Məhkəmə qərarları › İş №2(103)-6557/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6557/2023

18.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6557/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3057/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, оnun xəbəri və iştirakı olmadan keçmiş əri X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus AD 270691 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3057/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya MPM-ə 2 saylı Əlavəyə uyğun formada verilməməsi səbəbindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3057/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra İddiaçı həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə yenidən MPM-ə 2 saylı Əlavəsinə uyğun formada nümayəndəsi və vəkili Vəkil2 “Elekton Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3057/2023 saylı qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildikdən sonra həmin tərəf qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Həmin apellyasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3057/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edildikdən sonra iddiaçı nöqsanları aradan qaldırmaqla apellyasiya şikayətini məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Halbuki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2023-cü il tarixdə (03 sentyabr tarixi müvafiq olaraq bazar gününə təsadüf edir) artıq bitmişdir. Bununla belə, təkrar apellyasiya şikayəti iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş və bu zaman müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş müddəti ötürməklə verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlamaqla müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayətini geri qaytarmalı olduğu halda buna bir münasibət bildirmədən mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(008)-3057/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti İddiaçı tərəfindən mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227-ci, 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 399-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3057/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar