Məhkəmə qərarları › İş №2(103)-6643/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6643/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6643/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 2(005)-1626/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m , həyətyanı sahə 18 kv.m olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bunlardan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, mülki iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanında yerləşən 3 (üç) otaqlı evə görə verdiyi 40.000 (qırx min) manat pul vəsaitinin cavabdehlər İddiaçı və X2 alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı 40.000 (qırx min) manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən narazı qalaraq tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2014/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4831/20 saylı, 03 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəzərə çatdırmaq istəyir ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m , həyətyanı sahə 18 kv.m olan fərdi ev onun mülkiyyətimdədir. Həmin evi 500 (beş yüz) manata kirayə verib, ailəsini dolandırır. Müəyyən səbəblərə görə həmin fərdi evi satmağa qərar vermişdir. Eyni zamanda bacısı oğlu X1 həyat yoldaşı Cavabdeh ev almaq istədiyi üçün həmin evə qohumlarını iştirakı ilə baxıb ilk dəfə beh olaraq 500 (beş yüz) manat verdiyinə görə ona satıb qarşısında 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ona ödəmişdir. Bu haqda 22.09.2018-ci il tarixdə imzalanmış Arayış qəbz də var. Bundan sonra üzərinə düşən bütün hüquqi prosedurları yerinə yetirməyə başlayaraq notariusda Cavabdeh adına etibarnamə vermişdir, onu qeydiyyata salmış, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınıb və ayrıca sayğac qoyulmuşdur. Cavabdeh həmin ünvanda bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 (qırx min) manat pulunu geri qaytarılmağını tələb etmişdir. Öz tələbini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi evin plana düşəcəyini düşünərək alıb və gələcəkdə 115.000 (yüz on beş min) manata satıb qazanc əldə edəcəkdir. Cavabdeh həmin fərdi evi 2018-ci ilin iyun ayından alıb və hal-hazırda da orada yaşayır. Dəfələrlə təklif etmişdir ki, həmin fərdi evi satıb Cavabdeh payına düşən məbləği, yəni öz hesabına qaz, su və elektrik xəttlərin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 beş min) manat pulu, bunda başqa bu günə görə həmin ərazidə 3(üç) otaqlı fərdi evin kirayə haqqı 500-700 manat arasında dəyişərək 2018-ci ilin iyun ayından bu günə kimi 16.500 (on altı min beş yüz) manat məbləği xaric edərək qalan pulun özünə qaytarsın. Təklifi ilə razılaşdıqlarına görə bir necə dəfə fərdi evə baxılması üçün alıcılar gətirmişdir. Lakin Cavabdeh həmin insanları da onu da təhqiredici ifadələrdən istifadə edib onları evdən qovub evin satılmasına maneətçilik törətmişdir. Müştərilərin nömrələrini sonuncunun həyat yoldaşı X3 vermişdir ki, özü də onlarla danışıb evi satılmasında köməklik etsin. Cavabdeh payına düşən məbləği ödəməyə imkanı yoxdur. Özü və həyat yoldaşı da dövlət tərəfindən ödənilən təqaüd hesabına dolanırlar. Himayələrində dörd tələbə nəvələri var. Cavabdehin pulunun ödənilməsini təmin etmək üçün qeyd edilən ev satılmalıdır. Əldə edilən həmin pul vəsaitindən öz hesabına ödədiyi xərcləri xaric edib qalan məbləği Cavabdeh ödənilməsini öz öhdəsinə götürür. Bundan başqa hesab edir ki, Cavabdeh pasport qeydiyyatından da çıxarılmalıdır. Həmçinin cavabdeh evi ona təhvil verdiyi vəziyyətdə də ona geri qaytarmalıdır. Cavabdeh öz ailə üzvləri ilə artıq 33 (otuz üç) aydır ki, həmin mənzildə yaşayırlar. 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə kirayə haqqı 16.500 (on altı min beş yüz) manat məbləğində təşkil edir. Cavabdeh məhkəmənin bütün instansiyalarına müraciət edərək pulunu tələb etmişdir. Lakin Məhkəmə onun öz hesabına ödədiyi xərcləri nəzərə almayaraq Cavabdeh xeyrinə qətnamələr cixarmışdır. Üzərinə düşən məbləği ödəməyə hazırdır. Lakin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahə 18 kv.m olan fərdi ev satıldıqdan sonra ödənilə bilər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 2(005)-1626/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 2(005)-1626/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hazırda iddiaçının əlavə gəliri olmadığı üçün qətnamənin icrası pensiyasına yönəldilmişdir. İddiaçının himayəsində 4 tələbə nəvəsi var. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilsə də, iddia ərizəsi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iddianı sübutetmə yükü insitutuna əsaslanaraq rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4831/2020 saylı 28 oktybar 2020-ci il tarixli qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmin qərarla sübut olunur ki, mübahisəli ev iddiaçıya satılmamış sayılır. Bu da, Nərimanov rayon Məhkəməsinin 2(005)-1626/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3888/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 40.000 (qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, Apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4831/2020 saylı, 28.10.2020-ci il tarixli qərarından görünür ki, kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində müstəqil olaraq cavabdehin mənzildən çıxarılmasını tələb etməmiş, yalnız Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m , həyətyanı sahə 18 kv.m olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bunlardan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m , həyətyanı sahə 18 kv.m olan fərdi evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçının həmin evin mülkiyyətçisi olması, həmin evlə bağlı hüquq müəyyənedici sənədlər müəyyən olunmur. İddiaçı mübahisəli mənzil üzərində mülkiyyətçi olmadığından, onun sərəncam vermək hüququ da yaranmır. Kollegiya hesab edir ki, iddiaçının cavabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərdən asılı edilməklə irəli sürüldüyündən, evdən çıxarılma tələbinin asılı edildiyi digər tələblərin əsassız olduğu üçün təmin edilməsi mümkün olmadığından, cavabdehin evdən çıxarılması ilə bağlı tələb də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 mart 2021-cu il tarixli, 2(005)-1626/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar