Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6605/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6605/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-483/2023 saylı 09 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evinə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 1347.84 manat cərimə borcu hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00032) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1347, 84 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində öz ailəsi ilə birlikdə əsasən ilin isti vaxtlarında yaşayır. O, vaxtı-vaxtında həmin ünvanlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya 28 fevral 2022-ci il tarixində həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdikləri aşkar etmişdirlər. Buna görə də akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 1347.84 manat məbləğində əsassız borc yazmışdırlar. Ona məxsus yuxarıda qeyd olunan təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş, bu akt əsasında əsassız borc yazmışdırlar. Sözügedən akt onun iştirakı olmadan tərtib edilmiş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli rəydə ona məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya ona məxsus ünvanda “PQ-4” tipli qaz peçinin, “QSQ”-nin və “dəmir soba” nın olması qeyd olunmuşdur. “PQ-4” tipli qaz peçinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSQ”-nin saatlıq qaz sərfiyyatı 2,6 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “dəmir soba” nın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 90 gün üçün aparılmışdır. İddiaçı sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “QSQ”-nin və “dəmir soba” nın sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Lakin buna baxmayaraq Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və ona məxsus ünvana baxış keçirmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemi mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. İddiaçı Komissiya tərəfindən aparılmış hesablama ilə razı deyildir. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfiyyatıq qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfiyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərikən qaz sərfiyyatı, bu sərfiyyat əsasında hesablanmış borc məbləğləri iddiaçı razı deyildir. Belə ki, Birliyin əməkdaşları yalnız PQ-4 tipli qaz peçinə görə ona bir gün üçün 3.45 manat ekvivalentində qaz sərfiyyatı hesablamışdır. Halbu ki, PQ-4 tipli qaz cihazının aylıq qaz səfiyyatının 5 manat civarında olması heç kimə sir deyildir. Bundan başqa Birliyin əməkdaşlarından ibarət komissiyanın rəyində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz cihazının 90 gün müddətində fasiləsiz işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(011)- 483/2023 saylı qətnaməsi ilə (hakim - İlahə Abbasova) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00032) dair əsassız hesablanmış 1347.84 manat borc məbləğini silmək vəzifəsi Cavabdeh İB-yə həvalə edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə, 18-ci maddəsinin 1-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
11. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
14. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
18. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
19. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 1347.84 manat borcu vardır.
30. Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur” kimi qeyd edilmişdir.
31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/548 saylı, 16 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməmişdir
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır.
33. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
34. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-483/2023 saylı iş üzrə 09 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova