Məhkəmə qərarları › İş №2(103)-6566/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6566/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6566/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs qismində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-884/2025 nömrəli qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şərur Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarında göstərilmişdir ki, M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,50 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə təmin edilmsin.

2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 02/509 nömrəli məlumatına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Reyestrində "xxxx" kiçik müəssisəsinin adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır.

3. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirliyə altı ay müddətində 2008-ci ilin yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etmək tapşırılmışdır. Göstərilən tarixdən nazirlikdə yalnız qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı aparılır.

4. Şərur Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şərur rayon XDS İK-nin "xxxx" kiçik müəssisəsinə Şərur rayonu M.Hüseynzadə kolxozunun ərazisindən 0,5 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli qərarına, eləcə də torpaq sahəsinin ayrılmasına dair sərəncam, ayrıc aktı sənədlərinə baxış keçirilmiş, lakin sözügedən sənədlərə Şərur rayon Dövlət Arxiv İdarəsində rast gəlinməmişdir.

5. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 02/698 nömrəli məlumatına əsasən Şərur Rayon XDS İK-nin sənəd materialları Dövlət Arxivində 1990-cı ilədək mühafizə olunduğundan "xxxx" kiçik müəssisəsinin qeydiyyata alınması, ümumi yığıncaq qərarları, təsisçiləri və nizamnaməsi barədə məlumatların verilməsi mümkün olmamışdır.

6. Şərur Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 07/57 nömrəli məlumatına əsasən Şərur rayon X7 İcraiyyə Komitəsinin torpaq sahələrinin hüquqi və fiziki şəxslərə ayrılmasına dair bütün qərar və sərəncamları tam formada Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Arxivə təhvil verilmiş məhdud sayda qərar və sərəncamlarda isə sorğuda qeyd olunan "xxxx" kiçik müəssisəsinə torpaq sahəsinin ayrılmasına dair Şərur rayon XDS-nin İK-nin 1994-cü il tarixli qərar və sərəncamlarına dair məlumat yoxdur və bu səbəbdən də qeyd olunan qərar və sərəncamlara arxiv arayışının verilməsi imkan xaricindədir. Bundan başqa, "xxxx" kiçik müəssisəsinə dair sənədlər də Şərur Rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən müəssisənin təsis sənədlərinə dair arxiv arayışı verilməsi imkan xaricindədir.

7. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən "xxxx" kiçik müəssisəsi hüquqi şəxs kimi Xidmətin məlumat bazasında aşkar olunmamışdır.

8. Ərizəçinin atası X5 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993cü il tarixdə hüquqi şəxs olaraq "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş X5 olması, ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası Ələkbər Əhmədov xx.xx.1996 cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında – 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları o və qardaşı Kamalın adına "xxxx" çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi və direktoru da atası olmuşdur. Atası 1996cı ildə vəfat edəndə onun 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. O, özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin bütün sənədlərin əslləri və möhür şəxsən özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir.

11. Maraqlı şəxs tələbə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 2008-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyətli xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında "xxxx" kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 884/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Əsədzadə) ərizə təmin edilməmişdir.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ərizəçi qeyd etdiyi bütün hüquqi faktlara münasibətdə iddianın təmin edilməsi üçün zəruri olan sübutları təqdim etməmişdir, işdəki mövcud sübutlarla ərizənin təmin edilməsi yolverilməzdir.

14. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin ilk tələbi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir, digər tələblər bu fakt öz təsdiqini tapsa əhəmiyyət daşıyır.

15. Bu hissədə isə ərizəçi ona istinad edir ki, müəssisəyə torpaq sahəsi ayrılmışdır, bu özlüyündə həmin vaxt müəssisənin yaradılıdığını və fəaliyyət göstərdiyini təsdiq edir.

16. X11 Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 02/509 nömrəli məlumatına və Şərur Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ərizəçinin əsas istinad etdiyi fakt, müəssisəyə torpaq sahəsinin ayrılması öz təsdiqini tapmır. Bu halda müəssinin təsis faktının, eyni zamanda digər əlaqəli faktların müəyyən edilməsi yolverilməzdir.

17. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 1, 1.2, 1.3, 1.4, bəndlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119, 217.1, 218.3, 305.1.1, 307.1, 307.2, 308, 310.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ərizəni təmin etməmək üçün gəldiyi hüquqi nəticə tamamilə qanunsuz və əsassızdır. Çünki məhkəmə nəzərə almır ki, iş materiallarında torpaqayırma Sərəncam və qərarlarının əsillərini, notarial təsdiqlənmiş surətlərini, məktubları və prosesdə müəsissənin möhürünü, ştampını görən məhkəmə qətnamədə axı necə qeyd edə bilir ki, müəsissəyə torpaq sahəsinin ayrılması öz təsdiqini tapmır. Həmin sənədlər arxivdə tapılsa idi, onda onun məhkəməyə müraciət etməyə ehtiyacı olmazdı. Arxiv İdarələri məhz Şərur rayon XDS-nin İcraiyyə Komitəsinin 1993 və 1994 cü illər üzrə Sərəncam və Qərarlarının arxivə təhvil verilmədiyinə görə ona arxiv arayışı verə bilmirlər. Şərur Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,5 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Vəkil olaraq şəxsən özü ilə bağlı olduğundan apardığı araşdırmalarla və sorğulara cavablarla müəyyən etmişdir ki Şərur rayon XDS-nin İcraiyyə Komitəsinin 1993 və 1994 cü illər üzrə Qərar və Sərəncamları dövlət arxivinə təhvil verilməyib. Belə ki, 1994 cü ilin may ayında Yerli İcra Hakimiyyətləri yaranarkən hüquqi varislər öz aralarında təhviltəslimlər zamanı çox kobud səhlənkarlıqlara yol verilib. Həmin sənədlərin köklərin hansı orqan və idarədə olduğunu müəyyən edə bilmədiyindən əlində olan sənədlərin əsilləri ilə hüquqi fakt kimi bu halları məhkəmə qaydasında təsdiq etmək istəyir. Çünki nə həmin sənədlərin harda olması və ya itməsi, yandırılması barədə heç bir məlumat yoxdur. Təhvil verilməmə anlamının günahkarı isə vətəndaş yox, bu iş həvalə olunmuş məsuliyyətsiz, səriştəsiz dövlət məmurlarıdır. Məhkəmənin “Orxan–Kamal” kiçik müəssisəsinin məhz adına torpaq sahəsinin ayrılmasının sübut olunmadığı qeyd etməsi və bu barədə mötəbər sübutlara şübhə yaratması tam qanunsuz olmuşdur. Çünki məhkəmə prosesində digər sənədlərin əsillərini, möhürü, ştampı da təqdim edərək qeyd etmişdir ki, müəsissə 1993-cü ildən təsis edilib. Bu faktı nəinki 1994 cü il Qərar və Sərəncamları, eləcə də Şərur rayon XDS-nin İcraiyyə Komitəsinin "xxxx" kiçik müəsissəsinə Şərur şəhərində 20 kv.m torpaq sahəsində köşk qoyub mağaza açması barədə 30 avqust 1993 cü il tarixli 72 saylı Sərəncamı da təsdiq edir. Olmayan müəsisəyə torpaq sahəsi necə ayrıla bilərdi? O, mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olmaq avtomatik olaraq müəsissənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən onun hazırki ərizəsi də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində nəyə görə bu faktların təsdiq edilməsi ona lazımdır deyə izahında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da diqqətdən məqsədli şəkildə kənarda saxlanıldı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin yerdə əvvəl avto-təmir sexi idi, sonradan yolun genişləndirilməsi ilə əlaqədar sexi sökdülər. Anası vəfat edəndən sonra evdə sənədləri tapdı. İki qardaşdırlar, onların adına ataları müəssisə yaratmış, bu müəssisəyə də həmin torpaq sahəsində avto-təmir sexi ayrılmışdı və son 5-10 ilə qədər fəaliyyət göstərirdi. Qardaşı da hüquq sahəsində işləyir, bu faktın müəyyən edilməsi ikisinə sırf mənəvi cəhətdən lazımdır. Həmin torpaq sahəsi atasından yadigardır, onun məzarının yanındadır. Hüquqi şəxslər 1993-cü ildə polis idarələrində qeydiyyata alınırdı, Ədliyyə Nazirliyinə verilirdi. Çoxşaxəli kiçik müəssisələr icra hakimiyyətinin sərəncamı ilə yaranırdı. Hüquqi şəxsin təsis qərarı və digər sənədlər o vaxt lazım deyildi.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixinədək qüvvədə olan) Maddə 25. Hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnamənin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə - səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Maddə 25-1. Hüquqi şəxs müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı varsa, həmin firma adı hamının tanış olması üçün açıq olan dövlət hüquqi şəxslər reyestrinə daxil edilir. Hüquqi şəxs onun dövlət qeydiyyatından keçdiyi andan yaradılmış hesab edilir.

25. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1992-ci il tarixli) Maddə 1. Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Maddə 2. Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir. Maddə 10.1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir.

26. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.1994-cü il tarixli) Maddə 16. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərir. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda təsisçi tərəfindən, müəssisənin təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda ümumi təsis yığıncağı tərəfindən (onun qərarı ilə) təsdiq edilir. Müəssisənin nizamnaməsində aşağıdakılar göstərilir: müəssisənin adı və növü, hüquqi ünvanı, təsisçi (təsisçilər) barədə məlumat, müəssisənin hüquq və vəzifələri, nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi. Nizamnamədə müəssisənin fəaliyyəti ilə bağlı olan, qanunvericiliyə zidd olmayan digər müddəalar da verilə bilər. Maddə 18. Müəssisənin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə nəzərdə tutulan qaydada həyata keçirilir. Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttişliyi orqanına verilir...... Müəssisənin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu maddənin beşinci hissəsində göstərilmiş sənədlər təqdim edildikdən ən geci bir ay keçənədək müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə beş gün müddətində yazılı məlumat verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə ərizə rədd olunduğundan və iş üzrə ərizəçi qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ərizəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən görünür ki, ərizəçi məhkəmədən 1. Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; 2. Müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960cı il tarixdə doğulmuş mərhum X1 olması; 3. X4 məxsus müəssisədəki təsis payının – mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi; 4. Müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktlarının müəyyən edilməsini xahiş etmişdir.

31. Ərizəçi bildirir ki, onun atası Ələkbər Əhmədov 1993-cü ildə Naxçıvan MR Şərur rayonunda qeydiyyata alınmaqla onun və qardaşı Kamalın adına "xxxx" çoxsahəli kiçik müəssisəsi təsis etmiş, həmin müəssisənin yeganə təsisçisi və direktoru onun atası olmuşdur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən hüquqi şəxs nizamnamə əsasında hərəkət edir və müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Nizamnamədə təsisçi (təsisçilər) barədə məlumat, nizamnamə fondu və s. məlumatlar göstərilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, hüquqi şəxs vergi ödəyicisi kimi vergi orqanlarında da qeydiyyata alınmalıdır.

33. İşdə olan Naxçıvan MR Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən verilən məlumatlardan müəyyən edilir ki, "xxxx" çoxsahəli kiçik müəssisəsi ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməmişdir.

34. Kollegiya hesab edir ki, "xxxx" çoxsahəli kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Şərur Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarı, habelə möhür və ştampların mövcudluğu həmin müəssisənin təsis edilməsi və dövlət qeydiyyatından keçməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz.

35. Ərizəçi tərəfindən hüquqi şəxsin nizamnaməsi, yeganə təsisçisinin onun atası olması, nizamnamə fondu, hüquqi şəxsin vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınması barədə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

36. Kollegiya qeyd edir ki, "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı öz təsdiqini tapmadığından ərizəçinin digər faktların müəyyən edilməsi ilə bağlı tələblərinin təmin edilməsi istisna edilir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-884/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar