Məhkəmə qərarları › İş №2(103)-668/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-668/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-668/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh1, cavabdeh eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-935/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 10-BO036 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, xx.xx.2023-cü ildə nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmişdir.

2. İXP 517282 nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz ML350” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan xətanı törətmişdir.

3. “X9 Rover Vogu” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də avtomobillərin tam sığortası növündə sığortalanmış, sığortalı X4 olmuş, sığorta müddəti xx.xx.2022- xx.xx.2023-cü il olmuşdur.

4. 05.05.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 32.930,2 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

5. İddiaçı cavabdehin icbari sığortaçısı tərəfindən ona 15000 manatın ödənildiyini bildirərək yerdə qalan 17930,20 manat məbləğində pulun tutulmasını iddia edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx"ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində ƏDV daxil olmaqla 17930,20 (on yeddi min doqquz yüz otuz manat, iyirmi qəpik) manat məbləğində vəsaitin 143.79 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan ** BO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** GE *** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtonəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** GE *** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** GE *** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 32930,20 (otuz iki min doqquz yüz otuz manat, iyirmi qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCninxx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 32930,20 (5023,25 ƏDV+27906,95 manat təmir bərpa xərcləri olmaqla) manat sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 15000,00 (on beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 17930,20 (on yeddi min doqquz yüz otuz manat, iyirmi qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir.

8. Cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, şifahi və yazılı izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) X9 Rover markalı nəqliyyat vasitəsinə nə qədər zərər dəymişdir? 2) Həmin nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirilməsinə ehtiyac olması və hər birinin dəyərinin ayrı-ayrılıqda göstərilməsi bildirilmişdir. Məlumat üçün qeyd etmişdir ki, nəqliyyat vasitələrinin toqquşmasının onların çox aşağı sürətdə olduğu (təxminən 10-20 km/saat) halda baş verdiyini nəzərə alsaq hansı hissələrin zərər aldığı və dəyişdirilməsinə və ya təmirə ehtiyac olması kimi məsələlərə aydınlıq gətirilməsi işin zəruri olaraq araşdırılması tələb edən hallardır. Ekspert rəyində yalnız iddiaçının təqdim etdiyi qüsur aktı əsas götürülərək nəqliyyat vasitəsinin zərər gördüyü hissələrə qiymət verilmişdir. İddiaçı isə öz maraqlarına uyğun olaraq şişirdilmiş və zərər almamış nəqliyyat hissələrini siyahıya daxil etmişdir. Əgər kompleks ekspertiza aparılmış olsaydı baş vermiş nəqliyyat hadisəsi zamanı həqiqətən hansı hissələrə zərər vurulması ortaya çıxmış olardı. Lakin hazırkı ekspert rəyində bunu müəyyən etmək mümkün olmur. Misal olaraq bir məqamı diqqətə çatdırmaq istərdi ki, nəqliyyat vasitəsinin ön sol farasına yüngül toxunduğu (toqquşduğu) halda necə ola bilər ki, ön sağ fara da zədələnmiş olsun? Bu cür halın baş verməsi qeyri-mümkündür. Bu cür misalları artırmaq olar. İddiaçı tərəfindən yol verilən ən böyük pozuntulardan biri də qüsur aktının hazırlanması prosesində onların iştirakının təmin olunmaması, o cümlədən zədələnmiş hissələr barədə, yəni həqiqi zədələnmənin nədən ibarət olması barədə heç bir məlumatın olmamasıdır. Əgər proses şəffaf və onların iştirakı ilə aparılmış olsaydı nəqliyyat vasitəsinə dəymiş real zərərin nədən ibarət olmasını müəyyən etmiş olardıq. Lakin bunların heç biri edilməmişdir. Ümumiyyətlə, aparılan ekspertiza və ekspertiza qarşısına qoyulan suallar işin tam, ətraflı və obyektiv araşdırmasına imkan vermir. Çoxsaylı pozuntular onların aparılmış təmirin real olmamasına əsaslı şübhələr yaradır. Nəqliyyat vasitələrinin zəif toqquşmasından (nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələrinin arxa və ön buferləri yüngül toqquşmuşdur) iddiaçının öz maraqlarına uyğun olaraq tərtib etdiyi qüsur aktında göstərilən hissələr zədələnə və yaxud sıradan çıxa bilməzdi. Ekspertizanın sırf iddiaçının hazırladığı qüsur aktı üzərindən aparılması da real vəziyyəti müəyyən etməyə imkan verməyəcəkdir. İddia ərizəsində qeyd olunanları iddiaçı sübuta yetirməlidir. Lakin iddiaçı baş vermiş sığorta hadisəsinə uyğun real vəziyyəti ortaya qoya bilmir, daha doğrusu sübut edə bilmir. Təqdim etdikləri şəkillərdə və video çəkilişdə hadisənin baş vermə və nəqliyyat vasitələrinin zədələnmə vəziyyətini görmək mümkündü. Bu cür hadisədə iddiaçının iddia etdiyi həcmdə zərər ola bilməzdi, bu qeyri-mümkündü. Adi bir misal olaraq qeyd etdikləri kimi sol faranın zədələnməsi sağ faraya necə təsir edə bilər və yaxud onu zədələyə bilər. Bu hal mümkün deyil. Bu səbəbdən də aparılmış ekspertizanın sırf iddiaçının təqdim etdiyi qüsur aktı üzərindən aparılması obyektiv şəraiti müəyyən etməyə imkan verməyəcəkdir. Qüsur aktında göstərilən guya zədələnmiş hissələr bəzi şəxslərin fantaziyalarının məhsulu olaraq ortaya çıxmışdır. Məhkəmədə bu cür əsassız iddia qaldırmaqla əlavə gəlir qazanmaq kimi niyyət yol verilməzdir. Əgər iddiaçı ərizəsini əsaslandıra və sübut edə bilmirsə, iddia məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilməlidir. Bütün qeyd edilən xüsusatlar iddianın uydurma faktlara əsaslanmaqla tərtib edildiyini və real vəziyyəti əks etdirmədiyini sübut edir. Şablon faktlara, yəni qüsur aktında göstərilən hallara, qiymətlərə əsaslanmaqla qanunsuz qərarın qəbul edilməsi onlarda ancaq təəssüf hissi doğura bilər. Baş vermiş hadisə hər kəsin başına gələ bilər və həqiqətən də vurulmuş zərər ödənilməlidir. Amma həqiqəti əks etdirməyən, yalan faktlara əsaslanaraq, kimlərinsə hesabdan pul silmək məqsədilə etdiyi hərəkətlərin qarşısı ədalət mühakiməsi tərəfindən cəsarətlə alınmalıdır. Bu cür sığorta hadisələri nəticəsində zərəri şişirtməklə bunu özlərinin gəlir mənbəyinə çevirməməlidilər. İş materiallarından da görmək mümkündür ki, zərərin həcmi qeyri-peşəkar üsullarla artırılmışdır. Proses əvvəldən yanlış aparılmış və qeyrişəffaf olmuşdur. Bunun nəticəsi olaraq bu cür şişirdilmiş məbləğ ortaya çıxmışdır. Bütün qeyd olunanları, iddiada göstərilən halların sübuta yetirilmədiyini əsas götürərək iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 12.568 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127.70 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “X9 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “X9 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 27.568,00 manat müəyyən edilməlidir. Belə ki, hazırkı iddia delikt nəticəsində vurulmuş ziyanın reqres qaydada tələbi ilə bağlı olduğundan, burada tutulmalı olan zərərin miqdarı iddiaçının müvafiq ödəniş tapşırığı ilə ödədiyi məbləğə münasibətdə deyil, ziyanın vurulduğu şəxsə real vurulmuş zərərin məbləği ilə müəyyənləşdirilməlidir. Belə olan halda dəymiş zərərin məbləği olan 27.568,00 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 15.000 manat ödəniş çıxıldıqda sığorta ödənişi 12.568 (27.568,00-15.000= 12.568) manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh1 12.568 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107,119.1, 216-220- ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısına qoyulan 2-ci sual “Həmin nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirilməsinə ehtiyac olması və hər birinin dəyərinin ayrı-ayrılıqda göstərilməsi” ilə bağlı olmuşdur. Lakin təəssüflər olsun ki, bu işin tam və obyektiv araşdırılması üçün vacib olan 2-ci suala ekspert cavab verməkdən dolayı yolla yayınmışdır. Belə ki, o, rəyində “nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla mümkün olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.” Ekspert bu cür mövqeyi ortaya qoymaqla sanki özünə əziyyət vermək istəməmiş və həmişəki kimi formal bir rəy ortaya qoymuşdur. İddiaçının təqdim etdiyi qüsur aktını əsas götürərək rəy vermişdir. Lakin hadisənin baş vermə zamanı nəqliyyat vasitələrinin sürəti, toqquşma istiqaməti, toqquşmanın dərəcəsi əsas götürülməklə, bu suala cavab verilə bilərdi. Hesab edir ki, iddiaçının istinad etdiyi hallara dair təqdim etdiyi sübutlar mötəbər deyildir. Təqdim etdikləri şəkillərdə və video çəkilişdə hadisənin baş vermə və nəqliyyat vasitələrinin zədələnmə vəziyyətini görmək mümkündür. Bu cür hadisədə iddiaçının iddia etdiyi həcmdə zərər ola bilməzdi, bu qeyri-mümkündür. Nəqliyyat vasitələrinin toqquşmasının onların çox aşağı sürətdə olduğu (təxminən 10-15 km/saat) halda baş verdiyini nəzərə alsalar hansı hissələrin zərər aldığı, dəyişdirilməsinə və ya təmirə ehtiyac olması kimi məsələlərə aydınlıq gətirilməsi işin zəruri olaraq araşdırılması tələb edən hallardır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, iddia ilə razı olmadığını bildirdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, ekspert rəyini təqdim etmişlər, işığın qiyməti ilə razı deyillər.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq "xxxx" ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədləri qətnamənin iddianın qismən təmin edilən hissəsində yoxlanılmasından ibarətdir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

24. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da toqquşma baş verərək, yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 “Mercedes Benz ML350” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən toqquşma nəticəsində “X9 Rover” minik markalı, 10-GE - 123 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən Cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

25. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə texnikiəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X9 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilmişdir:

1. Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5380.00 manat; təmir-bərpa işlərinin qiyməti – 28313,40 manat; ƏDV – 3.520,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti -24.048,00 manat; təmir-bərpa işlərinin qiyməti - 3520 manat; 26.Kollegiya məhkəmənin möqeyi ilə razılaşaraq hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri sübut oluduğundan və sığorta ödənişi iddiaçı tərəfindən edildiyindən iddiaçı reqres qaydasında sığorta ödənişi tələb etməkdə haqlı olmuşdur. 27.Məhkəmə vurulmuş ziyanın məbləğini iş üzrə təyin edilmiş məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 27568 manat həcmində müəyyən edərək iddia tələbini də məhz həmin məbləğ əsasında - 15000 manat sığorta ödənişi çıxıldıqdan sonra 12568 manat həcmində qismən təmin etmiş, hazırda cavabdeh tərəfindən mübahisələndirilən məqam da məhz dəymiş ziyanın məbləği ilə bağlıdır. 28.Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

29. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 30.Cavabdeh tərəfindən təqdim edilmiş “X3” MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 184 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, aparılmış tədqiqatlar nəticəsində, təqdim edilən qüsur aktına, fotoşəkillərə və videogörüntüyə əsasən, 2019-cu il buraxılışlı, X9 Rover markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin – 18 665,46 manat olduğu müəyyən edilir. O cümlədən dəyişilmiş ehtiyyat hissələrin dəyəri – 13 968,66 manat, usta işi – 4 696,8 manat.

31. Rəydə həmçinin qeyd edilir ki, təqdim edilmiş fotoşəkillərə nəzər yetirdikdə, avtomobilin ön kapotunun ön-sol tərəfinin əzilmiş, ön buferinin sürtülmüş və qırılmış, radiator barmaqlığının qırılmış, ön-sol faranın zədələnmiş, ön bufer altlığının zədələnmiş, “Rover” yazısının “E” və “R” hərflərinin zədələnmiş olduğu müəyyən edilir. Bununla yanaşı kapotun üzərinə “Range” yazısı zədələnməmiş, kapotun dəyişdirilməsinə də ehtiyac yoxdur. Lakin təmir olunması vacibdir. Qəza zamanı, qəzanın yüngül olması səbəbindən ön-sağ faraya ziyan dəyməmiş, dəyişdirilməsinə ehtiyac qalmamışdır. Qüsur aktında radiator barmaqlığının qiyməti isə yüksək 800 manat qeyd edilmişdir. İnternet sayt məlumatlarına əsasən sözügedən ehtiyat hissələrinin yenisinin 170 manat olduğu müəyyən edilmişdir. 32.Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubuna əsasan müəyyən edilir ki, ekspert qarşısına qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2019-cu il buraxılışlı “X10 Rover Vogue” markalı avtomobilə dəymiş ziyanla əlaqədar ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan qüsur aktlarında (“X3” MMC-nin, "xxxx" ASC-nin) qeyd edilən ehtiyyat hissələrinin 2023-cü il tarixə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından ekpsertiza qarşısında qoyulan suallara cavab vermək mümkün olmamışdır. 33.İş materialları ilə yol-naqliyyat hadisəsinin baş vermə vəziyyəti belə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən idarə olunan ** BO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtomobilini geriyə verərkən X2 məxsus olan ** GE *** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. 34.Bundan başqa iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, birinci nəqliyyat vasitəsi olan Mercedes markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi, ikinci nəqliyyat vasitəsi olan Land Rover markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinin zədələnməsi göstərilmişdir (i/v, səh 57, İİ cild)

35. Göründüyü kimi cavabdehin idarə etdiyi Mercedes Benz ML350 markalı avtomobil arxa arxaya gedərkən X9 Rover markalı avtomobilinin sol yan hissəsi ilə toqquşmuş, dəymiş ziyan da avtomobilin sol tərəfində yerləşən detallara (ön kapotunun ön-sol tərəfi əzilmiş, ön-sol fara zədələnmiş və s) dəymişdir. Cavabdeh tərəfindən təqdim edilən “X3” MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 184 nömrəli mütəxəssis rəyində də həmçinin qeyd edilmişdir ki, qəza zamanı, qəzanın yüngül olması səbəbindən ön-sağ faraya ziyan dəyməmiş, dəyişdirilməsinə ehtiyac qalmamışdır. 36.Məhkəmə kollegiyası X9 Rover markalı avtomobilinin ön sağ farasına dəymiş zərərlə bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən idarə olunan ** BO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtomobilini geriyə verərkən X2 məxsus olan ** GE *** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobilinin sol yan hissəsi ilə toqquşması ilə bağlı işin fakitki halları və cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyi avtomobilin ön sağ faraya görə hesablanmış məbləğ hissədə nəzərə alınmalıdır. 37.Digər hissələrdə kollegiya hesab edirk ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 38.Kollegiya həmçinin nəzərə alır ki, avtomobilin digər hissələrinə dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

39. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

40. Belə olan halda kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rəyində ön sağ faraya görə müəyyən edilmiş 8814,6 manat həcmində zərər məbləğinin 4 illik (2019-2023) aşınma nəzərə alınmaqa (çünki ekspert rəyində yekun məbləğdə aşınmanı nəzərə almışdır) dəyəri olan 8461,6 manat (8814,6:100 x 4=353; 8814,6-353=8461,6) nəzərə alınmalı deyil. Həmin məbləğ işə baxan məhkəmənin tutulmasını qət etdiyi məbləğdən, yəni 12568 manat məbləğdən çıxılmalı, yerdə qalan 4106,4 məbləğ Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 42.Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;

43. Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh1 4106,40 (dörd min yüz altı manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

44. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Kollegiya qeyd edir ki, mübahisələndiririlən hissədə iddianın qiyməti cavabdehə münasibətdə beş min manatdan aşağı olduğundan qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 402, və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-935/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 4106,40 (dörd min yüz altı manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apelyastora aid edilsin. Qətnamədən, qətnamə iddiaçı tərəfə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, iddiaçı "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər..

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar