Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6577/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii X3 pozulması, əsassız hesablanmış borc, borcun silinməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh abonentidir və ona **********00040 saylı abonent kodu verilmişdir.
2. Həmin evin qaz təchizatı ilə təminatının hesabatının aparılması üçün xx.xx.2016-cı il tarixdə Cavabdeh İB tərəfindən “G-6T Diafraqma” markalı sayğac quraşdırılmışdır.
3. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktda göstərilmişdir ki, “xx.xx.2023-cü ildə çəkilmiş şəkildə göstərici 18782 m3-dir, xx.xx.2023-cü ildə çəkilmiş şəkildə 18747 m3-dir, buradan görünür ki, sayğac geri çəkilib. Dəymiş ziyan hesablansın və ödənilsin”.
4. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən həmin akt (aktın tarixi xx.xx.2023-cü il olaraq göstərilmişdir) əsasında itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış, qaz sayğacının nominal qaz sərfinin 6 m3, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 360 gün olduğu, beləliklə də qaz itkisinin 51 840 m3 olması qeyd olunaraq abonentə 6220,80 manat borc hesablanmışdır.
5. Sözügedən hesabatda göstərilmişdir ki, evdə sayğacdankənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh İB-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00040) hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin abonent hesabına 2023-cü ilin mart ayında astronomik məbləğdə, heç bir normativ hüquqi akta əsaslanmadan 6220,80 manat borc yazılmış, bununla bağlı maraqlandıqda bildirilmişdir ki, ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda Cavabdeh İB-nın özü tərəfindən quraşdırılmış qaz sayğacına 03/2023-cü il tarixində sözdə “işçi qrupu kimi adlanan bir qrup dəstə” onun iştirakı olmadan birtərəfli qaydada baxış keçirmiş, daha sonra isə ünvanına quraşdırılmış olan qaz sayğacının düzgün işləməməsinin müəyyən edilməsi əsası ilə abonent hesabına 6220,80 manat məbləğində borc yazmışlar. Borcun kimlər tərəfindən və hansı normativ hüquqi akta əsasən hesablanması ilə bağlı maraqlandıqda bu barədə ona heç bir dəqiq məlumat və ya rəsmi sənəd (baxış aktı, zərər aktı və s.) təqdim edilməmiş, X1 Sisteminə də bu barədə heç bir sənəd yerləşdirilməmişdir. Qaz sayğacına müdaxilə etməmişdir, qaz sayğacında texniki nasazlıq yaranmışdırsa bu onun ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə edilmişdirsə və ya texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən və eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən zaman səlahiyyəti təsdiq olunmayan Cavabdeh İB-nın öz işçiləri tərəfindən də törədilmiş ola bilər. Qaz sayğacına yazılmış 6220,80 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir, buna görə də həmin borc məbləği silinməlidir.
8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddia tələbinə etiraz edərək, təqdim olunan sübutlarla sayğaca müdaxilə edildiyinin təsdiqini tapdığını bildirmişdir.
9. Məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır.
10. Birinci instansiya məhkəməsinin 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********00040 olan) hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 82,21 (səksən iki manat, iyirmi bir qəpik) manat dövlət rüsumunun əvəzinin və 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin alınıb Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6220,80 manat məbləğində borc tələb edilmişdi. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xəttlə qoşulması halı öz təsdiqini tapmadı. 11.2. Aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul olunmamalıdır. Belə ki, "X3 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. 11.3. Müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. 11.4. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. 11.5. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi halda ödəniləcək məbləğin 6220,80 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. 11.6. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. 11.7. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. 11.8. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir.
12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci, 6.7-ci, Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.
13. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
15. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
18. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
29. Cavabdeh İB iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən və buna görə də aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, onda göstərilən hal isə sübuta yetirilməmişdir.
30. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya aid abonent saldosundan, onun evindəki sayğacın göstəricilərinin mütəmadi olaraq oxunduğu, 2023-cü ilin yanvar ayında göstəricinin 15319 m3, aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixində isə 18747 m3 olduğu görünür – bu xüsusat isə aktda istinad olunan fotoşəkillərin mötəbərliliyini şübhə altına alır.
31. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta “sayğacın geri çəkildiyi” öz təsdiqini tapmış olsa idi belə, bu halda qaz itkisinin hesabatı 20 gün üçün (fotoşəkillərin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində çəkildiyi nəzərə alınmaqla) və “geri çəkilmə”nin 35 m3 təşkil etdiyi əsas götürülməklə aparıla bilərdi; cavabdeh təşkilat isə özünün aktında qeyd olunanları faktiki olaraq təkzib etmiş, “evdə sayğacdankənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu”nu vurğulamaqla, yəni “sayğacın geri çəkilməsi”nə görə deyil, qazdan sayğacdankənar istifadə edən şəxslər üçün aparılan hesabat metodu ilə 360 günlük müddətə borc (51 840 m3) hesablamışdır.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3015/2023 saylı iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə