Məhkəmə qərarları › İş №2(103)-6582/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6582/2023

07.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6582/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54- 05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia tələblərini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzil xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” alınmış Çıxarışa əsasən yuxarıda qeyd olunan mənzil adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh2 nəvəsidir, Cavabdeh1 isə oğlunun keçmiş həyat yoldaşı olmuşdur. 2021-ci ilin avqust ayında Almaniyada təhsil alan nəvəsi Cavabdeh2 Bakıya gələndən sonra bir müddət onunla birlikdə qalmağa başladı. Söhbət əsnasında nəvəsi Azərbaycan vətəndaşlığından çıxmadan Almaniya dövlətinin vətəndaşlığını qəbul etmək istədiyi və bunun üçün Azərbaycanda onun adına daşınmaz əmlakının olması şərt olduğunu bildirdi. Nəvəsi Cavabdeh2 Bakıxanov qəsəbəsində olan evini Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyi xahiş etdi. Nihad and-aman etdi ki, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcək və həmin vaxta qədər evin sənədləri onda qalacaq. O da bir nənə kimi nəvəsinin xahişini yerə salmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzili onun adına keçirməyə razılaşmışdır. Bununla bağlı Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamışdır. Bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Nəvəsi evin sənədlərini tərcümə mərkəzində olması bəhanəsi ilə ona verməmiş və geri Almaniyaya qayıtmışdır. Onda düşünmüşdür ki, heç nə olmaz nəvəsidir, geri qayıdanda verər. Belə də ki onsuzda razılaşmışdır ki, ev bir müddətdən sonra yenidən onun adına keçiriləcək. Bir daha nəvəsini görməmiş, onun Bakıya gəlməsindən xəbəri olmamış, onunla əlaqə yaratmağa çalışsa da uğursuz olmuşdur. 2023-cü ilin fevral ayının 2-si oğlunun keçmiş həyat yoldaşı Cavabdeh1 onunla əlaqə saxlayaraq Bakıxanovdakı evin artıq onun olduğunu bildirdi. Məhz həmin vaxtı başa düşmüşdür ki, nəvəsi onu aldadıb. Onda başa düşmüşdür ki, nəvəsi anası ilə birləşərək Almaniyada vətəndaşlıq məsələsi ortaya ataraq bir oyun qurublar. Dərhal notariat ofisinə müraciət etmişdir, məlum oldu ki, nəvəsi Cavabdeh2 evini anası Cavabdeh1 bağışlayıb. Evin qaytarılması ilə bağlı onlara müraciəti nəticəsiz qaldığından məcburiyyətində qalaraq məhkəməyə müraciət edir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nəvəsi Cavabdeh2 onu aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzilini öz adına keçirməyə nail olmuşdur. Məlumat üçün bildirir ki, aralarında bağışlanma müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlansa da həmin vaxtdan hazırki vaxta qədər nə nəvəsi özü, nə də ki anası ona məxsus olmuş evdə ümumiyyətlə yaşamamışlar. 2023cü ilə qədər evin bütün kommunal xərclər tərəfindən ödənilib. Onuda əlavə etmişdir ki, Cavabdeh1 oğlundan çoxdandı boşanıb. Belə şəxsə ev bağışlamaq qeyri-mümkündür. Atdığı addım yalnız nəvəsinə görə onun Almaniyada vətəndaşlıq məsələsini həl etmək üçün müvəqqəti olmuşdur. Cavabdeh2 ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın və həmin çıxarışı əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (X5) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək qeyd etmişlər ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmiş, tərəflər arasında münasibətlər düzgün müəyyən edilməmişdir. Rayon məhkəməsi tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbi nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin tələbindən göründüyü kimi əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində sürülə bilər. Hazırkı işin hallarından görünür ki, iddaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermiş, üstündən bir il 4 ay keçəndən sonra, yəni 15 fevral 2023-cü il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirmiş bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Məhkəmə qanunun bu normasını mübahisəyə tətbiq etməmişdir. Məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X2 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir. Lakin iş üzrə maraqlı olan iddiaçının qızının dindirilməsi barədə iddiaçının vəsatətini təmin etməklə məhkəmə çəkişmə prinsipini pozmuşdur. Buna görə də apellyasiya məhkəməsində həmin şahidin dinlənilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, əslində əvvəllər tərəflər arasında narazılıq olmamışdır. Gəlin-qaynana münasibətləri pozulandan sonra bu proseslər başladı. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh2 Almaniyada oxuyub, sonra təhsilini davam etmişdir, hazırda da orada yaşayır, onun üçün vətəndaşlıq almaq asan məsələ idi. Notarial qaydalara əməl olunubdur, hər iki tərəf iştirak etmişdir, etibarsızlıq üçün əsaslar yoxdur. Əmlakı nənə nəvəsinə bağışlamışdır. Nəvə də anasına bağışladığından iddiaçı bununla razlaşmır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, vəkilin dediklərini təsdiq edir, oğlu, yəni digər Cavabdeh2 dövlət xətti ilə Almaniyada təhsil almış, hazırda da oradadır, Almaniya vətəndaşıdır. İddiaçı öz istəyi ilə evi onun oğluna bağışlamışdır, evin açarını isə oğlu ona vermişdir, hazırda həmin evdə yaşayır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, qətnamə əsaslı və qanunidir. Belə ki, nəvəsi Nihad onun sevimlisi olmuş, Almaniyada təhsil almış, hazırda da orada yaşayır. O, özü qızı ilə birgə yaşayır, bir dəfə nəvəsi Nihad Bakıda olanda gəlib onunla qalmış, birlikdə oturub söhbət əsnasında bildirmişdir ki, o Almaniyada vətəndaşlıq məsələsini həll etməlidir, adına burada daşınmaz əmlak olsa, bu məsələ tez həll olunar, ona görə mənzilini formal olaraq onun adına sənədləşdirməsini, bu məsələlər bitdikdən sonra mənzili yenə onun özünə qaytaracağını bildirmiş, beləcə razılaşdıqları kimi, o, mənzili formal olaraq nəvəsinin adına sənədləşdirmiş, sonra nəvəsi çıxıb getmiş, gedərkən mənzilin sənəd məsələsini soruşanda, ona demişdir ki, sənədi tərcüməyə verib, ordan da olsa göndərib, bu işi həll edəcək, bir müddət Nihadla əlaqə olmamış, sonra bir dəfə telefonda sənəd məsələsini soruşanda Nihad ona demişdir ki, bunu anası bilər. Evi Nihadın adına sənədləşdirəndən sonra mənzil həmişə onun idarəsində və sərəncamında olmuşdur, mənzil üçün kommunal ödənişləri də özü etmişdir, 2022-ci ilin dekabrına kimi mənzil kirayədə olmuş, 2023-cü ilin fevralında kommendant ona zəng edib deyəndə ki, bura Natəvan adlı bir xanım gəlib, deyir ki, bu ev onundur, yalnız həmin vaxt o, evin Natəvanın adına keçməsindən xəbər tutmuş, bundan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Natəvan evin kilidini sındırıb, evə girmişdir, çünki o Nihada və ya başqasına mənzilin açarını verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən etibarən İddiaçı olmuşdur.

9. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir.

10. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 611925 nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin mülkiyyətçisi xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh1dır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-8474/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili Cavabdeh2 ilə bağlanmış Salyan Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-969 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

13. C74HVRFY9 nömrəli pasportdan görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş Cavabdeh2 X8 Maximilian kimi xx.xx.2022-ci il tarixdən Almaniya FR-nın vətəndaşı kimi qeydiyyata alınmışdır.

14. Salyan Rayon Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 298912 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 99 nömrəli akt qeydi ilə nikahları pozulmuşdur.

15. Life Company MMC-ə İddiaçı tərəfindən ödənilən 969702 və 835873 nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində 94.50 manat və 191.25 manat mənat məbləğində mənzil-kommunal xidməti üçün kommunal xərclər ödənmişdir.

16. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Qardaşı ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 onlarla yaxın olmamışdır. Sonrdan 2021-ci il tarixdə təxminən 1 ay müddət ərzində Bakıda olan zaman ona məxsus evdə anası İddiaçı ilə qalmışdır. Nihad həmin 1 ay ərzində anasını inandırmışdır ki, onun Almaniyada ikili vətəndaşlıq almaq üçün burada adına əmlak olmalıdır. Nənəsi isə nəvəsinə kömək məqsədi ilə sözügedən əmlakı bağışlamış, lakin çıxarışın və bağışlama müqaviləsinin ona veriləcəyini bildirmişdir. Nihad və anası onun evində qaldığından o onların ikisinin bütün söhbətlərinə şahid olmuşdur. Cavabdeh2 bununla razılaşmış, lakin bəhanələrlə vaxtı uzadaraq nə çıxaırşı, nə də ki bağışlama müqaviləsini nənəsinə verməmişdir. Bundan sonra o özü Cavabdeh2la əlaqə saxlanmış Cavabdeh2 isə Azərbaycana qayıtdıqda qaytaracağına söz vermişdir. Bundan sonra isə nə çıxarışı, nə də ki bağışlama müqaviləsini qaytarmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

19. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

23. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

24. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

27. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

28. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

33. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. İddia tələbini qismən təmin edən rayon məhkəməsi Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, həmin dövr ərzində iddiaçıya məxsus kirayəçilərin orada yaşaması və kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsi səbəbindən iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması qənaətinə gəlmişdir.

51. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

52. Aşağıdakılar hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir: Mənzilin İddiaçı mülkiyyətində olması; Cavabdeh2 iddiaçının nəvəsi, digər Cavabdeh1 isə iddiaçının keçmiş gəlini olması; İddiaçının nəvəsi Cavabdeh2 Almaniyada yaşaması və orada təhsil alması; xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən mənzilin Cavabdeh2 bağışlanması barədə notariat qaydada müqavilə bağlanması; xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonra da mənzilin iddiaçının sərəncamında qalması (mənzilin kommunal və digər xərclərinin onun tərəfindən ödənilməsi; Mənzilin Nihada heç vaxt təhvil verilməməsi, onun heç vaxt həmin mənzildə yaşamaması, sahiblik etməməsi, mənzilə yiyələnməməsi; Cavabdeh2 xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonrakı, yəni xx.xx.2022-ci il tarixdən Almaniya vətəndaşı olması; Nihadın xx.xx.2022-ci il tarixdə mənzili iddiaçıdan gizlin şəkildə anası, yəni digər Cavabdeh1 bağışlaması; Cavabdeh1 iddiaçının iradəsinə zidd, özbaşına olaraq kilidi dəyişib mənzilə özbaşına sahiblənməsi.

53. Birinci instasniya məhkəməsində şahid qismində dinlənilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Qardaşı ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 onlarla yaxın olmamışdır. Sonrdan 2021-ci il tarixdə təxminən 1 ay müddət ərzində Bakıda olan zaman ona məxsus evdə anası İddiaçı ilə qalmışdır. Nihad həmin 1 ay ərzində anasını inandırmışdır ki, onun Almaniyada ikili vətəndaşlıq almaq üçün burada adına əmlak olmalıdır. Nənəsi isə nəvəsinə kömək məqsədi ilə sözügedən əmlakı bağışlamış, lakin çıxarışın və bağışlama müqaviləsinin ona veriləcəyini bildirmişdir. Nihad və anası onun evində qaldığından o onların ikisinin bütün söhbətlərinə şahid olmuşdur. Cavabdeh2 bununla razılaşmış, lakin bəhanələrlə vaxtı uzadaraq nə çıxaırşı, nə də ki bağışlama müqaviləsini nənəsinə verməmişdir. Bundan sonra o özü Cavabdeh2la əlaqə saxlanmış Cavabdeh2 isə Azərbaycana qayıtdıqda qaytaracağına söz vermişdir. Bundan sonra isə nə çıxarışı, nə də ki bağışlama müqaviləsini qaytarmamışdır.

54. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

55. Göründüyü mülki iş materiallarında olan tədqiq olunan sübutlarla mənzilin iddiaçı tərəfindən Cavabdeh1 bağışlanmasından sonra da həmin mənzilin Cavabdeh1 təhvil verilməməsi, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamaması, mənzilin iddiaçının idarəsində qalması, mənzilin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi, qeyd edilən müqavilənin bağışlama müqaviləsinin dispozitiv şərtlərinə uyğun olmaması, yəni görünüş üçün bağlanmış müqavilə olması qənaətinə gəlməyə əsas verir.

56. Cavabdehlər apellyasiya şikayətində qeyd edir ki, rayon məhkəməsində hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X2 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir, bu səbəbdən həmin şahidinin apellyasiya məhkəməsində dinlənilməsini xahiş etmişlər.

57. Kollegiya bununla bağlı qeyd edir ki, yuxarıda hazırkı işin mübahisəsiz halları, cümlədən mənzilə dair bağışlama müqaviləsinin bağlanması və onun notarial qaydada təsdiq edilməsi müəyyən edilmişdir, belə olan halda həmin mübahisəsiz halın təsdiqi üçün şahid ifadəsinin dinlənilməsinə lüzum qalmamışdır. Eyni zamanda, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin əqdə qədər, əqddən sonrakı davranışları tərəflər arasında həqiqi münasibətlərin müəyyən edilməsi üçün yetərli olmuşdur, bu səbəbdən rayon məhkəməsində onun dindirilməsindən imtina edilməsi, prosessual qənaət prinsipi baxımından düzgün olmuşdur. Həmin şahidin apellyasiya məhkəməsində dindirilməsi barədə vəsatəti də eyni əsaslara görə təmin edilməmişdir.

58. Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermiş, üstündən bir il 4 ay keçəndən sonra, yəni 15 fevral 2023-cü il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirmiş bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Məhkəmə qanunun bu normasını mübahisəyə tətbiq etməmişdir.

59. Kollegiya bununla bağlı bildirir ki, iddiaçı hazırda mübahisələndirdiyi mənzili nəvəsinə bağışlaması müqaviləsinin görünüş üçün bağlanmış müqavilə olduğunu iddia etmiş, onun əslində nəvəsinə ev bağışlamaq niyyətinin olmadığını, mənzili nəvəsinin Almaniyada vətəndaşlıq alması üçün formal olaraq bağışladığını, daha sonra mənzilin yenidən onun adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Bunun təsdiqi kimi isə evin bütün kommunal xərclərinin özü tərəfindən ödənilməsi, qarşı tərəfin həmin evdə bir gün də yaşamaması ilə bağlı sübutlarını təqdim etmişdir.

60. İddiaçı nəvəsinin mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yəni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. Bununla da müəyyən olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində qeyd edilən bir illik müddət ötürülməmişdir. Nəticə:

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özünə aid edilməlidir.

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2674/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar