Məhkəmə qərarları › İş №2(103)-6568/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6568/2025

13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6568/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.073,6 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı həmin ünvanda mexaniki sayğac quraşdırılmış və ünvana **********50000 saylı abonent kodu verilmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Birlik tərəfindən ona əlavə sərfiyyat kimi 2.073,6 manat məbləğində borc hesablanmışdır. Bunun səbəbləri ilə bağlı maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh Birliyin əməkdaşları iddiaçının məlumatı olmadan qaz xəttinə və qaz sayğacına baxış keçirmiş və guya ünvanda sayğacdan kənar çəkilmiş xətdən istifadə etməklə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə əlaqədar akt tərtib etmiş və həmin akt əsasında ona həmin borc hesablanmışdır. Birliyin əməkdaşları iddiaçıya həmçinin bildirmişlər ki, akt tərtib edilərkən müvafiq foto şəkillər də çəkilmişdir. İddiaçı, həmin aktı və foto şəkillərin ona təqdim edilməsini tələb etdikdə, aktın bir nüsxəsi iddiaçıya təqdim edilmiş, lakin fotoşəkillər iddiaçıya nəinki təqdim edilməmiş, hətta göstərməmişdir. Aktlar razılaşmayan iddiaçı, ona məxsus yaşayış sahəsinə baxış keçirilməsi üçün komissiya təşkil edilməsini Birliyin əməkdaşların təklif etsə də, sonuncular bu təklif ilə razılaşmamış və iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. İddiaçı bildirir ki, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni qaydada, o cümlədən qaz sayğacından kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməmiş, istifadə edilən qazın dəyəri isə həmişə ödənilmişdir. Buna görə də, o, borcu əsassız hesab edərək, borcun silinməsini tələb edir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş iddiaçı, iddia tələbini müdafiə etdiyi bildirmiş və iddia ərizəsinə dair mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Birliyin nümayəndəsi X4 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Birliyin əməkdaşları iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirən zaman həmin ünvanda kənar xətdən istifadə faktı aşkar edilmiş və bu faktı təsdiq edən fotoşəkillər çəkilmişdir. Bu səbəbdən də akt tərtib edilmiş və iddiaçıya borc hesablanmışdır. Borcun hesablanması qanuni olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı evin təbii qazla təchiz edilməsi ilə əlaqədar müqavilə iddiaçı ilə deyil, onun atası X2 ilə bağlanmış, abonent kimi də məlumat bazasında Yaqub Qurbanovun adı qeyd edilmiş, iddia ərizəsində qeyd edilən borc da Yaqub Qurbanovun adına hesablanmışdır. Buna görə də iddiaçı həmin borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Buna görə də, o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh Birlik onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə əsassız olan iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməsini təsdiq edən foto-video çəkilşləri nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

9. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) işdə olan sənədlər barədə məlumat

11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda” qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz xətlərinə və qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ünvanda təbii qazdan sayğacdankənar əlavə xətt vasitəsilə qeyri-qanuni istifadə edilir.

12. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, yuxarıda qeyd edilən ünvanda qaz sayğacının maksimal saatlıq qaz sərfi 4 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 17.280 kub metr hesablanmışdır.

13. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosından” görünür ki, aşkar edilmiş faktla bağlı tərtib edilmiş həmin akta və tələbnaməyə əsasən əlavə sərfiyyat kimi 2.073,6 manat məbləğində borc hesablanmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi və sayğacdan kənar qaz istifadəsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi iddiaçının atası Yaqub Qurbanova məxsus olsa, həmin yaşayış sahəsinin təbii qazla təchiz edilməsi ilə əlaqədar müqavilə Yaqub Qurbanov ilə bağlana və yuxarıda qeyd edilən borc da Yaqub Qurbanovun adına hesablansa da, Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 529530 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Yaqub Qurbanov xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bunu və mərhumun övladı olan iddiaçının həmin ünvanda yerləşən evdə yaşamasını nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı, mərhum atasının vərəsəsi olaraq mirası qəbul etdiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və yuxarıda qeyd edilən borcu mübahisələndirmək hüququna malikdir.

16. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

17. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

18. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının - iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.

21. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı Birliyin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilsə də, cavabdeh Birlik həmin aktda göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını məhkəmələrə təqdim etməmişdir.

22. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Buna görə də, Məhkəmə hesab edir ki, Birliyin apellyasiya şikayətində qeyd etdiyi foto-video şəkilləri iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz.

24. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı, Birliyin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar