Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6673/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:etibarnamə, alqı-satqı müqaviləsi, yalan əqd, müqavilənin etibarlılığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (atası) X3 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 fevral 2021-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, həmin tarixdən etibarən avtomobildən istifadə hüququ ilə bağlı müxtəlif şəxslərə müxtəlif tarixlərdə etibarnamələr verilmiş, 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 avtomobildən istifadə hüququnu ehtiva edən və xx.xx.2032-ci il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamə, 23 noyabr 2022-ci il tarixdə xx.xx.2023-cü il tarixinədək qüvvədə olması nəzərdə tutulmuş eyni səlahiyyəti ehtiva edən növbəti etibarnamə, 25 noyabr 2022-ci il tarixdə isə nəqliyyat vasitəsinə dair sərəncam hüququnu ehtiva edən və xx.xx.2023-cü il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamələr verilmişdir.
2. 25 noyabr 2022-ci il tarixdə İddiaçıla Cavabdeh2 arasında “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmış, avtomobil 10 500 manata Cavabdeh2 satılmış, alqı-satqı müqaviləsini İddiaçı adından etibarnamə əsasında Cavabdeh1 imzalamış, avtomobil həmin tarixdə ** GC *** dövlət nömrə nişanı təhkim edilməklə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
3. "xxxx" MMC və Cavabdeh1 arasında 25 noyabr 2022-ci il tarixdə “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlandırılan yazılı sənəd imzalanmış, həmin sənədin məzmununa görə Cavabdeh1, “Daewoo Gentra” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 ay müddətinə, hər ay 375 manat ödəmək şərti ilə icarəyə götürmüş, eyni tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən və xx.xx.2024-cü il tarixinədək qüvvədə olacağı nəzərdə tutulmuş etibarnamə verilmişdir.
4. "xxxx" MMC-nin direktoru X2r; o, Cavabdeh2 bacısıdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəfindən Cavabdeh1 adına verilmiş 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamənin, həmin etibarnamə üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, avtomobilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş, 2022-ci ilin noyabr ayında avtomobili Cavabdeh1 nisyə satmaq barədə sonuncu ilə razılıq əldə etmiş, avtomobilin dəyəri 8500 manat müəyyən olunmuşdur. Əlavə alqı-satqı xərcləri ödənilməsin deyə 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 və qardaşı Səid Dadaşov avtomobilə baxış keçirərək onu bəyənmiş, bundan sonra avtomobillə bağlı cərimələri ödəmiş, 25 noyabr 2022-ci il tarixdə avtomobilə sərəncamvermə hüququnu müəyyən edən etibarnamə verməklə avtomobili Cavabdeh1 təhvil vermişdir. Aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərinin 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə vəd vermişdir. Lakin sonradan qalan pul ödənilmədiyindən o, Cavabdeh1 pulunu tələb etmiş, cavabdeh onun tələblərinə məhəl qoymadığından 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. Sonradan müəyyən etmişdir ki, Cavabdeh1 avtomobili etibarnamə əsasında alqı-satqı yolu ilə öz yaxın adamı olan Cavabdeh2 adına keçirmiş, bundan sonra avtomobilə **-GC-*** dövlət qeydiyyat nişanı verilmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
8. Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, iddia ərizəsində göstərilənlərin ona heç bir aidiyyəti yoxdur. O, Cavabdeh1 yaxın adamı deyildir, avtomobil formal olaraq deyil, alqı-satqı yolu ilə onun adına keçmiş, avtomobilə görə Cavabdeh1 pul ödəmişdir. Vicdanlı alıcıdır və Cavabdeh1 ilə İddiaçı arasındakı münasibətlərdən xəbəri olmamışdır. Cavabdeh1 iddiaçıya borcu varsa, iddiaçı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 ilə aralarında avtomobilin dəyərini 10 000 manat kimi qiymətləndirmişlər və o, həmin məbləği Cavabdeh1 ödəmişdir. Cavabdeh1, onların avtomobilləri icarə müqaviləsi əsasında dəyərini hissə-hissə ödəmək şərtilə satdıqlarını bilib, həmin avtomobili onlardan bu şərtlərlə almaq istədiyini bildirmiş, buna görə də həmin gün avtomobil 5000 manat ilkin ödəniş edilməklə, qalan məbləğin 24 ay ərzində ödənilməsi şərti ilə 14 000 manata Cavabdeh1 satılmışdır.
9. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, avtomobillə bağlı Cavabdeh1 etibarnamə vermiş, lakin qarşı tərəf pulla bağlı öhdəliyini icra etmədiyindən həmin etibarnaməni ləğv etmişdir. Sonradan Cavabdeh1 və qardaşı Səid Dadaşzadə ondan etibarnaməni bərpa etməyini xahiş etmiş, avtomobili satıb borcu ödəyəcəklərini bildirmişlər. İnanaraq Cavabdeh1 yenidən etibarnamə vermiş və sonuncu, avtomobili satmışdır. Lakin bundan sonra ona heç bir ödəniş edilməmişdir.
10. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (bacısı) X4 iddianı qəbul etmədiklərini bildirib izahatında göstərmişdir ki, onlar şəxsən cavabdehi tanımırlar. Avtomobili Cavabdeh1 10 000 manata alaraq bacısı Cavabdeh2 adına rəsmiləşdirmişlər. Lakin həmin gün Cavabdeh1 özünə təcili pul lazım olduğu üçün maşını ucuz qiymətə satdığını, yenidən onlardan almaq istəyini bildirmiş, buna görə də direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə məzmunlu iltizam imzalanmış, avtomobil icarə yolu ilə Cavabdeh1 verilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 etibarnamə verilmişdir.
11. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı (yeri) barədə məlumatlar göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir.
12. Birinci instansiya məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. Hazırkı iddia ərizəsi iki tələbdən ibarətdir: 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamənin; həmin etibarnamə üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi. 13.2. Məlum olduğu kimi mülki hüquqda yalnız bir şəxsin iradə ifadəsi nəticəsində əmələ gələn əqd birtərəfli əqd hesab olunur. Belə əqdlərdən biri də etibarnamələrdir ki, bunlara dair qanunvericilikdə xüsusi etibarlılıq şərtləri müəyyən edilmişdir. Hazırkı halda mübahisəli etibarnamənin xüsusi etibarlılıq şərtlərinin pozulması ilə verilməsi müəyyən olunmur. Belə ki, etibarnamə notarial qaydada təsdiq edilərək bir illik müddətinə verilmişdir. 13.3. İddiaçı etibarnamənin etibarsızlığını “alqı-satqı xərclərinin ödənilməməsi və əslində cavabdehlə nisyə alqı-satqısı müqaviləsinin bağlanması” ilə əsaslandırmışdır. İddiaya görə avtomobili cavabdehə təhvil veriləndən sonra aralarındakı razılığa görə Cavabdeh1 avtomobilin dəyərindən 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyinə dair vəd versə də, sonradan qalan pul ödəmədiyindən iddiaçı 29 dekabr 2022-ci il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. 13.4. Qeyd olunmalıdır ki, iddiaçı bu iddia tələbini konkret maddi hüquq norması ilə əsaslandırmamışdır. 13.5. Burada əqdlərə dair ümumi etibarsızlıq şərtləri nəzərdən keçirilə bilər. 13.6. Mülki hüquqda arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan və ya belə bir hüquqi nəticəni əmələ gətirmək qabiliyyətindən məhrum edilə bilən əqdlərə etibarsız əqdlər deyilir. Yəni bağlanarkən etibarlılıq şərtlərinə əməl olunmadığı halda əqdlər etibarsız olur. 13.7. Mübahisələndirilən etibarnamə bu tip əqdlər üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi etibarlılıq şərtlərinə uyğun bağlanmışdır. 13.8. Etibarnamənin ümumi etibarlılıq şərtlərinin pozulması ilə əmələ gəlməsi də sübuta yetirilmir. 13.9. Belə ki, həmin etibarnamə fəaliyyət qabiliyyətli şəxs tərəfindən verilmiş, onun predmeti şəxsiyyətə zidd deyil, əqd imperativ normalara uyğundur, onu əmələ gətirən iradə ifadəsinin zədəli olmasına dair sübutlar mövcud deyil. 13.10.İddiaçının əslində “nisyə alqı-satqı müqaviləsi bağlamaq niyyətində olması” dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda Mülki Məcəllənin 340-cı və 347ci maddəsinin dispozisiya şərtləri mövcud olmalıdır. 13.11. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. 13.12.Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. 13.13.Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”. 13.14.Etibarnamə üzrə İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sərəncam hüquqlarını Cavabdeh1 vermiş və burada hər hansı başqa əqdin mövcud olması ilə bağlı heç bir mötəbər dəlilə əsaslanmamışdır. 13.15.İddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmadığı işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. 13.16.Göründüyü kimi 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnamə qanunvericilikdə əqdlər üçün müəyyən edilmiş həm ümumi, həm xüsusi etibarlılıq şərtlərinə cavab verdiyindən onun etibarsız hesab olunmsı tələbinə dair iddia əsassızdır. 13.17.İddia tələbinin “avtomobilin alqı-satqısına dair 25 noyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsini məhkəmə aşağıdakılara görə əsassız hesab edir. 13.18.Cavabdeh iddiaçı tərəfindən ona verilmiş qanuni etibarnamə ilə hərəkət etmiş və üçüncü şəxslə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu müəyyən edilməmişdir. 13.19.Müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış olduğu sübuta yetməməklə yanaşı, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337-ci, 340.1-ci, 340.2-ci, 347.1-ci, 347.2-ci, 347.3-cü, 347.4-cü, 347.5-ci, 347.6-cı, 347.7ci, 362.1-ci, 362.2-ci, 363.1-ci, 363.3-cü, 364.1-ci, 364.2-ci, 365-ci, 366-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarlarına istinad etmişdir.
15. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin hallarını tam aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etmədiyini, alqı-satqı müqaviləsinin Cavabdeh1 tərəfindən imzalanmadığının müəyyən olunması üçün ekspertiza təyin etmədiyini, müqavilənin etibarsızlığının sübuta yetirilməsinə baxmayaraq qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 ona sonradan 100 manat da vermiş, beləliklə avtomobilə görə ümumilikdə ona 2300 manat ödənilmiş, 6200 manat borc qalmışdır.
18. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (atası) izahatında bildirmişdir ki, onda olan məlumata görə oğlu ilə iddiaçı avtomobilin 6500 manata oğluna satılması barədə razılığa gəlmiş, iddiaçı oğluna etibarnamələr vermiş, avtomobilin qiymətinin 4500 manatını ödəmiş, maddi çətinliyinə görə qalan borcunu ödəyə bilməmiş, buna görə də Cavabdeh2 adlı faizə pul verən şəxsdən faizə pul götürmək məcburiyyətində qalmışdır. Cavabdeh2 adlı şəxslə oğlu arasında avtomobilin alqı-satqısı olmamış, oğluna avtomobilə görə 10 000 manat pul vəsaiti ödənilməmişdir. Həmin müqavilə oğlunun faizə götürdüyü pul vəsaitinə görə bağlanmışdır. Oğlunun iddiaçını aldatmaq niyyəti yoxdur, imkanı olan kimi qalıq borcunu ödəyəcəkdir, oğlu özü faizə pul verənlər tərəfindən aldadılmışdır.
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2, habelə üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
29. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
30. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
31. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
33. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
34. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
38. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
39. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərini təmin etməməkdə haqlı olmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
52. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
53. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
54. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, avtomobilini 8500 manata Cavabdeh1 satmaq barədə sonuncu ilə razılaşmış, 25 noyabr 2022-ci il tarixdə avtomobili ona sərəncamvermə hüququnu təmin edən etibarnamə əsasında Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 avtomobilin dəyərinin 2200 manatını dərhal ödəmiş, qalan 6300 manatı isə növbəti ayın 10-dək ödəyəcəyini öhdəsinə götürmüş, lakin sonradan öhdəliyini yerinə yetirməyərək avtomobili formal alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır.
55. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 22) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
56. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
57. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 23) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
58. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış əqdin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
59. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
60. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
61. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
62. İddiaçının bilavasitə özünün bildirdiklərinə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən etibarnamə verilərkən tərəflərin (etibar edənin və etibar edilənin) aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir; yuxarıda qeyd olunduğu kimi iddiaçı, müvafiq etibarnaməni Cavabdeh1 məhz əmlakı satmaq məqsədilə verdiyini, yəni əmlakı ona satmaq niyyətinin olduğunu bildirmişdir – bu isə o deməkdir ki, Cavabdeh1 ona qarşı aldadıcı hərəkətlər etməsindən bəhs oluna bilməz.
63. Xüsusilə qeyd olunmalıdır ki, əmlakın dəyərinin ödənilmədiyi iddiası əqdin aldatma yolu ilə bağlandığı qənaətinə gəlməyə əsas verə bilməz və belə yanaşma oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə də ziddir.
64. Bu kontekstdə kollegiyanın qənaətinə görə, müvafiq etibarnamənin aldatma yolu ilə verilməsi deyil, başqa əqdi pərdələmək (yalan əqd) üçün verilib-verilmədiyi müzakirə oluna bilər.
65. Belə ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 30, 31). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
66. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.
68. İşin hallarından aşkar şəkildə görünür ki, iddiaçı ilə Cavabdeh1 avtomobilin nisyə alqı-satqısı barədə razılığa gəlmiş olsalar da, bu razılaşmalarını lazımi qaydada rəsmiləşdirməmiş, həqiqi iradələrini gizli tutaraq avtomobilin Cavabdeh1 sahibliyinə etibarnamə əsasında verilməsi yönündə sövdələşmişlər.
69. Başqa sözlə adı çəkilən tərəflər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, beləliklə də alqı-satqı ilə bağlı razılaşmalarını iddiaçının təktərəfli iradə ifadəsi olan etibarnamə ilə pərdələmişlər.
70. Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş 25 noyabr 2022-ci il tarixli 7E20549 reyestr nömrəli etibarnaməni etibarlı iradə ifadəsi kimi qəbul etmək mümkün deyildir.
71. Kollegiyanın qənaətinə görə, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi də etibarlı sayıla və Cavabdeh2 alqı-satqı üzrə vicdanlı alıcı hesab oluna bilməz.
72. İlk növbədə qeyd olunmalıdır ki, həmin müqavilənin formal olduğu, faizə götürülən pula görə bağlanmaqla müqavilə tərəflərinin həqiqi iradə ifadələrini əks etdirmədiyi Cavabdeh1 nümayəndəsi tərəfindən faktiki olaraq etiraf edilmişdir.
73. Digər tərəfdən, bir şəxsin 10 500 manata (yaxud 10 000 manata) satdığı əmlakını eyni gün 14 000 manata geri alması barədə müqavilə bağlaması (razılaşmaya gəlməsi), əmlakın zaman keçdikcə qiymətdən düşən (aşınan) əmlak olduğu da nəzərə alındığında, həmin alqı-satqının görünüş üçün həyata keçirildiyinə dair qənaət formalaşdırır.
74. Bu qənaət isə o nəticəyə gəlməyə əsas verir ki, mübahisəsi gedən avtomobillə bağlı Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bu yöndə hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan görünüş üçün bağlanmaqla (o cümlədən, həmin avtomobili iddiaçının mülkiyyətindən çıxarmaq məqsədilə) mülki qanunvericiliyin uydurma əqdlə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir.
75. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
76. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
77. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
78. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.
79. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının iddia tələbləri təmin olunmalı, Bakı şəhəri 50 saylı notariat ofisində 7E20549 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 25 noyabr 2022-ci il tarixli etibarnamə və “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
80. Kollegiya həmçinin qeyd edir ki, əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir (§ 27).
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.
82. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.
83. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının Cavabdeh1 aldığını bildirdiyi 2300 manat ondan alınıb Cavabdeh1, Cavabdeh2 Cavabdeh1 ödədiyini bildirdiyi 10 000 manat Cavabdeh1 alınıb Cavabdeh2 qaytarılmalı, “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı (hazırda ** GC *** dövlət nömrə nişanlı) avtomobil Cavabdeh2 (yaxud Cavabdeh1) alınıb iddiaçıya təhvil verilməlidir.
84. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla həmçinin hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2254/2023 saylı iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri təmin edilsin. Bakı şəhəri 50 saylı notariat ofisində 7E20549 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 25 noyabr 2022-ci il tarixli etibarnamə və “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində bağlanmış 25 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İddiaçı 2300 (iki min üç yüz) manat alınıb Cavabdeh1, Cavabdeh1 10 000 (on min) manat alınıb Cavabdeh2 ödənilsin. “Daewoo Gentra” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı (hazırda ** GC *** dövlət nömrə nişanlı) avtomobil Cavabdeh2 və ya Cavabdeh1 alınıb İddiaçı təhvil verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh1 alınıb İddiaçı ödənilsin. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə