Məhkəmə qərarları › İş №2(103)-6628/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6628/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6628/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “etibarsız əqd üzrə alınanların qaytarılması öhdəliyinin təmin olunması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "etibarsız əqd üzrə alınanların qaytarılması öhdəliyinin təmin olunması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı etibarsız əqd üzrə alınanların qaytarılması öhdəliyinin təmin olunması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə iddiası üzrə Cavabdeh1 arasında, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 88 nömrəli mənzili ilə əlaqədar 11 saylı notariat kontorunda bağlanmış, xx.xx.2019-cu il tarixli, AZ-İ ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən Cavabdeh1 mənzilə görə ödədiyi 60.000 (altımış min) manat pulun, onun qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2024-cü ilin mart ayına kimi (4 il 8 ay) hesablanan illik faiz dərəcəsi 5% olmaqla 14400 (on dörd min dörd yüz) manat kompensasiyasının və məhkəməyə ödədiyi dövlət rüsumu əvəzi 313 (üç yüz on üç) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. AR-İ 630772 nömrəli, 13 iyul 2019-cu il tarixli etibarnamədən görünür ki, Məlikova X5 Ləman Xəqani qızına verilən səlahiyyətlər: həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz iradəsinə görə məbləğöi, müddəti və digər şərtləi müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipoteka (girov) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu əmanəti, qiymətli kağızları, eləcə də sənədləri və etibarnamənin dublikatını almağı, Azərbaycan Respublikasının istənilən bankında və onların filialında, onun nümayəndəsi olmağı, bütün bank əməliyyatlarını aparmağı onun məxsus hesabın üzərində sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatlarını pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin faizlərini və əsas məbləğini almağı, bank qutularındanseyflərindən istifadə etməyi, adından hesab açmağı, bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olanPİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, ona çatası plastik pensiya kartını və həmin karta məxsus PİN kodu, çek kitabçasını almağı və yeniləməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində “Asan xidmət” mərkəzlərində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyində, bütün xəstəxanlarında, poliklinikalarda onun nümayəndəsi olmağı, ona çatası bütün sənədləri, o cümlədən dərman preparatlarını almağı və adından sənədlər təqdim etməyi, rüsum döməyi, kooperativ və içtimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, onun adından imzalamağı, etibarnamənin təkrarını (dublikatını) almağı və butapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edir. Qeyd: notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrini etibar edən qismində ona ətraflı izah olundu.

8. 0205139 nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir.

9. 17 iyul 2019-cu il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Cavabdeh1 (Cavabdeh2 əvəzinə) İddiaçı arasında müqavilə bağlanmış, tərəflər xx.xx.2019-cu il tarixə kimi AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********71-05101-093014 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanlı mənzili 60000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinn bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışdırlar. “birinci tərəf” Cavabdeh2 nümayəndəsi Cavabdeh1 satılacaq mənzili 60000 manata qiymətləndirir və həmin qiymətə “ikinci tərəf” İddiaçı satmağı, “ikinci tərəf” İddiaçı isə 60000 manata almağı öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı satış məbləğindən 40000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə “birinci tərəf” Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ödəyir, satış qiymətindən qalan 20000 manatını mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür.

10. AN ******* nömrəli, 17 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2(onun əvəzinə Cavabdeh1) ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətinə verir. Əmlakın dəyəri 60000 manat müəyyən edilmişdir.

11. Müqavilə üzrə ödənilməli məbləğin depozit heabına qoyulması üçün notarisunun banka təqdim edilən məktubununun layihəsindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsinə görə ödənilməli olan 20000 manat məbləğində pulun müvafiq müqavilə Bakı şəhərinin xüsusi notariusu İ.A. MƏmmədov tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh1 verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsii xahiş edir.

12. Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilən Cavabdeh1 (Cavabdeh2 əvəzinə) ərizəsindən görünür ki, bildirir ki, ƏMDK-nın yanında DƏDRX-i tərəfindən xx.xx.2011-ci il tarixə verilmiş ********************3014 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,13 kv.m, yaşayış sahəsi 16,33 kv.m, yardımçı sahəsi 12.8 kv.m olan 1 otaqlı satmaq istəyi, Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumat real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestirindən əldə edilməsini təmin edilməsini xahiş edir.

13. Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilən Cavabdeh1 (Cavabdeh2 əvəzinə) ərizəsindən görünür ki, Cavabdeh2 hal-hazırda subaydır və heç kimlə nikahda deyil. Bunu öz imzası ilə təsdiq edir. İddiaçı əlyazma ilə Cavabdeh2 subay olmasının ona məlum olmasını qeyd etmiş və öz imzası ilə imzalamışdır.

14. "xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hesabına 20000 manat mədaxil edilmişdir.

15. "xxxx" ASC-nin 18 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hesabına 20000 manat mədaxil edilmişdir.

16. "xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı hesabından 20000 manat məxaric edilmişdir.

17. "xxxx" ASC-nin 17 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı hesabından 30000 manat məxaric edilmişdir.

18. "xxxx" ASC-nin xx.xx.2019 və xx.xx.2019-cu il tarixli İddiaçı hesabına giriş qalıq 30000 və 20000 manat, yekun çıxış qalıq 20000 və 50000 manat olmuşdur.

19. Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. BU ********* qeydiyyat nömrəsi ilə xx.xx.2019cu il tarixində qeydiyyata alınmışdır.

20. Cavabdeh2 AR Baş Prokuroru Kamran Əliyevə ünvanlanan xx.xx.2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh1 AR CM-in 179.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək vurduğu ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş edir.

21. 13 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 Əfsanə Ələddin qızına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili satmışdır. Əmlakın dəyəri 64000 manat müəyyən edilmişdir.

22. 96505 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil X9 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

23. 31 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzili X1. Əmlakın dəyəri 65000 mnat müəyyən edilmişdir.

24. 96505 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil Məhərrəmova Əfsanə ƏLəddin qızının cüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

25. 29.11.2021-ci il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzildə 2006-cı ildən təkbaşına yaşayır. Mənzil bir otaq və bir mətbəxdən ibarət idi. O əvvəllər uzun müddət Azərtac informasiya Agentliyində işləmişdir. Cavabdeh1 onun uşaqlağından tanıyır. Belə ki, o Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yaşayan sinif yoldaşının qonaq gedən zaman onun qonşuluğunda yaşayan Könül adlı şəxslə tanış olub. Ağdam rayonundan gəlmişdir və Nimzai küçəsində bir otaqlı ev vardır. Lakin banka olan kreditlərini ödəmədiyi üçün bank tərəfindən Könülün evi müsadirə olunmuşdur. Həyat yoldaşı və oğlu Bakı şəhərində evlərində qətlə yetirildiyi üçün o Könülün qızı Ləmana uşağı kimi qayğı göstərərək bununla təsəlli tapırdı, nunla böyüdükcə mehriban münasibətləri yaranmışdır. İllər sonra münasibətləri daha da yaxın olmuş və o Təbriz küçəsində olan evə köçəndən sonra evinə Könül və Ləman mütamadi olaraq gəlməyə başladılar. Onlar onun qulluğunda durur, onun pensiyası ilə ev üçün zəruri əşyalar alırdı. Ləmandan başqa yaxın və inandığı adam olmadığı və gözü qarşısında böyüdüyündən, həm də qoca yaşlarında olduğu üçün Ləman və anası Könül ilə elə razılığa gəldilər ki, onlar onun ölümünə qədər qulluğunda duracaqlar, əvəzində isə o hazırki mənzili Ləmanın adına etibar edəcəkdir. Bu məqsədlə Nərimanov rayon ərazisində yerləşən 21 saylı notariusa gedib 03 avqust 2018-ci il tarixdə Ləmana mənzili vəsaiyyət olaraq notarial qaydada vəsiyyətnamə verdi. Bundan təxmini bir il sonra 2021-ci ilin ortalarında Səmayə adlı qadının ona olan 700 manat borcunu qaytarmadığını Ləmanın anası Könülə bildirdi. Bu zaman Könül ona dedi ki, Ləmanın adına etibarnamə ver onun əriz polisdir, polis vasitəsilə onun pulunu alacaqdırlar. O da pulunun alınması məqsədilə Könül ilə razılaşaraq 13 iyul 2019-cu il tarixdə bu məqsədlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən evinin yaxınlığındakı 3 saylı notariat ofisinə getdilər. Orada Könül notarisuda işləyən bir qızla nə barədə danışdılar, onların söhbətinin nədən ibarət olmasını bilmədi, çünki çünki həmin yerdə o Ləmanla bi qədər aalıda oturacaqda əyləşmişdilər. Sonra həmin qız onu pəncərəli yerə dəvə tedərək imza çəkməli olduğu yeri göstərdi.O da onun dediyi yerə imza etdi. Daha imza etdiyi sənəddə nə yazıldığını oxumadılar, bildirmədilə, izah etmədilər.Həmin vaxt o notariusu o görmədi, onun onun otağına aparmadılar. O elə bildi ki, imzaladığı sənəd Smayənin ona lan borcunu almaq üçün Ləmana verdiyi sənəddir. Həmin etibarnaməni verdikdən sonra Ləman və anası Könülün münasibətləri soyumağa başladı. Könül 17 sentyabr 2020-ci il tarixdə onun mənzilində olan vaxt onu zəhərləməyə cəhd etmiş, Çünki Könül mənzilində olan vaxt çay içdiyi stəkanı yumaq adı ilə mətbəxə getdi. Və sonra tələsik evi tərk etdi. Bundan sonra o çaydandan özünə çay süzmək istəyən zaman köpüklü və kəskin qoxulu olduğunu görmüşdür. 25 oktyabr 2020-ci il tarixdə İddiaçı adlı şəxs onun mənzilinə gələrək, mənzilin ona məxsus olduğunu bildirmişdir. Akif mənzilinə Vüsalə adlı qadınla birlikdə gəlmişdir. Bu zaman o Akifə evinin onun adına olan çıxarışı göstərdi, Akif isə onun göstərdiyi çıxarışın əsl deyil, rəngli kserosurəti olduğunu bildirərək, həmin mənzili Cavabdeh1 alqı-satqı ilə aldığını bildirdir. O Ləmana zəng edərək, mənzilin hansı yolla ondan xəbərsiz və icazəsi olmadan satdığını soruşmaq istədi. Lakin Ləman zənglərini blok etmişdirvə buna görə də ona zəng edə bilməyib. Akif evdən çıxmağını tələb edirdi, o buna etiraz etdikdə Akif bildirdi ki, Akifə 62800 manat pul vermişdir, onlar həmin pulu qaytrandan sonra evi yenidən onun adına keçirəcəkdir. Akif ona 10 gün vaxt verdi ki, Ləman və Könüldən onun pulunun qaytarılmasını təmin etsin, əks halda onun evdən çıxaracaqdır. Akifə göstərdiyi çıxarışın əsl deyil kserosurət olduğunu biləndən sonra məlum oldu ki, Cavabdeh1 Borcunun alınması ilə bağlı etibarnamə verdikdən sonra Ləman onu özünün yaşadığı evə olduğu zaman gizli olaraq çantasından mənzilin açarlarını oğurlayıb çıxarmışdır. O onun evində qonaq olduğu günlərdə Ləman oğurladığı açarı Könülə vermiş, Könül də xəbəri olmadan Akiflə birlikdə onun evinə daxil olub mənzilə aid olan sənədlərin əsillərini oğurlamış yerinə isə rəngli sənədlərin surətlərini qoymuşdur. Yəni onun sənədlərini oğurlamadan mənzilin alqı-satqısını etmək mümkün deyildir.

26. 29.11.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Cavabdeh1 cavablarında bildirmişdir ki, Cavabdeh2 tanıyır, onunla özünün dediyi kimi uşaq vaxtılndan ana bala münasibətlərində olmuş, aralarında heç bir ədavət vər düşmənçilikləri olmamışdır. Həqiqətən də Bəyim xanım ona öz mənzilnə dair vərəsəlik hüququ vermişdir, o bilirdi ki, o özünə biznes qurmaq istəyir, həmin biznes üçün pula ehtiyacı var, özü razılığı ilə ona mənzilinə dair beş etibarnamə vermişdir, məlumatı var idi ki, o onun mənzilini girov qoyaraq öz biznesinə sərmayə qoymaq istəyir, mənzilinin sənədlərini də özü saxlanması üçün on vermişdir. Belə ki, o özü əvvəllər internet üzərindən onlayn ticarətlə məşğul olmuş, 2019-cu ilin ortalarında qərara gəldi ki, gəlinlik paltarlarının onlayn ticarətləri ilə məşğul olur, bunun üçün sərmayəsi olmadığından Bəyim Xanımın razılığı ilə onun evini girov qoymaq şərti ilə pul axtarmağa çalışdı. Anası Könülün rəfiqəsi Cəvahir adlı qadın vasitəsilə Solmaz qadınla tanış olduq, Solmaz bildirdi ki, Akif adlı şəxsdən istədiyi məbləğdə onun üçün müddətsi faizlə pul götürə bilər, əvəzində daşınmaz əmlak girov qoyulmalıdır. O Solmaz vasitəsilə Akif adlı şəxsin şərtləri ilə tanış oldu, razılaşdı, Bəyim Xanım mənzildə olmayan vaxt özündə olan açarla mənzilin qapısını açaraq Akiflə Solmaza mənzili göstdi, onlar mənzilə baxaraq həmin mənzilə görə ona aylıq 1600 manat faizlə 40000 manat pul verə biləcəklərini bildirdilər, o razılaşdı. Akifi özünün tanış notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsi bağladılar, hətta o müqavilənin alqı-satqı müqaviləsi olmağını gördükdə narazılıq etmək istədikdə Solmz onu arxayn etdi ki, narahatçılıq yoxdur, arada özü dayanıb, haçan alınmış pullar geri qaytarılsa mənzili özünüə qaytaracaq. Müqavilənin dəyərinin 62800 manat göstərilməsinə dair etirazına isə cavab olaraq Akif bildirdi ki, onun ona heç bir aidiyyəti yoxdur., müqavilənin dəyərini 4000 manat göstərsələr inandırıcı olmaz, ona gör ki, mənzilin dəyəri 40000 manat deyil, dəyərini elə yazsaq notarius təsdiq etməyəcək. O da onlara inanaraq müqaviləni imzaladı, müqavilə təsdiqləndikdən sonra birlikdə yaxınlıqda bank filialına keçdilər, orada Akif hesabdan çıxarılan puldan 40000 manat ayırıb ona verdi, həmin pulun üzərindən də 6000 manat ilkin faiz kimi götürülərək, ona cəmi 34000 manat məbləğində pul verdi. O həmin pulun bir hissəsi ilə bahalı gəlin paltarları alaraq biznesə başlamaq istədikdə isə artıq “Covid 19” pandemiyası düşdü, toylar dayandı və o iflas uğradı, qazanc götürə bilmədi. amma Akifin aylıq 1600 manat məbləğində faiz pullarını elə həmin pullar ilə də təxminən bir il müddətində ödədi, son artıq üç ayın faizlərini ödəyə bilmədikdə isə Akif tərəfindən problemləri başladı., Akif girov götürdüyü mənzili geri tələb etməyə başladı., Bəyim Xanımı zorla mənzilindən çıxardılar və sonuncu bizdən şikayət etmyə başladı.

27. 29.11.2021-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, İddiaçı bildirir ki, Ləman və ailəsini o təxminən 10-15 ildir ki tanıyır. Belə ki, 2019-cu ildə Nərimanov raynu ərazisində makler vasitəsilə 1 otaqlı mənzili tapdı. Ləman və anası Könül onu görün tanıdılar, onlar mənzilin Könülün anasına məxsus olduğunu, lakin sənədlərin Ləmanın adına olduğunu bildirdilər. O sənədləri yoxlatdırdıqda düzgün olduğun aəmin olduqda mənzili almağa razılaşmışdır. Notariat kontoruna gedərək, orada onun onun adına alqı-satqı etmiş 62800 manat məbləğində pulu mənzilin mülkiyyətçisi kimi tanınmış Ləmanın adına notariusun bank hesabına ödəməklə aldı. Sonradan mənzilinə getdikdə iə orada bir Bəyim Xanım adlı yaşlı qadının yaşamasını müəyyən etdi, həmin qadından mənzili boşaltmasını tələb etdikdə bildirdi ki, Ləmanla anası Könül onu və yaşlı qadını aldadıblar. Mənzili onu aldadaraq öz adına keçiriblər və onu aldadaraq özlərininki kimi təqdim etməklə ona satıblar, ona görə də mənzili satmaqda imtina edir. O da məcbur olub dövlət yolu ilə mənzili ona boşaltdırdım. Sonradan onların arasında baş verənlərdən məlumatı olmadı. Bir müddətdən sonra polisə çağırıldıqda bildir ki, X29 mənzili razılığı olmadan öz adlarına keçiriblər. Lakin onun onların bu işlərinə heç bir aidiyyəti yoxdur, o mənzilin pulunu tam şəkildə Ləmangilə ödəməklə mənzili almış, sonradan da bəyənmədiyi üçün başqa müştəriyə satmışdır.

28. 05 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Cavabdeh1 cinayət işi üzrə AR CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surətinin ona göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi qərara alınmışdır.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3015/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş Bakı Şəhəri Nərimanov Rayon MƏhkəməsiin 2(005)-1926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında 11 saylı notariat ofisində bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X16 arasında bağlanmış 31 mart 2021-ci il tarixli dşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan mənzillə bağlı X16 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülmüşdür.

30. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova ƏLəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3015/2022 saylı, 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbiin X16 ilə Məhərrəmova Əfsanə ƏLəddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürürlməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh2 qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh2 adından Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdhelər İddiaçı arasında alqısatqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X16 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. 16 dekabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin materiallarını ayrılması haqqında qərardan görünür ki, AR CM-in 178.3.2-ci maddəsi ilə olan190040973 nömrəli cinayət işindən X25 və Cavabdeh1 barəsində CM-in 178.3.2-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* statistik nömrəsi verilmişdir. Cavabdeh2 qarşı törədilmiş cinayət əməlinə dair epizod sənədlərin əsillərini ********* nömrəli cinayət işindən çıxarılaraq ********* nömrəli işə əlavə edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X17 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş,X8 Məhərrəmova Əfsanə Ələddin qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulmuş, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülmüşdür.

33. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 735/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 Bakı Apellyasiya MƏhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir.

35. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1342/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X10 İddiaçı qarşı etibarsız əqd üzrə alınanların qaytarılması tələbinə dair iddiası təmin olunmuş, 65000 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X12 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 275 manat məbləğində pul vəsaiti də İddiaçı tutularaq X12 ödənilmişdir.

36. 09 iyul 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsini haqqında qərardan görünür ki, X20 polis orqanlarına müraciət edərək, tanışı X21 vasitəlsilə evini girov qoymaqla makler İddiaçı və onun həyat yoldaşı Sevdagül Quliyevdadan faizlə borc aldığını, lakin sonrada həmin şəxslərin ona xəbər vermədən evi müqavilə ilə satdıqlarını bildirmişdir. S.Sinəvər İddiaçı və və Quliyeva Sevdagül tərəfindən aldadılaraq ona məxsus 70000 manat dəyərində evin dələduzluq nəticində ələ keçirildiyini və başqa bir şəxsə satıldığını bildirsə də, qeyd olunan xüsusat onun öz izahatndan başqa digər sənədlərlə sübuta yetirilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

47. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı əvvəlki məhkəmə qərarları ilə müqavilə etibarsız hesab edilsə də, restitusiya məsələsinin həll edilmədiyini; bununla da onun hüquqlarının pozulduğunu iddia edir. Həm müqavilə üzrə ödənilmiş 60.000 (altmış min) manat pulun, həm də onun qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2024-cü ilin mart ayına kimi (4 il 8 ay) hesablanan illik faiz dərəcəsi 5% olmaqla 14.400 (on dörd min dörd yüz) manat kompensasiyasının cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, rayon məhkəməsində iddia təmin edilməmişdir.

51. İddiaçı apellyasiya şikayətində preyudisiyaya istinad etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi onun Cavabdeh1 ilə başqa bir münasibəti pərdələmək məqsədi ilə bağlanmasını ehtiva etmir.

52. Məhkəmə kollegiyası preyudisiya ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan məhkəmə aktları ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsindən Cavabdeh2 ümumiyyətlə məlumatı olmaması, həmin müqavilədə onu təmsil etmiş Cavabdeh1 ilə iddiaçı arasında borc münasibətləri olması, Cavabdeh1 əslində evi həmin borcun təminatı kimi ipoteka ilə yüklü etdirmək istəməsi, lakin iddiaçının sənədləşdirmənin ancaq bur cür aparması barədə tələbi ilə razılaşaraq yalandan alqı-satqı müqaviləsini bağlaması qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.

53. Həmçinin Cavabdeh1 cinayət işi üzrə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surətinin ona göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi qərara alınmışdır.

54. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli Qərarının 101ci bəndində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məyyən etmişdir ki, Cavabdeh1 İddiaçı evi borc müqabilində girov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanılan alqı-satqı bu məqsədlə olmuşdur. 102-ci bəndində isə göründüyü kimi, bağlanılan alqı-satqı mülkiyyətçi Məlikova Cavabdeh2 iradə ifadəsinə uyğun olmamış, o mənzili satmaq niyyəti ilə təmsilçi – cavabdeh H.Ləmana etibarnamə verməmiş, həmçinin təmsil edən Cavabdeh1 da əqdi bağlayarkən aldadılmışdır.

55. Həmçinin müəyyən edilmişdir ki, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli mədaxil orderlərindən açıq-aşkar müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin bəndlərinə zidd olaraq mənzilə görə ödənilməli olan pul məbləğinin 20.000 manatı xx.xx.2019-cu il tarixdində saat 16:05-də, qalan 40000 manat isə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 16:6-da bank vasitəsilə notariusun depozit hesabına mədaxil edilmişdir. Bundan əlavə, məhkəmənin qərardadına əsasən "xxxx" ASC-də İddiaçı aid "xxxx" ASC-də olan bank hesabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə aparılmış əməliyyatlarına dair hesabdan çıxarışlar, xəzinə məxaric və mədaxil orderlərindən də müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə öz depozit hesabından məxaric etdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tarixində yenidən depozit hesabına mədaxil etmişdir.

56. Göründüyü kimi, iddiaçının etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə görə “aldıqlarını” həmin alqı-satqı müqaviləsindən məlumatı olmayan, evi satmaq barədə iradəsi olmadığı və müqavilədə göstərilən pul vəsaitini almadığı qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən Cavabdeh2 tələb etməsi aşkar əsassızdır, rayon məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə də iddia tələbinin təmin edilməməsi barədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olmasına görə restitusiya tələb edir. Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə tərəf olmamaqla yanaşı, onun İddiaçılə arasındakı münasibətlərin alqı-satqı müqaviləsindən irəli gəlmədiyi Cavabdeh1 nümayəndə və vəkilinin izahatı, Cavabdeh1 təqsirləndirilən şəxs kimi dindirildiyi protokol, əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh1 İddiaçı həmin mənzili borc müqabilində girov qoymaq məqsədi olması şəksiz qaydada müəyyən edilmişdir. Odur ki, iddiaçı ilə Cavabdeh1 arasında mövcud olmuş borc münasibətləri ilə bağlı məsələ iddiaçının hazırkı restitusiyaya əsaslanan tələbi daxilində həll edilə bilməz və bu, başqa əsaslı, yəni borc münasibətlərinə əsaslanan məhkəmə mübahisəsinin predmeti ola bilər. Demək ki, rayon məhkəməsinin iddia tələbinin Cavabdeh1 münasibətdə də təmin edilməməsi barədə gəldiyi qənaət əsaslı olmuşdur.

58. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

59. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar