Məhkəmə qərarları › İş №2(103)-6629/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6629/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6629/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə və Cavabdeh2 İKB ASC-yə (indiki “xxxx” ASC) qarşı hərracın yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1417/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə və Cavabdeh2 X1 ASC-yə (indiki “xxxx” ASC) qarşı hərracın yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin barəsində xx xxxxxx 2019-cu il tarixli, 58/01 nömrəli hərrac protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri 28 May küçəsində 0,01 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 121,6 kv.metr olan 2C nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evi onunla Cavabdeh2 X1 ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. İpoteka predmeti olan ev Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə 75000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılaraq sonradan 47812,50 manat qiymətlə Bank tərəfindən əldə edilmişdir. Bankla onun arasında olan şifahi razılıq əsasında ona məxsus əmlak hərracda satılmalı deyildi. Aralarında olan razılığa əsasən o hissə-hissə ödəniş etməli, bunun müqabilində evin hərraca çıxarılması dayandırılmalı idi. İcra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verməmiş, əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmamışdır. Əmlak qiymətləndirilərkən baxış keçirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1417/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunludur. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və digər cavabdeh Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMCnin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1417/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(060)-3787/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 X1 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-821-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş xx xxxxxx 2016-cı il tarixədək hesablanmış 50126 ABŞ dolları məbləğində əsas borc, 9563 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 59989 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh2 İKB ASC-nin xeyrinə tutulması, tələbin tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-821-14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin 75000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, ipotekaya qoyulmuş həmin fərdi yaşayış evinin açıq hərracdan satışından əldə olunan məbləğ hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli 2(105)-1933/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, fərdi yaşayış evi satılması üçün açıq hərraca çıxarılmışdır. İşdə olan qəzetdən çıxarış, bildiriş və kuryer xidməti üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, iddiaçının hərracın keçirilməsindən xəbəri olmuş, ona bu barədə müvafiq bildirişlər göndərilmiş, lakin iddiaçı hərracda iştirak etməmişdir. Hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli, 58/01 nömrəli protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri 28 May küçəsində 0,01 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 121,6 kv.metr olan 2c nömrəli fərdi yaşayış evi 75000 manat məbləğində ilkin satış qiyməti ilə hərraca çıxarılmış, alıcı olmadığından 63750 manat məbləğində satış qiyməti ilə təkrar hərrac keçirilmişdir. Lakin əmlak satılmadığından 47812,50 manata tələbkar Cavabdeh2 İKB Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və qeyd edilən əmlak göstərilən qiymətə tələbkar tərəfindən alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı və onun əməkdaşları istisna omaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, İddiaçı banka olan borcunun ödənilməsi barədə bankla razılığa gəldiyini, bunun müqabilində evin hərraca çıxarılmamasına bankın razılıq verdiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Keçirilmiş hərrac barədə iddiaçı lazımi qaydada məlumatlandırılmışdır. Evin qiymətləndirilməsindən iddiaçının məlumatının olmaması barədə şikayətin dəlili də əsassızdır. Belə ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş və bundan İddiaçı məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1417/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar