Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6556/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı ilk iddia tələbi; Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi; torpaq sahəsindən piyada və avtomobil keçidi üçün istifadə hüququnun təmin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı «torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi barədə» ilk və Cavabdeh1 cavabdeh İddiaçı qarşı «iddiaçıya məxsus torpaq sahəsindən piyada və avtomobil keçidi üçün istifadə hüququnun təmin olunması barədə» qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-25/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 iyul 2020-ci il tarixli və 18 avqust 2020-ci il tarixli məktubları və onlara əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən ünvan 1 ünvanda yerləşən 0,00816 ha torpaq sahəsi və 0,009 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6737 saylı ekspert rəyinə əsasən İqtisad Universitetinin yeni tədris korpusunun əsas giriş qapıları ünvan 1 ünvanda yerləşən iddiaçının istifadəsinə ayrılmış (xx.xx.2003-cü il tarixli 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə və 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasporta əsasən) torpaq sahəsinə açılmışdır.
3. Keçmiş Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 90,8 m2 qeyri-yaşayış sahəsi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş həmin qeyri-yaşayış sahəsinin 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasportuna əsasən, qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 115,5 m2-dir, ərazinin faktiki ümumi torpaq sahəsi 383 m2-dir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri yoxdur.
5. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İqtisad Universitetinin yeni tədris korpusunun əsas giriş hissəsi kimi layihədə (Tədris korpusunun layihəsində) nəzərdə tutulan sahə keçmiş Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən və 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasportda göstərilən ümumi sahəsi 90,8 m2, tikintialtı sahəsi 115,5 m2 olan qeyri-yaşayış binasının baş planında Liter 1 ilə işarələnmiş daş hasar daxilindəki 383 m2 torpaq sahəsinin şimal tərəfdən bir hissəsi olmaqla dövlət mülkiyyətindədir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən universitetin mübahisəli əsas giriş qapısı iddiaçının faktiki istifadəsində olan həmin torpaq sahəsinə açılır və yalnız həmin qapıdan Universitetin ərazisinə xüsusi texnika, yəni yanğınsöndürmə maşınları daxil ola bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda mülkiyyət və istifadə hüququ əsasında ona məxsus torpaq sahəsinə qanunsuz olaraq açılmış darvaza və qapının, həmçinin torpaq sahəsinin altından çəkilmiş qaz, su və çirkab su xətti borularının və digər tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülüb, onun mülkiyyətində və istifadəsində olmayan torpaq sahəsindən keçirilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin, həmçinin torpağına hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən ünvan 1 ünvanda yerləşən 0,00816 ha torpaq sahəsi və 0,009 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh1 sifarişi ilə "xxxx" MMC ünvan 2 ünvanda yeni tədris binası inşa etmiş və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq darvaza və qapı açmış, həmçinin ona məxsus torpaq sahəsinin altından qaz, su və çirkab su xətti borularını çəkmişlər. xx.xx.2021-ci il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı ünvan 1 ünvanda yerləşən həm mülkiyyət, həm də istifadə hüququ əsasında ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmişdir.
9. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi ünvanda X1 mülkiyyətində olan torpaq sahəsinin 5 metr enində olan sahəsindən Murtuz Muxtarov küçəsinə piyada və avtomobil keçidi üçün Cavabdeh1 istifadə hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, Universitetin ünvan 2 ünvanda yeni tədris binası inşa edilmişdir. Yeni inşa edilmiş tədris binasının yeganə avtomobil girişi iddiaçının mülkiyyətində olan torpaq sahəsindəndir. Yeni tədris binasında təhsil alan tələbələrin təhlükəsizliyinin təmin olunması, eyni zamanda baş verə biləcək fövqəladə hallarda əraziyə yalnız həmin torpaq sahəsindən texniki vasitələrin daxil olmasının mümkünlüyü nəzərə alınaraq Universitetin iddiaçıya məxsus torpaq sahəsindən istifadə hüququ təmin edilməlidir.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(004)-25/2022 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyində İddiaçı məxsus torpaq sahəsinə açılmış mübahisəli yolun (darvaza və qapının) məhz baş verə biləcək fövqəladə hallar zamanı əlavə giriş-çıxış kimi istifadə olunması üçün və ya Universitetin əsas girişçıxışı kimi nəzərdə tutulması qeyd olunmamışdır. Məhkəmənin istinad etdiyi dəlillər ilk iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməzdi. Çünki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın altında yerləşən torpaq sahəsinə müdaxilə mövcud olmuşdur və qanunvericiliyin tələblərinə görə belə iddiaçının iddiası tamamilə əsaslı olmaqla təmin edilməli idi. Hazırkı işdə mövcud olan bütün sübutlar - iddiaçının qeyri-yaşayış binasına və torpağa olan mülkiyyət hüququna dair sənədlər, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləni təsdiq edən ekspertiza rəyi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinə açılmış mübahisəli yolun (darvaza və qapının) məhz baş verə biləcək fövqəladə hallar zamanı əlavə giriş-çıxış kimi istifadə olunması üçün və ya Universitetin əsas giriş-çıxışı kimi nəzərdə tutulmadığını təsdiq edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 10/2334 saylı və xx.xx.2022-ci il tarixli, 10/6737 saylı ekspert rəyləri iddianın birmənalı olaraq əsaslı olmasını təsdiq etsə də, məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət etmədən, yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermək əvəzinə, iddianın rədd olunmasına dair qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 təmsilçiləri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə ilk iddia üzrə iddiaçının və həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
22. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
23. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
24. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
25. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
26. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mübahisələndirilən - ilk iddianın təmin edilməməsinə dair hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. İşin müəyyən edilmiş hallarına əsasən İqtisad Universitetinin mübahisəli ünvanda inşa edilmiş yeni tədris korpusunun əsas giriş hissəsi kimi layihədə (Tədris korpusunun layihəsində) nəzərdə tutulan sahə keçmiş Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 90,8 kv.m, tikintialtı sahəsi 115,5 kv.m olan qeyri-yaşayış binasının 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasportunda göstərilən baş planında Liter 1 ilə işarələnmiş daş hasar daxilindəki 383 kv.m torpaq sahəsinin şimal tərəfdən bir hissəsi olmaqla dövlət mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli mütəxəssis rəyi ilə bu təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə İddiaçı yalnız qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və həmin sahənin 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasportuna əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyil və həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri yoxdur.
37. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, İqtisad Universitetinin mübahisəli ünvanda inşa edilmiş yeni tədris korpusunun giriş qapısının yerləşdiyi torpaq sahəsinə ilk iddia üzrə iddiaçının hüquqmüəyyənedici sənədləri olmadığından ilk iddia tələbi təmin edilə bilməz.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
39. İddiaçı apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyində İddiaçı məxsus torpaq sahəsinə açılmış mübahisəli yolun (darvaza və qapının) məhz baş verə biləcək fövqəladə hallar zamanı əlavə giriş-çıxış kimi istifadə olunması üçün və ya Universitetin əsas giriş-çıxışı kimi nəzərdə tutulması qeyd olunmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin həmin dəlili əsassızdır. Çünki, ekspert birinci instansiya məhkəməsinin qərardadında qoyulmuş sualları cavablandırmış, həmin rəyin mötəbərliyini şübhə altına alan hallar iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən universitetin mübahisəli əsas giriş qapısı iddiaçının faktiki istifadəsində olan həmin torpaq sahəsinə açılır və yalnız həmin qapıdan Universitetin ərazisinə xüsusi texnika, yəni yanğınsöndürmə maşınları daxil ola bilər.
40. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən mülki işə tam, hərtərəfli və obyektiv şəkildə baxılmamış, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət edilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, əsaslı olan ilk iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir.
41. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə tərəflərin təqdim etdikləri sübutlar əsasında tam, obyektiv və qərəzsiz baxılaraq, işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tədbiq edilməklə düzgün qiymət verilmiş, ilk iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlinmişdir.
42. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-25/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.