Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6582/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh MMC-nin nümayəndəsi X7, digər cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh MMC və X12 tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 iş üzrə cavabdeh qismində cəlb edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi 66-da yerləşən fərdi yaşayış evinin 4/42 hissəsinin cavabdeh X1 dair xx.xx.2017-ci il tarixli 249 saylı protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-2000/19) iddia təmin olunaraq Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Maksim Qorki küçəsi 66-da yerləşən fərdi yaşayış evinin 4/42 hissəsinin X1 dair xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə 249 nömrəli protokol etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş №2(103)-12911/19) cavabdehlər Cavabdeh MMC və X12 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik edən və məruzəçi, E.Şamayev və A.Abbasov) Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının mərhum oğlu X3 22.456 manat və 2.000 ABŞ dolları məbləğində borc tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-568/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə tutma borclu X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinə yönəldilməli, mənzil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Qeyd olunan ev «xxxxxx» MMC-nin 17-445 saylı, xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən 28.000 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən qeyri-yaşayış sahəsinin satılmasının təşkil edilməsi, satışdan əldə edilmiş məbləğin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsi xahiş edilmişdir. Hesab edir ki, həmin sifariş məktubu qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 89 nömrəli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verməyən əmlak növlərinin dəqiq siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya çox olmamaq şərti ilə). Daha sonra Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 249 saylı protokol tərtib edilərək mübahisəli fərdi həyət evi tələbkara verilmişdir. Mübahisəli fərdi ev paylı mülkiyyət hüququ əsasında mərhum oğluna məxsus olmuşdur. Həmçinin onun üzərində həbs qərardadı olmuş və nəhayət yeganə yaşayış evi olmuşdur. Oğlu X9 xəstəlikdən ölmüşdür. Ona görə də subyektiv hüquq əsasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 17/7005/11 saylı xx.xx.2017-ci il tarixli sifarişinə əsasən X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin açıq hərracda satılmasına dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(006)-3121/2009 saylı icra vərəqəsi Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2017-ci il tarixində ilkin, xx.xx.2017-ci il tarixdə təkrar, xx.xx.2017-ci il tarixdə növbəti hərrac keçirilmiş, 20 % endirimlə 22400 manata tələbkar X2, Cavabdeh MMC tərəfindən hərracın yekunları barədə 249 nömrəli, xx xxxxxx 2017-ci il tarixli protokol tərtib olunmuşdur. Həmçinin 06 iyul, 03 noyabr və xx xxxxxx 2017-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin mülkiyyətçiyə çatdırılması barədə poçt teleqramlarının surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, borclu, o cümlədən mülkiyyətçi X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdə, yəni 10 ay sonra vərəsəlik qəbul edilmədən iddia qaldırmışdır. Məhkəmə xx.xx.2019-cu ildə qətnamə qəbul edənədək də vərəsəlik qəbul edilməmişdir. Lakin məhkəmə hüquqa zidd olaraq tərəfi vərəsə kimi tanımışdı. İddiaçı bilir ki, vərəsəliyi qəbul edərsə borcu da qəbul etmiş olacaq. Məhkəmə iddianı icraata qəbul etməklə nəinki Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, hətta iddiaçıya borcdan yayınaraq mülkü əldə etmək imkanı vermişdir. Cavabdeh MMC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunsa da, məhkəmə tərəfindən buna heç bir münasibət bildirilməmişdir. Cavabdeh X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları barədə alqı-satqı protokoluna əsasən mübahisəli evə ona satılmış və o, mülkiyyətçi olmuşdur. Keçmiş mülkiyyətçi H.Hüseynzadə həmin alqı-satqı protokoluna etiraz etməmiş və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı oğlunun mülkiyyətində əmlak qalmış olduğu təqdirdə bununla bağlı vərəsəlik şəhadətnaməsi aldıqdan sonra iddia ilə müraciət edə bilərdi. İddiaçının miras evdə yaşamaqla mirası qəbul etməsi barədə məhkəmənin gəldiyi nəticə də tamamilə yanlışdır. Belə ki, iddiaçı artıq 5-6 ildir ki, cəzaçəkmə müəssəsindədir və onun mənzildə faktiki yaşaması mümkün deyildir. Belə olduğu halda iddiaçı miras əmlak hesab olunmayan mənzili faktiki olaraq orada yaşamaqla necə qəbul edə bilər? Cavabdehlərin nümayəndələri N.Səmədova və M.Kərimova məhkəmə kollegiyasının iclasında vermiş olduqlarını apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi S.Hüseynzadə apelyasiya şikayətini qəbul etməyərək onların rədd olunmasını xahiş etdi. İş üzrə 3-cü şəxs Nəsimi rayon İcra bə Probasiya şöbəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli, 2(006)-3121/2009 nömrəli icra vərəqəsinə əsasən X3 X8 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulmalıdır. İcra vərəqəsi xx.xx.2009-cu il tarixdə verilmişdir. İcra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, borclunun daşınmaz əmlakı olduğu müəyyən edilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsindəki 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin üzərinə həbs qoyulmuş, «xxxxxx-N» MMC tərəfindən həmin daşınmaz əmlak 28000 manat qiymətləndirilmiş, əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2017ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar X11 22.400 manata satılmışdır. Həmin protokolda qeyd edilir ki, mənzilin ilkin satış qiyməti 28.000 manat olmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.3.20.4 maddəsinə əsasən 20% endirimlə 22.400 manata tələbkar X12 almışdır. Hərracın keçirilməsindən təxminən 5 ay sonra borclu X9 vəfat etmişdir. Onun anası İddiaçı xx.xx.2019-cu il tarixdə hazırkı iddianı qaldıraraq hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin faktiki əsası kimi hərracda satılmış mübahisəli evin borclunun yeganə yaşayış yeri olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının birinci növbədə vərəsə kimi mirası faktiki qəbul etməklə hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmasına, hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən hərrac keçirilərkən «İpoteka haqqında» Qanunun 42-ci maddəsinin tələblərinin pozulmasına, hərracın keçirilməsi barədə məlumatlara iddiaçının əlçatımlığının olmamasına, hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən sübutların təqdim olunmamasına, hərracın keçirilməsinin formal xarakter daşımasına istinad etmişdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə qeyd olunan hallar hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli və bu səbəbdən də keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337, 415, 416-cı və“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, kassasiya məhkəməsi apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyinə görə apelyasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinin ipoteka predmeti olmamasına, ipoteka ilə yüklü olmamasına diqqət yetirməmiş, mübahisəyə “İpoteka haqqında” Qanunun 42-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. İşdən göründüyü kimi, 30. 11.2017-ci il tarixdə keçirilmiş hərrac Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin verdiyi xx.xx.2009-cu il tarixli, 2(006)-3121/2009 nömrəli icra vərəqəsinə əsasən X3 X8 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulması ilə bağlı olmuş və borcun ödənilməsi icra məmuru tərəfindən əmlaka yönəldilmişdir. Belə olan halda isə hazırkı hərracın keçirilməsinin qanuniliyinə “İpoteka haqqında” Qanunun deyil, «İcra haqqında» Qanununun müddəaları baxımından hüquqi qiymət verilməli idi. Kassasiya məhkəməsi öz qərarında həmçinin göstərmişdir ki, mübahisəli mənzilin borclunun və ya hazırkı iddiaçının yeganə yaşayış yeri olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kassasiya məhkəməsinin qənaətinə görə apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətin buraxılmış olması da nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hərracın nəticələrinin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən edilmiş hallarından yanlış nəticəyə gəlmiş və bu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, X3 X8 xeyrinə 22.456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulması barədə icra vərəqəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, hərrac xx.xx.2017-ci il tarixdə keçirilmiş, borclu, yəni mülkiyyətçi X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. H.Hüseynzadə xx.xx.2018-ci il tarixə, yəni ölənədək hərracın nəticələrini mübahisələndirməmişdir. İddiaçı hazırki iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Buna qədər isə mərhumun bacısı X10 (hazırkı işdə iddiaçının nümayəndəsi) mülkiyyətçinin hüquqi varisi kimi mübahisəli evin üzərindən həbsin götürülməsinə dair ərizəyə Nəsimi rayon məhkəməsində xx xxxx 2018-ci il tarixdə baxılarkən iştirak etmiş və ərizənin təmin edilməsinə etirazını bildirmiş, hərracın nəticələri ilə əlaqədar məhkəmədə iddia qaldırmamalarını göstərmişdir. Bundan sonra X10 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra isə X10 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Beləliklə, işdən göründüyü kimi, mübahisələndirilən hərrac xx.xx.2017-ci il tarixdə keçirilmiş olsa da, keçmiş mülkiyyətçi Hüseyn Hüseynzadə həmin hərracın nəticələrini öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixinədək mübahisələndirməmiş, iddiaçı isə miras qoyanın hüquqi varisi kimi hazırkı iddianı xx.xx.2019-cu ildə qaldırmışdır. Məhz göstərilən tarixdə iddia ərizəsi iddiaçının saxlanıldığı Bakı İstintaq Təcridxanası tərəfindən Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi Mülki Məcəllənin 354cü maddəsində nəzərdə tutulmuş bir illik kəsici müdət buraxılmaqla verilmişdir və bu hal iddianın rədd olunması üçün müstəqil əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd olunan normada nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli ev ipoteka ilə yüklü olmamaış və hərraca ipoteka predmeti kimi çıxarılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Qanunun 42-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. İşdən göründüyü kimi, xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac pul tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuş və borcun ödənilməsi mübahisəli evə icra məmuru tərəfindən «İcra haqqında» Qanunun tələblərinə əsasən yönəldilmişdir. Belə olan halda isə hazırkı hərracın keçirilməsinin qanuniliyinə “İpoteka haqqında” Qanunun deyil, «İcra haqqında» Qanununun müddəaları baxımından hüquqi qiymət verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, tələb borclunun əmlakına yönəldilərkən, həmin əmlakın üzərinə həbs qoyularkən və üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif edilərkən və hərracda satılarkən «İcra haqqında» Qanunun 45, 50 və 53-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin borclunun və ya hazırkı iddiaçının yeganə yaşayış yeri olması barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh MMC-nə və X11 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6582/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6582/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver