Məhkəmə qərarları › İş №2(103)-6700/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6700/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6700/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(008)-5667/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması evə köçürülmə və yaşamalarına maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 28.03.2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 01.01.2004-cü ildə X7 və 08.09.2010-cu ildə X8 adlı iki uşağı doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-184/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan doğulan övladları nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Nikah pozulanadək Cavabdeh1 ilə birgə təsərrüfat aparmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hökümə Billuri küçəsində yerləşən özbaşına tikilidə yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh onu və 2 azyaşlı uşaqlarını mübahisəli mənzildən güc tətbiq etməklə qovmuşdur. Cavabdehlərin hər ikisi hal-hazırda həmin evdə yaşayırlar. Lakin onların yaşamağa başqa yeri olamamsı səbəbindən hazırda iki azyaşlı uşaqları ilə birlikdə yaşamaq məcburiyyətində qalmışlar. Həmin evi etibarnamə əsasında Natiq adlı şəxsdən 27.000 (iyirmi yeddi min) manata almışlar. Buna görə də, onun 01.01.2004-cü il təvəllüdlü X7 və 08.09.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsinə, həmin yaşayış sahəsindən istifadə etmələrinə və yaşamalarına maneələrin yaradılmasının Cavabdeh1 qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(008)- 5667/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması evə köçürülmə və yaşamalarına maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı, onun nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(008)-5667/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və X6 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(008)-5667/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etməklə, iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır: İşdə olan Xəzər Rayon Məhkəməsinin 2(003)-184/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 28.03.2006-cı il tarixli nikahın pozulması, birgə nikahdan doğulan 01.01.2004-cü il təvəllüdlü X7 və 08.09.2010-cu il təvəllüdlü X8 adlı övladları nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 140 manat aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********21 saylı 06.11.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adlarına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydiyyatdan keçmiş mənzil aşkar edilməmişdir. İşdə olan 29.10.2019-cu il tarixli, 42263424 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv ev 0, mənzil 31/E quraşdırılan sayğac X5 adına rəsmiləşmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Bələdiyyəsinin 53 saylı 04.12.2020-ci il tarixli məktubundan görünür ki, Zabrat qəsəbəsi, Vidadi küçəsində 150m2 həyətyanı torpaq sahəsində inşa olunmuş 72m2-lik evlə bağlı 2018-2019-cu illərdə öz ərizəsinə əsasən Cavabdeh1 torpaq və əmlak vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2019-cu ildə o, ərizə ilə müraciət edərək kommunal ödənişlər anası X2 adına olduğu üçün 2019-cu ildən bələdiyyə vergilərinin anasının adına keçirilməsini və ödənilməsini xahiş etmişdir. 2019-cu il üzrə qeyd olunan evnən bağlı torpaq və əmlak vergisi Cavabdeh2 adına ödənilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 179 saylı məktubundan görünür ki, 27.10.1977-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hökümə Billuri küçəsində qeydiyyatsız yaşayır. İşdə olan "xxxx" ASC-nin ödəniş çekindən görünür ki, X10 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv ev 0, mənzil 31/E -dəki sayğac borcuna görə ödənişlər etmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Bələdiyyəsinin 6343 saylı tədiyyə bildirişindən görünür ki, Cavabdeh2 mütəmadi olaraq torpaq vergisi üzrə ödənişləri etmişdir. İşin qeyd edilən materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh1 ilə 28.03.2006cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 01.01.2004-cü ildə X7 və 08.09.2010-cu ildə X8 adlı övladları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 184/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 28.03.2006-cı il tarixli nikah pozulmuş və birgə nikahdan olan övladlar iddiaçının yanında saxlanılmışdır. Nikah müddətində tərəflər cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən evdə yaşamış, daha sonra isə 2016-cı ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hökümə Billuri küçəsində əldə edilmiş özbaşına tikilidə yaşamışlar. İddiaçının köçmək istədiyi ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı mübahisələndirilən evdə uzun müddət yaşadığını və cavabdeh tərəfindən münasibətlər pozulduqdan sonra evdən çıxarıldığını iddia edərək, hazırki iddianı qaldırmışdır. Onun tələbi uşaqları ilə birlikdə mübahisəli özbaşına tikiliyə köçürülməsi və evdən istifadəyə maneələrin cavabdehə qadağan edilməsindən ibarətdir. Cavabdeh1 evin onunla bağlı olmaması, evin anasının mülkiyyətində olmasına əsaslanaraq iddiaya etiraz etmişdir. Cavabdeh X6 mübahisələndirilən mənzili əvvəlki evlərini satıb aldıqlarını, iddiaçının həmin evdə cəmi bir il yaşadığını bildirərək, iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). İş materiallarından görünür ki, İddiaçı uşaqları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hökümə Billuri küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, Respublikamızda özbaşına tikililərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan bir müddət sonra mübahisəli evə köçərək həmin evdə cavabdehlə birlikdə yaşadığından və ümumi təsərrüfat apardığından, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin yaşayış sahəsindən başqa iddiaçının daimi yaşayış yeri olmadığından İddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan kollegiya hesab edir ki, apelyasiya şikayəti iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsində əsaslı olduğundan, apelyasiya şikayəti həmin hissədə təmin edilməli və iddiaçının övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə yeni qətnamə çıxarılmalıdır. İddia tələbinin mübahisəli mənzildən istifadə etmələrinə və yaşamalarına maneələrin yaradılmasına Cavabdeh1 Muxmar oğluna qadağan edilməsi hissəsinə kollegiya qiymət verərək, iddia tələbinin həmin hissəsinin təmin olunmasına əsas görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.6-cı maddəsinə görə, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(008)-5667/2020 saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması evə köçürülmə və yaşamalarına maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı uşaqları, 01.01.2004-cü il təvəllüdlü X7 və 08.09.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat, apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar