Məhkəmə qərarları › İş №2(103)-6579/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6579/2025

21.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6579/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, l oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-4061/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər bacı-qardaşdır. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin ¾ hissəsi iddiaçının, ¼ hissəsi cavabdehin mülkiyyətindədir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-197/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4039/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-dən Cavabdeh ¼ hissə payına kompensasiya verməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 saylı yaşayış evinin 4 saylı mənzili X2na məxsus olmuş, 1996-cı il tarixində DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X2 xx.xx.2013-cü il tarixində, anası X11 isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Valideynlərinin vəfatından sonra vərəsəlik açılmışdır. ¼ hissədə ona, ¼ hissədə X5, ¼ hissədə X6 və ¼ hissədə isə Cavabdeh miras pay ayrılmışdır. X1 və qardaşı X10 hər biri öz paylarını ona bağışlamış və onun payı ¾ hissə olmuşdur. Qardaşı - Cavabdeh mütəmadi olaraq onlara hücum etdiyi, döyüb tərbiyəsiz küçə söyüşləri ilə təhqir etdiyi, suyu, qazı kəsdiyi və yaşamağa imkan vermədiyi üçün o, məcburiyyət qarşısında qalaraq ünvan 2-dən paylarına düşən hissələrin, yəni ¾ hissədə onun və ¼ hissədə isə Cavabdeh payına düşən hissənin naturada bölünməsini məhkəməyə müraciət edərək tələb etmiş, iddiası təmin edilməmişdir. Əmlakın naturada bölünməsinin mümkün olmaması barədə ekspert rəyi vardır.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4061/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq eskpertizası təyin edilmişdir.

6. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin orta dəyəri çıxarış üzrə (60,3 kv.m.) – 126.270 AZN, ekspert rəyinə əsasən, faktiki sahəsi (169,8 kv.m.) – 355.562 AZN təşkil edir. Həmin mənzilin hazırki dövrə olan 1 kv.m. üçün olan məbləğ 2.094 AZN təşkil edir. Qeyd olunan mənzilin çıxarış üzrə ¼ hissəsi (15,07 kv.m.) – 31.557 AZN, ekspert rəyinə əsasən, faktiki sahəsinin ¼ hissəsi (42,45 kv.m.) – 88.890 AZN təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 400 AZN məbləğində xidmət haqqı iş üzrə İddiaçı tərəfindən ödənilmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 2-dən Cavabdeh ¼hissə payına 88.890 manat kompensasiya verməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hər hansı kompensasiya ödənişinə razı deyil.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4061/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri - 400 manat məbləğində pul vəsaitinin iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlaka mülkiyyət hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-197/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbi rədd edilmişdir. Ümumi paylı mülkiyyətdə olan evin natura ayrılması mümkün olmadığından iddiaçı hazırda Cavabdeh kompensasiya ödənilməklə ona məxsus ¼ hissədə payına xitam verilməsini xahiş edir. Cavabdehin isə ona kompensasiya ödənilməsinə razılığı yoxdur.

11. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, ümumi mülkiyyətdə olan əmlak barədə payın ayrılması 2 halda mümkündür: 1. Payın ayrılmasını tələb edən şəxs ona kompensasiya verilməsi tələbi ilə müraciət etməlidir. 2. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin hazırki işin faktiki hallarından görünür ki, mübahisəli mənzil ünvan 1, mənzil 4 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu halda, ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən biri qarşı tərəfə deyil, yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. İkinci halda, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, Cavabdeh ümumi mülkiyyətdə olan əmlaka dair payı yaşayış evinin kifayət qədər böyük hissəsini, yəni ¼ hissəsini təşkil etməklə, cüzi hesab edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin, cavabdeh mübahisəli evdə yaşamaqla, həmin əmlak faktiki olaraq onun istifadəsindədir. Buna görə də, həmin əmlaka dair cavabdehin mühüm mənafeyi mövcuddur. Bu halda, Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə istisna qayda tətbiq edilə bilməz.

12. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Həmçinin, iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 400 manat pul iddiaçıya aid edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220, 220.4, maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli qərardadın 14-cü, 37-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115.0.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, cavabdeh mütəmadi olaraq onlara hücum etmiş, övladlarını da onlara nifrət ruhunda tərbiyə etmişdir. Yerli-yersiz dava salır, işığı, suyu, qazı kəsir, dəhşətlisi odur ki, həm özü, həm də qızları onları döyürlər. İllərdir ki, işləri polis bölmələrində, Bakı Şəhəri Yasamal Rayon məhkəməsindədir. Bu səbəbdən də payının naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə aktları ilə əmlakın naturada bölünməsinin mümkün olmaması qeyd edilmişdir. Bundan sonra hazırki iddianı qaldırmışdır. Hakimin qeyri-obyektivliyi, sifarişli qətnamə çıxartması, özünü bir daha ağır xəstə olduğu halda ödənilmiş dövlət rüsumunun ona aid edilməsi və xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərinin, yəni 400 manat məbləğində pul vəsaitinin ona aid olmasını qətnamədə qeyd etməsi ilə təsdiq edir. Halbuki, ekspert tərəfindən ona və qarşı tərəfə zəng edilərək 400 manat ekspertiza xərcini ödəmək tələb olunmuş, daha sonra bildirilmişdir ki, qarşı tərəf ekspertiza xərcini verməkdən imtina edir. İddiaçı həmin məbləği ödəmiş və ekspert tərəfindən qəbz verilmişdir. Bu məhkəmə qətnaməsi çıxarılmamışdan əvvəl olmuşdur. Hakim məhkəmə qətnaməsində ekspertiza xərcinin ikinci dəfə ondan tutulmasını qeyd etmişdir. İş üzrə qiymətləndirmə ekspertizası təyin edilməsinə və keçirilərək rəy alınmasına baxmayaraq hakim qətnamədə həmin rəyi gizlətmiş, bir söz belə qiymətləndirmə ekspertizasının rəyi barədə, qarşı tərəfə veriləcək kompensasiya barədə qeyd edilməmişdir. Hakim kompensasiyanın məbləği barədə iddia ərizəsinə dəqiqləşmə istəsə də, öz qətnaməsində qiymətləndirmə ekspertizasının rəyini və məbləği, kompensasiyanın məbləğini qeyd etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı: Bənd 17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Bənd 18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 20. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları səhv tətbiq edilməklə qətnamə qəbul edilmişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

27. İşdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin ¾ hissəsi iddiaçının, ¼ hissəsi cavabdehin mülkiyyətindədir. İşdən o da müəyyən olunur ki, iddiaçı öz payının naturada ayrılması barədə məhkəmədə tələb irəli sürsə də, iddiası təmin edilməmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan qərardadında qeyd olunmuşdur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar.

29. Kollegiya hesab edir ki, hazırkı iş üzrə paylı mülkiyyətin iki mülkiyyətçisi olduğundan mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsi tətbiq edilə bilməz.

30. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

31. Göründüyü kimi, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü, bu mümkün olmadıqda isə əşyanın məhkəmə qərarı ilə hərracdan satılması barədə iddia tələbi irəli sürülə bilər.

32. Beləliklə, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü barədə iddiası məhkəmə tərəfindən təmin edilmədiyinə görə, hazırda onun tərəfindən əşyanın hərracdan satılması ilə bağlı tələb irəli sürülə bilər.

33. Kollegiya hazırki iş üzrə iddiaçının irəli sürdüyü tələblə bağlı həmçinin qeyd edir ki, paylı mülkiyyətin üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair Mülki Məcəllənin 220-ci maddəsində göstərilən prosedur tətbiq edilir.

34. Beləliklə, hazırki iş üzrə mənzilin üç və daha çox paylı mülkiyyətçisi olduğu, iddiaçı deyil, cavabdeh payının ayrılması ilə bağlı tələb irəli sürdüyü təqdirdə, cavabdehin payı cüzi olduğu, naturada ayrılması mümkün olmadığı və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığı halda paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

35. Başqa sözlə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin (hazırki iş üzrə cavabdeh belə tələb irəli sürməmişdir) əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən rəyin verilməsi üçün "xxxx" MMC-nin hesabına 400 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi öz qətnaməsi ilə yenidən həmin məbləğin iddiaçıdan tutulması qənaətinə gəlmiş, bununla da prosessual hüquq normaların pozuntusuna yol vermişdir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4061/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğiləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar