Məhkəmə qərarları › İş №2(103)-6675/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6675/2024

16.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6675/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Edress X8rşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsız hesab olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Edress Ali X16 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3641/2024 saylı, 01 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

2. ƏN-İ seriyalı, 699828 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamə ilə İddiaçı tərəfindən X1 verilmiş etibarnamədə etibar edilən səlahiyyətlər sırasında onun adından qanunla müəyyən edilmiş bütün əqdləri bağlamaq və s. hərəkətləri etmək səlahiyyətləri də etibar edilmişdir.

3. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı (nümayəndəsi X4 vasitəsilə) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evini 120000(yüz iyirmi min) manata Cavabdeh Ahmed Alameriyə satmışdır.

4. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh Ahmed Alameri tərəfindən X7 (Bakı şəhəri 9 saylı notariat kontoru VÖEN: **********) hesabına 120000 manat və 240 manat köçürülmüşdür.

5. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X7 "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanlandığı məktubda xahiş edilib ki, Cavabdeh Ahmed Alameri notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 120000(yüz iyirmi min) manat məbləğində pulun təsdiq edildikdən sonra 3232,80(üç min iki yüz otuz iki manat, səksən qəpik) manat vergi məbləğinin X5 və 116767,20(yüz on altı min yeddi yüz altmış yeddi manat, iyirmi qəpik) manat pulun Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan X1 verilməsi üçün bankda olan **********00001 nömrəli depozit hesabına köçürülsün.

6. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə Edress Ali X16 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddiaçı X20 Ahmed Alamerin cavabdeh X6 qarşı bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia təmin edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə X20 Ahmed Alamerin arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, icarə müqaviləsi üzrə ödənilməmiş 6.600 manat icarə haqqının cavabdeh X20 Ahmed Alamerindən İddiaçı xeyrinə tutulması qət edilmiş,qətnamə qanuni qüvvəyə minmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçı X20 Ahmed Alameri və "xxxx" MMC-nin cavabdehlər İddiaçı və X2 qarşı mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair iddia təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə X20 Ahmed Alameri və "xxxx" MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X20 Ahmed Alamerin cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, İddiaçı və X2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X20 Ahmed Alamerin cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, İddiaçı və X2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə X20 Ahmed Alamerin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlaılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3550/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə X20 Ahmed Alamerin kassasiya şikayəti qismən təmin edilmiş, iddiaçı X20 Ahmed Alamerin cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə, İddiaçı və X2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı cavabdeh Edress X8rşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq, həmin müqavilə əsasında əmələ gəlmiş bütün hüquqi nəticələrinin ləğv olunması, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evinin üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Tələbdə göstərilib ki, Cavabdehı digər bir şəxs vasitəsilə tanımışdır. Belə ki, bir neçə il öncə İddiaçı sərnişin daşıma sahəsində fəaliyyət göstərirmiş, bunun sayəsində cavabdehin tanıdığı X19 Nomanla tanış olmuş və onlar arasında əməkdaşlıq münasibətləri yaranmışdır. Daha sonra Ali Arsalan vasitəsilə cavabdehlə tanış olmuşdur. Bu tanışlıq münasibətləri 2017-2018-ci illərdə cavabdeh Bakıya gəldiyi zaman olmuşdur. O, özünü nüfuzlu işgüzar şəxs kimi təqdim etmiş və Azərbaycan Respublikasında bir neçə investisiya layihələr üzərində fəaliyyət aparmaq istədiyini bildirmişdir. Lakin bunun üçün o, Azərbaycanda müvəqqəti qalmaq üçün miqrasiya orqanından icazə almaq istədiyini bildirmişdir. Lakin hazırkı dövrdə investisiyanın Azərbaycana gətirməsi üçün obyektiv səbəbdən imkanı olmadığından, yəni onun adına Azərbaycan Respublikasında dəyəri 100.000 manatdan az olmayan daşınmaz əmlak olduğu halda o, asanlıqla burada məskunlaşa biləcək. Bu vaxt ərzində də, onun Azərbaycan Respublikasında rahat və maneəsiz qalaraq faktiki bazar münasibətlərini, bazarın konyukturasını öyrənərək, hansı sahəyə sərmayə qoyuluşunun daha münasib olacağını müəyyən etmək imkanı olacaqdır. Ən vacib isə, iddiaçıya Azərbaycan Respublikasında hər hansı bir biznes sahəsi açdığı halda, onu həmin şirkətin meneceri olacağına inandırmışdır. Həmin vaxt iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 12 sotdan ibarət olan torpaq sahəsi və onun üzərində 70 kv.m. ibarət olan 94 nömrəli bağ evi olmuşdur. Qeyd olunan əmlakı iddiaçı daha öncə başqa şəxsdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Beləliklə, cavabdehin təklifinə əsasən, həmin əmlak 120 000 manata, yalnız “kağızda" (yəni formal olaraq) alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə öz adına keçirilməsini iddiaçıya təklif etmişdir. Alqı-satqıya az müddət qalmış cavabdeh Bakıya gələndə özü ilə pulun olmayacağını bildirmiş və müqavilə bağlanacağı vaxtda notariat ofisindəki banka pulu öz vəsaiti hesabına qoymasını iddiaçıya təklif etmişdir. Bunu yaşadığı ölkədə vergi orqanları ilə problemlərinin olması və pul vəsaitini özü ilə Azərbaycana gətirməyə imkanı olmayacağı ilə əsaslandırmışdır. Əlavə olaraq alqı-satqının yalnız kağızda olacağını iddiaçı üçün hər hansı bir mənfi təsiri olmayacağını bildirmişdir. Cavabdehin verdiyi vədə görə də 1-2 ilə Azərbaycanda qazana biləcəyi puldan alqısatqıya görə ödəniləcək pulun əvəzinə 5 qat həcmində pul məbləğini iddiaçıya qaytarılacağını bildirmişdir. Lakin zaman keçdikcə nə müqaviləyə görə ödənilmiş pul qaytarılmış, nə də ki, vəd verilmiş qazanılacaq pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Eləcə də cavabdeh Azərbaycanda ümumiyyətlə hər hansı bir biznes da yaratmamışdır. Beləliklə, də xx.xx.2018-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat Ofisinə gələrək, cavabdehin Azərbaycanda uzunmüddətli qalması və daha sonra burada bir neçə biznes layihələrin görülməsi üçün adına (mülkiyyətində) hər hansı bir evin olması üçün yalnız kağızda qalmalı olan bir alqı-satqı müqaviləsi bağlamışlar. Məhz bu səbəbdən də, notariat ofisinin bank depozitinə müqavilədə göstərilən 120000 manat pul məbləği iddiaçı (iddiaçının atası M.Qəhrəmanov) ödəmişdir. Alqı-satqı zamanı mülkiyyətçi özü Azərbaycanda olmadığına görə onun adından etibarnamə əsasında atası iştirak etmişdir. Beləliklə həmin müqavilənin bağlanılmasına əsl niyyəti olmadan və ən vacibi isə müqavilədə nəzərdə tutulan pul məbləği cavabdeh (alıcı) tərəfindən ödənilmədiyi üçün həmin alqı-satqı müqaviləsi pərdələnmiş olub və məhz buna görə də etibarsız hesab olunmalıdır. Cavabdeh iddiaçıya (onun nümayəndəsinə) müqaviləyə əsasən ödənilməli olan 120000 manat puldan 1 manat da ödəməyib. Belə olan halda qarşılıqlı olaraq iddiaçı tərəfindən müqavilədə göstərilən pul qaytarılmalı da deyildir. Bu əqd formal olaraq, hüquqi nəticə yaratmadan bağlanılmışdır. Cavabdeh Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olmaqla orada yaşayır. Lakin onun mülkiyyətində Azərbaycan Respublikasında daşınmaz əmlak var.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3641/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh ona heç bir pul verməmiş, aralarında bağlanmış əqd uydurma əqd olmuş, əslində başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Məhkəmə qeyd edib ki, başqa əqdi pərdələyən uydurma əqd deyil yalan əqddir. Bu halda iddiaçı göstərə bilməmişdir ki, bu hansı əqddir, hansı əqdi pərdələmişlər, belə bir əqd varmı? İş materiallarından göründüyü kimi qanuni yolla tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı notariat işindən göründüyü kimi pulun ödənilməsi barədə qəbzdə banka pul alıcı X20 Ahmed Alameri tərəfindən ödənilmiş və pulu Bankdan çıxartmaq üçün hazırkı İddiaçı nümayəndəsi X3 notarius tərəfindən məktub verilmişdir. İddiaçı evin alqı-satqısı üçün ödənilmiş pulun onun tərəfindən verildiyini iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əksinə iş materiallarında olan notariat işində olan qəbzdən görünür ki, pul X20 Ahmed Alameri tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-5720/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X20 Ahmed Alamerinin iddiası təmin olunaraq, X10 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli ünvanda yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir. Göründüyü kimi sözügedən bağ sahəsi cavabdehin mülkiyyətində olmuş və məhkəmə iclasında iddiaçının vəkili hazırda həmin bağ sahəsində heç kimin yaşamadığını bildirmişdir. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırkı halda alğı-satqı müqaviləsi üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır. Bir sözlə mübahisələndirilən əqdin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir-birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur. Beləliklə, iddia ərizəsində iddiaçı mübahisə predmetini təşkil edən müqavilənin digər müqaviləni pərdələmək üçün bağlandığına əsaslanaraq, onun etibarsız hesab edilməsini xahiş edir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Tərəflər arasında hər hansı başqa münasibətlərin olması və bağlanmış əqdlərin hər hansı başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanması iş materialları ilə təsdiq olunmur. Satıcı ona məxsus əmlakı satmaq, alıcı isə həmin əmlakı almaq niyyətində idi. Alıcının satılan əmlakları hansı məqsədlə alması hazırkı vəziyyətdə əqdi əmələ gətirən iradənin mövcud olmaması anlamına gəlmir. Qeyd edilən müqavilənin bağlanması zamanı notarial qaydada etibarnamə verdiyi şəxs müqavilənin bağlanması üçün Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmiş, bağ sahəsi üzrə müəyyən edilmiş satış məbləği alıcı tərəfindən notariusun depozit hesabına köçürülmüş və iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, X11 qarşı yol verdiyi dələduzluq hərəkətlərindən sonra uzun müddətdir ki, Bakı şəhərinə gəlməkdən çəkinir. O, onun dələduzluq əməlləri barədə Sabunçu rayon Polis İdarəsinə məlumat vermişdir. Son zamanlar o, özü Bakıya gəlib-getməsə də, burada tutduğu vəkil vasitəsi ilə ona qarşı müxtəlif uydurma iddialar irəli sürür. Bu iddia ərizələrində düşünmədən faktları saxtalaşdırır. Törətdiyi dələduzluq əməllərini ona qarşı qaldırdığı iddia ərizələrində faktlarla sadalayaraq təsdiq edir. Bu günə kimi ona qarşı qaldırdığı iddia tələblərinin hamısı məhkəmə instansiyaları tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün icraatda olan, cavabdehin ona qarşı qaldırdığı icarə müqaviləsinin etibarsız hesab olunmasına dair iddia tələbi həmçinin məhkəmə baxışının predmeti olmuş və onun tələbi ilə bu icarə müqaviləsinə xitam verilmişdir. Hazırda onun əlində bu şəxsin dələduz əməllərini məntiqi surətdə sübuta yetirən səs yazıları, digər təkzibolunmaz yazılı sübutlar mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

20. Məhkəmə iclasında cavabdeh Edress Ali X16 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edib məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyindən təxirə salınmasını xahiş etmiş, lakin “ailə vəziyyəti” dedikdə nəyi nəzərdə tutduğu barədə məlumatı və ona dair sübutları ərizəsinə əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

29. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

30. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

31. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

32. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

33. Məhkəmə tərkibi vurğulayır ki, birinci instansiya məhkəməsi iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılması zəruri hesab edilir.

34. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

36. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

37. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

38. Belə ki, tərəflər arasında çoxsaylı məhkəmə mübahisələrin olduğu işdən, o cümlədən yuxarıda qeyd olunan məhkəmə aktlarından açıq-aşkar görünür. Həmin işlərdə də mübahisələrin predmeti qeyd olunan bağ evi və ona aid torpaq sahəsi olmuşdur. Bu mübahisələrin üçü ilə bağlı hər üç instansiya məhkəməsi tərəfindən məhkəmə aktları qəbul edilmişdir. Mübahisə predmeti olan bağ evinə aid torpaq sahəsi ilə bağlı cavabdehin iddiaları uğursuz olsa da, sırf bağ evinin mülkiyyətində olması ilə əlaqədar iddiası uğurlu olmuşdur. Bütün bu mübahisələrdən sonra, İddiaçı hazırkı iddianı irəli sürmüş və bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız əqd hesab edilməsinə nail olmaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə,... tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsini həm yalan, həm də uydurma əqd hesab edir.Satılan bağ evinin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı alqı-satqı müqaviləsinin başqa əqdi, pərdələmək məqsədilə bağlandığını göstərsə də pərdələnən əqdin hansı əqd olduğunu qeyd etmir yaxud edə bilmir. Demək ki, etibarsızlığını tələb etdiyi müqavilə yalan əqd ola bilməzdi.

39. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqı-satqı müqavilələri görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan cavabdeh bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə evə aid torpaq sahəsinin qanuni əsaslarla ona qaytarılması üçün müxtəlif iddialar irəli sürmüşdür. Demək ki, alqı-satqı müqaviləsinin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, alqı-satqı müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Düzdü, iddiaçı şikayətində bəyan edir ki, cavabdeh uzun müddətdir ki, ona qarşı etdiyi hərəkətlərə görə Bakı şəhərinə gəlməkdən çəkinir, ona qarşı qaldırdığı iddialar rədd edilib. Bu hallar alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi belə iddiaçıya da hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.

40. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının mübahisə predmeti olmuş bağ evinin cavabdehin mülkiyyətinə keçməsində niyyəti olmamış, mübahisə predmeti olan bağ evi və ona aid torpaq sahəsi ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələrinin getdiyi dövrdə 6 ilə yaxın müddətdə susması bu əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

41. Qeyd olunduğu kimi, tələbin digər hissələri bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.

42. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

43. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3641/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3641/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar