Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6593/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən “Mayıllı” firmasının təsisçiləri qismində qəbul etdikəri 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi və “Mayıllı” firması nizamnamə kapitalındakı təsisçi, mərhum Əhmədov Əli İsax oğluna məxsus olmuş 25 faiz təsisçi payının təsisçi Cavabdeh1 geri alınaraq Əhmədov Əli İsax oğlunun hüquqi varisləri İddiaçı1 12,5 faiz İddiaçı2 12,5 faiz verilməsinə dair qətnamə qəbul edilməsini, "Mayıllı" firmasi təsisçilərinin 2011-ci il avqust-sentyabr aylarına aid, Tağıyev Etibar Üseyn oğlunun “Mayıllı” firmasına direktor təyin edilməsinə dair protokol-qərarının əslini, "Mayıllı” firması təsisçilərinin 2011-ci il 21 oktyabr tarixli 03 saylı protokol-qərarının əslini, "Mayıllı” firması təsisçilərinin 2012-ci il 13 fevral tarixli qərarının əslini, "Mayıllı" firmasi təsisçilərinin 2012-ci il 15 dekabr tarixli qərarının əslini "Mayilli firması təsisçilərinin 2013-ci il 20 iyun tarixli qərarın əslini Cavabdeh1 götürülməsinə dair qərardad çixarılmasını, Cavabdeh1 hərəkətlərində AR CM-nin 308.2., 320.2. və 179.4.-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxararaq prokurorluğa xəbər verilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinadən iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək “Mayıllı“ firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsininə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ “Mayıllı“ firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının ləğv edilməsi və nizamnamə kapitalındakı payın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-264/2020 saylı qərardadına əsasən mülki işlər bir icraatda birləşdirimişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilmiş, “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3967/2022 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Cavabdeh1 məhkəməyə apelyasiya şikayəti və “apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 2(006)-33/2022 saylı qətnaməsi ilə ilə əlaqədar apelyasiya şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətini buraxılmasını üzürlu hesab edib və həmin müddəti bərpa edərək işə apelyasiya qaydasında baxılması üçün işi Azərbaycan Respublikası Bakı Apelyasiya göndərilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və işi Bakı Apelyasiya Məhkməsinə göndərməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-nin məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, şikayətdə bir neçə prosessual hüquq normaları sadalanmış və həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, həmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi ümumiyyətlə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi apellyasiya şikayəti barədə müddətin bərpasına dair ərizə verilsə də, həmin ərizə ilə eyni anda verilən apellyasiya şikayətində yenidən Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin ərizə ilə eyni zamandan verilən apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməmiş və şikayətində müddətin üzürlü səbəblərə görə buraxılmasını əsaslandıra bilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6593/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6593/2022
21.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver