Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-666/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit borcunun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra istifadə hüququna xitam verilməklə, fərdi yaşayış evində qeydiyyatda olanların qeydiyyatdan və əmlakdan çıxarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6321/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2019/00035-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli kreditin əsas borcu üzrə 7000 manat, ona hesablanmış 1270,94 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1344 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 9614,94 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 mənzil 16 ünvanında yerləşən ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına cəmi 9614,94 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin və mənzildə olan digər şəxslərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6321/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ölkədə devalivasiyanın baş verməsi, maddi imkanlarının olmaması, güzəşt olunmaması, yeni ödəniş cədvəlinin tərtib olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Tərəflərin izahatlari, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin bağlanması, Cavabdeh2 24 ay müddətinə, illik 30 faiz hesablanmaqla 7000 manat məbləğində kredit verilməsi, öhdəliyin icrasının təmini kimi digər cavabdeh Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın ipoteka qoyulması, kredit öhdəliklərinin lazımınca yerinə yetirilməməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdehlər apellyasiya şikayətində maddi imkanlarının krediti ödəməyə yetərli olmamasını, yeni ödəniş cədvəlinin tərtib olunması və s. göstərsələr də, həmin hallar iddianın rədd olunmasına, öhdəliyin yerinə yetirilməməsinə qanuni əsas təşkil edə bilməz. Eyni zamanda, güzəşt tətbiq olunaraq, yeni ödəniş cədvəlinin tərtib olunması məsələsi müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında həll oluna bilər. Həmçinin, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq tələb olunan yüksək cərimənin məbləğini azaldaraq 130 manat həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca (7000 manat) münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası dəbbə pulunun daha da azaldılmasına zərurət görmür). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri hallar kredit borcunun müəyyən edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğvinə əsas ola bilməz. Göründüyü kimi, cavabdeh tərəf etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməməkdə haqlı olmamışdır. Belə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə tələbdə göstərilibgöstəriməməsindən asılı olmayaraq ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olmasını müəyyən etmişdir. İşdə olan ipoteka müqavilələrindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 17000 manat müəyyən olunmuşdur. Cavabdehlər apellyasiya şikayətində ipoteka qoyulmuş yaşayış sahəsini 24000- 25000 manata almalarını göstərmmişlər. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gələcəkdə mübahisənin yaranmaması, həmçinin ipoteka qoyulmuş əmlakın obyektiv olaraq likvid dəyərinin müəyyən olunması məqsədilə müstəqil qiymətləndirici təyin etmişdir. Məhkəməyə daxil olmuş, «Uniprice» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 mənzil 16 ünvanında yerləşən ünvanında yerləşən yaşayış sahəsinin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, qeyd edilən ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi obyektiv və ədalətlidir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə – ipoteka qoyulmuş Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi, 12 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 150 manat məbləğində müstəqil qiymətləndiricinin xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, müstəqil qiymətləndiricinin xidmət haqqını ödədiklərini, bu səbəbdən də həmin pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli 547 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən «Uniprice» Məhdud Məsuliyyətli Cəmiyyətinə 200 manat ödənilmişdir. Lakin, «Uniprice» Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə kollegiyasına ünvanladığı arayışında xidmət haqqının 150 manat təşkil etməsi qeyd olunduğundan, məhkəmə kollegiyası cavabdehlərdən iddiaçının xeyrinə 150 manat xərcin tutulması qənaətinə gəlir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit borcunun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra istifadə hüququna xitam verilməklə, fərdi yaşayış evində qeydiyyatda olanların qeydiyyatdan və əmlakdan çıxarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6321/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6321/2019 saylı qətnaməsi dəyişdirilsin, ipoteka qoyulmuş ünvan 1 mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 22000 (iyirmi iki min) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Cavabdehlərdən aparılmış ekspertizanın dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq iddiaçının xeyrinə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-666/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-666/2021
09.03.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver