Məhkəmə qərarları › İş №2(103)-6624/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6624/2023

13.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6624/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər “qanunsuz tikililərin sökülməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh11, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh10, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-230/2023 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli, 09/91 saylı ayrıc aktı ilə Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədləri dəqiqləşdirilmişdir.

2. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1803 nömrəli sərəncamından müəyyən olunur ki, Yasamal rayon İnşaat Mühəndisləri Universitetinin tələbə şəhərciyində məskunlaşan məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir.

3. Cavabdehlərdən Cavabdeh5 məcburi köçkün deyil.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti cavabdehlər Cavabdeh11 və digərlərinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək universitetin tələbə şəhərciyinin yataqxanalarının həyətində qanunsuz tikilən obyektlərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-ci illərdə erməni təcavüzkarları tərəfindən Azərbaycanın bir sıra rayonlarının işğal edilməsi nəticəsində həmin rayonların əhalisi öz dədə-baba yurdundan məcburi köçkün düşmüşdürlər. O dövrdə respublikanın siyasi, sosial-iqtisadi vəziyyəti ağır olduğundan həmin məcburi köçkünlər Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin yataqxanalarında yerləşdilər. Sonrakı illərdə inkişaf etmiş, dövlətin sosial-iqtisadi gücü artdıqca məcburi köçkünlər üçün yaşayış binaları tikmiş, mənzillərlə təmin etmişdir. Lakin Universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlərin bir hissəsi mənzillə təmin olunsalar da yataqxananı tərk etməmişlər. Həmin ailələr, Bakı şəhər İcra Hakimiyyətinin 09/91 saylı (iş- №08/i -310) Ayrıc aktı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən tələbə şəhərciyinin yataqxanalarında məskunlaşmışlar. Bütün bu dövr ərzində məcburi köçkünlər tələbə şəhərciyinin ərazisində yerləşən İV və V saylı yataqxanların qarşısında heç bir hüquqi sənəd olmadan, müvafiq strukturlarla razılaşdırılmadan, icazə almadan qanunsuz olaraq müxtəlif tipli iaşə və digər obyektləri tikərək icarəyə vermişlər (istifadə etmişlər) və hələ də qanunsuz tikililərdən istifadə edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində həmin ərazi yararsız hala salınmış, yataqxanaya ciddi ziyan vurulmuşdur. Tələbə şəhərciyinin ərazisində tikilmiş qanunsuz tikililər tələbələrin müasir tələblərə uyğun olaraq yaşamaları və təhsil almaları, təhlükəsizliyi, sağlamlığı baxımından ciddi təhlükə mənbəyidir və yaranan səs-küy, anti-sanitar vəziyyət artıq ciddi problemlər yaradır. Haqlı olaraq həmin tələbələr bununla bağlı öz narazılıqlarını bildirirlər. Universitetin dəfələrlə müraciət və xahiş etməsinə baxmayaraq, həmin şəxslər yataqxananı tərk etmirlər.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5243/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8195 saylı ekspert rəyinə əsasən iş materiallarında olan şəkillərdə öz əksini tapan tikililər Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin ərazisində yerləşdiyi müəyyən edilmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 230/2023 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia tələbi təmin edilmiş, iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin ərazisində yerləşən cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi, keçirilmiş ekspertiza xərci olaraq 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə sübut olunur ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin qanuni sahibliyində olan ünvan 1 ünvanda yerləşən tələbə şəhərciyinin ərazisində cavabdehlər tərəfindən müxtəlif təyinatlı tikililər inşa edilmiş və həmin tikilələrə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə qanuni sahib iddiaçı Universitetin sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Həmin tikililərin iddiaçının balasında olan torpaq sahəsində yerləşməsi iş materialları ilə sübuta yetmişdir. Mübahisəli tikililərə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin tikililərin özbaşına tikililər olması işin mübahisəsiz halıdır. Həmin tikililər iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq qanunsuz tikililərin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1803 nömrəli sərəncamı ilə bağlı məhkəmə qeyd etmişdir ki, sərəncamın məzmunundan göründüyü kimi Universitetinin tələbə şəhərciyində məskunlaşan məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir. Məhkəmə müvəqqəti dedikdə, 27 illik müddəti ağlabatan müddət kimi qəbul edilməsini məqbul saymır. Eyni zamanda, məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur ki, sözügedən ərazidəki yataqxanada məskunlaşmış məcburi köçkünlərin əksəriyyəti Qobu qəsəbəsində inşa edilmiş yaşayış məntəqəsindəki mənzillərlə təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1, 4.17-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.1, 157.2, 157.4, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 88, 121.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qaçqın deyildir və orda ev tikməmişdir. Cavabdeh təşkilatın bütün müdriyyəti ondan qabaq bu tikilinin tikilməsini görmüş və buna göz yummuşlar. Bu da müdriyyətin susmağının razılıq əlaməti olduğunu bildirir. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır. O, mübahisəli ərazidə tikilən evi 20 il bundan qabaq alanda və oranı təmir edəndə iddiaçı təşkilatın heç bir nümayəndəsi orda nə iş gördüyünü, nə elədiyini soruşmamış, maraqlanmamışlar. Bunun nədən irəli gəldiyini bugünə kimi bilmir. Məhkəmə işin halların tam araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı ilə 2009-cu ildə mübahisəli torpaq sahəsi iddiaçı təşkilatın balansına verilmişdir. Bugünə kimi, yəni məhkəməyə müraciət edilən dövr üçün nə ona, nə də onunla yaşayan ailə üzvlərinə rəsmi müraciət edilməmişdir. İddiaçı təşkilat, mübahisəli ərazi onun istifadəsinə verildiyi ildən 13 il sonra – 2022-ci ildə Yasamal rayon Məhkəməsində iddia qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh5 nümayəndəsi və vəkili başqa məhkəmə iclasında iştirak etməsi səbəbi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunu təsdiq edən sənədləri təqdim etməmiş, iddiaçının və üçüncü şəxsin nümayəndələri, habelə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Maddə 8.0.1. Təhsil sisteminə bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri daxildir. Maddə 37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir. Maddə 37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir. Maddə 37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və Cavabdeh5 apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı həmin cavabdehə aid hissədə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Cavabdeh5 iddiaçının qanuni sahibliyində olan torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşayır. Həmin tikiliyə dair cavabdeh tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əmlakın qanuni sahibi kimi hüququ cavabdeh tərəfindən pozulduğundan iddia tələbi təmin edilməlidir.

23. Nəzərə alınmalıdır ki, sökülməsi tələb edilən qanunsuz tikililər tələbə şəhərciyinin yataqxanalarının ərazisində yerləşir, həmin tikililər iddiaçından savayı həmin təhsil müəssisəsində təshil alan və yataqxanada məskunlaşmış tələbələrin də hüquqlarına xələl gətirir.

24. İşdən o da görünür ki, iddiaçı tərəfindən cavabdehə yataqxanada müvəqqəti olaraq 1 otaq təklif olunmuş, lakin Cavabdeh5 bu təkliflə razılaşmamış, kompensasiyanın ödənilməsini və ya 2 otaqla təmin edilməsini tələb etmişdir.

25. Məhkəmə kollegiyası Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olaraq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-230/2023 nömrəli qətnaməsi həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh5 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar