Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6553/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhrad qızının, Cavabdeh, nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhrad qızının və İddiaçı4 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhrad qızı və İddiaçı4 Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 manat məbləğində kompensasiya verilməklə paylı mülkiyyətlərində olan Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşməklə yaşayış sahəsi 30,14 kv.metr olan 2 otaqlı 8 saylı mənzildən ibarətdir. Həmin mənzil xx xxxxxx 2008-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur. Mənzil onların adına paylı mülkiyyət hüququ üzrə sənədləşdirilmiş və payları ¼ hissədə müəyyənləşdirilmişdir. İddiaçı1 2001-ci ildə cavabdeh ilə faktiki ailə qurmuş, xx xxxxxxxx 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların xx xxxxx 2002-ci il təvəllüdlü X2, xx xxxxx 2004-cü il təvəllüdlü X3 və xx xxxx 2014-cü il təvəllüdlü Məmmədxanlı Ömər İxtiyar oğlu adlı uşaqları anadan olmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2802/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda onlar ayrı yaşayırlar və bu səbəbdən iddiaçıların heç biri mülkiyyətlərində olan mənzildən lazımınca istifadə edə bilmirlər. Cavabdeh hazırda İxtiyarın ailə üzvü deyildir və mənzildə yaşamağa heç bir haqqı yoxdur. Daha sonra iddiaçılar Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, 5.000 manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-2056/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 5000 manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 3 saylı evin 8 saylı mənzilindən çıxarılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-2056/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı1, İddiaçı2 Sərhad qızının, İddiaçı3 və İddiaçı4 Sərhad qızının iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır.O, 2001-ci ildə İddiaçı1la evlənərkən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 101 saylı evin 41 saylı mənzilə gəlin gəlmiş, orada bir müddət yaşadıqdan sonra, 2004-cü ilin avqust ayında hazırda mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilinə köçmüş və o vaxtdan həmin mənzildə yaşamışdır. Mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün ilkin olaraq 12.000 manat təklif edilməsini, sonradan isə bu məbləğin 5000 manata endirilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, üç uşaqla mənzildən çıxarıldığı təqdirdə, təklif edilən kompensasiya məbləği onun əvvəlki mənzil şəraitinin saxlanılması, həmçinin mənzil almağı üçün yetərli deyildir. Dörd nəfərdən ibarət ailə üzvlərinin mənzildən çıxarılması barədə iddia tələbləri tamamilə qərəzlidir və bu iddia ərizəsində də öz əksini tapmışdır.Məhkəmə iddiaçıların iddia tələblərinin məzmun və mahiyyətində ona qarşı olan qərəzli davranış və ifadələri, qarşılıqlı münasibətləri, işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız və qanunsuz olaraq iddia tələbinin təmin edilməsi kimi səhv nəticəyə gəlmişdir.Belə ki, məhkəmə onun himayəsində olan uşaqlarını, onlardan ikisinin azyaşlı olduğu halda mənzildə saxlamaqla, yalnız onun mənzildən istifadə hüququnun olmamasını müəyyən etmiş və mənzildən çıxarmışdır. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. X8 izahatında əlavə olaraq göstərdi ki, onun təmsil etdiyi şəxsə təklif edilən 5000 manat kompensasiya məbləği üç uşaqla birlikdə həmin ərazidə onların oxşar şəraitdə 3-4 il ərzində yaşayışını təmin etmək üçün kifayət deyildir. Xətai rayonunda mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzillərin kirayə haqqını nəzərə alaraq hesab edir ki, təmsil etdiyi şəxsə mənzildən çıxması üçün ən azı 10.000 manat kompensasiya verilməsi hazırkı mübahisənin ədalətli həlli olardı. Lakin iddiaçılar birinci instansiya məhkəməsində 12.000 manat kompensasiya təklif etdikdən sonra onlara məlum olmayan səbəbdən fikirlərini dəyişərək, kompensasiya məbləğini 5000 manata endirmişlər. Bu məbləğ isə qeyd etdiyi kimi, işin hallarına və cavabdehin qanunla qorunan mənafeyinə uyğun deyildir. Məhkəmə iclasında İddiaçı1 izahat verərək göstərmişdir ki, onunla cavabdehin ailəsinin dağılmasına səbəb cavabdehin ailəni sarsıdan hərəkətləri olmuş, nəticədə o, mənzili tərk edərək kirayələrdə yaşamağa məcbur olmuşdur. Hazırda o, bərbər işləyir və cavabdehin tələb etdiyi 10000 manat məbləğində kompensasiya vermək imkanı yoxdur. Üstəlik, onun mülkiyyətçi kimi həmin mənzildəki payı cəmi mənzilin ¼ hissəsini təşkil edir. Ona görə də, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onları əsassız hesab edir və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. İş üzrə digər cavabdehlər İddiaçı2 və İddiaçı3 Səhrad qızı da izahat verərək apelyasiya şikayətinin dəlillərinə etiraz etmiş, cavabdehin onlardan tələb etdiyi 10000 manat kompensasiya məbləğinin həddən artıq çox olduğunu, bu məbləği ödəməyə onların imkanları olmadığını bildirmiş, bu səbəbdən apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən edilmişdir ki, mübahisəli mənzil 2008-ci il tarixdə vərəsəlik hüququ əsasında iddiaçıların mərhum analarından onlara keçlmiş, həmin mənzilə onların hər birinin paylı mülkiyyət hüququ tanınmışdır. Cavabdehin mübahisəli mənzil üzərində hüquqları onun həyat yoldaşı olan İddiaçı1 aid olan ¼ hissədə yaranmışdır. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə müraciət edərək cavabdehə 5.000 manat kompensasiya ödənilməklə onun qeyd edilən mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə nikah münasibətlərinə girərək, həmin evə köçərək daimi orada yaşamış və bununla da xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına əsasən onun mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Belə ki, həmin normaya görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Hazırki mübahisə üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması işin mübahisəsiz və təsdiq olunmuş halıdır. Bu halda istifadə hüququna yalnız tərəflər arasında istifadə hüququna xitam verilməsi haqqında notarial qaydada bağlanmış yazılı razılaşma və ya müvafiq kompensasiya verməsi yolu ilə məhkəmə qərarı əsasında xitam verilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin edərək 5000 manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, Cavabdeh Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilindən çıxarılması barədə qətnamə qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2010-cu il tarixlı Qərarına əsasən, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı1 ilə Cavabdeh ailə qurmaqla 2001-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Bir müddət ayrı ünvanda yaşadıqdan sonra, 2004-cü ildən etibarən iddiaçının anasına mülkiyyət hüququ ilə məxsus olmuş mübahisəli Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 3 saylı evin 8 saylı mənzilinə köçmüşlər və həmin vaxtdan nikahlarının pozulduğu 2019-cu il tarixədək qeyd edilən mənzildə üç azyaşlı uşaqları ilə birlikdə yaşamışlar. Mənzilin mülkiyyətçisi iddiaçıların anası X1 olmuş, onun vəfatından sonra 2008-ci ildə iddiaçılar hər biri ¼ payla miras mənzilə vərəsəlik üzrə mülkiyyət hüququ əldə etmişlər. İşin müəyyən edilmiş bu hallarından görünür ki, İddiaçı1la Cavabdeh birgə yaşadıqları müddətdə, o cümlədən iddiaçıların mübahisəli mənzilə vərəsəlik üzrə mülkiyyət hüququ əldə etdikləri 2008-ci ildən ailə münasibətlərinə xitam verildiyi 2019-cu il tarixədək onların arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına, habelə Mülki Məcəllənin 228.5-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən xx xxxxx 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən Cavabdeh mübahisəli mənzilin ¼ hissəsinə istifadə hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçılar ilkin olaraq 12000 manat, sonradan isə 5000 manat məbləğində kompensasiya ödənilməsi barədə tələb irəli sürmüşlər. Birinci instansiya məhkəməsi təklif edilən 5000 manat kompensasiyanı ədalətli və ağlabatan məbləğ hesab etməklə, iddianı təmin edərkən cavabdehin mübahisəli mənzilin yalnız ¼ hissəsinə istifadə hüququnun olmasına, qalan ¾ hissəyə isə belə bir hüququnun yaranmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası işin hallarının bu cür qiymətləndirilməsini tətbiq edilən hüquq nöqteyi-nəzərindən düzgün hesab etmir. Belə ki, məhkəmənin istinad etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, qanunun bu şərhində KM Plenumu mülkiyyətçinin hüquqlarının toxunulmazlığını qeyd etməklə yanaşı, istifadəçinin hüququna xitam verilməsi zamanı nəzərə alınmalı olan meyarlar müəyyən etmişdir. Bu meyarlar istifadəçinin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsidir. Lakin birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən qeyd edilən halları ümumiyyətlə araşdırmamış, bu hallara qiymət vermədən, təklif edilən 5000 manat kompensasiya məbləğinin cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün kifayət etdiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətini əsassız sayır və hesab edir ki, iddiaçı tərəf həmin kompensasiya məbləğini təklif edərkən bu məbləğin ağlabatan və ədalətli olmasını sübut etmək vəzifəsini daşısa da, bununla bağlı hər hansı sübutu (məs. mübahisəli mənzilə yaxın ərazilərdə oxşar mənzillərin kirayəsinə dair arayış və s.) məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili X9 cavabdehin oxşar şəraitdə müəyyən müddət yaşamasını təmin etmək üçün ən azı 10000 manat məbləğində kompensasiya verilməsini xahiş etmiş, iddiaçılar isə həmin məbləği ödəməyə razı olmadıqlarını, bunu ödəməyə imkanlarının olmadığını qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırda təklif olunan 5000 manat cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün yetərli məbləğ hesab olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(011)-2056/2020 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6553/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6553/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver