Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6579/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(009)-1599/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq müəyyən etdi, İşin halları İddiaçı "xxxx" MMC ilə Cavabdeh аrаsındа bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsunq paltaryuyan, Electrolux Tozsoran almış və nəticədə 862 manat borc yaranmışdır Maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cəmi 862 manat əsas məbləğ üzrə qalıq borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsunq paltaryuyan üçün 444.6 manat ödənilməmiş hissə, 44,4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Electrolux Tozsoran üçün 339.5 manat ödənilməmiş hissə, 33.5 manat cərimə borcu, ümumilikdə 862 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Samsunq paltaryuyan, Electrolux Tozsoran almış və nəticədə 862 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1050.8 manat (18 ay x 55.6 manat + 50 manat ilkin ödəniş) Samsunq paltaryuyan üçün ümumilikdə, 489 manat olmaqla ondan 444.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 908 manat (18 ay x 48.5 manat + 35 manat ilkin ödəniş) Electrolux Tozsoran üçün ümumilikdə, 373 manat olmaqla ondan, 339.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33.5 manat cərimə miqdarında borc yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 1174.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(009)-1599/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsunq paltaryuyan üçün 444.6 (dörd yüz qırx dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Electrolux Tozsoran üçün 339.5 (üç yüz otuz doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, iddiaçı müqavilələr üzrə yaranmış ödənilməmiş hissələrini tələb etməkdə haqlıdır. İddiaçının bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 31 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 23 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli hesab edilmişdir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445, 448.1 və 462 maddələri və Mülki Prosessual Məcəllənin 119.1-cu maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(009)-1599/2022 saylı qətnaməsinin ləğv edilməsini yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə borclunun həqiqətən də icranı gecikdirməsini sübut edə bilmir, heç buna istinad belə etmir. Lakin iddiaçı tərəf cavabdehin müqavilə üzrə öhdəliklərini və müqavilənin şərtlərini pozmasını sübut etməmişdir, bu isə öz nəvbəsində prossesual pozuntu sayılır və qətnamənin ləğvi üçün əsasdır. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyi üçün qətnamə təmin olunmuş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
462. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Mülki Prosessual Məcəllə:
14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında Electrolux Tozsoran alınması üçün bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 908 manat olmaqla cavabdeh 18 ay hər ay 48.5 manat, ilkin ödəniş kimi 35 manat ödəməli idi. Samsunq paltaryuyanın 1050.8 manata alınması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh 18 ay ərzində 55.6 manat, ilkin ödəniş kimi isə 50 manat ödəməli idi. İş materiallarından görünür ki, cavabdehin cəmi ödədiyi məbləğ 1174.7 manat təşkil etsə də, o müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1050.8 manat (18 ay x 55.6 manat + 50 manat ilkin ödəniş) Samsunq paltaryuyan üçün ümumilikdə, 489 manat olmaqla ondan 444.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 908 manat (18 ay x 48.5 manat + 35 manat ilkin ödəniş) Electrolux Tozsoran üçün ümumilikdə, 373 manat olmaqla ondan, 339.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33.5 manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndi ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarından görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirmiş, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya hesab edir ki, apellyator icranı gecikdirməməsinə dair heç bir sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh dəlillərinin əsası kimi göstərdiyi halları sübut etməmişdir. Müqavilə üzrə öhdəliklərini icra etmiş olsa belə müqavilədə nəzərdə tutulmuş qaydada tam icra etməmişdir. Bu isə iddiaçının ona qarşı hazırki iddianı qaldırması üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(009)-1599/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov