Məhkəmə qərarları › İş №2(103)-6614/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6614/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6614/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2021 nömrəli, 27 may 2021ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı 30.04.2021-ci il tarixdə Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun və Maqerramova Münəvvər-Khanum Eynulla qızı arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin, iddianı təmin etmə tədbiri barədə ərizə verərək, hazırkı işə baxılıb yekun qərar çıxarılana qədər 2(005)-3541/2018 saylı, 07.08.2018-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini və qərardadın icrasının Nərimanov rayon İcra Şöbəsinə həvalə olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə (hakim G.Axundova, iş № 2(004)-3444/2021) ərizə təmin edilməmişdir. İddiaçı sözügedən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının dayandırılmasının iddianın təmin tədbiri olmadığını qeyd edir. Lakin Azərbaycan Respublikası MPM-nin 158.1.5-ci maddəsinə əsasən, borclu tərəfidən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq iddianı təmin etmək üçün tədbir hesab olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsinin Plenumuunn 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır... İddianın təmin tədbirinin tətbiq edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə səbəb ola bilər ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılan hüquqi mövqeyinə ziddir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa da və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, hazırkı iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib deyil və bu tədbirin görülməsi digər tərəflərin qanuni mənafelərinə zərər vurulması ilə nəticələnə bilər. Şikayətin əsas dəlillərindən biri qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının dayandırılmasının MPM-nin 158.1.5-ci maddəsində iddianın təmin tədbiri kimi nəzərdə tutulması, lakin işə baxan məhkəmənin əsassız olaraq bu tədbiri tətbiq etməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və onunla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 158.1.5-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınması dayandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 158.1.5-ci maddəsində icra sənədi dedikdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qətnaməyə əsasən verilən icra vərəqəsi, məhkəmə əmri və borcun mübahisəsiz qaydada tutulmasına dair icra sənədləri (notariusun icra qeydi) nəzərdə tutulmur. Nəzərdə tutulan icra sənədləri aliment ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlər, notariat orqanının icra qeydləri, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları və sairədir. Həmin maddədə göstərilən icra sənədinin ehtiva etdiyi icra sənədlərinin siyahısında məhkəmə qərarlarının və borcun mübahisəsiz qaydada tutulmasına dair icra sənədlərinin istisna edilməsi onunla əlaqədardır ki, hər hansı iddiaya dair mülki işə baxarkən digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılmasının iddianın təmini tədbiri kimi tətbiq olunması məhkəmə aktlarının məcburiliyinə dair MPM-nin 15-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun aid olduğu iş üzrə mübahisəyə son qoyduğu üçün həmin mübahisə üzrə tələbin borclu tərəfindən yenidən məhkəmə qaydasında mübahisələndirilməsi MPM-nin 153.2.2, 261.0.2, 261.0.3, 262.4-cü maddələrinin tələbinə əsasən yolverilməzdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icra sənədi üzrə icraatın dayandırılması borclunun ərizəsinə əsasən deyil, MPM-nin 231.3-cü maddəsinin tələbinə müvafiq olaraq icra məmurunun təqdimatına əsasən icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən həll olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar