Məhkəmə qərarları › İş №2(103)-6622/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6622/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6622/2024 20.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ iş № 2(103)-6622/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(002)-26/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC Cavabdeh qarşı «kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP543 saylı kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 6.327,40 manat faiz, 2,25 manat cərimə olmaqla, cəmi 118.837,27 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın Bakı şəhəri ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; Bakı şəhəri ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 409 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(002)- 26/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsininin 19 noyabr 2024-cü il tarixli məktubuna əsasən həmin qətnamədən İddiaçı ASC tərəfindən də 14 noyabr 2024-cü il tarixdə apellyasiya şikayətinin verildiyi bildirilmiş və mümkünlük məsələsinə baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. MPM-nin 384.0 və 384.0.6-cı maddəsi apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyi təqdirdə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarlma imkanını nəzərdə tutur.

7. Hazırkı vəziyyətdə apellyasiya şikayəti icraata qəbul olunmadığından və bu halda işin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı münasibətləri tənzimləyən norma olmadığından məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 13.4-cü maddəsi tətbiq olunmaqla iddiaçının qətnəmədən verdiyi apellasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair mülki iş İddiaçı ASC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(002)-26/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar