Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6601/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı “payın miras əmlak kimi faktiki qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-646/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin Həsənov X6 miras qalmış 1/8 hissəsinə paya dair vərəsəlik işinin açılmasının qeyri-qanuni hesab edilməsi və açılmış vərəsəlik işinin ləğv edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığına görə onun əsl cavabdeh olan X13 ilə əvəz edilməsini, Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini, Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin Həsənov X6 miras qalmış 1/8 hissəsinə olan payın miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixində Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduğu gündən bu günə qədər o, Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsi ev 11 ünvanında qeydiyyatdadır, orada yaşayıb və yaşamaqda davam edir. Həmin ünvana köçdüyü gündən bu günə qədər qeyd edilən evdə mərhum qaynatası, qaynanası, əri, ondan və uşaqlarından başqa heç kim yaşamamışdır və bu gün də yaşamır. 2015-ci ildə həyat yoldaşının əmisinin nəvəsi X14 həmin evə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, onun iddiası təmin olunmamışdır. Bu barədə rayon məhkəməsinin qətnaməsi apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra o, X14 və onun atası X7 Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsi ev 11 ünvanında qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, onun iddiası təmin edilmişdir. Həmin qərardan narazı qalan X14 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə baxılan dövrdə X13 Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh müraciət edərək atası Həsənov X6 miras qalmış Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evə olan 1/8 hissədə pay üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh isə X7 Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evdə qeydiyyatda olmasını əsas gətirərək onun müraciəti əsasında vərəsəlik işi açmışdır. Qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmədiyi və faktiki olaraq mirası qəbul etmədiyi üçün Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh tərəfindən vərəsəlik işi açılması qeyri-qanuni və əsassızdır. X13 atası Həsənov X6 miras qalmış Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın miras kimi qəbul edilməsi ilə bağlı nə qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etməmiş, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Buna görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)- 646/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2421/20 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə cavabdeh X1 şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi X1 şikayətinə münasibətdə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İşin halları nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hеsаb еdir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən və mülki iş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli ev vaxtilə iddiaçının əri Həsən-zadə Mənsur Fətulla oğlunun babası X9 məxsus olmuş, Ağa Həsənovun vəfatından sonra həmin ev vərəsəlik qaydasında bir neçə vərəsənin adına payları müəyyən edilməklə qeydə alnmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, ümumi sahəsi 105,7 kv.metr olan həmin fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında 1/8 hissədə Həsənov Böyükağa Ağa oğlunun, 1/8 hissədə Həsənov X10, 1/8 hissədə Quliyeva Şərəbanı xanımın, 4/8 hissədə X2 və 1/8 hissədə İddiaçı adına qeydə alınmışdır. Paylı mülkiyyətçilərdən X3 xx xxxx 2006-cı ildə, Həsən-zadə Mənsur Fətulla oğlu isə xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Mübahisə predmeti olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin 1/8 hissəsinə mülkiyyət hüququ əvvəllər Həsən-zadə Mənsur Fətulla oğluna məxsus olmuş, hazırda Həsən-zadə Mənsur Fətulla oğluna məxsus pay qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçının əri X4 ilə Həsənov X15 əmioğludur. Həsən-zadə Mənsur Fətulla oğlu cavabdehin atası Həsənov X10 beşinci növbədə vərəsəsidir. İddiaçı isə öz növbəsində əri Həsən-zadə Mənsur Fətulla oğlunun qanun üzrə vərəsəsidir. İddiaçının əri əmisi oğlundan miras qalmış əmlakı faktiki qəbul etsə də, bu hüququnu rəsmiləşdirmədən ölmüş, bu hüququ irsi transmissiya qaydasında qanun üzrə vərəsəsi olan iddiaçıya keçmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktik olaraq idarə etməmişdir. Bununla da, cavabdeh mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. İddiaçı isə əksinə mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməsə də, miras əmlaka sahiblik etmiş və həmin əmlakı faktik olaraq idarə etməklə miras əmlakı qəbul etdiyini aşkar şəkildə nümayiş etdirmişdir. Göstərilənlərə əsasən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verilən şikayətlər üzrə işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin həmin işlə bağlı əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...cavabdeh X7 mübahisəli miras əmlakı qəbul edib-etməməsi məsələsi hazırkı iddia daxilində həll oluna bilməz. Ona görə ki, işdə olan materiallarla mübahisəsiz olaraq müəyyən olunur ki, cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq notariat kontoruna ərizə ilə müraciət etmiş, (halbuki apelyasiya məhkəməsinin müəyyən etdiyinə görə belə müraciət mövcud deyil) onun ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin hazırkı işin icraatı daxilində iddianın təmini tədbirinə dair verilmiş ərizə əsasında vərəsəlik işinin icraatı faktiki olaraq dayandırılmış və nəticələnməsinin qarşısı alınmışdır. Hər bir halda həmin vərəsəlik işi üzrə müvafiq olaraq nəticə əldə olunduqdan (yəni mirasın qəbulu haqqında şəhadətnamə verilməsi, müddətin keçməsi və ya hər hansı əsasla imtina olunmasından) sonra hazırkı iş üzrə iddiaçının iddia etdiyi əsaslar mövcuddursa və miras əmlak üzərində digər hər hansı vərəsənin hüquqların müəyyən olunması üçün əsaslar mövcud olmadığı təqdirdə notariat kontoruna müraciət edərək mirasın qəbulu haqında şəhadətnamə ala və ya bunun mümkün olmadığı təqdirdə isə müvafiq subyektiv hüququna malik olduğu təqdirdə məhkəmədə iddia tələbi irəli sürmək hüququna malik ola bilər. Digər tərəfdən iş materialları ilə müəyyən olunmur ki, iddiaçı qəbul etmiş olduğu və irsi transmisiya qaydasında hüquq əldə etdiyi əmlakla bağlı mirasın qəbul edilməsinə dair müvafiq notariat kontoruna müraciət etmiş, ona imtina olunmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının iddia ərizəsində cavabdeh qismində cəlb etdiyi şəxslərin onun hansı hüquqlarını pozması və ümumiyyətlə məhkəmə mübahisənin mövcud olması müəyyən edilməmiş vəziyyətdə qalmışdır. İddiaçı ilkin olaraq notariat kontoruna qarşı tələb irəli sürərkən müvafiq olaraq artıq açılmış vərəsəlik işinin qeyri-qanuni hesab edilməsi və vərəsəlik işinin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra isə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək iddia tələbinin artırılması hüququndan istifadə edərək faktiki olaraq ilk iddia tələbi ilə fərqli əsas və predmetə malik olan yeni iddia tələbi irəli sürmüşdür. Məhkəmələr isə işə baxılarkən bu qaydada iddia tələbinin həcminin artırılmasının mümkünlüyü ilə bağlı heç bir münasibət bildirməmişlər. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarı) Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmələr cavabdehin mirası faktiki qəbul etmədiyini və iddiaçının mərhum həyat yoldaşının mirası faktiki qəbul etdiyini göstərmiş olsa da faktiki olaraq nəzərə almamışlar ki, miras qoyan Həsənov X15 xx xxxx 2006-cı il tarixdə, mirası faktiki qəbul etməsi iddia olunan Mənsur Həsən-zadə isə xx.xx.2014-cü ildə vəfat etmişdir, buna qədər isə Mənsur Həsən-zadə öz atasından qalmış miras əmlakı rəsmi olaraq qəbul etmişdir. Həmin vaxt iddiaçının göstərdiyi kimi miras əmlak faktiki olaraq mərhum Mənsur Həsənzadə tərəfindən faktiki qəbul olunmuşdursa onun hazırkı mübahisələndirilən hissə üzrə miras əmlakın qəbul edilməsi labüd ola bilərdi. Lakin apelyasiya məhkəməsi işin göstərilən halını araşdırmamış və faktiki olaraq digər tərəfin miras əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyi nəticəsinə gəlmişdir. İş üzrə cavabdeh tərəf miras əmlakı miras qoyanın vəfatından sonra faktiki qəbul etdiyini, orada yaşadığını və hazırkı iş üzrə iddiaçı tərəfindən hərəkətləri nəticəsində yaşamağın davam etdirilməsinin mümkün olmamasını göstərmişdir. İşin digər halları ilə aşkar olaraq müəyyən olunur ki, miras əmlak müvafiq olaraq paylı mülkiyyətinin bir hissəsidir və həmin payçılar da müvafiq olaraq vərəsə olmaq hüquqlara malikdirlər.”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeləri nəzərə almaqla kollegiya mübahisənin mahiyyəti ilə bağlı yalnız onu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Kollegiya qeyd edir ki, iddianın əsasının dəyişdirilməsi iddia tələbini təsdiq edən yeni hallara istinad edilməsində və ya ilkin əsasların bəzilərinin aradan qaldırılmasında ifadə olunur. İddiaçının əvvəl irəli sürdüyü hüquqi faktların məzmununun dəqiqləşdirilməsi və ya onları konkretləşdirməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə bilməz. İddianın əsasının dəyişdirilməsi o zaman mövcud olur ki, maddi hüquq münasibətinin hipotezasını təşkil edən yeni hüquqi faktlar təqdim edilsin və ya həmin faktlar başqası ilə əvəz olunsun. İddianın predmetinin dəyişdirilməsi isə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin dəyişdirilməsidir, yəni bu zaman iddia tələbinin mahiyyəti dəyişdirilir. MPM-in şərh olunan maddəsinə əsasən, iddiaçı iddianın ya predmetini, ya da əsasını dəyişə bilər. İddiaçı eyni zamanda iddianın həm əsasını, həm də predmetini dəyişdikdə, mahiyyətcə yeni iddia irəli sürülmüş olur. Ona gö-rə də bu halda məhkəmə MPM-in 149-156-cı maddələrinin tələblərini rəhbər tutaraq iddia ərizəsinin ilkin olaraq verilməsi ilə bağlı məsələləri həll etməlidir. İlk və sonradan təqdim edilmiş iddia tələblərinin qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçı iddianın eyni zamanda həm əsasının, həm də predmetinin dəyişdirmişdir. Belə ki, iddiaçı ilkin olaraq cavabdeh Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin Həsənov X6 miras qalmış 1/8 hissəsinə paya dair vərəsəlik işinin açılmasının qeyri-qanuni hesab edilməsi və açılmış vərəsəlik işinin ləğv edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığına görə onun əsl cavabdeh olan X13 ilə əvəz edilməsini, Bakı şəhəri 46 saylı notariat bürosunun xüsusi notariusu Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini, Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində yerləşən 11 nömrəli evin Həsənov X6 miras qalmış 1/8 hissəsinə olan payın miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-646/2019 saylı, xx xxx 2019-cuil tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X8 qarşı “payın miras əmlak kimi faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6601/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6601/2020
16.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver