Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6592/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 5039/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozun ərazisində yerləşən fərdi yaşayış ev İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********20090 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd Kombi (su qızdırıcı), 1 ədəd də qənaətli su qızdırıcı istifadə edilir. xx.xx.2023-cü il tarixdə bu evə quraşdırılmış qaz sayğacı çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğac laboratoriya şəraitində yoxlamadan keçirilmiş və bunun nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda sayğacın çıxış plastmas borusunun daxilinə məftil salınaraq, hesablama mexanizminin iş prinsipinə maneə törədildiyi, nəticədə hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Akta uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilərək, sayğacın çıxış borusunda məftil aşkar edildiyi qeyd edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfinin həcmi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 17.280 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 2.073,60 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda iddiaçının adı və soyadı göstərilməklə, onun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-i tərəfindən onun **********20090 nömrəli qaz hesabına özbaşına yazılmış 2.073,60 manat cərimənin silinməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi, Subtropik Sovxozda ona məxsus fərdi yaşayış evinin ELSTER tipli G-4 markalı 10590234 nömrəli qaz sayğacı Azəriqaz İB-nin nümayəndələri tərəfindən ZENNER tipli G4 markalı **********166 nömrəli smart kart sayğacla əvəz olunmuşdur və yeni sayğacın giriş və çıxış qaykalarına 12768321 nömrəli plomb vurulmuşdur. xx.xx.2023 tarixdə Azəriqaz İB-nin nümayəndələri Mirzəyev Nizami, Əhmədov Tural, Əzizov Bilal onun ünvanına gələrək onun iştirakı olmadan **********166 nömrəli sayğacının 12768321 nömrəli plombunu qıraraq sayğacı söküb çıxarmışlar daha sonra iddia etmişlər ki, guya sayğacın çıxış borusunda məftil aşkarlanıb. Halbuki, sayğacın giriş və çıxış qaykalarında 12768321 nömrəli plomb var idi. Sayğacın daxilinə məftil yerləşdirmək üçün həmin plomb hökmən qırılmalı idi. Lakin plombu Azəriqaz İB-nin nümayəndələri sayğacı sökərkən özləri sındırmışlar. Daha sonra həmin sayğac xx.xx.2023 tarixdə Azəriqaz İB-nin nümayəndələri tərəfindən sökülərək Azəriqaz İB-nin Metrologiya Departamentinə yoxlanılmaq üçün göndərilmiş yerinə ZENNER tipli G-4 markalı **********060 nömrəli sayğac quraşdırılmışdır. Azəriqaz İB-nin Metrologiya Departamenti **********166 nömrəli sayğaca qeyri-qanuni şəkildə rəy vermişdir ki, guya onun çıxış plasmas borusunda məftil olub. Halbuki, bu yalandır, çünki sayğac çıxarılarkən ******* nömrəli AKT tərtib olunub və Azəriqaz İB-nin nümayəndələri öz imzaları ilə onun çıxarılma səbəbinin növbədən kənar dövlət yoxlaması olmasını təsdiq ediblər. Əgər sayğacın çıxış borusunda məftil olsaydı o zaman Azəriqaz İB-nin nümayəndələri ******* nömrəli AKT-da bunu hökmən qeyd edərdilər. xx.xx.2023-cü il tarixdə Azəriqaz İB-nin Bakı Regonal qazın satışı nümayəndələri Kənan Əhmədov, Emin Şahkərimov, Dünyamalı Əliyev ona məxsus **********20090 nömrəli abonent hesabıma heç bir ciddi araşdırma aparılmadan və labaratoriyada iddiaçının iştirakı olmadan 17.280 yəni m3 yəni 2.073,60 manat cərimə yazıblar. Onlar bu məbləği evdə qazdan istifadə etdiyi qaz cihazlarını inventar etmədən, saatlıq 4 m3 götürmüş və xx.xx.2023 tarixdə yəni cəmi ay yarım əvvəl quraşdırılmış sayğaca 180 gün hesablayaraq məhkəmənin qərarı olmadan birtərəfli qaydada etmişlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5039/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********20090 olan) hesablanmış 2.073,40 manat məbləğində borcun silinməsi, Cavabdehndən 40,73 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, abonentin iştirakı təmin edilməmiş, aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Halbuki, akt hər iki tərəfin iştirakı qaydasında tərib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçının abonent hesabına borcun hesablanmasına dair əsas, həmçinin, cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri 9hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Bununla yanaşı lobarotor baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktda göstərilən delikti törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2.073,40 manat məbləğində hesablanmasını məhkəmə aölabatan hesab etməmişdir. Fiziki şəxslər olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında AzərbaycanRespublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2.073,40 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bununla belə, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində onlara dəymiş maddi zərər tam həcmdı ödənilməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixdə həmin evdə quraşdırılmış qaz sayğacı yeni sayğacla (xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır) əvəz edilmiş və çıxarılmış sayğacın laboratoriya şəraitində aparılmış müayinə nəticəsində sayğacın çıxış plastmas borusunun daxilinə məftilin salındığı və nəticədə sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməyi müəyyən edilmişdir.
22. Nəzərə alınmalıdır ki, həmin sayğac evin daxilində deyil, xaricində yerləşir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir.
23. İddiaçının belə bir əmələ yol vermədiyini, aşkar edilmiş qüsurlarda onun təqsirinin olmadığını iddia etdiyi bir halda, qaz sayğacının məhz iddiaçının təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh sayğacın iddiaçının, habelə ümumiyyətlə insan fərdinin müdaxiləsi nəticəsində texniki baxımdan bu vəziyyətə düşməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Həmin sayğacın laboratoriya şəraitində müayinə edilərək, onda qüsurların aşkar edilməsi və bunun nəticəsi olaraq akt tərtib edilməsi də bu vəziyyətin yaranmasında iddiaçının təqsirli olmasını təsdiq etmir.
24. Belə ki, cavabdeh təkcə sayğacda qüsurların aşkar edilməsi deyil, aşkar edilmiş qüsurların sərf edilmiş qazın həcminin düzgün göstərməsinə təsir etməsi və nəticədə sərfin düzgün qeydə alınmaması mövqeyindən çıxış edir. Belə olan halda, ilk növbədə bu qüsurların sərf edilmiş qazın həcminin düzgün qeyd edilməsinə təsir etməsi sübuta yetirilməlidir. Belə ki, sayğacın çıxış plastmas borusunun daxilinə məftilin salındığının aşkar edilməsi sərfin məhz iddiaçının maddi maraqlarına uyğun düzgün göstərməməsinə səbəb olmalıdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilmir.
25. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının aktda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşaması həmin ünvan üzrə qazdan mütəmadi olaraq istifadə edilməsini birmənalı şəkildə təsdiq edir. Bu da öz növbəsində təbii qazdan qeyri-qanuni istifadə edilməsinin müəyyən edilməsində abonentin saldo məlumatlarının təhlil edilməsinə zərurət yaradır. Lakin həmin məlumatlardan da cərimə hesablanan dövrdə (xx.xx.2022-ci il -xx.xx.2023-cü il) iddiaçının sayğaca müdaxilə etməsi halı öz təsdiqini tapmır. Belə ki, bu məlumatlara əsasən qeyd edilən ünvan üzrə sərf edilmiş qazın dəyəri olaraq 2022-ci ilin avqust ayında 16 manat, sentyabr ayında 17,50 manat, oktyabr ayında 37,50 manat, noyabr ayında 132,25 manat, 2023-cü ilin yanvar ayında isə 167,88 manat dəyərində təbii qazdan istifadə etmişdir. İddiaçının həmin dövrdə, xüsusilə də 2023cü ilin yanvar ayında 167,88 manat dəyərindən daha artıq dəyərdə təbii qazdan istifadə etməsi ilə bağlı isə hər hansı sübut təqdim edilmir. Məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir.
26. Qeyd edilənlər öz növbəsində xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş sayğacda aşkar edilmiş qüsurların iddiaçının təqsiri üzündən yaranmasını istisna edir və buna görə məsuliyyət sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıyan cavabdehin üzərində qalmış olur.
27. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, sayğaca müdaxilə halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və nəticədə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan (cavabdehdən) tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının (cavabdehin) abonent saldosuna daxil edilməsini istisna edir.
28. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən aktın bir nüsxəsinin iddiaçıya təqdim edilməsi təmin edilməmiş (bu barədə aktda hər hansı qeyd mövcud deyil), həmçinin, aktın digər bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə cinayət tərkibinin əlamətləri aşkar edilmişdirsə isə cinayət təqibi orqanına təqdim etməmişdir.
29. Bununla belə, cavabdehin sayğaca müdaxilə halına yol verdiyini iddia edən iddiaçı tərəfindən onun barəsində bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmə aparılmamış, sadəcə olaraq birtərəfli qaydada bu barədə akt tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlər yuxarıda göstərilən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
30. Digər tərəfdən xx.xx.2023-cü il tarixli akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama 180 gün (xx.xx.2022 – xx.xx.2023) və 24 saat üzrə aparılmışdır. Halbuki, aktda olan qeyddən başqa bütün bu dövr üzrə qanunsuz qoşulma halına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Digər tərəfdən akta və qərara əsasən ilin isti və nisbətən isti ayı hesab olunan avqust və sentyabr ayları üzrə kombinin və su qızdırıcının günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların, hətta 1 ədəd 4 gözlü qaz sobasının özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. Göstərilən 6 aylıq dövrün 2 ayının konkret olaraq ilin isti və nisbətən isti dövrünə təsadüf etməsi səbəbindən isə kombinin ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. Bunu bilmək üçün qaz təchizatı sahəsində xüsusi biliyə malik olmağa hər hansı zərurət yoxdur. Bu cihazları istifadə edən və onlardan istifadə edilməsi qaydaları ilə tanış olan şəxs olmaq kifayətdir. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da pozulmuşdur.
31. Qeyd edilənlər öz növbəsində xx.xx.2023-cü il tarixli aktın və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2.073,40 manat məbləğində pul vəsaitinin silinməsini şərtləndirir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5039/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.