Məhkəmə qərarları › İş №2(103)-6569/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6569/2024

13.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6569/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və borc verilmiş pulun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 2334/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında notariat qaydasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanıb. Müqaviləyə görə, iddiaçı (borc verən) cavabdehə (borc alana) 8.496 manat borc verir, cavabdeh isə borc alınmış pulu xx.xx.2024-cü ildən başlayaraq 36 ay müddətində xx.xx.2027-ci ilədək hər ay 236 manat olmaqla hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürür. 2.Borc pul cavabdehə verilib. İşin bu halı mübahisə doğurmur. Birinci instansiya məhkəməsinin qətnaməsinin 8-ci bəndindən görünür ki, borcalan pulun ona verildiyini təsdiq edib. 3.Borc pulun hər hansı hissəsi iddiaçıya qaytarılmayıb. İşin bu halı mübahisə doğurmur. Belə ki, iddiaçı ona pul qaytarılmadığını bildirir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 8-ci bəndindən görünür ki, borcalan maddi imkanı olmadığına görə müqavilə üzrə ödəniş edə bilmədiyini bildirib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, borc müqaviləsi etibarsız hesab olunsun və borc verilmiş 8.496 manat borcalandan tutularaq iddiaçıya qaytarılsın. 5.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İddiada iki tələb oluduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Borcun vaxtından əvvəl qaytarılması barədə 10.Bu tələb təmin olunmalıdır. Belə ki, borcverənin müəyyən müddətə verilmiş borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ var. Bu hüququn yaranma əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.5-ci maddəsində müəyyən edilib. Həmin əsaslardan biri 742.5.2-ci maddədə belə göstərilib: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 11.Yuxarıda göstərilən əsas hazırkı işdə mövcuddur. Belə ki müqaviləyə görə, borcalan borcu xx.xx.2024-cü ildən başlayaraq hissə-hissə qaytarmalıdır. Lakin həmin vaxtdan (xx.xx.2024-cü ildən) başlayaraq iddia ərizəsinin verildiyi vaxtadək (xx.xx.2024-cü ilədək) keçən 112 gün ərzində borcalan heç bir ödəniş etməyib. O cümlədən həmin vaxtdan (xx.xx.2024-cü ildən) hazırkı vaxtadək (xx.xx.2024-cü ilədək) keçən 9 ay 7 gün ərzində borcalan heç bir ödəniş etməyib. Odur ki, məhkəmə Mülki Məcəllənin 742.5.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 8.496 manat borcalandan tutularaq iddiaçıya qaytarılmalıdır. Borc müqaviləsinin etibarsız sayılması barədə 12.Bu tələb rədd olunmalıdır. Belə ki, iddianın əsasından görünür ki, borc müqaviləsinin bir hissəsinin (borcun hissə-hissə qaytarılmasına aid hissəsinin) etibarsız sayılmasını tələb olunur və tələb onunla əsaslandırılır ki, borcalanın borcu hissə-hissə qaytarmaq niyyəti olmayıb, müqavilənin həmin hissəsi görünüş üçün bağlanmaqla uydurmadır. Lakin müqavilənin həmin hissəsinin etibarsız sayılması üçün Mülki Məcəllənin 340.1-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. 13.Bundan başqa, etibarsız sayılma o məqsədlə tələb eolunur ki, borcun vaxtından əvvəl qaytarılsın. Lakin buna zərurət yoxdur, çünki borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranıb. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2334/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh2 8.496 (səkkiz min dörd yüz doxsan altı) manat alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 155 (yüz əlli beş) manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar