Məhkəmə qərarları › İş №2(103)-660/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-660/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-660/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 21 iyun 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 5.663,92 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Evi yarıya kimi tikildiyi üçün evdə yaşayış yoxdur. Buna baxmayaraq ASC-nin əməkdaşları iddiaçıya 5.663,92 manat məbləğində borc hesablamış və bunu onunla izah etmişlər ki, evdə quraşdırılmış sayğaca baxış keçirilən zaman müəyyən etmişlər ki, elektrik enerjisindən sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə edilmişdir. İddiaçı hesab edir ki, ona hesablanmış borc əsassızdır, çünki elektrik enerjisindən sayğacdan kənar istifadə edilməmişdir. Ev tikilən zaman sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə olunmuş və sayğaca uyğun olaraq da ödəniş aparılmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh ASC-nin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının adına olan abunə kodu üzrə sayğac qeyri-yaşayış sahəsində quraşdırılmışdır. Digər abonent, yəni iddiaçının atası Əzizxan Hüseynova məxsus sayğaca gələn qidalandırıcıdan isə kənar xətt çəkilərək həmin obyekt elektrik enerjisi ilə təmin olunur. xx.xx.2024-cü il tarixdə həmin əraziyə baxış keçirilən zaman nəzarətçilər müəyyən etmişlər ki, iddiaçının adına olan sayğacda sərfiyyat yoxdur. Buna görə də onlar iddiaçının barəsində NDM seriyalı, 037079 nömrəli akt tərtib etmişlər. Bundan sonra həmin akt əsasında hesablama aparılmış və iddiaçıya 5.663,92 manat məbləğində borc hesablamışdır. Tərtib edilmiş akt və həmin akt əsasında borcun hesablanması əsaslı olmuşdur. Buna görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2024-cü il tarixli, NDM seriyalı, 037079 nömrəli akt əsasına ASC tərəfindən iddiaçıya hesablanmış borcun məbləğinin azaldılmasını və borcun cəmi 2.770,88 manat məbləğdə müəyyən edilməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi halı öz təsdiqini tapmışdır. İddiaçıya 240 gün üçün 5.453,76 manat məbləğində hesablanmışdır. Məhkəmə hesab edir ki, borcun bu qaydada hesablanması düzgün deyil və borc aşağıdakı qaydada 120 gün üçün hesablanmalı dır: (11 kvts x 24 saat x 0,7 x 120 gün = 22.176 kvts; 22.176 kvts – 1.600 kvts = 20576 kvts, 1.600 kvts x 0,08 manat = 128 manat, 20.576 kvts – 800 kvts = 19.776 kvts, 800 kvts x 0,09 manat = 72 manat, 197.76 x 0,13 manat = 2.570,88 manat; 2.570,88+72+128=) 2.770,88 manat. Bu səbəbdən də iddia qismən əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, iddianın rədd edilməsi hissəsində düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

8. Cavabdeh ASC də həmçinin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

9. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Rayon Məhkəməsi əsassız olaraq cərimənin 120 gün müddətinə hesablanmasını ağlabatan hesab etmiş və bununla da elektrik enerjisindən istifadə qaydalarının tələblərini pozmuşdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

11. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğısatqısı barədə” 960992 nömrəli müqavilədən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, iddiaçıya məxsus olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış evi ASC tərəfindən elektrik enerjisi ilə təchiz ediləcək (abonent kodu: **********10066), iddiaçı isə istifadə olunmuş elektrik enerjisinin dəyərini sayğacın göstəricilərini uyğun olaraq ödəyəcək.

14. ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli, NDN seriyalı, 037079 nömrəli aktından görünür ki, İdarənin əməkdaşları yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə və evin qarşısındakı obyektə (mağazaya) baxış keçirən zaman müəyyən etmişlər ki, evdə elektrik enerjisindən sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə olunur. Kənar xətt sayğacları qidalandıran 0,4 kvtlıq xətdən budaqlanma yolu ilə (izolyasiya pozularaq) götürülmüşdür. Qoyulmuş güc kənar xəttin en kəsiyi sahəsinə görə (S=2x10 mm² alüminium) Pqay≈11 kvt təşkil edir. Kənar xətt abonent tərəfindən ləğv edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları Şahid və A.Əlizadə tərəfindən imzalanmış, abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Əhali kodu altında quraşdırılmış elektrik enerjisi sayğacı həm fərdi yaşayış evinə, həm də qarşısındakı qeyri-əhali obyektinə xidmət göstərir.

15. ASC-nin Akt Komissiyasının sədri tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” adlı sənəddən görünür ki, Suraxanı RETSİ, Hövsan qəsəbəsində yaşayan iddiaçıya məxsus evə aid sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə və qarşısındakı obyektə sayğac sistemindən kənar xətt daxil olur. Bununla bağlı qəbul edilmiş qərar ondan ibarət olmuşdur ki, iddiaçıya (11kvt x 24 saat x 0,7 x 240 gün - 44352 kvts, Tarif (0,08 man)-16000 kvtsx0,08=128,0 manat, tarif (0,09 man)-800 kvtsx0,09=72 manat, tarif (0,13 man)-41952 kvtsx0,13 =) 5.653,76 manat məbləğində borc hesablansın və kənar xətt ləğv edilsin.

16. ASC-nin müvafiq elektron sistemindən iddiaçı (abonent kodu: **********10066) haqqında çıxarışından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı tərtib olunan akt əsasında xx.xx.2024-cü il tarixində iddiaçıya 5653,76 manat cərimə hesablanmışdır. Abunə vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sayğac üzrə göstərici olmamışdır. xx.xx.2023-cü il tarixdə göstərici 76, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 127 kvt, xx.xx.2024-cü il tarixdə isə 345 kvt, xx.xx.2024-cü il tarixdə isə 1.016 kvt olmuşdur.

17. Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 1406 nömrəli arayışından görünür ki, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidə yerləşən və iddiaçıya məxsus yeni tikilmiş evdə yaşayış olmamışdır.

18. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən görünür ki, ev yarı tikili vəziyyətdədir, evin tikintisi davam edir, ev yaşayış umun yararsız vəziyyətdədir, evin damı yoxdur.

19. Rayon Məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə iclasında cavabdeh ASC-nin nümayəndəsi tərəfindən iddiaçıya məxsus sayğacın yerləşdiyi ünvanda keçirilmiş nəzarət tədbirləri zamanı lentə alınmış videoçəkilişə baxılmışdır. Videoçəkilişdən müəyyən olunmuşdur ki, mübahisəli kənar xətt, iddiaçıya məxsus evin qarşısında yerləşən qeyriyaşayış sahəsinə (ticarət obyektinə) daxil olan elektrik enerjisini təmin edən xətdən çəkilmişdir.

20. İşdə olan sənədlərdən görünür ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında faktiki olaraq yaşayış evi və yaşayış evinə bitişik yola baxan hissədə isə qeyriyaşayış sahəsi (mağaza) fəaliyyət göstərir. Qeyd edilən ünvan vahid ünvan olsa da, həmin ünvanda iki sayğac mövcuddur. Sayğaclardan biri iddiaçının atası Əzizxan Hüseynova (abonent kodu: **********10117), digəri isə iddiaçıya aiddir (abonent kodu: **********10066). Ev iddiaçıya, mağaza isə onun atası Əzizxan Hüseynova məxsus olsa da, ev Əzizxan Hüseynovun adına olan sayğacdan, mağaza isə iddiaçının adına olan sayğacdan elektrik enerjisini alır.

21. İddiaçı tərəfin vəsatəti əsasında iddiaçının, cavabdehin nümayəndəsi R.Hüseynovanın və xx.xx.2024-cü il tarixli aktın tərtib edilməsində iştirak etmiş "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin mühəndisi Şahid iştirakı ilə Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ünvana Rayon Məhkəməsi tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin qarşısında qeyri-yaşayış sahəsi (market) yerləşir. İddiasının atası Əzizxan Hüseynova məxsus abunə kodu üzrə sayğac həmin qeyri-yaşayış sahəsinin sağ tərəfində olan divara bitişik hasar üzərində quraşdırılmışdır. Həmçinin həmin qeyri-yaşayış sahəsinin sol divarında iddiaçıya məxsus abunə kodu üzrə sayğac quraşdırılmışdır.

22. "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin mühəndisi Şahid Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, iş planına uyğun olaraq tərəflərindən Hövsan qəsəbəsi, Zeytun sovxozu ünvanında iddiaçıya məxsus abunə kodu üzrə sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sayğacın əlaqəli olduğu qeyri-yaşayış obyekti olan market tam fəaliyyət göstərsə də, sayğacda sərfiyyat olmamışdır. Marketin hansı mənbədən elektrik enerjisi ilə qidalanması tərəflərindən müəyyən edilmişdir. Belə ki, marketin digər divarında olan digər abunəçi Əzizxan Hüseynova məxsus sayğaca gələn qidalandırıcıdan həmin marketə kənar xətt çəkilmişdir. Bu barədə tərəflərindən akt tərtib edilmişdir. Akt tərtib olunarkən marketin sahibi və adına sayğac quraşdırılmış iddiaçı orada iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir.

22. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən və iddiaçıya məxsus olan yaşayış sahəsində elektrik enerjisindən sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə edilmişdir.

23. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” tələblərinə görə, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir (bənd 1.2.). Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir (bənd 7.6.). İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır (bənd 8.17-1.). İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 8.7-12). İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir (bənd 9.10.).

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. İşin hallarından göründüyü kimi iddiaçıya məxsus abunə kodu üzrə sayğac faktiki olaraq təmin etməli olduğu qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etməmiş, digər şəxsə məxsus qidalandırıcı xətdən qeyri-yaşayış sahəsinə kənar xətt çəkilmişdir.

26. Belə olan halda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, iş üzrə iddiaçı cavabdeh ASC-yə vurduğu zərəri ödəməlidir. Rayon Məhkəmə bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

27. Zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, zərərin ödənilməsi məqsədi ilə ASC tərəfindən iddiaçıya 5.663,92 manat məbləğində hesablanmış borc 240 gün əsas götürülməklə hesablanmışdır. Lakin ASC bunu əsaslandırmamışdır. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi borcun 120 gün əsas götürülməklə hesablamaqda haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə hər iki tərəfin qətnaməni mübahisələndirdiyi hissələrdə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

32. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar