Məhkəmə qərarları › İş №2(103)-6654/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6654/2022

17.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6654/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək haqqı və istifadə edilməmiş məzniyyətə görə kompensasiya tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra “iddiaçı”) Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir.

2. Daha sonra əmək müqaviləsi xx.xx.2020-ci il tarixində 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək uzadılmışdır.

3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissə), noyabr, dekabr aylarının, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının əmək haqlarının və iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqqının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən iddiaçının xx.xx.2019-xx.xx.2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclərin MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti (bundan sonra “üçüncü şəxs”) iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulub.

6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı 02 sentyabr 2019-cu il tarixdən MMC-də işləsə də, 2020-ci ilin iyul, avqust, noyabr və dekabr aylarının əmək haqqı, 2020-ci ilin sentyabr ayının əmək haqqının yarısı, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının əmək haqqını hələ də ala bilməyib. Bununla yanaşı, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya müvafiq iş illərində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) də ödənilməyib. İddiaçı bu barədə MMC-nin rəhbərliynə, MMC-nin pulu ödəməkdən imtinası barədə üçüncü şəxsə müraciət etsə də, müraciətlərinin nəticəsi olmayıb.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 83, 135, 143, 144 və 172-ci maddələrinin müvafiq bəndlərinə istinad etmişdir.

8. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək göstərib ki, həqiqətən də 2020-2021-ci illər üzrə iddiaçıya əmək haqqı tam ödənilməyib. Təmsil etdiyi MMC bu halı təkzib etmir və ödənişləri etməkdən yayınmır. Bu halın baş verməsi Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılması təhlükəsinin qarşısını alınması məqsdilə həyata keçirilən tədbirlərlə bağlı MMC-nin bir müddət işləməməsi ilə bağlı olmuşdur. MMC ödənilməmiş əmək haqqı məbləğini iddiaçıya ödəməyə razıdır, lakin iddiaçıya ödənilməli olan əmək haqqı məbləği aylar üzrə müəyyən edilməli və hesablanmalıdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya məbləği) MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Fuad Abdıyev)

10. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsi xx.xx.2020-ci il tarixində 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissəsi), noyabr, dekabr, 2021-ci ilin yanvar-iyun ayları üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun tutulmasını tələb edir. İddiaçıya məxsus olan ödəniş kartı üzrə hesabdan çıxarışa əsasən iddiaçıya 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar-iyun ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, həmin müddət üçün cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı məbləği tutulmalıdır.

12. Birinci instansiya məhkəməsi həmçinin belə qənaətə gəlib ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etmək hüququ əmələ gəlmişdir və cavabdeh iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə də pul əvəzini (kompensasiyanı) ödəməlidir.

13. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində əsassız hesab etmiş və gəldiyi qənaəti belə əsaslandırmışıdr ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf etmişdir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərmiş, bu işdə sistemliliyin pozulmasına səbəb olmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndi, 43-cü maddəsinin “ə” bəndi, 83-cü maddəsinin 2-ci hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi, 135-ci maddəsinin 1 və 2-ci hissələri, 140-cı maddəsinin 1 və 2-ci hissələri, 172-ci maddəsinin 1, 4, 5-ci bəndləri, 174-cü maddəsinin 2-ci hissəsi və MülkiProsessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri: - ödənilmədiyi iddia olunan əmək haqqı cavabdeh (işəgötürən) tərəfindən də inkar olunmamış və bu, işin mübahisə olunmayan halı kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Yəni, əmək haqqı məbləği fərdi əmək mübahisəsi yaratmamışdır. Əmək haqqının əmək müqaviləsində və qanunvericilikdə göstərilən vaxtda ödənilməsi işəgötürən olaraq MMC-nin vəzifəsi olsa da, MMC bu günədək həmin məbləği ödəməmiş və bu halın onun təqsiri üzündən baş verməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə isə cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir - Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi hazırkı mübahisəyə tətbiq edilməli olduğu halda, məhkəmə tətbiq etməmişdir. Məhkəmə sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Bu isə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, cavabdehin nümayəndəsi pandemiya səbəbindən müəssisənin işləmədiyini, yəni bu gecikmənin işəgötürənin təqsiri üzündən baş vermədiyini qeyd etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmadan cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir; - baxılan iş üzrə cavabdehin qeyd etdiyi koronavirus (Covid-19) infeksiyasının mövcudluğu və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi hamıya bəlli olsa da, məhz bu tədbirlərin hansı formada cavabdehə təsir etməsi, onun gəlirlərinin əhəmiyyətli dərəcədə azalması və həmin gəlirlərin işçilərin əmək haqqının ödənilməsi üçün yetərli olmaması barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi koronavirus (Covid-19) infeksiyası ilə bağlı keçirilən tədbirlər nəticəsində cavabdeh təşkilatın işləməməsi və onun gəlirlərinə təsir etməsi barədə yalnız cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunan qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamışdır; - məhkəmə MPM-in 14.1-ci maddəsinin tələbini pozaraq, sadəcə tərəflərin izahatlarını dinləməklə kifayətlənmiş, ümumiyyətlə, tərəflərlə işin hallarına dair heç bir müzakirə və araşdırma aparmamışdır. Belə bir araşdırma və müzakirə aparılmadığına və cavabdeh təşkilatın əmək haqqının ödənilmədiyi dövrdə fəaliyyət göstərməməsi və bu səbəbdən əmək haqqının ödənilməsi üçün yetərli vəsaitə malik olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə iddiaçının həmin halları təkzib etmək vəzifəsi olmamışdır; - əmək haqqının ödənilmədiyi dövrdə pandemiya səbəbindən məhz işçilərə əmək haqqı olaraq ödənilməsi məqsədi ilə dövlət tərəfindən ayrılan və Cavabdeh MMC-yə köçürülən vəsait də iddiaçıya ödənilməmiş və cavabdeh tərəfindən başqa məqsədlər üçün istifadə edilmişdir. Ən azından bu məbləğlərin belə iddaçıya verilməməsi açıq-aşkar cavabdehin təqsirsiz olmadığına dəlalət edir; - bundan əlavə, cavabdeh əmək haqqının ödənilməsinin gecikdirilməsini pandemiya ilə əlaqələndirsə də, işdən də göründüyü kimi, cavabdeh maneəsiz şəkildə müəssisələrin fəaliyyət göstərdiyi hazırkı vaxtda da iddiaçının əmək haqqını ödəmir. Qeyd olunan bu hallar birmənalı şəkildə əmək haqqının cavadeh tərəfindən ondan asılı olmayan səbəblərdən deyil, məhz qərəzli şəkildə ödənilməməsini bir daha təsdiq edir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2134/22 nömrəli, iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elnur Həsənov)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində qeyd etmişdir ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf edir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərib.

19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin əmək haqqının vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsinin sübuta yetirilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi tələbi iddiaçı tərəfindən irəli sürüldüyündən həmin ödənişin vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsini sübutetmə yükü də iddiaçının üzərinə düşür. Lakin iş materiallarında həmin halı təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2134/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

23. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən (iddia tələbinin rədd olunan hissəsində) ləğv edilməsi, iddia tələbinin tamamilə təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

28. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

29. 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir.

30. 43-cü maddəsinin əbəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir.

31. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

32. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

33. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

34. 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

AR Mülki Prosessual Məcəlləsinin

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə, iddia tələbi tam təmin edilməlidir.

39. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının Cavabdeh MMC-nin əməkdaşı olması, ona əmək haqqının hesablanması, lakin bu əmək haqqının qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçıya ödənilməməsi işin mübahisəsiz hallarıdır.

40. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi də iddia ərizəsində göstərilən müddətlər üzrə əmək haqqının ödənilməli olmasını təkzib etməmiş və cavabdehin ödənişləri etməyə razı olduğunu bildirmiş, ödənişlərin gecikdirilməsinin Covid-19 pandemiyası ilə əlaqədar müəssisənin bir müddət fəaliyyət göstərməməsi ilə bağlı olduğunu göstərmişdir.

41. Göründüyü kimi, əmək haqqının hesablanması, lakin vaxtında ödənilməməsi ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir.

42. İddianı həmin hissədə təmin etməyən birinci instansiya məhkəməsi də məhz Covid- 19 pandemiyası ilə əlaqədar müəssisənin bir müddət fəaliyyət göstərmədiyinə istinad edərək bu qənaətə gəlmişdir ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsinin pandemiya ilə əlaqədar sərt karantin rejiminin tətbiq edildiyi dövrə təsadüf etməsi cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq müxtəlif ödənişlərin, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərmiş, işdə sistemliyin pozulmasına səbəb olmuşdur.

43. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

44. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbinin təmin edilməyən hissəsini 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqqının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə xx.xx.2020ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən iddiaçının xx.xx.2019-xx.xx.2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclərin MMC-dən iddiaçının xeyrinə tutulmasına dair tələbi təşkil edir.

45. Qeyd edilən tələbin qanuni əsasını təşkil edən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

46. Maddənin dispozisiya şərtindən göründüyü kimi, qeyd edilən qaydada ödəncin verilməsini tələb etmək hüququ üç halın birlikdə mövcud olduğu halda yaranır: 1. əmək haqqının verilməsinin gecikdirilməsi; 2. bu gecikdirmənin fərdi əmək mübahisəsi yaratmaması; 3. gecikmənin işəgötürənin təqsiri üzündən baş verməsi.

47. Həmin maddənin “Qeyd” hissəsində «işəgötürənin təqsiri üzündən gecikdirilmə» anlayışının nəyi nəzərdə tutduğu şərh edilir və göstərilir ki, bu cür gecikdirmə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

48. Göründüyü kimi, qanunverici “işəgötürənin təqsiri üzündən gecikdirilmə”nin hansı halları əhatə etməsini dəqiq müəyyən etmişdir ki, bu hallardan biri də bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsidir.

49. İş üzrə cavabdeh əmək haqqının və digər ödənişlərin gecikdirilməsini Covid-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin rejiminə görə bir müddət fəaliyyət göstərməmələri ilə əlaqələndirməklə, faktiki olaraq bu gecikmənin onların iradəsindən və imkanlarından asılı olmayan səbəblərdən baş verdiyinə istinad etmişdir.

50. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübutu, o cümlədən pandemiya şəraitində onların maliyyə imkanlarının məhdudlaşmasını təsdiq edən maliyyə sənədlərini məhkəməyə təqdim etməmişdir.

51. Kollegiya hesab edir ki, pandemiya ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə cavabdehin maliyyə imkanlarının məhdudlaşmasını sübut edən hal kimi qiymətləndirilə bilməz.

52. Bu zaman kollegiya onu da nəzərə alır ki, cavabeh müəssisə kommersiya fəaliyyəti ilə məğul olmaqla, əsas fəaliyyət istiqaməti orta təhsil sahəsində xidmətlərin göstərilməsidir. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin müddətində təhsil müəssisələrinin dərsləri on-line qaydada həyata keçirilməklə öz fəaliyyətlərini davam etdirməsi mübahisəsiz haldır. Bu səbəbdən cavabdeh MMC tərəfindən iddiaçının əmək haqqının ödənilməsinin bir neçə ay ərzində gecikdirilməsinin yalnız pandemiya ilə əlaqəli olmasını kollegiya ağlabatan hal hesab etmir.

53. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilir ki, hazırkı işin faktiki halları – iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinin cavabdehin təqsiri ucbatından gecikdirilməsi və bu halın əmək mübahisəsinə səbəb olmaması hazırkı tələbin qanuni əsasını təşkil edən maddi hüquq normasının (ƏM-nin 172-ci maddəsinin 5-ci bəndi) dispozisiya şərtləri ilə uzlaşır.

54. Bu səbəbdən kollegiya iddia tələbini apellyasiya baxışının predmeti olan hissədə də əsaslı hesab edir və bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

55. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində təmin etməməklə düzgün nəticəyə gəlməmiş, həmin hissə ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

56. Ona görə də, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə də iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqqının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, habelə iddiaçının xx.xx.2019-xx.xx.2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclər Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar