Məhkəmə qərarları › İş №2(103)-6611/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6611/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6611/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (W Service Səlahiyyətli Xidmət Mərkəzi” müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (W Service Səlahiyyətli Xidmət Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli zəmanət talonundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin mağazasından 1 illik zəmanətlə 1399 manata “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon almışdır.

2. 5216 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh MMC-nin mağazasında İphone 11, Purple 64GB mobil telefon üçün 1399 manat ödənilmişdir.

3. İş materiallarında olan W Service Səlahiyyətli Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli texniki rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə satılmış “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefonunda donma, öz-özünə sönmə, səs qüsuru olduğuna dair xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Servis tərəfindən qüsur təsdiqlənməmişdir.

4. “Alma Store” Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” olan mobil telefon diaqnostika olunmuş, dinamikdə qüsur aşkar olunmuşdur. Aşkarlanan qüsur istehsal qüsurudur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefonun MMC tərəfindən təhvil alınması, ödədiyi 1399 manat və 34 manat dövlət rüsumunun MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə “NLT Telecom” kimi tanınan, hüquqi adı Cavabdeh MMC (VÖEN:**********, hüquqi ünvanı: AZ1005, ünvan 1ı şəhəri, Nizami küçəsi 93D ünvanında yerləşən mağazasından iphone 11 (64gb) markalı mobil telefon almışdır. Mağazada mobil telefon yeni açılıb, ona təhvil verilib və heç bir fiziki qüsuru olmayıb. Lakin telefonu 2-3 gün istifadə etdikdən sonra səs və akustika sistemində problemlərin olduğu aşkar olunmuş, internet vasitəsilə müxtəlif proqramlarla səs göndərən və qəbul edən zaman səs qırılıb, bəzən ümumiyyətlə səsi dinləmək olmurdu. Eyni zamanda zəng zamanı bir neçə dəfə olub ki, telefonda qarşı tərəfin səsi eşidilməyib və zəng gələn zaman telefon sönüb. Bu problemlər mütəmadi olaraq, gün ərzində bir neçə dəfə baş vermişdir. xx.xx.2022-ci il tarixində, telefonda olan problemlər səbəbindən telefonu qaytarmaq üçün mağazaya getmiş, problemi izah etmiş, telefonu yenisi ilə dəyişmək və ya qaytarmaq kimi seçim təklif etmiş, heç biri ilə razılaşmamışlar. Baxmayaraq ki, telefonun xarici görünüşündə heç bir qüsur aşkar olunmamışdır. Kassa çeki, zəmanət talonu, telefonun üzərində verilən bütün aksesuarları var idi və telefon alındığı vəziyyətdə idi. Həmin gün onu servisə yönləndirdilər, servis isə sadəcə kənardan baxaraq rəy vermiş ki, telefonda heç bir problem aşkar edilməmişdir, heç bir daxili və xarici müdaxilə yoxdur. Onlar da qeyd etdilər ki, belə bir problemi onlar telefona kənardan baxmaqla müəyyən edə bilmədilər və bir halda ki, telefon qaytarılacaqsa telefonun açılmasına ehtiyac yoxdur. Yeri gəlmişkən telefonda yaranan bəzi problemləri çəkib, həm mağaza işçisinə həm də servisdə video şəklində təqdim etmişdir. Həmin servis tərəfindən təyin edilən qüsursuzluq aktı, kassa çeki, telefona məxsus digər aksesuarlarla birlikdə, mağazaya xx.xx.2022-ci il tarixində yenidən yaxınlaşmağına baxmayaraq mağaza işçisi özünü satış meneceri kimi təqdim edən Cabir Əliyev adlı məsul şəxs telefonu geri qaytarmaqdan imtina etmiş və istənilən orqana şikayət edə biləcəyini qeyd etmişdir. Səbəb kimi, "telefon artıq açılıb, onu kimə sata bilərik, telefondakı problemi indi bu dəqiqə təqdim et və s." kimi uyğunsuz arqumentlər söyləmişlər. O, bildirmişdir ki, siz və tərəfdaş olduğunuz servis telefonda qüsurun aşkar olunmasını qəbul etmir və servis tərəfindən telefonda heç bir problem aşkar olunmadığı qeyd olunur, o zaman telefonu aldığı müddətdən 14 gün tamam olmadığına görə həmin malı onun tələbi ilə digər mala dəyişməlidirlər. Yenisi ilə əvəz etmək və ya qaytarmaq tələblərinin heç biri mağaza tərəfindən qəbul olunmamışdır. Hal-hazırda telefon ondadır, istifadə olunmur və mağaza geri götürmür.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 avqust 2022-ci il tarixli 2(009)-1115/2022 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmiş, İddiaçı “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon Cavabdeh MMC tərəfindən təhvil alınması, Cavabdeh MMC-dən 1399 manat və 34 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, istehlakçı aldığı malda qüsur aşkarladıqda və ya göstərilən xidmət keyfiyyət tələblərinə cavab vermədikdə malı dəyişdirmək və ya geri qaytarmaq, xidmətdən imtina etmək və başqa hüquqlarından istifadə etmək hüququ vardır. Eyni zamanda malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan, ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borcludur.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 588.1, 588.2, 589.3, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 7, 15ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, bir-birinə zidd olan iki texniki rəy olduğuna görə məhkəmə ekspertiza təyin etməli və ya işə baxılarkən kömək etmək üçün mütəxəssis cəlb edilməli idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

18. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

19. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

“İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikası Qanunu

20. Maddə 3. Azərbaycan Respublikası ərazisində istehiakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfıyyətdə olması hüquqununa malikdirlər.

21. Maddə 5.3-cü bənd. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

22. Maddə 7.1-ci bənd. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

23. Maddə 15. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.

Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə tam yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

32. MMC üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, yəni keyfiyyətli əşya verməyə borclu olduğu halda qüsurlu əşya satmışdır. İddiaçı istehlakçı kimi malın qüsurlu olması səbəbindən cavabdehdən ödədiyi pulu geri tələb etmək hüququndan istifadə etməkdə haqlı olmuşdur.

33. Məhkəmə haqlı olaraq göstərmişdir ki, istehlakçı aldığı malda qüsur aşkarladıqda və ya göstərilən xidmət keyfiyyət tələblərinə cavab vermədikdə malı dəyişdirmək və ya geri qaytarmaq, xidmətdən imtina etmək və başqa hüquqlarından istifadə etmək hüququ vardır. Eyni zamanda malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan, ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borcludur.

34. İddiaçıya qüsurlu telefon satılmışdır və onun həmin telefonu yenisi ilə dəyişdirmək və ya dəyərini qaytarmaq barədə tələbi haqlı olmuş, lakin cavabdeh həmin tələbi yerinə yetirməmişdir.

35. “Alma Store” Servis Mərkəzi məhz “İphone” markalı mobil telefonlar üzrə ixtisaslaşdırılmış Servis Mərkəzi olmaqla, həmin rəy mötəbər hesab edilir.

36. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2022 saylı iş üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar