Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6602/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(009)-720/2023 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 “a” saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 333 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qeyd olunan qətnaməyə yeni açılmış hallar üzrə yenidən baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 434.1-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş bu Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. MPM-in 434.4-cü maddəsinə görə, müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o, ərizəçiyə qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Belə olan halda, qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olmaması əsası ilə ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmış Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6602/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6602/2023
24.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver