Məhkəmə qərarları › İş №2(103)-6628/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6628/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6628/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(003)- 1665/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1402 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanına məxsus qaz sayğacına dair əsassız olaraq ******* saylı 20 fevral 2018-ci il tarixli akt tərtib edilmişdir. Onun bu aktdan xəbəri olmamış və iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olub ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmiş və guya bu sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Həmin akt əsasında onun 1402 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək niyyəti olmamışdır. Həmin aktda qeyd olunan sayğacın plasmas borusunun deşik vəziyyətdə olmaması isə ona aydın olmayan səbəbdən baş vermişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Cavabdeh 604 manat cərimə olunmağı barədə aktı ona versələrdə ümumilikdə 1402 manat borcu olduğunu bildirmişdilər. O digər aktı cavabdehdən tələb etsə də yalnız bir aktın olduğunu ona bildirdilər. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və bu qədər cərimə məbləğinin hardan yarandığı ona məlum deyil. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(003)-1665/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 1402 manat borcun silinməsi, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddia müddətinin tətbiqi barədə ərizə təqdim etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş 21.02.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda “abonent sayğac quraşdırılana qədər qeyri-qanuni təbii qazdan istifadə edib” qeyd edilmişdir. Akta əsasən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. 23.02.2018-ci il tarixli qərara əsasən itirilmiş qazın dəyəri cəmi 6042 m3 həcmində hesablanmışdır. Abonent saldosundan görünür ki, **********30123 sayla qeydiyyata alınmış ünvanda aktlar üzrə cəmi 1402.80 manat borc yazılmışdır “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə belə nəticəyə gəlmişdir ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə Kollegiya qeyd edir ki, göründüyü kimi birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmiş və iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hazırkı mərhələdə iddia müddətinin tətbiqi barədə məsələnin müzakirəsi mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(003)-1665/2021 saylı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar