Məhkəmə qərarları › İş №2(103)-6605/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6605/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6605/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-yə, “xxxx” BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)-2862/2021 nömrəli qərardadından “xxxx” BOKT MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-yə, “xxxx” BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, A.Abdullayev küçəsi, ev 8-in üzərinə həbs qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)- 2862/2021 nömrəli qərardadına əsasən ərizə qismən təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, A.Abdullayev küçəsi, 8 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. “xxxx” BOKT MMC qərardaddan şikayət verərək, ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışıdr ki, iddianın təmin tədbiri kimi “yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi” gecikmiş qərardır. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, A.Abdullayev küçəsi, 8 saylı yaşayış evinin açıq hərracdan satılması ilə bağlı 28.09.2020-ci il tarixində birinci, 12.10.2020-ci il tarixində isə ikinci hərracı keçirilmiş, hərracın iştirakçısı olmadığına görə ipoteka predmeti ipoteka saxlayana təklif edilmiş və tərəfindən 27 noyabr 2020-ci il tarixli məktubla əldə etməyə razı olduqlarını bildirmiş və 4 031,25 manat təşkil edən hərrac xərcini ödəmişlər. Bildikləri qədər hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi Bakı şəhəri, Cavabdeh2nə təqdim edilmişdir. Digər tərəfdən, bu qərardadın icrası qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra icraatının faktiki olaraq dayandırılması demək olacaq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 2862/2021 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, kollegiya onların iştirakları olmadan işə baxılması və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya şikayəti iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. 160.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddianı təmin etmək haqqında qərardad məhkəmə qətnamələrin icrası üçün müəyyən edilmiş qaydada dərhal icra edilir. Qanunvericiliyə əsasən iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Həmçinin qeyd edilməlidir ki, mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması həmin əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından ibarətdir ki, bu da iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi və subyektiv hüquqların real bərpası üçün kifayət edir. Göründüyü kimi, iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən müvəqqəti xarakter daşıyan tədbirdir. Həmin tədbir o zaman zəruri olur ki, onun görülməməsi çıxarılacaq qətnamənin gələcəkdəki icrasını qeyri-mümkün etsin, yaxud çətinləşdirsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan daşınmaz əmlakların özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158, 159, 263, 264, 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: “xxxx” BOKT MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)- 2862/2021 nömrəli qərardadı “xxxx” BOKT MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar