Məhkəmə qərarları › İş №2(103)-66/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-66/2024

31.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-66/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-66/2024 (Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh, mübahisə prdemeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-930/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 31 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901- İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. 2.Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X14 Bi.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3 maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151372 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində lazımı icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra ARDNŞ), X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4- cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür.Sazişin 2 və 8-ci maddələrinin və X14 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X12 Şirkətləri arasında imzalanmış X7 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-930/2017 nömrəli xx.xx.2017ci il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Şirkətin Saziş ərazisi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151372 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikili onun öz hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində və lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir.Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırrda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən məhkəmə proseslərində onun iştirakı qəsdən təmin edilməmişdir.Məhkəmə onun məhkəmə prosesində iştirakını təmin etməməklə işin həqiqi halları aşkara çıxarılmamış, iddianı təmin etməkla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ilk növbədə məhkəmə onun iştirakı olmadan qətnamə çıxarmış, məhkəmə iclasında onun iştirakım təmin edilməmişdir. Məhkəmə qətnaməsindən təsadüfən xəbər tutmuşdur. İddia tələbinə gəlincə tamamilə əsassız olmuşdur. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi ərazisində torpaq sahəsi ona Binəqədi qəsəbə bələdiyyəsinin 1904 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmışdır. Həmin qərara əsasən Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisinin istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X5, yəni onun mülkiyyatinə alqı-satqı yolu ilə ayrılması qərara alınmışdır. Torpaq sahasinin yerləşmə cizgisi va torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdən Şirkətdə struktur dəyişikliklər edilmişdir. Belə ki, Şirkətin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixindən Şirkətdə struktur dəyişikliklər edilməklə 1-ci və 3-cü neft mədənləri birləşdirilib vahid 1-ci neft mədəni yaradılmış və 3-cü neft mədəninin 6-cı sahəsi yenidən təşkil edilməklə 1-ci neft mədəninin yeni 6-cı sahəsi yaradılmışdır. Eyni zamanda hazırda cavabdeh tərəfindən qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olması ilə bağlı təcili halın mövcud olmadığını qeyd etdi.

13. Apellyasiya baxışı zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

17. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar

19. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

24. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

30. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

31. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

“Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu:

32. 1-ci bənd. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

33. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

34. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

43. Hazırki apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “ Cavabdeh tərəfindən 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151372 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmamalı, qətnamə qalan hissədə, yəni ”Cavabdeh tərəfindən Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun öz hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulraq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

45. Kollegiya bu mövqeyini belə açıqlayır ki, qətnamənin ləğv edilən edilən hissəsində məhkəmənin gəldiyi nəticə işin həmin hissədə mövcud faktiki hallarına uyğun gəlmir.

46. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞnin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X14 Bi.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir.

47. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin olunmuş xx.xx.2023-cü il tarixli təkrar məhkəmə tikin-texniki ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 may 2024-cü il tarixli ........10/8532 nömrəli ekspert rəyində göstərilmişdir: 1) göstərilən torpaq sahəsi faktiki olaraq 294.0 kv.m təşkil edir. Sözügedən sahə ilə bağlı sənəd təqdim edilməyib. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən 294.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: (koordinatlar əlavə olunmuşdu). 2) vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. (Binəqədi Oyl) Sahədə 83 metr məsafədə fəaliyyətdə olan neft quyusu məlumatı mövcuddur. 3) İddiaçının iddia ərizəsində göstərdiyi 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisinin koordinatları cavabdeh tərəfindən göstərilən faktiki torpaq sahəsinə aid deyil, həmin koordinatlardan kənarda yerləşir. 4) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən tikilinin qeyd edilən Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərar və sxemində göstərilən ərazidə inşa edilib-edilmədiyini müəyyənləşdirmək mümkün olmadı.

48. Beləliklə, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı Şirkətinin qanuni istifadəsində olan ərazi olmaqla cavabdeh orada özbaşına tikili inşa etmişdir. Bununla belə ekspert rəyində mübahisə predmeti olan torpaq sahəsinin iddia tələbində qeyd edildiyi kimi Şirkətin saziş ərazisinin hüdudları daxilində məhz 1 saylı mədənin 5-ci sahəsində yerləşməsi faktı öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi rəyin həmin hissəsi ilə bağlı bildirmişdir ki, bu vəziyyət xx.xx.2023-cü il tarixdən Şirkətdə struktur dəyişikliklərin edilməsi ilə əlaqəli olmuşdur. Belə ki, Şirkətin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixindən Şirkətdə struktur dəyişikliklər edilməklə 1-ci və 3-cü neft mədənləri birləşdirilib vahid 1-ci neft mədəni yaradılmış və 3-cü neft mədəninin 6-cı sahəsi yenidən təşkil edilməklə 1-ci neft mədəninin yeni 6-cı sahəsi yaradılmışdır ( həmin sənəd iş materiallarına əlavə edilmişdir).

49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki halda mübahisəli torpaq sahəsinin iddia tələbində iddia edildiyi kimi Şirkətin istifadəsində olan ərazinin məhz 1-ci neft mədənin 5-ci sahəsi daxilində yerləşməsi faktına dair sübutlar olmadığından iddia həmin hissədə əsaslı deyil və təmin edilə bilməz.

50. Mübahisəli torpaq sahəsinin Şirkətin istismarında olan ərazidə struktur olaraq məhz 1 saylı neft mədəninin 5-ci sahəsində yerləşməsi faktı öz təsdiqini tapmasa da, həmin torpaq sahəsinin Şirkətin istifadəsinə verilmiş ərazi hüdudları daxilində olması işin mübahisə olunmayan halıdır, bu da iddiaçının hazırki tələbləri irəli sürməyə hüquqi ixtiyarının çatdığını özündə ehtiva etməklə, mübahisə üzrə hüquqi dəyərləndirmənin aparılmasını mümkün edir.

51. Kollegiya hesab edir ki, mübahisənin həlli üçün ilk öncə cavabdehin “torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsinin 1904 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı əsasında onun mülkiyyətinə ayrılmış ərazi olması ilə bağlı” apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Belə ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci bəndinə görə bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Qeyd edilənlərə əsasən kollegiya bildirir ki, Binəqədi qəsəbə bələdiyyəsinin Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1904 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. (Sazişin qanuni qüvvəyə mindiyi vaxt).

52. Beləliklə, cavabdehin mübahisəli torpaq sahəsi və tikili üzərində hər hansı hüququ olmadığından, əksinə həmin torpaq sahəsi və tikili Şirkətin qanuni istifadəsinə verilmiş əraziyə düşdüyündən kollegiya aşağıdakıları qeyd edir.

53. Belə ki, ARDNŞ ilə bağlanmış Saziş əsasında qanunsuz yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrinə müstəsna hüquq əldə etmiş şirkətlər (operator şirkətlər) tərəfindən özbaşına tikilmiş yaşayış yerlərinin sökülməsi ilə bağlı qaldırılmış iddialar üzrə yekun məhkəmə qərarı qəbul edərkən və qərarın icra mexanizmini müəyyən edərkən aşağıdakı məsələlər araşdırılmalıdır. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.

54. Avropa Məhkəməsi, Konvensiyanın 8-ci maddəsinin pozuntusunu mənzilin toxunulmazlığına hörmət kontekstində təsbit etdiyi qərarlarında, o cümlədən “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında yuxarıda qeyd edilən halların araşdırılmaması ilə qəbul edilmiş qərarın icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağını bəyan etmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

55. İşin mübahisə olunmayan hallarına görə mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin apellyasiya şikayətində torpaq sahəsi ilə bağlı istinad etdiyi qərar isə saziş qüvvəyə mindiyi vaxtdan sonrakı dövrə aid olduğundan nə həmin qərarın, nə də qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin heç bir hüquqi qüvvəsi olmamışdır.

56. Kollegiya işin faktiki hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuş və belə olan halda cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bu müdaxilənin əsasını da hansısa şəxsi maraqlar deyil, ictimai maraqlar təşkil etməkdədir.

57. Belə ki, Sazişlə iddiaçının qanuni istifadəsinə verilmiş ərazilərdə neft-qaz yataqları istismar edildiyindən, burada fəaliyyətdə olan neft quyuları mövcud olduğundan hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür, ona görə də inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Artıq bu halda mübahisəli özbaşına tikilinin sökülməsi cavabdehin fərdi maraqlarına ziddi deyil, əksinə onun özünün də təhlükəsizliyinin qorunmasını özündə ehtiva edir.

58. Bundan başqa iddianın “cavabdehin özbaşına tikilidən çıxarılması və torpaq sahəsinin istifadəyə qaytarılması” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

59. Hazırki işdə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda cavabdeh faktiki istifadəsində olan qanunsuz zəbt etdiyi torpaq sahəsini bütövlükdə iddiaçının istifadəsinə qaytarmalıdır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah edir.

61. Kollegiya bildirir ki, hazırki baxılan işdə nəzərə alınmalıdır ki, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

62. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf mübahisəli ərazidə neft-qaz əməliyyatlarının aparılmasının təcililiyinə dair hər hansı sübut təqdim etməmişdir. Üstəlik, məhkəmə iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında da cavabdehin faktiki istifadəsində olan ərazinin belə əməliyyatlar üçün təcili lazım olmadığını bildirmişdir. Cavabdehin başqa yaşayış yerinin olub-olmamasına gəlincə isə, məhkəmə tərəfindən onun mülkiyyətində yaşayış sahəsinin olduğu müəyyən edilməmişdir.

63. Beləliklə, tikilinin sökülməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbinin icrasının təcililiyi ilə bağlı zərurət olmadığından, eyni zamanda cavabdehin başqa yaşayış yeri olmadığından kollegiya hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı anda icra edilməlidir.

64. Kollegiya cavabdehin “məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi” ilə bağlı dəlillərinə münasibətdə isə bildirir ki, iş materialları ilə həmin dəlillər təkzib olunur. Belə ki, cavabdeh iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş hər bir məhkəmə iclası barədə lazımi qaydada qabaqcadan məlumatlandırılmışdır. Bu səbəblə məhkəmə iclaslarına getməməsinin məsuliyyətini cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-930/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - “Cavabdeh tərəfindən 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151372 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qətnamə qalan hissədə, yəni ”Cavabdeh tərəfindən Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun öz hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulraq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan cəmi 100 (yüz ) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar