Məhkəmə qərarları › İş №2(103)-6674/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6674/2025

04.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6674/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4384/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən Cavabdeh xx.xx.2004-cü il tarixli, 12425636 nömrəli müqaviləyə əsasən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Bu məqsədlə cavabdehə **********080 saylı abonent kodu açılmışdır.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə aid abonent kartına əsasən Cavabdeh 2015-ci il üzrə 105,48 manat sərfiyyat borcu, 2016-cı il üzrə 28,41 manat sərfiyyat borcu, 2017-ci il üzrə 29,50 manat sərfiyyat borcu, 2018-ci il üzrə 30 manat sərfiyyat borcu, 2019-cu il üzrə 31 manat sərfiyyat borcu, 2020-ci il üzrə 31,50 manat sərfiyyat borcu, 2021-ci il üzrə 55,93 manat sərfiyyat borcu, 2022-ci il üzrə 58 manat sərfiyyat borcu, 2023-cü il üzrə 59 manat sərfiyyat borcu, 2024-cü il üzrə 40 manat sərfiyyat borcu, 2025-ci il üzrə isə 25 manat sərfiyyat borcu olmaqla, cəmi 493,82 manat ödənilməmiş sərfiyyat borcu qalmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 493,82 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********080) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 493,82 (dörd yüz doxsan üç manat səksən iki qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 493,82 manat borcu əsaslıdır və hesab edirlər ki, iddia təmin edilərək həmin borc cavadehdən tutulmalıdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4384/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 493,82 manat borc (abonent kodu: **********080) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ödənilməsi qət edilmişdir. (hakim Anar Rzayev)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə xx.xx.2004-cü il tarixli müqaviləyə istinad edilsədə, belə bir müqavilə mövcud olub -olmaması araşdırılmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. ünvan 1 ünvanda elektrik xətti mövcud olmasına baxmayaraq “Azərişıq” Açıq Səmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş “Abunə haqqında məlumat”dan abonent kodu (**********90508) aydın görünür ki, həmin mənzildə xx.xx.2008-ci il tarixdən heç bir enerji sərfiyyatı mövcud olmamışdır. Bu hallar həmin mənzildə 2008-ci ildən etibarən yaşayış olmadığının sübutudur. Belə ki, cavabdeh tərəfindən heç bir su təchizatı və tullantı su xidməti göstərilmədiyi halda, müştəriyə borc hesablanmış və bu əsassız borc əsasında iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Su Məcəlləsinin 39-cu, Mülki Məcəllənin 13.1, 390.1 və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, faktiki göstərilməmiş xidmətə görə ödəniş və ya borc hesablanması hüquqa ziddir. Qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamış və əsassız qətnamə qəbul edilmişdir. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh (abonent kodu: **********080) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. xx.xx.2025-ci il tarixli abonentin ödəniş kartına əsasən, xx.xx.2004-cü il tarixli 12425636 saylı xidməti müqavilə üzrə Cavabdeh 493,82 manat borcu yaranmışdır. Hazırda isə iddiaçı həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə 2008-ci il tarixdən həmin mənzildə heç bir enerji sərfiyyatının aparılmamasını və iddiaçı ilə onun arasında hər hansı bir müqavilə bağlanmadığını iddia edərək iddia tələbinin rədd edilməsini xahiş edir.

19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən xx.xx.2004-cü il tarixli müqaviləyə istinad etmiş və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı yaranmış borcun müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödənilmədiyi qənaətinə gəlmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin istinad etdiyi xx.xx.2024-cü il tarixli müqavilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmamışdır. Bu isə onlar arasında müqavilədən irəli gələn münasibətlərin yaranmasını istisna edir. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2008-ci il tarixli abonent saldosundan da göründüyü kimi, ünvan 2 ünvanında 2008-ci il tarixdən heç bir enerji sərfiyyatı aparılmamış, göstərilən tarixdən həmin ünvanda yaşayış olmamışdır. Belə olan halda həmin vaxtdan orada yaşayış olmadığından hər hansı su sərfiyyatından söhbət gedə bilməz.

22. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gəlməkdə səhvə yol vermiş və əsassız olaraq iddianı təmin etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

23. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4384/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar