Məhkəmə qərarları › İş №2(103)-6668/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6668/2021

29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6668/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, «xxxx» MMC-yə və Cavabdeh2 qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)- 671/2021 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın yekunları barədə 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-671/2021 saylı qərardadı ilə (hakim Ramilə Xəzri) iddia ərizəsinin baxılmamış saxlanması barədə iddiaçı tərəfin vəsatət təmin edilməmiş, həmçinin eyni tarixli qətnamə ilə iddia təmin olunmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-671/2021 saylı qərardadından iddiaçının nümayəndəsi şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və izahatı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. MPM-in 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, şikayət məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadan verilə bilər. Lakin, nəzərə almaq lazımdır ki, qərardadın ayrıca akt şəklində tərtib olunmaqla çıxarılması özü-özlüyündə həmin qərardaddan şikayətin verilməsinin mümkünlüyünü ehtiva etmir. Ona görə də qanunverici şikayətin verilməsinin mümkünlüyünü təkcə həmin qərardadın müstəqil akt şəklində çıxarılması ilə deyil, həm də şikayət hüququnun MPM-də göstərilməsi və ya qərardadın işin sonrakı hərəkətinə mane olduğu hallarla əlaqələndirmişdir. Barəsində şikayət verilmiş birinci instansiya məhkəməsinin qərardadından görünür ki, həmin qərardad iddianın baxılmamış saxlanılması barədə vəsatətin təmin olunmaması barədə çıxarılmışdır. MPM-də qeyd edilən qərardadan müstəqil şəkildə şikayətin verilməsi nəzərdə tutulmamış, eyni zamanda həmin qərardad işin sonrakı hərəkətinə də mane olmamışdır. Birinci instansiya məhkəməsi isə şikayət daxil olduqdan sonra onun qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamamış, ona əsassız olaraq MPM-nin 269-cu maddəsinə əsasən mahiyyəti üzrə baxmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi qərardadla eyni vaxtda işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı da qəbul etmişdir. Belə olan halda isə qərardaddan ayrıca şikayət verilməsinə zərurət qalmamışdır. Cavabdeh yuxarıda da qeyd edildiyi kimi MPM-nin 395.2-ci maddəsinə əsasən yekun məhkəmə aktından (qətnamədən) verəcəyi apellyasiya şikayətinə həmçinin hazırki şikayətdə göstərilən dəlillərini və etirazlarını əlavə etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı «hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-671/2021 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar