Məhkəmə qərarları › İş №2(103)-6598/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6598/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6598/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2084/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 08:20-də Quba Qəçrəş yolunda “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir.

2. Qəçrəş B/S-nin müdiri Heydərov Zakir, Qəçrəş B/S-nin feldşeri Dostuyev Bəhmən, Qımılqazma kənd sakini İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, qımılqazma kənd sakini İddiaçı məxsus olan bir baş qonur rəngli, üç yaşlı, tox boğaz 250 kq yaxın diri çəkisi olan düyəyə baxış keçirilmişdir, baxış zamanı heyvan yerdə uzanmış vəziyyətdə idi. Nəfəsalması çətinləşmiş, istiliyi 35,6-ya düşmüş, qabaq sağ qolunun dizdən yuxarısı qapalı sınığı, arxa ətrafın çapma oynnağından yuxarı qapalı sınığı müəyyən edilmişdir. Boğaz olduğu üçün buzovu xaricdən palpasiya ilə yoxlanılmış və heç bir hərəkət olmadığı müəyyən edilmişdir.

3. AA serialı, 657213 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r.

4. ƏN-İİİ serialı, 773143 nömrəli “Nəqliyyat vasaitələrindən sitifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, "Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan X4 həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh2 vermişdir (xx.xx.2016-cı ildən xx.xx.2026-cı ilə kimi). Sözügedən avtomobil PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən icbari qaydada sığortalanmışdır.

5. “Təbriz” firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, ölmüş inəyə qəssab tərəfindən baxış keçirilmiş və hadisə zamanı ölən inəyin (ölənə qədər) satışa yararlı ət çəkisi təqribən 140-150 kq müəyyən edilmişdir. 140-150 kq ətin o günki bazar qiyməti ilə dəyəri (1 kq ət 10 manat dəyəində hesablamaqla) 1400-1500 manat dəyərində olduğu müəyyən edilmişdir

6. Quba rayon prokuroru tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 154ş-22 saylı məktubdan görünür ki, faktla bağlı Quba RPŞ-nin DYPB-də inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsil ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materialları öyrənilərkən qəbul edilmiş qərarın qanuni və əsaslı olması müəyyən edildiyindən qəbul edilmiş qərarın ləğvi ilə bağlı protest verilməmişdir. Bununla belə inzibati xəta haqqında iş üzrə icraatın nəticəsinə dair qəbul edilmiş qərarın və yol nəqliyyat hadisəsi barədə arayışın ləğvi ilə bağlı Azərbaycan Respublikası DİN-in BDYPİ-nə və ya Quba Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yolnəqliyyat hadisəsi zamanı ona məxsus inəyin tələf olması nəticəsində maddi zərər olaraq 1400 manat sığorta ödənişinin və 30 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 1430 manat məbləğin "xxxx" ASC Sığorta Şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsi baxışı zamanı daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlavə cavabdeh qismində Cavabdeh2 cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 may 2021-ci il tarixdə Quba rayonu Qımıl- Qazma kəndi ərazisində 19BD518 dövlət qeydiyat nişanlı “KAMAZ” yük markalı avtomobilin təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Kamaz” yük markalı 19BD518 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus inəyi vuraraq ölümünə səbəb olmuşdur. Yol-nəqliyat hadisəsi nəticəsində onun inəyinin ölməsi səbəbindən, ona maddi ziyan dəymişdir. Zərərin məbləği bu günün bazar qiymətləri ilə 1400 manat təşkil edir. Belə ki, inəyi kəsib ətini satsaydı, 130-140 kq ət sata bilərdi. İndiki bazar qiymətləri ilə hesablanarsa inəyinin qiyməti 1400 manat təşkil edərdi. Hadisədən 9 ay 14 gün keçməsinə baxmayaraq "xxxx" ASC Sığorta şirkəti tərəfindən ona dəymiş sığorta ödənişi həyata keçirilməmişdir. Dəfələrlə sığorta şirkətinin qaynar xətti olan 012936 nömrəsinə zəng edib maraqlanmağına, hətta, rəsmi olaraq Azərbaycan Respublikası Milli Bankına və "xxxx" ASC sığorta şirkətinə müraciət etməyinə baxmayaraq yenə də sığorta şirkətindən sığorta ödənişini ala bilmir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2084/2022 nömrəli qətnaməsi ilə iddianın "xxxx" ASC Sığorta Şirkətinə münasibətdə təmin edilməsi, sığorta ödənişi kimi 1400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1.430 manat məbləğində pulun cavabdeh "xxxx" ASC Sığorta Şirkətindən tutularaq İddiaçı ödənilməsi və iddianın Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən, həmin hadisənin törədilməsində təqsirli bilinən şəxsin mülki məsuliyyəti icbari qaydada sığortalandığından və bu hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər üzrə sığorta ödənişinin həyata keçirilməsindən sığortaçının imtina etmək üçün qanuni əsası olmadığından, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh "xxxx" ASC hadisənin Cavabdeh2 təqsiri nəticəsində deyil, mal-qaranı ötürən şəxsin təqsiri ucbatından baş verdiyinə, həmin şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməli olduğuna, qeyd edilən faktla bağlı aidiyyəti orqanlara müraciət etdiyinə istinad etsə də, bununla bağlı, yəni iddiaçının müvafiq inzibati xətanın (malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) törədilməsində təqsirli bilinməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iş materiallarına əlavə olunmuş “Təbriz” firmasının xx.xx.2022-ci il tarixli arayışına əsasən ölmüş inəyin satışa yararlı ət çəkisinin real bazar qiymətinin 1400-1500 manat dəyərində olduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı dəymiş zərərin 1400 manat məbləğdə müəyyən edilməsini ağlabatan sayaraq qeyd etmişdir ki, iddia "xxxx" ASC-yə münasibətdə bu məbləğdə təmin edilməli və İddiaçı xeyrinə sığorta ödənişi qismində 1.400 manat məbləğində pul tutulmalıdır. Belə ki, iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Cavabdeh2 qarşı olan iddia tələbi ilə əlaqədar həmçinin qeyd etmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği sığortaçı olan "xxxx" ASC-dən tam tutulduğundan iddia bu cavabdehə münasibətdə rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 922.1-ci, 922.2-ci, 926.1-ci maddələrinə eləcə də “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 video-çəkiliş aparılmaqla alınan izahatda o, inəyin anidən asfalt yola çıxdığını və hadisənin qarşısını almaq üçün manevr etməsinə baxmayaraq qəzanın baş verdiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında”AR Qanununun 47.6.1-ci maddəsinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, malqaranı ötürənlərə malqaranıyolda nəzarətsiz qoymaq qadağandır. Həmin Qanunun 47.6.3-cü maddəsinə əsasən mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına və 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement beton örtüklü yollarla ötürülməsinə - qırx manat miqdarında cərimə edilir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hadisə mal-qaranı ötürən şəxsin, yəni iddiaçının təqsirindən baş vermişdir. Bununla bağlı aidiyyatı orqanlara müraciətlər edilsə də nəticəsiz qalmışdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, baş vermiş hadisədə onun təqsiri olmamış, nəqliyyat vasitəsini idarə edən digər Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən ona sığorta ödənişi ödənilməlidir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, hadisə baş verən zaman inək tələf olmasa da iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Apellyasiya şikayətinin həlli məsələsini məhkəmə kollegiyasına həvalə etdiyini bildirdi.

Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Həmin Məcəllənin 922.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

21. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

22. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində Quba rayonu Qımılqızma kənd ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 idarə etdiyi “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus olan 1 baş inəyi vuraraq öldürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, bu avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır.

27. Hazırda cavabdeh apellyasiya şikayətində baş vermiş hadisə zamanı iddiaçının təqsiri olmasını bildirsə də işin qeyd olunan halları ilə Kamaz 5511 yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli olması müəyyən edilmişdir və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçının həmin hadisə zamanı hər hansı təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş və cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.

28. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən, həmin hadisənin törədilməsində təqsirli bilinən şəxsin mülki məsuliyyəti icbari qaydada sığortalandığından və bu hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər üzrə sığorta ödənişinin həyata keçirilməsindən sığortaçının imtina etmək üçün qanuni əsası olmadığından, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddia "xxxx" ASC-yə münasibətdə təmin edilməklə, İddiaçı xeyrinə sığorta ödənişi qismində 1.400 manat məbləğində pul tutulmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

38. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti 1400 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(006)-2084/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar