Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafzi qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(004)-3110/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* nömrəli, 06 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 86.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. 09 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri XidmətiHüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 365 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müşaviri K.Məmmədovun 15 sentyabr 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03 noyabr 2011-ci il tarixli 18/04-347 nömrəli məktubu ilə razılaşdırılmış layihə əsasında yanğın təhlükəsizliyi üçün inşa edilmiş çıxış yolunun atmosfer təsirlərindən qorunması üçün orada hazırda quraşdırılmış yüngül materiallar və şəffaf şüşə elementlərindən ibarət konstruksiyanın istifadə edilməsinə baxış keçirilmiş və orada quraşdırılmış konstruksiyanın mövcud vəziyyətdə binanın fasad elementlərinin birgə ahənginə xələl gətirməməməklə, ümumi istifadədə olan hissələrə hər hansı maneə yaratmadığı müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hazırda mövcud olan yüngül materiallar və şüşə elementlərindən ibarət konstruksiyadan qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyi çıxışının atmosfer təsirlərindən qorunması məqsədilə istifadəsinə etiraz edilmir.
4. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 29 dekabr 2022ci il, 31 yanvar 2023-cü il, 15 fevral 2023-cü il tarixli məktublarda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında ona məxsus qeyri-yaşayış sahəsinin mövcud giriş pilləkəni binanın ilkin layihəsinə uyğundur. Lakin girişin üstünü bağlamaq məqsədi ilə dəmir konstruksiyalardan aparılan quraşdırma işlərinə aid sənəd təqdim edilmədiyinə görə işlər dayandırılmışdır. Ərazinin nəzarətdə saxlanması aidiyyatı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tapşırılmışdır.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 yanvar 2023-cü il tarixli, 3-18-2/2-c-1- 24/2023 saylı məktubuna əsasən mütəxəssislər tərəfindən ünvan 6 ünvanda yerləşən qeyriyaşayış obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zirzəmi mərtəbəsinə girişçıxış pilləkəni, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-347 nömrəli 03 noyabr 2011-ci il tarixli məktub ilə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmuşdur. Zirzəmi mərtəbəsinə açılmış pilləkənin üzərində atmosfer sularından qorunmaq üçün metal konstruksiyadan quraşdırılmış əlavə çətirlə bağlı MTK rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.
6. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2083/2023 saylı, 30 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçıiddiası təmin edilmiş, ünvan 9 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində "xxxx" MTK tərəfindən quraşdırılmış dəmir konstruksiya və dam örtüyünün sökülməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-484/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2083/2023 saylı, 30 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı cavabdehlər "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməmişdir. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində cavabdehlər tərəfindən qanunsuz quraşdırılmış dəmir konstruksiya və dam örtüyünün cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanında yerləşən qeyri - yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" MTK tərəfindən mülkiyyətində olan qeyriyaşayış sahəsi ilə bitişik olmaqla qonşuluqda yerləşən qeyri-yaşayış sahəsinin yol tərəfdən giriş pilləkənləri asfalt-torpaq qatı qazılmaqla genişləndirilmiş, pilləkən marşı mülkiyyətində olan obyektin qarşısına doğru uzatmışdır. Daha sonra isə pilləkənin üzərini örtük materialı ilə bağlamaq məqsədilə həmin hissədə və onun giriş hissəsi kimi onun obyektinin pəncərələrinin qarşısında dəmir konstruksiya quraşdıraraq mülkiyyətində olan sahənin çöl görüntüsünü məhdudlaşmışdır. Özbaşına inşa edilmiş tikililərin sökülməsi və binanın fasad hissəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh MTK-ya dəfələrlə müraciət etsə də, əksinə bu bir səmərə verməmiş, əksinə MTK-nın sədri qanunsuz tikintiquraşdırma işləri ilə bağlı aidiyyəti orqanlara müraciət edəcəyi halda onun obyektinə gələn isti su xəttini və digər kommunikasiya xətlərini kəsəcəyini, bununla da onun sahibkarlıq fəaliyyətinə ziyan vuracağını bildirmişdir. Qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciətindən sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq araşdırmalar aparılmış, MTK tərəfindən quraşdırılmış qanunsuz tikili sökülmüş və ərazinin nəzarətdə saxlanılması aidiyyatı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılmışdır. Buna baxmayaraq "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh aidiyyəti orqanların tapşırıqlarına məhəl qoymadan, özbaşınalığa yol verərək sözügedən girişin üstünü bağlamaq məqsədi ilə dəmir konstruksiyalardan quraşdırma işlərini davam etdirir. Bu səbəbdən də hazırki iddi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86,7 kv.metr olan mülkiyyətində olan qeyriyaşayış sahəsinin ön hissəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən quraşdırılmış dəmir konstruksiya cavabdeh tərəfindən sökülməlidir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/487 saylı ekspert rəyinə əsasən ünvan 5 ünvanında tikilinin altında yerləşən Cavabdeh faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin texniki parametrləri ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 365 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına tərtib olunmuş 23 dekabr 2023-cü il tarixli, **********34-05301-083002 reyestr nömrəli texniki pasportun göstəricilərini müqayisəli şəkildə təhlil etdikdə məlum olur ki, ünvan 5 ünvanında tikilinin altında yerləşən sahə ilə Cavabdeh məxsus çıxarışda göstərilən 365 kv.m sahə üst-üstə düşür.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e2(004)-3110/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 9 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyünün Cavabdeh hesabına sökülməsi qət edilmişdir.
12. Qətnamə onunla əsaslandırlmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 9 ünvanında yerləşən obyektin pəncərəsinə bitişik şəkildə konstruksiya quraşdırılmışdır. Quraşdırılmış konstruksiya binanın avtodayanacağına düşən pilləkənin üzərini örtür. İddiaçıya məxsus obyekt ictimai iaşə obyekti kimi fəaliyyət göstərir və cavabdeh tərəfindən quraşdırılmış konstruksiya obyektin iç tərəfindən görüntünü məhdudlaşdıraraq pozur və obyektin çöldən görüntüsünü məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyü İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1572, 157, 180-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə sökülməsi tələb olunan “şüşə örtüyü” qanunsuz tikili hesab etmişdir. Belə ki, MM-in 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazmi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmənin qətnaməsində sökülməsi tələb olunan “şüşə elementin” hansı əsasla “qanunsuz, özbaşına tikinti” olmasına dair müəyyən, konkret mövqeyi göstərilməmişdir. Lakin məntiqlə yanaşdıqda, əgər məhkəmə iddianı təmin etmişsə, deməli, “şüşə örtüyü” qanunsuz, özbaşına tikinti hesab etmişdir. Hesab edir ki, bu yanaşması nə qədər qeyri müəyyən (aydın ifadə olunmayan) olsa da, yanlışdır və MM-in 180-ci maddəsinin mənası və tələbilə uzlaşmır. Ona görə ki, sökülməsi tələb olunan “şüşə örtük” Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələbinə görə heç bir halda “qanunsuz, özbaşına tikinti” sayıla bilməz. Həmin “şüşə örtük”, ümumiyyətlə, “tikinti obyekti, digər tikili, qurğu, daşınmaz əmlak” deyildir. Məhkəmə müvafiq qanunvericilik aktlarının “tikinti obyekti, qurğu, tikiliyə” dair müəyyənləşdirdiyi standart və qaydaları bir kənara qoyaraq, yalnız iddiaçının subyektiv mülahizəsilə, iddianın təmin edilməsi məqsədini həyata keçirmək üçün öz qulluq mövqeyindən çıxış edərək qətnamə qəbul etmişdir. Halbuki, iş materialında olan, yəni mübahisələndirilən şüşə elementin istifadəsinə Bakı Şəhər İcra Hakimiyyətinin 15 sentyabr 2023-cü il tarixli məktubu ilə razılıq verilməsi və Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-cu maddələrinin mənası baxımından nəzərə alınmalıdır ki, iddiaçının sökülməsini tələb etdiyi şüşə element qanunsuz tikili deyildir və MM-in 180-ci maddəsinin tələbi baxımından sökülməsi tələbi əsassızıdır. Məhkəmə isə əksini düşünmüş, tətbiq edilməli olmayan MM-in 180-ci maddəsini iddianın təmin edilməsi əsası kimi tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının sökülməsini tələb etdiyi “şüşə örtük”, ümumiyyətlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından “tikinti, tikinti obyekti, digər tikili, qurğu...” olmadığına görə, həmin şüşə elementinin icazəsiz (qanunsuz, özbaşına) qurulmasına dair mülahizələri də əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikinti və tikinti obyektləri, bina, qurğu, inşaat konstruksiyası və s. anlayışlar verilmiş, tikinti obyektinə icazə və məlumatlandırma icraatının tətbiq edilməsi qaydaları və şərtləri göstərilmişdir. Beləliklə, ŞT Məcəllənin 3-cü maddəsində “tikinti obyekti, tikili, digər tikili, qurğu və s.” anlayışları konkret göstərilmişdir. Həmin anlayışlardan göründüyü kimi, sökülməsi tələb olunan “şüşə örtük” bu sadalananların heç birinə aid deyildir, yəni, mübahisələndirilən şüşə element “tikintisinə icazə alınması” və ya məlumatlandırma icraatı tələb olunan tikinti obyekti deyildir. Ona görə də iddiaçının “qanunsuz tikili” deyərək sökülmə tələbi əsassızıdır. Məhkəmə nəzərə almamışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsində “şüşə örtüyün” quraşdırılmasına hər hansı icazə və ya məlumatlandırma icraatının tətbiqi tələb olunmadığı halda, Bakı Şəhər İcra Hakimiyyəti Cavabdeh müraciətini müsbət cavablandırmış və həmin örtüyün istifadəsinə etiraz edilmədiyini (icazə verildiyini) rəsmi yazılı sənədlə bildirmişdir. Məhkəmə ilk növbədə şəxsin mülkiyyət hüququnun pozulmasını (pozuntunun nədə ifadə edilməsi, necə baş verməsi, xarakteri) təsbit etməlidir ki, ondan sonra pozuntunun aradan qaldırılması və ya bərpası üçün tədbir görsün. Hazırki iş üzrə iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ vardır. Lakin cavabdeh tərəfindən qurulmuş şüşə örtüyün iddiaçının mülkiyyət hüququnu hansı formada, necə pozması, mülkiyyətindən istifadə, sahiblik və ya sərəncam imkanlarını necə məhdudlaşdırması və ya tamamilə məhrum etməsi iş materialları ilə müəyyən edilməmiş, sübuta yetirilməmişdir. Bu istiqamətdə suallara cavab olaraq, məhkəmə iclasında iddiaçı yalnız onu bildirmişdir ki, “gələcəkdə onun obyektimin pəncərə şüşələri sınarsa, onun dəyişdirilməsi zamanı cavabdehin şüşə örtüyü maneçilik törədə bilər”.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi.
18. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını mıəhkəmədən xahiş etdi.
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, mübahisənin predmeti olan şüşə və dəmir elementlərdən ibarət konstruksiya Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan tikili, qurğu, yəni, tikinti obyekti hesab olunmadığından həmin Məcəllənin təsiri dairəsinə düşmür və bu baxımdan tikinti norma və qaydalarına uyğun olub - olmamasını müəyyən etmək mümkün deyil. Lakin konstruksiya şəffaf, şüşə elmentlərdən quraşdırıldığından iddiaçının obyektinin görüntüsünü məhdudlaşdırmır.
20. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2025-ci il tarixli 3- 16-16/2-10/2323/2025 nömrəli ekspert rəyinə əsasən ünvan 9 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri yaşayış sashəsinin ön hissəsində quraşdırılmış konstruksiyanın yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən, üzəri şəffaf şüşə elementlərdən ibarət olduğu müəyyən edilmişdir. Həmin konstruksiyanın İddiaçı bayır hissəsindən içəriyə olan görüntü və ya içəri hissəsindən bayıra olan görüntünü məhdudlaşdırıb-məhdudlaşdırmaması məsələsi, eləcə də İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi üçün hər hansı bir təhlükə yaradıb-yaratmaması məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığından qərardadın birinci, ikinci və dördüncü sualları ilə bağlı tədqiqat aparılmadı. ünvan 9 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiyanın yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən konstruksiya olduğunu nəzərə alaraq, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin həmin konstruksiyan arxa hissəsində olan şüşəsinin sökülərək (çıxarılaraq) dəyişdirilməsinin sözügedən konstruksiyanın sökülübquraşdırılması yolu ilə texniki cəhətdən mümkündür. Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2A ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən sözügedən konstruksiyanın konstruksiyanın yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən konstruksiya olduğundan, tikinti obyektinə və tikinti-quraşdırma işlərinə aid olmadığından həmin konstruksiyanın quraşdırılması şəhərsalma və tikinti norma və qaydaları ilə tənzimlənmir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan obyektin yerində müayinəsi aparılarkən iddiaçı cavabdeh tərəfindən quraşdırılmış konstruksiyanın ona məxsus obyektdən istifadəyə məhdudiyyət yaratmasını obyektin həm iç, həm də çöl tərəfdən görüntüsünün məhdudlaşdırılması, həmçinin, obyektin pəncərəsinin həmin konstruksiya sökülmədən mümkün olmaması ilə əsaslandırmışdır. Bu xüsusatın dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur.
26. Ekspert rəyində sual belə cavablandırılmışdır ki, ünvan 9 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiyanın yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən konstruksiya olduğunu nəzərə alaraq, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin həmin konstruksiyan arxa hissəsində olan şüşəsinin sökülərək (çıxarılaraq) dəyişdirilməsinin sözügedən konstruksiyanın sökülüb-quraşdırılması yolu ilə texniki cəhətdən mümkündür.
27. Rəyin məzmunu bundan ibarətdir ki, həmin konstruksiya sökülmədən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin şüşəsinin dəyişdirilməsi mümkün deyildir, yəni, hər dəfə şüşənin dəyişdirilməsi zərurəti yarandıqda iddiaçı cavabdehə müraciət etməli, imtina olunduqda isə yenidən məhkəməyə müraciət olunmalıdır. Məhkəmə kollegiyası bu xüsusatı qiymətləndirərək qeyd edir ki, qeyd olunan hal iddiaçının mülkiyyətində olan əmlakdan istifadəni məhdudlaşdırır.
28. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, konstruksiyanın İddiaçı bayır hissəsindən içəriyə olan görüntü və ya içəri hissəsindən bayıra olan görüntünü məhdudlaşdırıb-məhdudlaşdırmaması məsələsi, eləcə də İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsi üçün hər hansı bir təhlükə yaradıb-yaratmaması məsələsi məhkəmə tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığından bu suallarla bağlı tədqiqat aparılmamışdır.
29. Buna görə də məhkəmə kollegiyası mübahisə predmeti olan obyektin yerində müayinəsi aparılarkən aşkar etdiyi hala əsasən qeyd edir ki, konstruksiyanın dəmirdən olan hissəsi iddiaçıya məxsus obyektin içərisində həmin tərəfdə olan pəncərədən bayıra olan görüntünü qismən məhdudlaşdırır və bayır tərəfdən də iddiaçıya məxsus obyektin görüntüsünün qismən məhdudlaşdırması halı mövcuddur.
30. Cavabdehin həmin konstruksiyanı inşa etməkdə məqsədi avtodayanacağa girişin yağış sularının, atmosfer təsirlərindən qorunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin konstruksiyanın məhz iddiaçının mülkiyyətində olan obyektdən istifadəsini məhdudlaşdırmadan da digər tərəfdən və ya hündürlüyünü azaltmaqla başqa formalarda qoyulması imkanı da mövcuddur.
31. Apellyasiya şikayətinin mübahisə predmeti olan konstruksiyanın birinci instansiya məhkəməsi tərəfindən özbaşına tikili kimi qiymətləndirilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin nə əsaslandırıcı, nə də nəticəvi hissəsində bu cür əsaslandırma mövcud deyildir. Qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyünun İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmasına istinad olunmuş və nəticəvi hissədə də özbaşına tikilinin deyil, quraşdırılmış konstruksiya və dam örtüyünün sökülməsi qət edilmişdir.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(004)- 3110/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(004)- 3110/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.