Məhkəmə qərarları › İş №2(103)-6602/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6602/2021

08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6602/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)-892/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın üzərində heç bir əzik, zədə və ya cızıq olmamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, həmin sayğacda problem olub, sayğacın şüşəsi sınıb. Buna görə Akt tərtib olunub. Həmin sayğac 20 ildir ki, onun istifadəsində olub, istismar qaydası bitmişdir. Nəzarətçilərin dediyinə görə isə sayğac dayanmışdır. “Azəriqaz” İB-nin ******* saylı 29.03.2019-cu il tarixli aktında qeyd edilmişdir ki, sayğacın qoruyucu şüşəsi sınmışdır. Akta imza etməkdən imtina etməyi qeyd edilmişdir. Bütün bunlar qeyd olunan aktın ləğvi üçün əsasdır. Hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək, kənar, yad müdaxilələrdən mühafizə edilərək, sözügedən sayğacın labaratoriyaya qədər hər hansı bir zədə almadan çatdırılmasını təmin etməlidirlər. Bu zaman yenisi ilə əvəz edilən köhnə qaz sayğacı abonentin ünvanındakı kimi, yəni qaz sayğacının əvəz edilərək dəyişdirilməsinə qədərki vəziyyətdə saxlanılacaqdır. Bundan başqa, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərkən sonrakı mərhələdə, yəni labaratoriyada onun möhürü şəffaflıq nöqteyi nəzərdən abonentinora dəvət edilməsi yolu ilə onun yanında və onun iştirakı ilə açılmalıdır. Halbuki nədənsə belə hallara rast gəlinmir. Həmçinin bildirir ki, yeni qaz sayğacı da “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırıldıqdan sonra müşahidə etmişdir ki, sayğacı düzgün quraşdırmayıblar. Tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin ona məxsus mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçı olaraq onun təqsirini sübuta yetirmədən, ondan sayğacın dəyərini və qaz sərfıyyatına görə dəyən ziyanı tələb edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)-892/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvana hesablanmış 486 (dörd yüz səksən altı) manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi qət olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)-892/2021 saylı qətnaməsinin ləğv edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə qəbul edilərkən, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)-892/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etimşdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanının təbii qaz istehlakçısıdır. İş materiallarında olan 25.01.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, sayğac sərfiyyatı qeydə alınmadığı üçün GALLUS tipli, G-4 markalı, ******* nömrəli sayğac dəyişdirilərək yerinə İtran tipli, G-4 markalı, STS**********6 nömrəli sayğac quraşdırılmışdır. 29.03.2019-cu il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın qoruyucu şüşəsinin sındığı barədə ******* nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülkihüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaqməqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin-hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz. sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin yuxarıda sadalanan normalara əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacına ilə bağlı zədələnməyə görə iddiaçıdan borc ödənilməsini tələb edə bilməz. Odur ki, məhkəmə iddianı təmin edərək, borcun silinməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən veilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)- 892/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar