Məhkəmə qərarları › İş №2(103)-6556/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6556/2020

09.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6556/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.20202-ci il tarixli 2(011)-3939/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı– cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 2523 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonu, Balaqusar kəndində yaşayır. Ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh nümayəndələri tərəfindən smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, onun sayğacda problem olub və ona cərimə yazılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-393/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı evinə baxış keçirilərkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğacdan kənar əlavə qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəfələrlə qaz xətti ləğv olunmasına baxmayaraq istehlakçı xətti bərpa etmiş və yaranmış qaz itkisinə görə 2523 manat hesablanmışdır. 1-ci instansiya məhkəməsində işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxmışdır. Birincisi cavabdeh iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də, aydın şəkildə görünür ki, cavabdehin mənzilində şlanq vasitəsilə qanunsuz qoşulma var. İkincisi əgər məhkəmə işi obyektiv araşdırsaydı müəyyən edərdi ki, iddiaçı 2018-ci ildən etibarən heç bir ödəniş həyata keçirməyib, istehlakçının dörd ilə yaxındır ki, ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaratdığına baxmayaraq, hakim bu xüsusları araşdırmamışdır. Məhkəmə iddiaçının özünün müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmişdir. Bu kimi hallar isə qazpaylayıcısını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsızlıq yaradır. Belə ki, bir qrup şəxs istifadə etdiyi təbii qaza görə pul ödədiyi halda bu kimi şəxslər isə pul ödəmədən qazdan qeyri-qanuni istifadə etmiş sonda isə məhkəmə onun borcunu silmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçı (bizim halda iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrini icra edilməməsi nəticəsində qazpaylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli, 80 saylı qərarın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yalnış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda hesab olunur ki, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də, göründüyü kimi Cavabdeh İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alğısatqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, o, Qusar rayonunda yaşayır. Onkoloji xəstə olduğu üçün, Bakı şəhəri, Balaxanı qəsəbəsində uçüq bir ev almışdır ki, müalicəsi ilə əlaqədar Bakı şəhərinə gələndə orada qalsın. O, həmin evdə qalmadığı halda, ona necə borc yazıla bilər. Cavabdehin ona qarşı hərəkətləri tam olaraq əsassızdır. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onrun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-393/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəllilərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan **********00022 saylı abonentin saldosundan görünür ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 2523 manat təşkil edir. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə xx.xx.2018-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2018-ci tarixli akta əsasən cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə xx.xx.2019-cu il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu tarixli akta əsasən cəmi 1098 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30871 saylı rəyindən görünür ki ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2523 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspert rəyində öz əksini tapmamışdır. İddiaçı Cavabdeh İB tərəfindən eyni hala görə təkrarən ayrı-ayrı vaxtlarda əsassız olaraq eyni məzmunlu aktlar tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə eyni məzmunlu aktarı qanunsuz hesab edərək, həmin aktlar əsasında hesablanmış borcu əsassız saymışdır. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən aktlardan heç biri iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2523 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin kollegiya hesab edir ki, məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 393/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar