Məhkəmə qərarları › İş №2(103)-6675/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6675/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6675/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Vəkil2 Hüseyn qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1344/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "Faktor Lizinq” MMC Cavabdeh qarşı "pul” tələbi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1344/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (Mülki Məcəllənin 747.1, 748-10.1, 748-1.8, 748-1.9; Mülki Prosessual Məcələnin 14.2, 88, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə istinadən) təmin edilmiş, Cavabdeh 1057 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində pulun tutularaq iddiaçı "Faktor Lizinq” MMCyə ödənilməsi qət edilmişdir. 2.Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki : - 16 iyun 2016-cı il tarixli, D042 saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq verən "Faktor Lizinq” MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan alıb əldə etməyi və lizinq alan Cavabdeh istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 35000 ABŞ dolları müəyyən edilmişdir.Müqavilə 24 ay müddətinə bağlanılmışdır; - "Faktor Lizinq” MMC-nin xx.xx.2022ci il tarixli 0101/22 saylı arayışına əsasən "Faktor Lizinq” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016 tarixli D042 saylı X3 əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması alınması üçün 35000 ABŞ dolları ekvivalenti həcmində vəsait ayrılmışdır. Lizinq mükafatı kimi illik 20% dərəcəsi müəyyən olunmuşdur. Öhdəliklər icra olunmadığından "Faktor Lizinq” MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022 tarixli 2(102)-614/2022 saylı yekun qərarı qəbul edilmişdir. Həmin dövrdən bugünə qədər Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh istifadəsində qalmışdır. Qeyd olunan dövr üzrə 37580 ABŞ dolları həcmində lizinq mükafatı hesablanmışdır. Bu məbləğdən 36523 ABŞ dolları ABŞ dolları həcmində məbləğində ödəniş olmuşdur. Hazırda qeyd olunan lizinq mükafatı üzrə borc 1057 ABŞ dolları təşkil edir; -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 614/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 nömrəli,11 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış D042 saylı, xx.xx.2016-cı il tarixli Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən lizinq obyektinin İddiaçı MMC-yə qaytarılması və Cavabdeh lizinq obyetki olan mənzildən çıxarılması, Daxili Lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dollarının, faiz məbləği üzrə 2483 ABŞ dollarının, 5475 ABŞ dolları hesablanmış cərimənin, ümumilikdə 41755 ABŞ dollarının və 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı MMCyə ödənilməsi barədə tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)-1267/2017 nömrəli qətnaməsi ilə təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-cı tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon ünvan 1 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMCyə qaytarılması, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dollarının qətnamə icra olunduğu günə manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(007)- 1267/2017 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən lizinq mükafatı üzrə 6868.65 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsi, apelyasiya şikayətinin qalan hissədə və apelyatora münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir (iş.səh. 3-17, 24-25). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)-100/2022 saylı qətnaməsinin ləğv edilməsini, təkrar məhkəmə-mühasibatlıq ekspertiza keçirilərək ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçı MMC və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə D042 №-li lizinq müqaviləsinin bağlanması işin mübahisə edilməyən halıdır. X5 müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzili 24 ay müddətinə 16 iyun 2016-cı il tarixli D042 saylı X3 1 saylı Əlavəyə uyğun olaraq hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dolları lizinqə verilmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Sonradan iddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və sair tələblər b a r ə d ə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.Həmin iddia əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 16 mart 2017ci il tarixli qətnamə ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2016-c tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ünvan 1 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılnası, Cavabdeh lizinq obyekti olan mənzildən çıxarılması, 16 iyun 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.Bundan sonra həmin mülki iş bir neçə dəfə apellyasiya və kassasiya instansiyaları məhkəməsinin baxış predmeti olmuş, həmçinin iş üzrə qəbul edilmiş məhkəmə aktlarının qanuniliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmışdır. Hazırda həmin iş üzrə yuxarı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş aşağıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh lizinq mükafatı üzrə 6868,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatına dair digər hissələrdə rədd olunması, apellyasiya şikayətinin qalan hissədə və apellyatora münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının 2(103)-5048/2019 nömrəli, 11 iyul 2019-cu il tarixli q ə t n a m ə s i mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı Lizinq Şirkəti, Azərbaycan Respublikası Mülki Məcəlləsinin lizinq müqaviləsi ilə bağlı müdəalarına, o cümlədən də 748-1.9-cu maddəsinə əsaslanaraq, onunla Cavabdeh qarşı artıq bir dəfə ümumilikdə yaranmış ABŞ dolları ekvivalentində borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu hissədə tələbi onunla əsaslandırılmışdır ki, lizinq alan lizinq müqaviləsinin tələblərini lazımınca icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur.İş üzrə qəbul edilmiş məhkəmə aktları ilə borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yalnız 6868,65 manat məbləğində lizinq mükafatının tutulması qət edilmişdir. Göründüyü kimi, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə yol verilmiş pozuntuya görə Cavabdeh artıq bir dəfə məsuliyyətə cəlb olunmuş, bu məsuliyyət 6868,65 manat lizinq mükafatının ödənilməsi və mənzilin qaytarılmasından ibarət olmuşdur. Hazırda isə birinci instansiyası məhkəməsinin eyni müqavilə üzrə eyni pozuntuya görə, eyni şəxsi, yəni Cavabdeh mülki məsuliyyətə cəlb etməsi əsasız və qanunsuzdur. Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsaslanaraq, yenidən gecikmə vaxtı üçün pul tələbinə dair iddia və həmin iddianın təmin edilməsi barədə birinci instansiyası məhkəməsinin qətnaməsi əsasızdır və qanunsuzdur. Bu səbəbdən də həmin qətnamə ləğv edilməlidir. İddiaçı MMC-nin Cavabdeh qarşı İizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, cavabdehin lizinq obyekti olan mənzildən çıxarılması, 21 yanvar 2017-ci il tarixinədək yaranmış ümumilikdə ABŞ dolları ekvivalentində borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə yanaşı, Cavabdeh da İddiaçı MMC-yə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş üzrə məhkəmə aktları qəbul edilmişdir.Göründüyü kimi, iş üzrə tərəflər arasında uzun müddət çəkişməli məhkəmə mübahisələri olmuşdur. Hər iki iş üzrə məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılması da düzgün deyildir. Çünki, perspektivlik baxımından Cavabdeh özünün iddiasının təmin, İddiaçı MMC-nin iddiasının isə rədd olunması barədə qərarın qəbul edilməsi ilə nəticələnməsinə inanmışdır. Bu səbəbdən məhkəmə çəkişməsi dövründə mənzilin Cavabdeh qalması təbiidir. Mənzilin qaytarlıması və lizinq ödənişin tutulması barədə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 5048/2019 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə Ali Məhkəmə xx.xx.2022- ci il tarixdə qərar qəbul etmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(103)-5048/2019 saylı qətnaməsini icraya yönəltmiş, icra hərəkətlərinin aparılması Xətai Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra mərhələsində isə mənzil Cavabdeh tərəfindən təhvil verilmiş və bu zaman Cavabdeh münasibətdə məcburi icra hərəkətləri tətbiq edilməmişdir. Lakin iddianı təmin etmiş birinci instansiyası məhkəməsi, iddiaçı tərəfin mənzilin təhvil verilməməsi ilə bağlı məcburi icra tədbirlərinin həyata keçirilib-keçirilməməsi istiqamətində araşdırma aparmamışdır. Birinci instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh, Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ünvanlamışdır. Bu hal isə icra sənədinin icraatının məcburi qaydada dayandırılmasının əsaslarından biridir. Lakin Cavabdeh konstitusiya şikayəti verməsinə baxmayaraq, icra sənədini icra etmiş, mənzili İddiaçı MMC-yə təhvil vermişdir. Belə bir vəziyyətdə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi irəli sürməklə məqsədi Cavabdeh hesabına əsassız varlanmaq niyəti daşımasıdır. Bu isə hüquqdan sui-istifadədir. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cəmi lizinq ödənişi 70000 ABŞ dolları müəyyən edilmişdir. Həmin məbləğin 35000 ABŞ dollarını Cavabdeh ilkin ödəniş kimi müqavilə bağlandığı an İddiaçı MMC-yə ödəmişdir, məhkəməyə müraciət edilənədək Cavabdeh 6359,62 ABŞ dolları manat məbləğində lizinq ödənişi də etmişdir. Göstərilən məbləğlərdə ödənişlərin aparılması əvəlki üzrə alınmış ekspert rəyi ilə də təsdiq olunmuşdur.Beləliklə müəyyən edilir ki, Cavabdeh lizinq müqaviləsi üzrə ümumilikdə 41.359 ABŞ dolları (70.310,30 manat) məbləğində ödəniş etmişdir. Cavabdeh həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 6.868,65 manat məbləğində lizinq ödənişini də ödəmişdir.Göründüyü kimi, Cavabdeh etdiyi ödənişlər ümumi lizinq ödənişinin (70.000 ABŞ dolları) 64,85 %-ni təşkil edir. Üstəlik də lizinq obyekti olan mənzil də İddiaçı MMC-yə qaytarılmışdır. Hazırda isə İddiaçı MMC əlavə ödənişlər tələb edir ki, bu da hüquqdan suiistifadədir. 70.000 ABŞ dolları və ya 119.000 manat qiyməti olan bir müqavilə üzrə həm 77.178,95 manat ödənilməsi, həm də mənzilin özünün qaytarılması Lizinq Şirkəti üçün kifayət etmir. Görünür birinci instansiyası məhkəməsi üçün də Cavabdeh etdikəri kifayət etməmişdir. Lizinq Şirkəti özü üçün əlavə qazanc yeri tapmışdır. Birinci instansiyası məhkəməsi də absurd bu iddianı təmin etməklə Lizinq Şirkətini haqlı çıxartmışdır. Birinci instansiyası məhkəməsinin bu mövqeyindən həvəslənən İddiaçı hazırda 62.057 manat məbləğində lizinq ödənişinin ödənilməsi barədə yeni bir iddia irəli sürmüşdür. Ali Məhkəmənin qərarının qüvvəyə minməsindən 9 ay sonra konstitusiya şikayətini icraata qəbul etdirdirən İddiaçı MMC-nin, hazırki iddiasının təmin edilməsinə də gərək təəcüblənməsinlər. Lakin hüquqi dövlətdə yaşadıqları üçün yenə də qanunların aliliyinə və ədalətin gec-tez öz yerini tutacağına inanır və ümid edirlər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. Mülki işdən görünür ki, mənzilin təhvil verilməsi ilə bağlı icra sənədi üzrə heç bir məcburi icra tədbirləri həyata keçirilməmiş, icra məmurunun tələbi ilə Cavabdeh mənzili təhvil vermiş, 6.868,65 manatı da ödəmişdir. İşə baxan məhkəmə isə işin bu hallarını araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri, məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyası məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsinin tələblərinə görə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 5.Cavabdeh məhkəməyə apellyasiya şikayətinə əlavə və işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim etmişdir.Şikayətə əlavədə qeyd edilmişdir ki, iddiaçı “Faktor Lizinq" MMC Cavabdeh qarşı “pul tələbi barədə" hazırki işə Nizami Rayon Məhkəməsində baxıla bilməz, işə kommersiya mübahisəsi kimi müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Çünki, tərəflər arasında mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Bu səbəbdən də bu mübahisəyə dair işə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (maddə 24.1). Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (maddə 24.2). MPM-nin 25-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ol mayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (maddə 25.1). Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (maddə 25.2). MPM-nin 26-cı maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (maddə 26.2). Qeyd olunan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırki işin başlanmasına əsas olmuş mübahisə kommersiya mübahisəsidir, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxsdir, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Çünki iddiaçı ona məxsus əmlakı cavabdehin sahiblik və istifadəsinə verir, bunun müqabilində isə hər ay lizinq ödənişlərini alaraq, gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Cavabdehin nümayəndəsi Vəkil2 Hüseyn qızı apellyasiya şikayətinə və ona edilmiş əlavəyə uyğun izahat verməklə uzun müddət çəkişməli məhkəmə mübahisələri olduğundan yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılmasının düzgün olmadığını, mənzilin qanunsuz olaraq onlarda qalmadığını, yekun qərar qəbul edildikdən sonra məhkəmə qərarının icraya yönəldiyini və xx.xx.2022-ci il tarixində icraata başlamaq haqqında qərarın olduğunu, tərəflərindən təqdim edilmiş aktda qeyd olduğu kimi xx.xx.2022-ci il tarixində mənzilin təhvil verildiyini və yekun məhkəmə qərarı ilə nəzərdə tutulan 6868,65 manat lizinq mükafatının iddiaçıya ödənildiyini,cavabdehin sahibkar olmadığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 7.İddiaçının nümayəndəsi Nümayəndə2 mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını, iddia ərizəsində göstərilən tələb-lizinq mükafatının obyektdən istifadə üçün hesablanmış məbləğ olduğunu, yalnız lizinq mükafatını tələb etdiklərini, əsas borc tələb etmədiklərini bildirmiş, münasibətlərin kommersiya münasibəti olmadığını, xx.xx.2022-ci ildə mənzilin təhvil verildiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 427, 442, 448.1, 747-751; Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə və lizinq müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (əsas borcu və lizinq mükafatını) vaxtında qaytarmaq, lizinq təşkilatının isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Diqqətə çatdırılmalıdır ki, Məhkəmə aktları ilə borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə Cavabdeh yalnız 6868,65 manat məbləğində lizinq mükafatının tutulması qət edilmiş və İcra mərhələsində isə mənzil Cavabdeh tərəfindən təhvil verilmişdir. Hazırki tələbin hüquqi əsası MM-in 748-1.9-cu maddə, faktiki əsası isə lizinq mükafatı üzrə borcun olması olsa da, bunların sübut edilməsi dayanıqlı şəkildə həyata keçirilməmiş, iş üzrə mövcud olan faktlar qətnamədə göstərilən sübutlarla təsdiq edilməmiş (qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlar təqdim edilmişdir), müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan lizinq obyektinin qaytarılması və qanuni qüvvəyyə minmiş məhkəmə qətnaməsindən sonra, lizinq müqaviləsi üzrə münasibətlərə son qoyulduqdan sonra müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, köhnə borcun hansı müddəti əhatə etməsi isə sübuta yetirilməmişdir. Bundan əlavə MM-in 748- 1.9-cü maddəsinin əsas dispozitiv şərtinə əsasən lizinq obyektinin qaytarılmaması və ya vaxtında qaytarılmaması (vaxtı deyəndə hansı tarixdən qaytarılmalı olması) sübuta yetirilməmişdir. 10.Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 11.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1344/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar