilmiş və iddianın təmini tədbiri barədə ərizə qismən təmin olunaraq, Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X3 miras qalmış ünvan 4 ünvanında yerləşın fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi üzrə notariat hərəkətlərinin dayandırılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin rədd edilmə əsası kimi məhkəmə iş materiallarının araşdırılması zamanı iddianı təmin etmə tədbirinin hazırki mülki iş üzrə iddia tələbləri ilə bağlı olmasını, bu cür tədbirin tətbiq edilməsinin məhkəmə qərarın vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini müəyyən edə bilmədiyini və məhkəmə tətbiq edilməsi xahiş olunan tədbirin gələcəkdə qətnamənin icrasını çətinləşdirməyəcəyi və ya qeyrimümkün etməyəcəyindən əmin olmadığını sadəcə olaraq qeyd etmişdir. Halbuki, bununla bağlı heç bir əsas göstərməmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM -nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Həmin məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin məcəllənin 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericilik iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Kollegiya qeyd edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ünvan 3 ünvanında yerləşən X5 adına qeydiyyatdan keçən daşınmaz əmlakın üzərinə həbs qoyulmasının zəruriliyini, eyni zamanda Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X5 vərəsəli işi üzrə notariat hərəkətlərinin dayandırılması qənaətinə gəlsə də, gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halları əsaslandırmamışdır. Belə olan halda kollegiya hesab edir ki, ərizələrin təmin edilməsinə dair əsaslar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar müəyyən edilmədiyindən, ərizələr formal dəlillər əsasında təmin edilə bilməz. İddianın təmin edilməsi müstəsna xarakter daşımaqla gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasının təmin edilməsi ilə bağlıdır. Hazırkı halda isə qəbul edilə biləcək qətnamənin icrasına məhdudiyyətlərin yarana biləcəyi iş materialları ilə sübut olunumur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Cavabdeh şikayəti təmin olunmalı, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadıları ləğv olunmalı, İddiaçı tərəfindən verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə ərizəsi və Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X5 vərəsəli işi üzrə notariat hərəkətlərinin dayandırılması barədə ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 263, 264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(008)-1354/2021 saylı qərardadıları ləğv edilsin. İddiaçı tərəfindən verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə ərizəsi rədd edilsin. İddiaçı tərəfindən verilmiş Bakı şəhəri 24 saylı Notariat Kontorunda miras qoyan X5 vərəsəli işi üzrə notariat hərəkətlərinin dayandırılması barədə ərizəsi rədd edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar