Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6653/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3299/2024 nömrəli qətnaməsindən cavabdeh Vəsilə Məhərəmovanın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Satıcı "xxxx" MMC ilə alıcı (cavabdeh) Cavabdeh arasında xx.xx.2021-ci il tarixli MKR02170 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən 3 ədəd əşya satıcı tərəfindən alıcıya nisyə satılıb: 1) Kombayn BOSCH MUM54G00; 2) Multi Grill DELOHGHİ SW12ACS; 3) X1 18W Fast Charge 20000mAh (PB200LZM). Əşyaların qiyməti kimi alıcının ödəməli olduğu ümumi məbləğ 578,9 manat təşkil edir. Həmin məbləg 12 ay ərzində hər ay 48 manat, sonuncu ay isə 60,9 manat olmaqla ödənilməlidir. 2.Satıcı "xxxx" MMC alıcıya qarşı olan pul tələbini xx.xx.2022-ci il tarxli 01 nömrəli faktorinq müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə güzəşt edib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, alqı-satqı müqaviləsi üzrə 578,9 manat qalıq borc, 523,15 manat cərimə borcu olmaqla cəmi 1.102,05 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,02 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 578,90 manat, cərimə borcu kimi 58 manat, cəmi 636,9 manat, habelə dövlət rüsumunun əvəzi kimi 31,02 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, həmin əşyalar qüsurlu mal kimi alıcı tərəfindən satıcıya qaytarılıb. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi 8.Həmin əşyalar xx.xx.2021-ci il tarixli aktla satıcı tərəfindən alıcıya təhvil verilib. Bundan 30 gün sonra - xx.xx.2021-ci ildə alıcı əşyaları satıcıya geri qaytarıb, bu barədə qəbz tərtib olunub (iş v. 76, 82). Geri qaytarmanın səbəbi “tam qarışdırmır” və “istifadəsi ilə razı deyil” kimi qeyd olunub. Əlavə qeyd kimi “geri qaytarmaq istəyir” yazılıb. Qəbzi alıcı və satıcının nümayəndəsi imzalayıb. Bundan sonra əşyalar satıcıda qalıb, əşyaların satıcı tərəfindən yenidən alıcya təhvil verilməsi barədə sübut yoxdur. 9.Göründüyü kimi, cavabdeh (alıcı) əşyaların qüsurlu olduğunu bildirir. İddiaçı bunun əksini, yəni əşyaların qüsursuz olduğunu təsdiq edən sübut təqdim etməyib. O cümlədən, iddiaçı apellyasiya şikayətinə etirazını bildirməyib, habelə izahat vermək üçün məhkəmə iclasına gəlməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə də cavabdehin (alıcının) bildirdiyi məlumatlar əsasında əşyaların qüsurlu olması müəyyən olunmuş sayılır. 10.Beləliklə, əşyalar qüsurlu olduğuna görə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, cavabdeh (alıcı) alqı-satqı müqaviləsinin icrasından (əşyanın qiymətini ödəməkdən) imtina etməyə haqlıdır. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 3299/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödəniılmiş dövlət rüsumunun əvəzi kimi 16,4 (on altı tam onda dörd) manat "xxxx" MMC-dən Cavabdeh xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6653/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6653/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver