Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6670/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” 2(003)-731/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 972 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında **********02400 saylı abonent hesabına qanunsuz olaraq 972 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 972 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin Qaydaların 4.9-cu bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddiaların böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zəfəran sovxozu massivindəki evdə qaz sayğacının çıxış plastmas borusu deşilmiş, nəticədə qaz itkisi yaranmış və buna dair cavabdeh tərəfindən 31.10.2018-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün təşkil edildiyi, hesabat zamanı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 2,6 m3, orta günlək iş rejimi iş rejimi 18 saat, hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh şikayətdə təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsinin onun əsas məqsədi olduğunu qeyd etmişdir. Lakin hazırki mülki mübahisə ilə bağlı məhkəməyə hər hansı foto şəkli, dövlət yoxlamasının rəyini təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində iddiaların mahiyyətinin sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsinin və məsuliyyətə cəlb olunmasının deyil, müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsi olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin bu hissəsinə münasibətdə isə qeyd edir ki, hazırki iş üzrə iddia qaz paylayıcısı tərəfindən deyil, məhz ona qarşı qaldırılmışdır. Mülki mühakimə icraatı zamanı dəymiş ziyanın ödənilməsi üçün mülki məsuliyyətli şəxs tərəfindən əməlin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) müəyyən edilməsi əsas şərtdir və bu pozuntular nəticəsində zərərçəkənə dəymiş ziyanın ödənilməsi, təqsirli tərəfin müəyyən edilərək mülki məsuliyyətə cəlb edilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Lakin Cavabdeh tərəfindən tərtib edilmiş aktda hesabat 180 günlük aparılmışdır ki, bu da qaydaların tələblərinə ziddir. Həmçinin qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmadığı üçün həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(003)-731/2021 saylı mülki iş üzrə qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6670/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6670/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver