Məhkəmə qərarları › İş №2(103)-6657/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6657/2023

12.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6657/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pəncərənin qabağına vurulmuş dəmir lövhənin və evinə bitişik talvarın sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən evinin pəncərəsinin cavabdeh tərəfindən dəmir lövhə ilə bağlanmış hissəsinin və həmçinin cavabdeh tərəfindən tikilərək onun evinə birləşdirilmiş talvarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşıdır, onlar qonşuluqda yaşayırlar. Yaşadıqları evlərin arasında 7-8 metr məsafə var. İddiaçının evi 1983-cü ildə inşa edilmişdir. Evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Qobustan bələdiyyəsinin 50/04 №-li, xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçının evi 2006-cı ildə yandığından, o, həmin yerdə 2007-ci ildə yenidən ev tikmişdir. Cavabdeh 1993-cü ildə ailə qurmuş və ataları cavabdehə yaşadığı evin bir otağını vermişdir. Cavabdehin yaşadığı evin çıxışı Dzerjinski küçəsinə (indiki Arif Zeynalov küçəsi), iddiaçının evinin çıxışı isə arxa küçəyədir. 2013-2014-cü illərdə iddiaçının bir müddət evində olmamasından istifadə edən cavabdeh iddiaçıya məxsus torpaq sahəsində ev tikmişdir. Qardaşı olduğundan iddiaçı, cavabdehin qeyd edilən hərəkətinə etiraz etməmişdir. Lakin cavabdeh 2022-ci ilin mayiyun aylarında həyətdə talvar tikməklə iddiaçının evinə birləşdirmiş və iddiaçının pəncərəsini dəmir lövhə ilə bağlamışdır. Halbuki, cavabdeh özü də bilir ki, iddiaçı, həm onkoloji xəstə, həm də gözdən əlil olmaqla, dövlətdən aldığı əlillik pensiyası ilə dolanır, dava-dərmanına belə pul çatdıra bilmir, xəstəliyi ilə bağlı təmiz havaya ehtiyacı olmaqla stressdən uzaq olmalıdır. İddiaçı, cavabdehə qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh onu eşitməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya münasibəti barədə məlumat

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının bildirdikləri yalan və uydurmadır. Cavabdeh, 1992-ci ildə ailə qurduqdan sonra atasının yaşadığı fin layihəli evin bir otağında məskunlaşmışdır. Bir müddət keçdikdən sonra həmin evi genişləndirmişdir. Həmin vaxt iddiaçı ilə aralarında söz-söhbət olmamışdır. Cavabdehin həyətində tikilən evin iddiaçının evinə və həyətinə maneəsi olmayıb. İddiaçının evinin pəncərəsi birbaşa cavabdehin həyətinə açılır və cavabdehin tikdiyi talvar öz həyətində üstlərinə yağış yağmasın deyə qurulmuşdur. Cavabdeh, iddiaçının evinin pəncərəsinin qarşısını tam bağlamamışdır. Üç-dörd ay bundan öncə övladı üçün toy edəndə həyətinə qonaqlar gəldiyi üçün və qardaşının həmin pəncərədən evinin içi göründüyü üçün, cavabdeh həmin pəncərənin qabağına (və pəncərədən aralı) kiçik bir dəmir lövhə quraşdırmışdır. İddiaçı bununla bağlı polisə də şikayət etmişdir. Cavabdehin həyətdə tikdiyi talvar çoxdan tikilmiş və iddiaçı bu müddət ərzində buna bir söz deməmişdir. Lakin yarımçıq qalmış üstünün dəmirini vuran zaman mane olmağa çalışmışdır. 2006-cı ildə iddiaçının evi yanarkən iddiaçının ailəsi aylarla cavabdehin evində məskunlaşmışlar. İddiaçı, 2007-2008-ci illərdə külli miqdarda bir neçə şəxsə borcu olduğuna görə, yoxa çıxmış və dörd-beş il nəinki öz evində, heç Qobustanda da olmamışdır. iddiaçının 9-10 min manat borcunu cavabdeh ödəmişdir. Əgər iddiaçı cavabdehi məhkəməyə verirsə, onda həmin pulu da cavabdehə qaytarmalıdır. Cavabdehin evinin çıxışı Dzerjinski küçəsinə deyil, kiçik qardaşı Əliyev Bəxtiyar Xıdır oğlunun evinin çıxışı həmin küçəyədir. Cavabdehin isə çıxışı əks tərəfədir. Hər bir vətəndaş istənilən tərəfə çıxışını edə bilər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya məxsus ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə vurulmuş dəmir lövhə və həmin evə bitişik inşa edilmiş talvar tikilisinin cavabdehin özünün hesabına sökülməsini, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı evin həyətində, iddiaçının fərdi yaşayış evinə bitişik talvar tikilisi inşa edilmiş, eləcə də, iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinə dəmir lövhə vurulmuşdur. Həmin dəmir lövhə iddiaçının yaşadığı evə düşən təbii işığın və hava axının qarşısını kəsməklə, tikinti norma və qaydalarına ziddir. Talvar da öz növbəsində özbaşına tikili olmaqla, cavabdehin öz hesabına sökülməlidir. Cavabdehin talvar tikilisi inşa edilmiş torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyil. d) apellyasiya şikayəti barədə məlumat

6. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. İddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi onların (mərhum) atasından qalmışdır. Atası sağ ikən həmin torpaq sahəsini 3 qardaşın arasında bölmüş və hər birinin həyətləri və evləri ayrıdır. Cavabdeh öz həyətində talvar inşa etmiş və bunun üçün hər hansı icazə və razılıq tələb olunmur. Cavabdeh iddiaçının pəncərəsinə deyil, onun qarşısındakı dirəklərə lövhə vurmuşdur. Lövhə nə pəncərənin, nə də ora gedən hava axının qarşısını kəsir. Onların evləri sənədləşdirilməsə də, özbaşına tikili deyil və onlar həmin tikililərə görə vergi və kommunal xərclər ödəyirlər. Rayon Məhkəməsi tərəfindən tam araşdırma aparılmadan səhv nəticəyə gəlinmişdir. Belə ki, Rayon Məhkəməsi iddiaçının evinin müvafiq sənədlərinin olmamasını, həmin evin də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsini, tikintiyə icazəsinin olub-olmamasını, evin tikildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasına dair sənədlərin olub-olmadığını yoxlamadan iddiaçının haqlı olduğu qənaətinə gəlmişdir. Bundan başqa, Rayon Məhkəməsi, ekspertiza tərəfindən verilmiş qeyri-müəyyən rəyi sübut kimi qəbul etmişdir. Belə ki, rəydə ilkin olaraq göstərilir ki, lövhənin maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələ deyil. Lakin sonradan göstərilir ki, dəmir lövhə yaşayış evinin işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Evlərin yerində müayinə edilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. Rayon Məhkəməsi cavabdehin evinin, talvarın özbaşına tikili olmasını hər hansı faktla sübut etməmişdir. İddiaçının təqdim etdiyi bələdiyyə sənədləri torpaq komitəsində qeydiyyatdan keçmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Rayon Məhkəməsinin gəldiyi nəticə əsas götürülsə, onda iddiaçının evi də özbaşına tikili sayılır və iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bak şəhəri, ünvan 2 ünvanda yaşayan iddiaçı, Qaradağ rayonu Qobustan bələdiyyəsinə ərizə ilə müraciət edərək, həmin küçədə yerləşən fərdi yaşayış evinin və istifadə etdiyi ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bələdiyyə tərəfindən ərizə araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı həmin küçədə öz vəsaiti hesabına fərdi yaşayış evi tikmiş və istifadə olunan 600 kv.m torpaq sahəsinin Qaradağ Rayon İcra Hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında sənədləşdirilməsi mümkündür. Bu səbəbdən, Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 50/04 saylı qərarı ilə qeyd olunan torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Bələdiyyə ilə iddiaçı arasında xx.xx.2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, bu barədə akt tərtib olunmuşdur. İddiaçı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi uçota alınmış, ona xx.xx.2022-ci il tarixdə 81 saylı şəhadətnamə verilmişdir.

12. İşin faktiki hallarından və işdə olan fotoşəkillərdən (fotoşəkillər cavabdehin vəkili (nümayəndəsi) tərəfindən elektron qaydada Məhkəməyə təqdim edilmiş və Məhkəmə tərəfindən “CD”-yə köçürülmüş, “CD” iş materiallarına əlavə edilmişdir) göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinin qarşısı, pəncərədən təxminən 10 santimetr aralı dəmir lövhə quraşdırılmışdır. Bundan başqa iddiaçının evinin yaxınlığında metal konstruksiyalı talvar quraşdırılmış və talvarın bir hissəsi iddiaçının evinə bərkidilmişdir. Cavabdeh özü də bu halları etiraf edir, lakin bildirir ki, bu halların mövcudluğu iddiaçının maraqlarına toxunmur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 10/1274 saylı rəyindən görünür ki, pəncərəyə vurulmuş dəmir lövhələrin hər hansı şəxsə maneə törədibtörətməməsinin müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin, iddiaçıya məxsus evin pəncərəsinə vurulmuş dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Həmin ünvanda inşa edilmiş talvarın iddiaçının evinə dəmir boru vasitəsi ilə qaynaq olunduğunu nəzərə alaraq, talvar tikilisinin iddiaçının yaşayış evinə bitişik vəziyyətdə olduğu müəyyən edilir. İddiaçıya məxsus tikililərdə nəmişlik olmadığından, yağış nəticəsində talvardan süzülən suyun evə təsir etmədiyi müəyyən olunur.

14. Həmin rəyi vermiş (mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti) ekspert Səidov Elmar Zirəddin oğlu Rayon Məhkəməsində işə baxılan zaman verdiyi izahatında bildirdi ki, verdiyi rəydə də göstərdiyi kimi, iddia ərizəsində qeyd olunan dəmir lövhənin hər hansı şəxsə maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin, həmin dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Tikinti Norma və Qaydalarına əsasən yaşayış otaqları təbii işıqla təmin olunmalıdır. Talvar tikilisinə gəldikdə isə, həmin tikili iddiaçının evinə qaynaq vasitəsi ilə montaj edilmişdir, iddiaçının evinə bitişik vəziyyətdədir. İddiaçıya məxsus tikililərdə nəmişlik müşahidə edilmədiyindən, yağış sularının talvardan süzülərək evə təsir etmədiyi müəyyən olunmuşdur. Verdiyi rəyə əlavəsi yoxdur.

15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

16. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin lövhə iddiaçıya məxsus evin pəncərəsinə birbaşa bərkidilməsə də, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki həmin lövhə pəncərəyə çox sıx məsafədə quraşdırılmış və evə düşən təbii işığın və hava axının qarşısını kəsir. Bu hal ekspert rəyi ilə də təsdiq olunur.

18. İddianın mübahisəli talvara aid hissəsi də əsassız hesab edilərək, rədd edilə bilməz. Çünki talvarın bir hissəsi iddiaçıya məxsus evə bərkidilmişdir. Bu hal da ekspert rəyi ilə təsdiq olunur. Talvarı qeyd edilən qaydada quraşdırmış cavabdeh bununla bağlı iddiaçının razılığını almamış, iddiaçıya məxsus tikiliyə müdaxilə etmişdir.

19. Göründüyü kimi iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə olunan dəlilləri əsassızdır.

20. İddiaçının evinin müvafiq sənədlərinin olmaması, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, tikintiyə icazəsinin olub-olmaması, evin tikildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasına dair sənədlərin olmaması və bu halların işə baxmış Rayon Məhkəməsi tərəfindən araşdırılmaması barədə cavabdehin dəlillərinə gəldikdə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus ev iddiaçıya qanuni əsasla, yuxarıda qeyd edildiyi kimi Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 50/04 saylı qərarı ilə ayrılmış və iddiaçı ilə həmin bələdiyyə arasında bağlanmış “Alığı-satqı müqaviləsi” əsasında iddiaçıya satılmışdır. Həmin qərar və müqavilə qüvvədədir. Belə olan halda qəbul edilməlidir ki, özünə məxsus torpaq sahəsi üzərində inşa etdirdiyi tikili üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ mövcuddur.

21. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə olunan bu dəlili də əsassızdır.

22. Beləliklə apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar